“İnək sağırdım, qonşu qadın gəlib dedi ki, bu axşam kənddə qrantlarla bağlı hansısa görüş keçiriləcək. Ata minib, getdim. Bu gün 300-dən çox arı ailəsi varımdı. Amerikaya oxumağa gedirəm”. " />

Nəyləsə məşğul olmaq istəyirdik. Qadın fermerlər haqqında dörd hekayə

“İnək sağırdım, qonşu qadın gəlib dedi ki, bu axşam kənddə qrantlarla bağlı hansısa görüş keçiriləcək. Ata minib, getdim. Bu gün 300-dən çox arı ailəsi varımdı. Amerikaya oxumağa gedirəm”.

İlk baxışdan onların oxşar cəhətləri yoxdur. Amma dördü də söhbətə eyni sözlərdən başlayır: “Nəyləsə məşğul olmaq istəyirdim”.

Nataliya və İrina Tbilisidən, Manana Tsalkadan, Manana da Zemo Alvanidəndir. Biri xiyar, digəri pomidor yetişdirir, üçüncü çay istehsalı ilə məşğuldur, mağazası da var, dördüncü isə köçəri arıçılıq və maarifçiliklə məşğuldur.

Martın 28-də “Frontline Georgia” müzakirə məkanında “Oksfam-Gürcüstan” nümayəndəliyinin təşəbbüsüylə dörd qadın öz hekayələrini danışmaq üçün yığışdılar.

Birinci hekayə: Nata

Nata Fartsxaladze, “Kona”

Kiçik və rahat bir yer. Taxta rəflərdə müxtəlif formalarda və rənglərdə olan kağız qabların içində otlar görünür.

“Bir dənə “Əli və Nino” olar?” – uca səslə sifariş edirəm, iki dəqiqə sonra qarşıma gözəl qoxu verən saxsı fincan qoyurlar – qara çay, mixək, kakao toxumları, qızardılmış badam, kokos şəkəri, rododendron, anis və ətirli bibər.

Tbilisinin İnqorokva küçəsində yerləşən çayxanada sizə 12 adda və 9 növ çay təklif edəcəklər. Hər təklifin də özünün xüsusi adı var – “Şərq nağılı”, “Naina”, “Əli və Nino”, “Sənin ulduzun”; müxtəlif xüsusiyyətləri də var – gümrahlandırıcı, sedativ, antiseptik, stressə qarşı, laym, nanə, nar və portağal çiçəkləri, üzüm yarpağı, qızılgül, lalə, böyürtkən, zəncəfil.

Bütün bu otlar Nataliya Partsvaladzenin “Kona” müəssisəsindəndir. “Hər şey nəsə yaratmaq istəyindən başladı. Elə bir şey ki, orada “Gürcüstanda istehsal olunub” yazılsın və istehsal prosesi də həzz versin.

Buna böyük ehtiyacım varıydı. Banka müraciət etdim. Ssuda vermək istəmədilər. Sonra internetdə ENPARD proqramı barədə öyrəndim (Avropa Kənd və Kənd Təsərrüfatının İnkişafı Üzrə Proqramı. Gürcüstanda 2013-cü ildən reallaşdırılır. JAMnews). Ərizə verdim – ot çaylarının istehsalı konsepsiyası çoxdan fikridə varıydı, buna görə də onu ifadə etməyə çox vaxt lazım olmadı. Tezliklə Kasp rayonunun Lavrisxeri kəndində yerləşən köhnə ata evim ot çayının istehsalı müəssisəsinə çevrildi.

Aldığı qrantla bağı qaydaya saldım, damcılı suvarma sistemi qurdum və özümün kiçik biznesimi yaradaraq, adını “Kona” qoydum. Vaxt varıydı, cəfərini keşnişdən ayıra bilmirdim. Amma qrant almaq bir yana, OXFAM-ın təlimlərində aldığım biliklər də çox vacibiydi. Bu da mənim üçün əhəmiyyətlidir. (OXFAM xeyriyyə təşkilatıdır. Məqsədi yoxsulluğun aradan qaldırılması, xırda fermerlərə dəstəkdir. JAMnews).

İlk məhsulumu 2016-cı ilin yaz ayında aldım. Bu gün çay istehsalımız, kiçik mağazamız, kafemiz, inteqrasiya olunmuş veb satışlarımız var. Bundan başqa da beş nəfərin işlədiyi kooperativimiz var.

