Gürcüstanın heç bir dərslikdə olmayan ən yeni tarixi " />

Plakatın siyasəti

Gürcüstanın heç bir dərslikdə olmayan ən yeni tarixi

Müstəqillik elan olunan gündən, 1990-cı ildən 2017-ci ilə qədər Gürcüstanda 21 parlament, prezident və yerli seçki keçirilib. Küçələrdə yapışdırılan posterləri yenidən nəzərdən keçirsək, ölkənin bütün ən yeni tarixi gözlərimizin önündə canlanacaq.  

Plakatlar siyasi yaddaşın ən gözəl rekonstruksiya vasitəsidir. Bu, dünyanın müxtəlif ölkələrində keçirilən və siyasi plakatın tarixinə həsr olunan minlərlə sərgi ilə təsdiq olunur.

Gürcüstanın Milli kitabxanasında Gürcüstanın 200-dən çox seçki kampaniyası posteri var. Bu solmuş çap məmulatlarından ölkənin son 27 il ərzində inkişafını görmək olar – siyasi sloqanlar, cümlələr necə dəyişib, cəmiyyət siyasətçilərdən nə tələb edib.  

Bu posterlər siyasi partiyaların müxtəlifliyini, yaranan və izi-tozu qalmayan siyasi təşkilatları, dəyişən simvolikanı nümayiş etdirir – siyasi plakatlar hansı rənglərdə tərtib olunurdu, partiya loqotiplərinin yaradılmasında hansı estetikaya üstünlük verilirdi.    

Posterlərdə siyasətçilərin sifət ifadəsinin necə dəyişdiyini görmək olar – 90-cı illərdə plakatlarda məyus sifətlər, kədər və qayğı ilə dolu gözlər üstünlük təşkil edirdisə, sonra sifətlərdə daha çox təbəssüm varıydı, daha çox nikbinlik yağırdı onlardan.  

Təşviqat plakatları siyasi ittifaqların və siyasi düşmənçiliyin xronikalarının arxividir – onlardan yaxşı görünür ki, Gürcüstan siyasətində siyasi prinsiplər üzrə siyasi ittifaqlar situativ ittifaqlardan daha gec-gec yaranırdı. Dünənki müttəfiqlər səhəri gün düşmənə çevrilirdi və əksinə, siyasi düşmənlərin necə “siyasi pakt” imzaladıqlarını görmək olar.

Maraqlı karyera quracaqları deyilən yaxın keçmişin bir çox siyasətçiləri ümumiyyətlə siyasətdən getdilər.

Digərləri isə əksinə, çox sayda uğursuzluğa baxmayaraq, yenə də siyasi arenada qalır.

Bu günə qədər də bəzi küçələr və binanın divarları siyasi mübarizənin özünəməxsus xronikası olaraq qalır – Gürcüstanda hələ indi ictimai məkanın seçki plakatlarından təmizlənməsi təcrübəsi möhkəmlənir. Buna görə də cırılmış plakatlar və ya bir-birinin üstünə yapışdırılmış siyasətçilər ayrı-ayrı küçələrin artları və bəzi fotoqrafların çəkiliş üçün sevdiyi fon olaraq qalır.

 

“İverlərin səması işıqlansın”, lobio yemək və firavanlıq

Gürcüstanda seçkiqabağı plakat təşviqat məhsulu kimi 1990-cı illərin əvvəllərində yaranıb. Həmin dövrdə ölkədə müasir poliqrafiya bazası olmayıb, plakat müəlliflərinin də kreativlik halı yoxuydu.  

Müstəqil Gürcüstanın siyasi plakatının tarixi “Dəyirmi masa – Azad Gürcüstan”ın ağ-qara posterindən başlayır. Burada dövlət bayrağını dalğalandıran qızcığaz təsvir olunub.

 

Nazik yumşaq kağızın üstündə çap olunan bu keyfiyyətsiz və daha çox kserokopiyaya bənzəyən poster həmin dövrü yaxşı təsvir edir – xaotik, qəhrəman sifətlərlə “yüklənmiş”, milli hərəkatın yüksəlməsi dövrünü.  

1990-cı illərin posterlərində patetika çoxdur – milli şüarlar, gürcü əsərlərindən, poeziyadan sitatlar.

Misal üçün: “Köləlikdən azad olunmaq istəyirsizsə Rustaveli Cəmiyyətinə səs verin! Sovet sisteminin birdəfəlik dağılmasını istəyirsizsə Rustaveli Cəmiyyətinə səs verin! Istedadlar üçün geniş yolun açılmasını istəyirsizsə Rustaveli Cəmiyyətinə səs verin!..”

 

Sonra da poeziyaya yer qalmayan illər başladı. Seçki posterlərində qara eynəkli silahlı adamlar peyda oldu:  

“Düşmənə bir dəfə də xatırladım ki, demokratiya lobio yemək deyil”, – bu,  Gürcüstan parlamentinin Nadzaladevi rayonunun 9 saylı seçki məntəqəsindən deputatlığa namizəd olan Caba İoselianinin seçkiqabağı plakatında çap olunan mətnin bir fraqmentidir.

Eduard Şevardnadzenin “Vətəndaşların birliyi” həmin dövrün sərt ikirəngli seçki palitrasını canlandırmağa çalışdı. Məşhur “Sevinin” musiqi klipinin “izləri ilə” əhaliyə firavanlıq vəd edən gülərüz gürcü ailəsinin təsvir olunduğu rəngli plakatlar çap edildi.

