Qarabağ münaqişəsi Azərbaycanın kütləvi mədəniyyətində - kino və kitablar" />

Müharibə güzgüdə nə görür?

Qarabağ münaqişəsi Azərbaycanın kütləvi mədəniyyətində - kino və kitablar

Bütün zamanlarda və bütün dünyada müharibə kütləvi mədəniyyətin ayrıca bir qatının – kitabların, filmlərin, rəsm əsərlərinin yaranmasına səbəb olub. Ermənilərin və azərbaycanlıların cəbhə xəttinin qarşı tərəflərində yer aldıqlarından bəri, 20 ildən çox zaman keçəndən sonra bu gün Qarabağ münaqişəsi həmin güzgüdə necə görünür?

Bədii kino

Qarabağ mövzusu ən çox kinematoqrafda işıqlandırılıb. Bu problem mövcud olduğu zaman içərisində onlarla bədii film çəkilib. Bunların arasında ölkənin daxilində və xaricində uğur qazanmış filmlər də var, “əsib keçən” filmlər də, onlar haqda danışanda tənqidçilər üz-gözünü turşudur. Sonuncular bir qayda olaraq, “baltalamaqda” və “vətən-şüvənlikdə” ittiham edirlər. Necə deyərlər, “nə beyinə, nə qəlbə” xitab edir.

Həm beyinə, həm qəlbə yetərincə xitab edən filmlər sırasında Ceyhum Mirzəyevin 1993-cü ildə, müharibənin hələ qaynar vaxtında çəkdiyi “Fəryad” filmini göstərmək olar. Film çox emosional alınıb, yaradıcılarının bildirdiyinə görə, filmdə Qarabağdan qaçan insanların real hekayələrinə əsaslanıblar, hətta bu insanlardan bəziləri çəkilişlərdə də iştirak edib.

Bütün bunlardan başqa “Fəryad” bir növ 1956-cı ildə çəkilən “Ögey ana” məşhur Azərbaycan filminin ardıdır. Süjetə əsasən “Ögey ana”nın baş qəhrəmanı balaca İsmayıl böyüyür, Qarabağ müharibəsinə yollanır və əsir düşür. Filmdə əsas yeri hərbi əməliyyatlar yox, İsmayılın (yeri gəlmişkən, bu rolu rejissor özü oynayır) onu əsirlikdə saxlayan insanlarla münasibəti tutur.

Bəzi erməni personajların aşkar qəddarlığı ilə yanaşı “Fəryad”ın müəllifləri əsirə ürəyi yanan, nə ona, nə də bütünlükdə azərbaycanlılara nifrət bəsləməyən digər personajları da təsvir ediblər. Məsələn, əslən bakılı olan həkim İsmayılın yarasını müayinə edərkən onun qulağına pıçıldayır ki, o özü də müharibəyə qarşıdır, əsas mənfi qəhrəmanın bacısı qızının isə İsmayıla yazığı gəlir və ona əzab verən dayısına nifrət edir.

Amma bu mövzuda yaxşıların yaxşısı Vaqif Mustafayevin tammetrajlı yox, qısametrajlı “Hər şey yaxşılığa doğru” (1997) filmidir. Bu 35 dəqiqəlik tragikomediya Azərbaycanda Qarabağ müharibəsi haqda çəkilmiş bütün filmlərdən son dərəcə fərqlənir. Hərçənd, mahiyyətcə bu film müharibənin özündən daha çox arxa cəbhədəki insanların bu müharibəyə münasibəti haqdadır.

Erməni əsgərin meyiti olan tabut səhvən Bakıya gəlib çıxır. Və heç kim bilmir ki, bu tabutu neyləsinlər. Beləcə, mərhuma hörmət əlaməti olaraq bütün yolu rusca danışır, tabuta yer eləmək üçün onu bütün şəhər boyu gəzdirirlər. Və bütün bunlar cücələr haqda şən uşaq mahnısının sədaları altında baş verir. Nəticədə meyiti erməni tərəfə verib, “bizimki” ilə dəyişmək qərarına gəlirlər.

Dərk edirsən ki, filmin baş qəhrəmanı ölümdür, amma bütün bunlar elə məzhəkə ab-havasında təqdim olunur ki, ölümün həqiqi, gerçək olmadığına, sadəcə bir oyundan ibarət olduğuna inanırsan, sanki belə bir şey ciddi ola bilməz. Ən azından olmamalıdır.

“Hər şey yaxşılığa doğru” Oberxauzendə keçirilən festivalda mükafat alıb, amma yəqin ki, bu filmi ən yaxşı xarakterizə edən Ermənistan tamaşaçılarının çox sayda müsbət, hətta heyranlıq dolu rəyidir.

