İki ölkə prezidentinin 2017-ci il oktyabrın 16-da baş tutacaq görüşü böyük irəliləyiş ola bilər. Amma olacaqmı?" />

Qarabağda sülhə necə nail olmalı? Bakıdan və Yerevandan variantlar

İki ölkə prezidentinin 2017-ci il oktyabrın 16-da baş tutacaq görüşü böyük irəliləyiş ola bilər. Amma olacaqmı?

Qarabağda Alaşan kəndi. Sakinlərin əksəriyyəti 2016-cı ilin aprelində yaşanan gərginlik zamaı ciddi ziyan çəkmiş Taliş kəndindən məcburi köçkünlərdir. Foto: Olesya Vartanyan

Ermənistan və Azərbaycan prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişə zonasında yaşanan gərginliyə son qoymağa kömək edə bilər. Hər iki lider sülhün bərqərar olması arzusunu səsləndirir. Ancaq hər birinin sülhə necə nail olmaq haqda öz təsəvvürü var.

Ü ç aya yaxındır ki, Qarabağda cəbhə xətti boyunca heyrətamiz sakitlik hökm sürür. Qumbaraatan, raket, dron və topları nisbətən daha zərərsiz odlu silahlar əvəzləyib. 2016-cı il aprel toqquşmasından sonra ilk dəfədir ki, hər iki tərəf silahı kənara qoyub, Ermənistan və Azərbaycan liderlərinin çoxdan gözlənilən görüşü öncəsi nəfəsini dərmək qərarına gəlib.

Bir ildən artıqdır ki, prezidentlər səviyyəsində danışıqlar baş tutmayıb. Beynəlxalq vasitəçilərin görüşləri bərpa etməklə bağlı bundan öncəki bütün çağırışları nəticəsiz qalıb. Danışıqlar masasına oturmaq yerinə liderlər bəzən hərbi forma geyinib binokldan bir-birlərinin hərbi mövqelərini izləməyə gedirdi.

Prezidentlərin indiki görüşü yayın əvvəlindən hazırlanırdı. Beynəlxalq vasitəçilər liderləri münaqişə zonasında davam edən gərginliyi dayandırmağa inandırmaq üçün çox səy göstərdilər. Yayda öncə Azərbaycan, daha sonra Ermənistan liderini dəvət edərək, onlarla başqa məsələlərlə yanaşı Qarabağ problemini də müzakirə edən Rusiya liderinin bu məsələdə xüsusi rolu var.

Kəlbəcər/Kervaçar. Foto: Olesya Vartanyan

Azərbaycan tərəfinin sülh anlayışı: torpaqların qaytarılması yolu ilə

Atışmadan imtina təşəbbüsü çox güman ki, Azərbaycan tərəfdən gəlir. Bununla rəsmi Bakı əks tərəfə Qarabağ regionunun gələcəyi ilə bağlı danışıqların bərpasına razılaşan kimi regionda məhz belə sakitliyin hökm sürəcəyini çatdırmaq istədiyini açıq şəkildə bildirir.

“Sülh və çiçəklənmə olacaq” – hələ yazın sonlarında bu cəlbedici perspektivi mənə Azərbaycanın yüksək çinli məmuru təsvir edirdi: bütün sərhədlər açılacaq, torpaqlar minalardan təmizlənəcək, evlər bərpa olunacaq, infrastruktur qaydaya salınacaq və “region yenə canlanacaq”.

Onun sözlərinə görə, erməni tərəfindən tələb olunan tək şey güzəştlərə razılaşmasıdır.

Qarabağda müharibənin bitməsindən 25 il keçir və Azərbaycan rəhbərliyi regionun ən varlı dövlətinin hansı səbəblərdən ən böyük milli problemin – ölkənin ərazi bütövlüyünün bərpası məsələsinin həll olunmaması ilə niyə barışdığı cəmiyyətə izah etməkdə çətinlik çəkir.

