Yezidlər məktəbdə övladlarına “Atamız” duasının oxudulmasını istəməsələr də, yəhudilər Şabbata əməl edə bilmirlər" />

Ermənistanda milli azlıqlar nadir halda öz problemlərindən söz açırlar

Yezidlər məktəbdə övladlarına “Atamız” duasının oxudulmasını istəməsələr də, yəhudilər Şabbata əməl edə bilmirlər

Şarfadin: dildən dilə ötürülən din haqqında

Milliyyətcə yezidi, dini Şarfadin olan Ermənistan vətəndaşı Qamlet Smoyan Yerevan yaxınlığında yerləşən Araks kəndində yaşayır. Bu kənddə 450 ailənin onu yezididir.

Qamlet öz etnik mənsubiyyəti barədə heç vaxt düşünməyib. O yezididir, vəssalam: proqressiv, savadlı, ənənəvi yezidi. Amma öz dini haqqında o hələ yeniyetməliyindən düşünməyə başlayıb.

“Uşaq ikən öz dinimiz olduğunu bilirdim, amma bu dinlə bağlı bir çox sual mənim üçün cavabsız qalmışdı. Ermənistanın bütün orta məktəblərində “Ermənistan kilsəsinin tarixi” dərsi tədris olunmağa başlayanda mən məktəbdə oxuyurdum.

“Əvvəl bizə Eçmiadzindən olan mütəxəssis [başqa sözlə, kilsə nümayəndəsi. Eçmiadzində katalikosun iqamətgahı və Ermənistan apostol kilsəsinin əsas ibadətxanası yerləşir –red.] dərs keçirdi, sonra onu məktəbin tarix müəllimi əvəz etdi. Dərsdən öncə biz hökmən dua etməliydik. Onda mən öz dinim haqda çox az şey bilirdim. İnancımda zəif idim. Başqa şagirdlərlə birlikdə mən də qalxıb “Atamız” duasını oxuyurdum”, – Qamlet danışır.

Ermənistanda 10 milli azlıq nümayəndəsi yaşayır. Yezidi icması ən böyük icmadır: 2011-ci il əhalinin siyahıya alınmasına görə, Ermənistanda 35 272 (qeyri-rəsmi məlumata görə, 45-50 min) yezidi yaşayır.

Milli azlıqlar demək olar ki, heç vaxt ayrı-seçkiliyə məruz qaldıqlarını deməyiblər. Öz narazılıqlarını açıq şəkildə bildirdiklərinin nadir nümunələrindən biri kimi, bəzi yezidi icması nümayəndələrinin övladlarının məktəbdə dua oxumağa məcbur edilməsindən şikayət etməsini göstərmək olar. Yezidilər xristian olmayan şagirdlərin hüquqlarını pozmamaq üçün “Erməni kilsəsinin tarixi” fənninin seçimə görə tədris edilməsini təklif ediblər.

Onlar bu məsələ ilə bağlı hökumətə, həmçinin bu yaxınlara qədər təhsil naziri olan Armen Aşotyana da müraciət ediblər. O da aşağıdakı cavabı verib: “Erməni kilsəsinin tarixi”nə qarşı çıxanlar qərbin qrant yeyənləridir”.  

“Bu məsələ ilə bağlı biz katalikosla görüşdə ona da müraciət etmişdik. O da deyib ki, Eçmiadzin [yəni kilsə] tərəfindən dua etmək tələbi olmayıb, dua təhsil proqramının bir hissəsi deyil. Amma sonra bizim əlimizə bu dərsin tədris planı keçdi və orada açıq şəkildə yazılmışdı ki, dərsə “Atamız” duası ilə başlamaq lazımdır”, – Qamlet deyir.

O hesab edir ki,  dövlət tərəfindən yezidilərə qarşı ayrı-seçkiliyə yol verilmir. Ayrı-seçkilik yoxdur, amma dinin saxlanılması məsələsində dövlətin dəstəyi də yoxdur.

“Öz dininin qorunub saxlanılması və yayılması məsələsində yezidilər çox ciddi problemlərlə üzləşir. Bizim Şarfadin haqqında heç bir yazılı mənbəmiz, ədəbiyyatımız yoxdur. Din haqqında məlumatları biz ancaq şifahi şəkildə ötürürük, onları yezidi şeyx və pirlərin sülalələri ötürür.

Şifahi yayılma şəraitində də təbii ki, dinin mahiyyət və prinsipləri dəyişikliklərə məruz qalır, bəzən də təhrif olunur. Bu da bir çox yezidilərdə çox sayda cavabsız qalan suallar yaradır, ya da insanlar cavabları başqa dinlərdə və ya nəzəriyyələrdə tapırlar”, – Qamlet deyir.

 Yezidi dininin – Şarfadinin, Şarfadinizmin əsasında monoteizm ideyası durur. Yezidilər Xoade adlandırdıqları tək tanrıya sitayiş edirlər. Kifayət qədər uzun müddət ərzində onlar öz dinlərini sirr olaraq saxlayır, başqa dinlərin nümayəndələrinə heç nə danışmırdılar.  