2000-ci illərdə isə hərbi-Qarabağ mövzusuna ən çox rejissor Elxan Cəfərov müraciət edib. Onun filmoqrafiyasında belə filmlərin sayı üçdür:

  • “Qarabağdır Azərbaycan” qısametrajlı filmi (2009) – əsir düşən, işgəncələrlə öldürülən azərbaycanlı qəhrəman haqda bir növ rekviyev.
  • “Dolu” tammetrajlı film (2012) Aqil Abbasın Azərbaycanın könüllülərdən ibarət kiçik dəstəsinin başına gələn faciələri əks etdirən eyniadlı romanının motivləri əsasında çəkilib.
  • “Yarımçıq xatirələr” tammetrajlı filmi (2015) bu filmin baş qəhrəmanı Böyük Vətən müharibəsinin veteranı vaxtilə ermənilərlə və digər sovet xalqlarının nümayəndələrilə birlikdə Brest qalasının müdafiəsində iştirak edib, indi isə keçmiş dost və silahdaşlarının indi düşmən olduğu düşüncəsindən əzab çəkir.

– Bütün bu filmləri (xüsusən də ikinci və üçüncünü) mən bir əsas məqsədlə çəkmişəm – Qarabağ haqda gənc nəslə danışmaq. Axı 80-90-cı illərdə doğulanlar faktiki olaraq nə baş verdiyini anlamırlar. Onlar vaxtilə ermənilərlə azərbaycanlıların birlikdə necə yaşadığını da bilmirlər, sonradan onların bir-birinə güllə atmağının necə ağır olduğunu da. Odur ki, gənclərin az da olsa bunu anlamasını, kor nifrət içində böyüməməsini istədim. Amma deyəsən, indi artıq Qarabağ haqda deyə biləcəyim hər şeyi demişəm. Güman etmirəm ki, gələcəkdə bu mövzuya bir daha qayıdım. Artıq başqa kinolar çəkmək zamanıdır.

Kinoteatrlarda belə filmləri çox nadir hallarda nümayiş etdirirlər – ancaq hansısa festivallar zamanı. Buna görə də, rejissorun fikrincə, o və onun həmkarları televiziya və internetə üstünlük verirlər, bu vasitəylə potensial gənc tamaşaçıların evlərinə yol tapa bilirlər.

Elxan Cəfərov Qarabağ münaqişəsi haqda

 

Ədəbiyyat

Ədəbiyyat sarıdan vəziyyət paradoksaldır. Bir tərəfdən qarşıya məqsəd qoyulsa, Qarabağ münaqişəsinə həsr olunmuş çox sayda kitab tapmaq olar. Amma onların böyük əksəriyyəti “samizdat” məhsuludur və onların mövcudluğu haqda nəinki ictimaiyyətin, heç naşirlərin və bu sahənin digər mütəxəssislərinin də xəbəri yoxdur.

Məktəb dərsliklərinə daxil olmuş çox sayda şeir var ki, bunların əsas hədəfi uşaqlarda vətənpərvərlik hissini oyatmaqdan ibarətdir. Qalaq-qalaq publisistika var, hərçənd münaqişə haqda ən məşhur sənədli əsər (ən azından jurnalistlər və bilavasitə əlaqəsi olanlar arasında) Tomas de Vaalın “Qara Bağ” kitabı, yəni əcnəbi müəllifin yazdığı kitabdır.

Səkkiz il əvvəl böyük səs-küyə səbəb olmuş, indi isə tamamən unudulmuş, “ağlamalı günümüzə gülək” silsiləsindən sayılan “Artuş və Zaur” romanıdır. Bu əsərin timsalında ictimaiyyətə iki provokasiya təqdim olunmuşdu – baş qəhrəmanlar erməni və azərbaycanlıdan ibarət homoseksual cütlükdür. Müəllifin sözlərinə görə, bu əsərlə o, stereotiplərə, daha dəqiqi azərbaycanlıların böyük hissəsinin bəyənmədiyi hər kəsi “gey” və ya “erməni” damğası ilə damğalamaq vərdişinə meydan oxumaq istəyib.

Roman 2009-cu ildə dərc olunub, mağaza sahiblərinin sözlərinə görə, o vaxt bu kitabı az qala prezervativ kimi alırmışlar – utanaraq bu kitabı Nitşe və Stiven Kinqin əsərlərinin arasında gizlədirmişlər. Bununla belə hər kəsi ən çox bir məqam maraqlandırırdı… hmmm… cütlükdə rolların bölgüsü. Xülasə əməllicə əyləncə oldu. Düzdür, bu gün artıq Qarabağ münaqişəsi kontekstində az adam “Artuş və Zauru” yada salar.