2016-cı ilin aprelində hərbi heyət arasında itkilərlə baxmayaraq, Azərbaycan hərbçilərinin münaqişə zonasında müvəffəqiyyətli əməliyyatından – cəbhə xəttinin şimal və cənub hissələrində iki strateji yüksəkliyi ələ keçirəndən sonra Qarabağ məsələsinin hətta hərbi yolla olsa belə “sürətli həlli”nə tələbat artıb.

Bakının anlayışında sülh prosesinin başlanğıcı – Azərbaycanın 1992-93-cü il Qarabağ müharibəsi vaxtlarında BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrinə istinad edərək işğal olunmuş hesab etdiyi, hazırda erməni tərəfinin nəzarəti altında olan torpaqların bir hissəsinin azad olunması yönündə konkret addımlardan ibarətdir. Vəd edilən yenidənqurma işləri və azərbaycanlı əhalinin geri qayıtması məhz bu ərazidə başlamalıdır.

Şuşa/Şuşi. Foto: Olesya Vartanyan

Müharibə zamanı Ermənistan qoşunları yalnız Dağlıq Qarabağın sovet dövründə sərhədlənmiş əraziləri üzərində deyil, həm də ətraf ərazilər – beş rayon tamamilə, ikisi qismən – üzərində nəzarəti ələ keçirməyə nail oldu. Bu gün Dağlıq Qarabağ Respublikasının de-fakto özününkü hesab etdiyi və erməni tərəfinin Artsax adlandığı ərazi Azərbaycan SSR-nin tərkibində mövcud olmuş muxtar vilayətdən demək olar ki, 2,5 dəfə böyükdür.

Azərbaycanlı qaçqınların demək olar ki, 40 faizi Qarabağ münaqişə zonasının şərqində və cənub-şərqi yerləşən Ağdam və Fizuli rayonlarındandır. Bütün bu illər ərzində regionun ən böyük yaşayış məntəqəsi – Ağdam ölü şəhər olaraq qalır. Son səfərim zamanı qarabağlı sürücüm uçmuş qalıqları və damsız evlər arasında azmışdı. İns-cins olmayan bomboş küçələri uzun-uzadı dolaşandan sonra Ağdam xarabalıqlarından çıxmaq üçün yolu Google Maps naviqatorunun köməyi ilə axtarmalı olduq.

Ağdam – ölü şəhər. Foto: Olesya Varttanyan

Erməni tərəfi üçün torpaqların qaytarılması son dərəcə ağrılı mövzudur. Bu ilk növbədə yerli dinc əhalinin təhlükəsizliyi ilə bağlıdır, amma bununla yanaşı, bir çox müharibə veteranları da 1990-cı illərdə savaşaraq əldə etdikləri “qənimət” əraziləri geri qayarmağı qəti rədd edir.

İndiki Ermənistan lideri, birinci prezidentlik müddəti dövründə “Ağdamın heç vaxt erməni torpağı olmadığını” bildirmişdi. Serj Sarqsyanın özü də qarabağlı və müharibə iştirakçısı olsa da, bu sözlərinə görə Qarabağ veteranları onu bu günə qədər məzəmmət edir.

25 il ərzində ətraf ərazilər məsələsində vacib nüanslar ortaya çıxıb. Hazırda bu ərazilərin çox hissəsində yaşayış məntəqələri yaranıb. Ərazi üzrə erməni yaşayış məntəqələrini birləşdirən yollar var. Torpaqların bir hissəsinin de-fakto respublikanın sənədləri əsasında sahibləri var, onlar yerli sakinlərdən ibarətdir, torpaq vergisi ödəyir, kənd təsərrüfatını inkişaf etdirirlər.

Qarabağ münaqişə zonasının qərbində Ermənistan dövlət sərhədi boyu uzanan dərin yarğanlı dağ yolu Azərbaycan tərəfinin Kəlbəcər, erməni tərəfinin isə Karvaçar adlandırdığı unikal sovet arxitekturalı şəhərciyə aparır. Şəhərin girişində “Erməni qalası” yazılmış böyük plakat var.