“Şevardnadzesiz Gürcüstan”, “Birlikdə gürcü arzusunu yerinə yetirək”

Seçkilərdə Tbilisi sakrebulosunun 35 yaşlı sədri Mixail Saakaşviliyə uğur gətirən sloqan aşağıdakı kimi səslənirdi: “Şevardnadzesiz Gürcüstan”, “Korrupsiyasız Gürcüstan”.

Bu sözlər Gürcüstanın siyasi həyatının növbəti dövrünün leytmotivinə çevrildi – “Tikintini dayandırmayaq”, “Gürcüstanın birləşməsi və yüksəlməsi”, “Yoxsul adamlarsız Gürcüstan”, “İşlər hələ çoxdur” və s.

Mixail Saakaşvilinin komandası Gürcüstanın seçki artına çoxlu qırmızı rəng, lakoniklik, yadda qalan sloqanlar, sosial xarakterli, ayrı-ayrı sosial qrupları hədəfə alan konkret vədlər, həm də keyfiyyətli poliqrafiya gətirdi. Həmin dövrün seçki plakatları da qrafik və bədii nöqteyi-nəzərdən xüsusi orijinallığı ilə seçilməsə də, plakatlarda ənənə üzrə gülümsəyən siyasətçilər, seçki nömrələri və sloqanlar təsvir olunurdu.

Seçkiqabağı art baxımından hakimiyyətə “Gürcü arzusu” gələndən sonra da çox şey dəyişmədi. Tox qırmızı rəng göy rənglə əvəz olundu. Posterlərin ölçüləri böyüdü və daha keyfiyyətli oldu. Sloqanlar isə köhnə milli sentimentlərə qayıtdı – “Birlikdə gürcü arzusunu yerinə yetirək”. 

Bu gün siyasətçilər siyasi plakatlardan daha konkret vədlər verir. “Gürcüstanın yüksəlməsi” əvəzinə onlar seçicilərə daha yüksək pensiyalar, aşağı vergilər, iş yerləri, keyfiyyətli səhiyyə vəd edirlər. Şerlər və vətənşüvən şüarlar ciddi sifətlər və konkret problemlər haqqında söhbətlərlə əvəz edilib. 

 
Halbuki bu vədlərdən də bu gün Gürcüstanın və gürcü seçicisinin hansı inkişaf mərhələsində olduğunu yaxşı görmək olur – populist siyasətçilər adətən seçicilərin kifayət qədər siyasi biliyinin olmamasından istifadə edərək, real olmayan məsuliyyətsiz vədlər verir (Xristian-demokrat hərəkatının plakatında pulsuz su, qazın bir kub metrinə görə 10 tetri və elektrik enerjisinin hər kilovatına görə 5 tetri vəd edilir):
  

Plakat dünyanı dəyişə bilərmi?

Ümumilikdə Gürcüstanın seçki plakatı yeknəsəq “ssenari” üzrə işlənmiş kifayət qədər darıxdırıcı art əsəridir – şüar və seçki nömrəsinin fonunda gülümsəyən siyasətçilər.

Gürcüstanda partiyalar qrafik dizayndan istifadə etmir və təsirli vizual effektlər yaratmağın narahatçılığını yaşamır. Onlar mümkün qədər sadə olmağa çalışır – demək istədiklərini seçiciyə əlavə simvollar və “yersiz bədiilik” olmadan çatdırmaq daha asandır.

Dünya trendi də belədir – lakonik, bir neçə sözlə ifadə olunan ideya və primitivizm. Halbuki niyəsə vizual olaraq bu cür plakatların Qərbdəki nümunələri xeyli daha maraqlıdır.

Plakat dünyanı dəyişə bilərmi? Yəqin ki, bilər, əgər bu, Şepard Feyrin “Ümid” və ya Skot Hensenin “Tərəqqi”sidirsə.  

Şepard Feyrin plakatı vaxtıykən sosial sifarişi gözəl yerinə yetirdi – Corc Buşun 8 illik hakimiyyətindən sonra amerikalıların ümidverici nəyəsə ehtiyacı varıydı.

O, tezliklə virus plakatı oldu. Çoxları hesab edir ki, bu poster çox sayda seçicini Obamaya səs verməyə vadar etdi.  

Bu poster Amerikanın seçki artının tarixini də dəyişdi. Feyrin üslubundan ictimai fəallar da istifadə etməyə başladı, misal üçün, Culian Asanjı dəstəkləmək üçün. Assanjın plakatında Hope (“Ümid”) sözü Hero (“Qəhrəman”) sözü ilə əvəz olunub.   

Fakt – internet və müasir texnologiyalar dövrünün hökm sürməsinə baxmayaraq, çap posterləri artistləri şedevrlərin yaradılmasına ilhamlandırır və mütəxəssislərin fikrincə, bu, hələ uzun müddət davam edəcək – aksiyalara kompüter monitorları aparmaq çətindir. Hələ ki, insanların müdafiə etməyə hazır olduqları siyasi baxışar var, siyasi plakatlar və onların siyasi ideyaların unikal ifadə formaları fundamental vasitə olaraq qalacaq.  


More on JAMnews