Erməni-azərbaycanlı münasibətlərindən bəhs edən hədsiz səs-küyə səbəb olmuş, hətta kitab oxumayanların da haqqında xəbər tutduğu ancaq bir roman var. Bu da Əkrəm Əylislinin “Daş yuxular” əsəridir ki, həmin kitaba görə müəllifi öz vətənində az qala çarmıxa çəkmişdilər, xaricdə isə Nobel mükafatına namizəd göstərmək istəyirdilər. Hər şey də ona görə idi ki, bir çox azərbaycanlı oxucunun fikrincə, “Daş yuxular” erməni xalqı qarşısında bir növ peşmanlıq ifadəsidir. Bu rekviyem-romanda (ylisli öz əsərini belə adlandırır) hadisələr iki zaman kəsiyində cərəyan edir:

  • 20-ci əsrin əvvəllərində Azərbaycanın çoxlu ermənilərin yaşadığı Əylis kəndində;
  • və Bakıda 1989-cu ildə, ermənilərlə azərbaycanlılar arasındakı münaqişənin ilk mərhələsində.

Müəllif qəhrəmanının dili vaxtilə ilə Əylisdə yaşayan ermənilər üçün ağlayır və buna görə də bəzi tənqidçilər onu Orxan Pamukla müqayisə edirlər.

Gənc yazıçı Aqil Hacıyev əsərinin bir gün dünya şöhrəti qazanacağının xəyallarını qurur. Amma hələlik kitabı ancaq Bakıda nəşr olunub – bu ilin yanvarında müəllifin debüt romanı – “O, Xocalıdan idi” işıq üzü görüb.

Roman nəşrə doğru demək olar ki, on il “yol gəlib”. Bu əsər Aqil Hacıyev cəbhə xəttində hərbi xidmətdə olduğu zaman müharibə haqda çoxlu hekayələr eşidəndən, ən əsası isə köhnə qatar vaqonunda yaşayan qaçqınlarla görüşəndən sonra yazılıb. Onu ən çox təsirləndirən ailəsi Xocalıda qətl edilən, özü isə sağ qalan yeniyetmə oğlan olub. Elə həmin bu oğlan da romanın baş qəhrəmanına çevrilib. Nəticədə qisas haqda hekayə alınıb – mənasız, aidiyyəti olan hər kəsə, hətta qisasçının özünə qarşı da amansız olan qisas hekayəsi.

– Başlanğıcda mən bu kitabı əcnəbi oxucu üçün yazırdım. Və anlayırdım ki, bu oxucu kütləsi üçün azərbaycanlıların necə yaxşı, ermənilərin isə necə pis olduğu haqda standart qanlı dəhşət hekayəsi yazmaq olmaz. Üstəlik də əgər həqiqət belə deyilsə – hər iki xalqın alçaqları da var, nəsib insanları da. Buna görə də mən öz romanımda hər iki tərəfin müsbət personajlarını üzə çıxardım.

 

 

Qarabağ münaqişəsi ən müxtəlif keyfiyyətdə saysız-hesabsız publisistika, məktəb dərsliklərinə daxil olan şeirlər doğurub, amma münaqişəyə dair geniş kütlələrə sirayət edən və heç olmasa öz ölkəsində bəyənilən bircə dənə də olsun bədii ədəbiyyat nümunəsi yaranmayıb.

 

“Eşidilməyən səslər” layihəsi International Alert  təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə işinin bir hissəsidir. Bu, münaqişəyə cəlb olunmuş icmaların jurnalistləri ilə işin və bu münaqişənin “nə müharibə, nə sülh” şəraitində yaşayan insanların həyatına necə təsir etdiyini göstərmək üçün onların birgə səylərinin nəticəsidir. Bu layihə həmin insanların səslərinin həm öz icmaları daxilində, həm də digər tərəfin cəmiyyətində eşidilməsinə şərait yaradır və bununla da düşmən obrazı arxasında gizlənən real insan simalarını oxuculara göstərməyə imkan verir.
Sözügedən layihə Avropa İttifaqının sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində həyata keçirilir.
Bu səhifədə yerləşdirilən materiallara görə məsuliyyəti jurnalistlər daşıyır və International Alert təşkilatının və donorların nöqteyi-nəzərini əks etdirməsi mütləq deyil. Bizim jurnalistlər buradakı etik məcəlləni əsas götürür.

 


More on JAMnews