Müharibədən sonrakı illər ərzində təxminən buradakı tikililərin 7 faizə yaxını əsasən Azərbaycandan gələn erməni qaçqınları üçün yeni evlərə çevrilib. Əvvəlki kimi şəhərciyin çox hissəsində hələ də evlərin skeletləri durur, amma hər il heç olmasa bir neçə nəfər öz vəsaiti hesabına Azərbaycan dilində yazılar yazılmış çılpaq divarların yerində ev qurub, yenidən insan həniri ilə isitmək istəyir.

Kəlbəcər/Kervaçar. Foto: Olesya Vartanyan

“Heç bir Ermənistan prezidenti bu torpaqların bir santimetrini belə verməyə cəsarət etməz” – zərrə qədər də tərəddüd etmədən yerli qız mənə dedi.

Müharibədən sonra böyümüş nəsilin başqa nümayəndələri kimi gənc həmsöhbətim də əmindir ki, mübahisəli ərazilərin kiçik hissəsi belə Bakının birbaşa nəzarəti altına vermək cəhdi Ermənistan paytaxtında mitinqlərə, hətta ölkədə vətəndaş qarşıdurmasına gətirib çıxara bilər.

Ermənistan tərəfinin sülh anlayışı: gücün tətbiq edilməsindən imtina yolu ilə

Qarabağa bütün səfərlərim boyu ətraf ərazilərin qaytarılmasına razı olan bir nəfərə də rast gəlmədim. Bu mövzu burada əsas məsələ ilə birbaşa bağlıdır – təhlükəsizlik.

Müharibədən sonrakı illər ərzində ətraf ərazilər “təhlükəsizlik kəmərinə” çevrilib. Yerli səhra komandirləri təsəvvür edə bilmir ki, strateji yüksəklik və ərazilərin könüllü surətdə “düşmənə verilməsini” necə təmin etmək olar, axı bütün bu illər ərzində ancaq bu ərazilərin köməyilə onlar cəbhəyanı atışmaları erməni yaşayış məntəqələrindən uzaqda saxlaya biliblər.

Qarabağ müharibəsi bütün postsovet məkanında ən qanlı müharibə oldu. Əsrlərlə böyür-böyürə yaşamış və ənənələrində, məişətində bir-birlərinə çox oxşayan insanlar barrikadaların müxtəlif tərəflərində qaldılar. İki il sürən hərbi əməliyyatlar zamanı Qarabağda hər iki tərəfdən ümumilikdə 18,000-dən çox adam həlak olub.

Avropanın digər münaqişə zonalarından fərqli olaraq, Qarabağda heç vaxt sülhməramlılar və beynəlxalq müşahidəçilər olmayıb, halbuki bu, regionda ağzına qədər ən müxtəlif silahlarla dolu mürəkkəb cəbhəyanı istehkamlar torundan ibarət bufer zonasındansa, nisbi olsa belə hər hansı təhlükəsizlik zəmanəti yarada bilərdi.

2016-cı il aprel qarşıdurması vəziyyəti bir az da gərginləşdirdi. Qarabağlıların çoxu müharibənin başlaması perspektivinin nə dərəcədə real olduğunu öz gözlərilə gördülər, bu da özünü daha yaxşı qorumaq istəyini gücləndirdi. Buna nail olma yollarından biri kimi Ermənistan tərəfi respublikanın de-fakto statusunun qanuniləşdirilməsində görür.

Qandzasar. Foto: Olesya Vartanyan

Onlar buna danışıqlar prosesilə nail olmağa çalışır, amma bu, qiyamçı regionu öz nəzarəti altına qaytarmaqla Qarabağı öz dövlətinin tərkibində saxlamağa can atan Azərbaycan üçün yolverilməzdir.