41 yaşım var. Üç oğul anasıyam, onlar üçün “Kona” yaxşı həyat nümunəsi oldu. Biz birlikdə içkilərin adlarını fikirləşib tapırıq, birlikdə ot və çiçək toplayırıq. Tez-tez onların zövqünə arxalanıram. Uğuru hardasa uzaqlarda axtarmaqdansa, burada şərait yaratmaq lazımdır.

İkinci hekayə: Manana

Manana Bolkvadze, arıçı

30 yaşlı Manana Bolkvadze Tsalkadandır. Üç il əvvəl üç pətəyi olub, bu gün sayı 300-ə çatıb. Öz hekayəsini danışır:

“Tsalkada yaşayıram. İxtisasca coğrafiya müəllimiyəm. Hər şeydən korluq çəkirdim, buna görə də üç il ərzində hər yay bütün kəndin mal-qarasını dağa çıxarırdım. Ailəlicə gedirdik, çadırlarda yaşayırdıq, mal-qaraya qulluq edirdik ki, daha çox süd və pendirimiz olsun. Ağır idi. Onda uşaqlar da çox balacaydı.

Bir dəfə yayda çadırın yanında pətək yüklənmiş maşın dayandı. Kimsə öz arılarını ekoloji təmiz mühitə köçürmək istəyirdi. Əvvəlcə buna heç bir əhəmiyyət vermədim. Amma sonra maraqlı gəldi. Həm də mənə arıçılığı öyrətməyi təklif etdilər.

İnəkləri sağırdım, pendir düzəldirdim, çadırı səliqəyə salırdım, uşaqları yedizdirirdim, bundan sonra da arı pətəklərinin yanına gedirdim. Təsəvvür edə bilərsiz, öz əllərinlə arı ailəsi yaratmaq nə deməkdir?! Üç il könüllü işlədim, dağlarda pətəklərə qulluq edirdim. Mənə iki arı ailəsi bağışladılar, birdən lazım olar deyə. Üçüncü ailəni özüm yaratdım.

Çadırımız kənddən təxminən 12 kilometr aralıda qurulmuşdu. Bir dəfə mənə dedilər ki, axşam kəndə düşüm, çünki orada kooperativ və qrantlarla bağlı hansısa görüş keçiriləcək. Maraqlandım, atı yəhərlədim və kəndə düşdüm.

Birinci qrantla boş pətək aldım. Kənddə gülürdülər: arıçılıq qadın peşəsi deyil, həm də boş pətəklər nəyə lazımdır axı. Yaratdığım kooperativdə əvvəlcə üç nəfər varıydı. Sonra yavaş-yavaş yeni layihələr yarandı, pul axtarmağa başladıq, tədricən genişləndik və bu gün kooperativimizdə 19 qadın var – kimsə Tsalkadandır, kimsə Açaridən, kimsə Marneulidən, Zestafonidən də var.

İndi də işçimi iki aylıq kursa Çinə göndərmişəm. Özüm də mayda Amerikaya korporativ daxili münasibətləri öyrənməyə gedəcəm.

Bu gün 300-dən çox arı ailəmiz var. Bir il əvvəl bunu təsəvvür etmək mümkün deyildi.

Müxtəlif adda müxtəlif məhsul almaq üçün, bütün ekoloji zonalardan balımız olsun deyə köçəri arıçılıqla məşğuluq.

Təəssüf ki, arıçılar gürcü istehlakçıların etibarını itirib. Buna görə də vicdanlı arıçı olduğumuzu sübut etmək üçün ikiqat artıq işləməli oluruq.

Təhsil almağım çox kömək etdi, əks halda evdə bağlı qapı arxasında oturardım. Məndən daha diribaş və bacarıqlı qadınlar yüksək dağlıq ərazilərdə kölgədə qalıblar, çünki öz imkanlarından xəbərsizdirlər. Məktəbdə coğrafiya dərslərindən başqa həm də cəmiyyətşünaslıq dərsləri keçirdim. Bu, mənə çox şey verdi, bir çox maraqlı treninq və görüşlərdə iştirak edə bildim, çox şey öyrəndim.

