Primorskoye kəndindən reportaj, şahidlər və istehkamçılar danışır " />

Partladılmış meşə. Abxaziyada döyüş sursatı anbarında baş verən partlayışdan sonra minalardan təmizləmə işi davam edir

Primorskoye kəndindən reportaj, şahidlər və istehkamçılar danışır

Avqustun 2-də Abxaziyanın Primorskoye kəndində, hərbi hissənin döyüş sursatı anbarında baş verən partlayışdan sonra həyat öz axarına qayıdır. Turistlər yerli isti kükürd bulağına yenidən gəlməyə başlayır.  

Kəndin qıraqlarında isə təhlükə hələ də var. İstehkamçılar ətraf əraziləri yoxlamaqda davam edir və istisnasız hər gün partlayış yerindən uzaq məsafələrdə partlamamış mərmilər tapırlar.  

JAMnews –un müxbiri Primorskoyedə olub, gördüyü və öyrəndiklərindən danışır.

Partlayışın şahidləri

Anbardan 700 metr aralıda, Arsaul 1 küçəsində yerləşən qəsəbədə yeganə beşmərtəbəli binanın sakinləri hər şeyin anidən baş verdiyini deyir.  

“Saat təxminən beşin yarısı idi. Adi isti hava idi, küçədə demək olar ki, heç kim yoxuydu. Qonşumuz Xasikin oğlu qəflətən həyətə qaçaraq qışqırmağa başladı ki, hamı evdən bayıra çıxsın. Çaxnaşma düşdü və elə həmin an güclü partlayış baş verdi. Sonra biz şok halında yola tərəf qaçdıq. Ancaq bundan sonra nə baş verdiyini anladıq. Əvvəlcə müharibə başlayıb – deyə düşündük”, – bina sakini Aida danışır.

“Biz düşündük ki, müharibə başlayıb”

Onun 15 yaşlı qızı həmin vaxt qonşu mənzildə, rəfiqəsigildəydi. Amma Aidanın bundan xəbəri yoxuydu və təxminən bir saata yaxın onunla əlaqə yaratmağa çalışıb. Bir qədər sonra qızları sağ-salamat, maşınla gətirdilər.  

“Partlayış dalğası çox güclü idi”, – Aidanın qonşusu Artemi əlavə edir. – “Mənzillərdə qapı və pəncərələr yerindən oynayıb, tavan, məişət texnikaları zədələnib. Həyətdə mina qəlpələri varıydı. İndi hər şeyi bərpa edirlər. Biz anbarın partlamağını ağlımıza belə gətirməzdik. Narahat da deyildik, orda nə olması barədə xəbərimiz belə yoxuydu”.

2 avqust 2017-ci ildə Primorskoe kəndi yaxınlığında yerləşən Qudaut rayonunda hərbi sursat anbarında baş vermiş partlayış güclü detonasiyaya səbəb olub. Daha sonra üç gün ərzində partlayışlar davam edib. 64 nəfər, o cümlədən üç uşaq xəsarət alıb. İki qadın həlak olub. Partlayış dalğası və qəlpələr bir kilometr yarım radiusunda yerləşən yaşayış evləri və maşınları da zədələyib.

Hərbi prokurorluq tərəfindən 358-ci maddənin 3-cü bəndi (“silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma”) ilə cinayət işi açılıb. Partlayışın səbəbi barədə hələlik istintaqın heç bir nəticəsi yoxdur.

Ən çətin obyekt

Partlamamış mərmi və yerüstü minaların zərərsizləşdirilməsi ilə məşğul olan Britaniya xeyriyyə və Amerika qeyri-kommersiya təşkilatı “Halo TRUST” birinci gündən hadisə yerində işləyir. Onun nümayəndəsi İsmet Zade bildirir ki, partlayışdan sonra istehkamçılar artıq 7 mindən çox hərbi sursat zərərsizləşdirib. Onun qiymətlərinə görə, ərazinin mərmilərdən tam təmizlənməsinə iki ilə qədər vaxt gedə bilər.  

“Bizim üçün prioritet yaşayış zonası, əkin sahələri, çəmənlərdir. Sonra da anbarın özü. Daha sonra da çətin keçilən yerlər. Avqustun 14-nə qədər biz ancaq gedib açıq şəkildə yollarda, həyətlərdə, avtomobillərin üstündə olan hərbi sursatları yığırdıq”, – deyə o danışır.

Əvvəlcə hərbi sursatların axtarışı və zərərsizləşdirilməsində 12 nəfər iştirak edib. Sonra qrup üzvlərinin sayı 49 nəfərə qədər artıb.  

Gürcüstan-Abxaziya müharibəsindən – 1997-ci ildən 2011-ci ilə qədər – bir neçə il sonra “Halo TRUST”ın istehkamçıları 336 mina sahəsini minalardan təmizləyib, 9,788 mina və 50,000-ə yaxın hərbi sursatı zərərsizləşdirib. İsmet Zade deyir ki, minalar üzrə ən yaxşı informasiya mənbəyi Abxaziyanın Müdafiə Nazirliyi tərəfindən verilən Gürcüstan xəritələri, həm də yerli sakinlərin məlumatları oldu.   