Bir neçə həftə əvvəl Azərbaycanın lideri bildirib ki, regionda “ikinci erməni dövləti”nin yaradılmasına imkan verməyəcək. Bu bəyanat onun dilindən Ermənistan tərəfinin statusun tanınması ilə bağlı artan və daha ucadan səsləndirilən tələblərinə cavab olaraq ilk dəfə deyil ki, eşidilir. Aprel qarşıdurmasından sonra Ermənistan tərəfi Qarabağın Azərbaycana qaytarılması fikrini yaxına belə buraxmır.

Buna baxmayaraq, Qarabağdan fərqli olaraq, Yerevanda, o cümlədən də hakimiyyətin yuxarı eşelonlarında hələ də torpaq məsələsini, elə bütün münaqişəni də həll etməyin mümkün olduğunu hesab edən adamlara rast gəlmək olar. Sadə dillə desək – de-fakto respublikanın Azərbaycanın sərhədlərindən kənarda öz müqəddəratını həll etmə perspektivinin tanınması.

“Onlar Bakıda necə anlaya bilmirlər ki, etimadsız heç nə alınmayacaq?!” – həmsöhbətim olan Ermənistanın yüksəkvəzifəli məmuru deyir.

Onun sözlərinə görə, hazırda etimadın bərqərar olması perspektivi yalnız Azərbaycan Qarabağ münaqişəsinin həlli yolları siyahısında hərbi yolu könüllü şəkildə istisna etdiyi zaman yarana bilər.

Əks təqdirdə tərəflər bir-biri ilə “güc dili” ilə danışmağa davam edəcək, deyə həmsöhbətim əlavə edir: silahlanma davam edəcək, mülki əhalinin məhv edilməsi təhlükəsi artacaq və irimiqyaslı müharibəyə keçmək təhlükəsi olan mütəmadi atışmalar səngiməyəcək.

Ermənistan liderinin təşəbbüsləri müharibə təhlükəsinin qarşısının alınması ilə bağlıdır – ATƏT müşahidəçilərinin sayını artırmaq, həmçinin münaqişə zonasında beynəlxalq tədqiqat mexanizmini işə salmaq.

Bakıda deyirlər ki, müharibə planlarından imtina etməyə çox şad olardılar, amma erməni tərəfinin danışıqlar prosesini bərpa edəcəyi və güzəştə getməyə razılaşacağı məqamı gözləməkdən yorulublar.

“Müharibə onları nəsə eləməyə məəcbur edə bilmək üçün əlimizdə qalan yeganə alətdir”, – gənc azərbaycanlı məmur deyib. O, səmimi şəkildə doğmalarının və tanışlarının canı bahasına başa gələcək müharibənin əleyhinədir.

Stepanakert/Xankəndi. Foto: Olesya Vartanyan

Qapalı dairədən necə çıxmalı?

Bu suala sadə cavab yoxdur. Prezidentlərin görüşündən aprel qarşıdurması və nəticədə hər iki tərəfdə hərbi əhval-ruhiyyənin artması ilə bir az da dərinləşən çoxillik problemin təcili həllini gözləməyə dəyməz. Bir görüşlə prezidentlər həm də Dağlıq Qarabağın status məsələsini, yəni artıq 30 ildir ki, mübahisə mövzusu olan bir məsələni həll edə bilməyəcəklər.

Bununla belə, iki liderin görüşü Qarabağ prosesinin cəbhəyanı zonadan danışıqlar masası arxasına qayıtmasına ümid ola bilər. Buna ilk növbədə qarşı tərəflərin səhra komandirləri arasında səmərəli münasibətlər kömək edə bilər ki, cəbhə xəttində gələcək insidentlərin qarşısını almaq mümkün olsun. Prezidentlər bunu edə bilsələr, onların Cenevrədəki 16 oktyabr 2017-ci il görüşünü son bir neçə il ərzində ən ciddi irəliləyiş hesab etmək mümkün olacaq.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır


More on JAMnews