Təqdimatlardan biri üçün regionumuzda gender balansı üzrə kiçik tədqiqat keçirməli oldum. Nəticələr məni narahat etdi və düşündürdü. Onda da mən içimdə qapanmamaq, əksinə qadınlarla daha tez-tez görüşlər keçirib, onlara necə uğur qazanmağım, işimi nədən başlamağım barədə danışmağa qərar verdim. Sonra da layihə qurmağı öyrəndim, indi də başqalarına kömək etməyə çalışıram. Avropa İttifaqının “Məşqçilərin təlimləri”ni keçdim, idi özüm məşqçilər hazırlaya bilərəm. Bəzən elə yoruluram ki, öz-özümə bu işlərdən birini atmaq barədə düşünməyə başlayıram. Amma bacarmıram. Qadınlara  öz bizneslərinə yiyələnməyə, öz bacarıqlarına, özlərinə inanmağa kömək etmək istəyirəm. İstəyirəm ki, onlar da öz övladları üçün nümunə olsunlar, onların təhsillərinə pul qoya bilsinlər”.

                               Üçüncü hekayə: İrina  

“Hörmətli istehlakçılar, sizin xahişinizlə, mallarımızı harada əldə edə biləcəyiniz barədə məlumat veririk. Bu gün oranjereyadan yığılmış pomidorları aşağıdakı ünvandan ala bilərsiz… ” – bu elana “Facebook”dakı “Pomodorna” səhifəsində rast gəldim.

“Pomodorna” oranjereya təsərrüfatı Duşet rayonunda, Bulvaçaurada cəmi bir il əvvəl yaradılıb. 38 yaşlı İrina Odişariya ixtisasca hüquqşünas-iqtisadçıdır. Gürcüstanda və Almaniyada təhsil alıb. Vətənə qayıdandan sonra etnik azlıqların problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatı yaradıb və regionlardan gələn gənclərə kömək edirdi.

“Maraqlı işiydi. Amma mən başqa işlə məşğul olmaq istəyirdim. Bir dəfə “Enpard” xətti ilə bir elan diqqətimi cəlb etdi – bu, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən kəndin inkişaf proqramıdır. Dostlarımla diqqətlə bazarı öyrəndik, hər şeyi ölçüb-biçdik və oranjereya təsərrüfatı qurmaq qərarına gəldik. Onda da mən ərizəylə “Enpard”a müraciət etdim. Bu, özünü doğrultdu. İxtisasca hüquqşünasam, heç vaxt təsəvvür edə bilməzdim ki, nə vaxtsa oranjereya təsərrüfatım olacaq, fermer olacam və öz əllərimlə bitkilərə qulluq edəcəm. Həyatımı köklü surətdə dəyişdim. Ümumiyyətlə düşünürəm ki,  öz istəklərimiz və planlarımız barədə ucadan danışmağa qorxmamalıyıq.

Daha bir misal gətirim: yoldaşımla ailə quranda ailə həyatımızın əvvəlində işdən yorğun qayıdırdıq, o əyləşirdi televizorun qarşısında, mən mətbəxdə yemək hazırlayırdım. Almaniyada təhsil alanda təzə dostlarım oldu, onların arasında artıq övladları olanlar da varıydı, gördüm ki, onlar necə işdən sonra birlikdə şam yeməyi hazırlayır, süfrə açır və s. Mənə də çatdı ki, öz ailə həyatımı da başqa cür təsəvvür edirdim və bir dəfə yoldaşıma dedim:

—   “Mənim başqa istəklərim var. Ailəmizi başqa cür təsəvvür edirdim”.

—  Problem nədədir ki?” – o, sakitcə məndən xəbər aldı. 

Düşünürəm ki, bu, bizim əsas problemimizdir, qadınların problemi: biz ümidlərimiz, gözləntilərimiz barədə ucadan danışmırıq, onları içimizdə saxlayırıq. Belə olan halda da reallaşmayan ümidlər problem, inciklik üçün zəmin yaradır.

Əməyimin ilk məhsullarını özüm də mal aldığım mağazaya satdım. Növbəti gün zəng edib, yenə gətirməyimi xahiş etdilər. Bizim hələlik bir oranjereyamız var və hələ bu yaxınlarda, martda məhsul toplamağa başlamışıq.