“Halo TRUST” Abxaziyaya gələnə qədər burada 479 partlama hadisəsi olub, onlardan 110 hadisə zamanı insanlar ölüb.

İsmet deyir ki, Primorskoye kəndindəki indiki iş onun təcrübəsində ən ağır işlərdən biridir:

“Çətinlik təkcə onda deyil ki, burada böyük sayda müxtəlif hərbi sursatlar və çətin keçilən yerləri olan böyük ərazi var. Məsələ ondadır ki, bura yaşayış məntəqəsidir”.

“Əl vurmaq olmaz”

Primorskoye kəndinin girişində isti bulağa aparan yolu göstərən lövhəciklər asılıb. Elə oradaca xəbərdarlıq edilir ki, ehtiyatlı olmaq və partlama təhlükəsi olan əşyalar aşkar etdikdə lövhəcikdə qeyd olunan telefon nömrələrinə zəng etmək lazımdır.

Hərbi sursatların zərərsizləşdirilməsi üzrə zabit Temur Ajibanın bu sahədə böyük iş təcrübəsi var. “Halo TRUST” şirkətində artıq 19 ildir ki, işləyir.

“Payacıqların yerini görürsən? Onlara qədər təhlükəsizdir, amma onlardan o tərəfə keçmək olmaz. Bir vaxtlar sakinlər düşünürdü ki, bu payacıqların altında minalar var, amma biz onları sakitləşdirdik, başa saldıq”, – o danışır.

İstirahət edənlərin ən sevdiyi yer olan, şəlaləyə aparan yolun mərmilərdən təmizlənməsinə baxmayaraq, ora giriş qadağandır. Həm suyun içində, həm də ətrafdakı kolluqda hələ ki, partlamamış mərmi və minalar var.    

İnəklər zərər çəkmədi

İnəklərin otladığı böyük çəmənlikdəyik. İstehkamçıların saatda bir dəfə qısa fasiləsi olur. Kimsə siqaret çəkir, kimsə eləcə dincəlir. İş günü saat 9-dan 15-ə qədərdir. Nahara iyirmi dəqiqə vaxt verilir.

Mərmilərin dayanmadan partladığı həmin üç gün ərzində bir dənə də olsun heyvan zərər çəkməyib, baxmayaraq ki, gündüz vaxtıydı və hərbi sursat anbarı ilə otlaq arasında məsafə hardasa cəmi bir kilometrdir.

“İnəklər sakitdir. Bunun yanında mərmi partladı, dönüb həmin tərəfə baxdı, hardasa beş metr aralandı və otunu çeynəməkdə davam etdi. Qoyunlar isə qorxaqdır. Bir az səs olan kimi qaçırlar”, – Temur deyir.  

İndi həm tarla, həm də otlaq tamamilə təmizlənib.

 İ  stehkamçılar deyir ki, işdə ən çox çətinlik yaradan hava və kolluqlardır.

“Mərmini tapanda onun necə vəziyyətdə olduğunun yoxlayır, sonra da rəhbərliyə məlumat veririk. Mürəkkəb hərbi sursatları yerindəcə partladırıq. Adi minaları isə poliqona aparıb, orada zərərsizləşdiririk”, – istehkamçı dəstəsinin səhra komandiri Aslan Adleyba danışır.

Partlayışın episentri

Hərbi sursat anbarı Primorskoyedə 1973-cü ildən varıydı. Hazırda isə onun yerində nəhəng bir çala yerləşir. Ətrafda yanmış və kökündən qopardılmış ağaclar var.

Yolun qırağında yanmış yəhər parçası var. Təxminən bu yerdə atla gəzintiyə çıxan və partlayış zamanı anbarın yanından keçən Sankt-Peterburqdan olan iki turist həlak olub.  

“Onlarla birlikdə hardasa 12-13 yaşlarında oğlan da varıydı. Birinci partlayış baş verəndə dalğa onu uzağa atdı. Qadınlar isə burada yıxılıb qaldı. Xilasedicilər onlara yaxınlaşa bilmirdi, bu, mümkün deyildi. Onları partlayışlar bitəndən sonra, səhəri günü həmin yerdən çıxardılar, amma qadınlar artıq ölmüşdü”, – Temur danışır.

Yol boyu xəbərdarlıq nişanları var, hər beş metrdən bir ağ-qırmızı kərpiclər durur – meşənin içinə aparan yoldan başqa bütün bu ərazi təhlükəlidir. Yolun qırağında hərbi sursat qəlpələri, çox sayda partlamamış mina və mərmilər, həm də minlərlə pulemyot, avtomat, əleyhqaz, patronlar var. Yerlərdə hərbçilər növbə çəkir.   

Məqalə müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun özünə məxsusdur, JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə də bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış ifadə edən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.


More on JAMnews