İndi məni narahat edən ancaq odur ki, uşaqlara daha az vaxt ayıra bilirəm. Özümə də onunla təskinlik tapıram ki, sərbəst dərs oxuyurlar. Yəqin ki, analarının sevdiyi işlə məşğul olduğunu görmək də heç də pis nümunə deyil”.

Dördüncü hekayə: Tiniko, Tiniko, Sofiko, Nino və Dali

Kooperativdə beş qadın ərləriylə birlikdə işləyir. Sofiko və Tiniko həm görünüşü, həm də dadı gözəl olan pomidorlar yetişdirir. Nino ilk baxışdan istənilən, ən adi ailə işini biznes ideyaya çevirməyə qadirdir. Dali isə mühasibatçıdır, iqtisadçıdır.

Onlar rəfiqədir. Axmetada, Zemo Alvani məktəbində birlikdə işləyirlər. Böyük müəllimlik stajları var, 20-30 il. “Dərs vaxtı hələ yaxşıdır, amma tətil olanda dörd divar arasında oturmaq çox çətindir… Xüsusən də əslən kəndlisənsə. Həmişə təbiət qoynunda olmaq istəyirsən. Maaş azdır. Bir dəfə də internetdən başı açılmayan Tiniko “OXFAM”ın təsərrüfatın maliyyələşdirilməsi ilə bağlı elana rast gəldi” – 53 yaşlı Dali Veşaquridze danışır.

Hər şey də ondan sonra başladı: səhər saat 9-dan axşam saat 6-ya qədər məktəb. Axşam saat 6-dan 9-a qədər ev işləri (nahar, şam yeməyi, yır-yığış, paltar yuma və s.). sonra isə səhər saat 3-4-ə qədər kiminsə evində layihə üzrə iş gedir. Sonra da “növbədə” duran ərlərdən birinə zəng edirlər: işimizi bitirmişik, gəl, evlərimizə apar.

“İl yarım bu rejimdə yaşadıq. Özünü doğrultdu, qrant ayırdılar. Oranjereya qurduq, damcılı suvarma quraşdırdıq, hətta pomidor şitili üçün ayrıca yer də tikdik.

Bütün bunlar üçün vəsait tapmaq çox çətiniydi – hər şeyə 30 min lari lazımıydı. Banklar pul vermirdi, maaş üzərində ssuda almalı olduq. Ailələrimizin bundan xoşu gəlmirdi – əvvəlcə ideyamıza çox az adam inanırdı. Kənddə camaat şübhəylə bizə baxırdı, deyirdilər ki, tezliklə aramız dəyəcək və heç nə alınmayacaq. Qonşu Otar baba dedi: “Ən asan iş məsləhət görməkdir, sizsə hamıya qulaq asmayın”. İndi bəzən zarafat da edirik – kəndimizdə görməli yerlər yoxdur, ona görə də camaat selfini bizim oranjereyanın fonunda çəkdirir. Pomidor və xiyar yetişdiririk. Hər şeyimiz təbiidir. Xəstəlikləri Bordos mayesi ilə çıxarırıq, torpağı gicitkən dəmləməsi ilə gübrələyirik. 15 ton məhsul alacağımızı gözləyirdik, 4 ton çıxdı. Amma yenə də razıyıq, əsası odur ki, məhsulumuz təbiidir. Məhsulumuzu əsasən özümüzün və qonşu kəndlərdə satırıq, hətta Tbilisidən də istəyiblər, amma göndərə bilmədik, malımız çatmadı.

İndi də oranjereyanın yanında XIX əsrə aid evi almaq istəyirik. Bu, çoxsaylı  oyma bəzəkləri olan taxta evdir. Orada bio- müəssisə haqqında müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq. Məktəblilər, tələbələr gələcək, onlarla təcrübəmizi bölüşəcəyik. Bir neçə otağı yaşayış üçün ayıracağıq – kiçik bir mehmanxana alınacaq. Şəhərdə yorulanda bizə gələrsiz,  sizi orada yerləşdirərik. Həm bizə kömək edə bilərsiz, həm də özünüz dincələrsiz. Bilirsiz, uğurlu iş üçün əsas nə lazımdır – ətrafında bir neçə adamın toplaşdığı ideya. Kooperativlər agentliyi  düz yanımızdadır, qrant axtarmaq, donor tapmaq xeyli asanlaşıb, daha nə lazımdır?!”

Facebook Comments

More on JAMnews