Ermənistanda yaşayan yezidilərin tarixi və dilinin qorunub saxlanılması üçün dövlət ancaq dərsliyin yaradılmasına kömək edib. Bu dərslik üzrə sinfin formalaşdırılması üçün kifayət qədər yezidi uşağının və müəllimin olduğu 25 orta məktəbdə dərs deyilir.  

Yezidi dili əsasən, region məktəblərində tədris olunur, Yerevanda isə 7 mindən çox yezidin yaşamasına baxmayaraq, bu dil ancaq iki məktəbdə tədris edilir. Dərsliklərin keyfiyyəti ürək açan deyil, müəllimlərin sayı azdır, maaşı cüzidir.  

Milli din haqqında bir neçə kitabı Qamlet özünün “Sincar yezidilərinin milli birliyi”ndən olan dostları ilə birlikdə yezidilərin dini mərkəzi olan İraqdan gətirib. Dostlar öz vəsaiti və gücü ilə bazar günü məktəblərinin şagirdləri üçün kitablar tərcümə edirlər. Bazar günü məktəbi “Sincar” birliyinin vəsaiti hesabına fəaliyyət göstərir.

“Problem təkcə dini ədəbiyyatın tərcüməsi və dərci üçün dövlət dəstəyinin olmamasında deyil. Çox ciddi problem ondadır ki, dünyanın müxtəlif ölkələrində yezidilər müxtəlif dillərdə danışır, bir-birindən fərqlənən mədəniyyətlərin təsiri altındadırlar.   

Hətta region üzrə mənzərə fərqlidir. Misal üçün, Gürcüstanda yezidi ibadətgahı var, onun dini lideri də öz missiyasını çox yaxşı yerinə yetirir, icma da öz dinindən kifayət qədər yaxşı məlumatlıdır. Ermənistanda isə Aknaliç kəndində də ziyarətgah var, amma o, mənəvi və mədəni mənada yezidilər üçün mərkəz ola bilmədi”, – Hamlet deyir.

Yezidi icmasında milli özgürlük və dinin qorunub saxlanması məsələlərində də fikir ayrılığı var. Yaşlı nəslin nümayəndələri hesab edirlər ki, hər şey qaydasındadır, susmağı, problemlərə fikir verməməyi üstün tuturlar. Qamlet isə ümid edir ki, onun kimiləri vəziyyəti dəyişə biləcəklər. O inanır ki, inkişaf etmiş və savadlı gənclər milli və dini özgürlüklərini itirmədən erməni cəmiyyətinə inteqrasiya oluna biləcək:

“Qardaşım orduda xidmət edir, orada da yeməkdən əvvəl dua etmək adəti var. Qardaşım dua zamanı dua etməsə və xaç çevirməsə də başqaları kimi ayağa qalxır, çünki tərbiyəli adam təkcə öz dini və inancları deyil, həm də başqalarının dini və inanclarına hörmət etməlidir”, – Qamlet deyir.  

Yəhudi dini: Dünyəvi icmanın dini problemləri

Ermənistanın yəhudi icmasında rəsmi məlumatlara görə, cəmi 127, qeyri-rəsmi məlumatlara görə isə təxminən 1000 nəfər var.

Sayları az olsa da yəhudi icması başçısı Rimma Varjapetyanın dediyinə görə, hiss edirlər ki, burada onlara dəyər verirlər və hörmət edirlər. Yerevanda hətta sinaqoqaları da var, onu az adam ziyarət etsə də.   

Xanukanın – İşıq və sədaqət gününün qeyd edilməsi   

Rimma Varjapetyan deyir ki, icmaları mahiyyətcə dünyəvidir, qarışıq nikahların sayı 100%-ə çatır, icmanın bütün üzvləri erməni cəmiyyətinə inteqrasiya olunub. Buna görə də yəhudi icması heç vaxt dini problemlər qaldırmayıb.  

“Ermənistanda antisemitizm yoxdur. Biz öz mədəniyyətimizi və milli dəyərlərimizi qoruyub saxlamaq üçün əlimizdən gələni edirik, amma dini problemlər də var. Yəhudi Şabatı tutmalıdır. Ermənistanda neçə adam bunu edə bilər: şənbə günü evdə qalıb heç nə etməmək? Ermənistanda demək olar ki, bütün idarələr, o cümlədən də burada işləyən yəhudilər şənbə günləri işləyir.

Övladlarımız orduda xidmət edir. Məgər onlar deyə bilər ki, şənbə günləri hərbi əmrləri yerinə yetirmək və ya xidmət çəkmək istəmirlər? Təbii ki, yox. Bir çox təhsil müəssisələri də şənbə günləri işləyir. Nə edək? Yəhudi uşağını təhsildən uzaqlaşdıraq? Bəzən düşünürəm ki, Ermənistanda Şabatı ancaq bizim ravvin tutur”, – Rimma Varjapetyan deyir.

O etiraf edir ki, heç vaxt bu məsələylə bağlı Ermənistan hakimiyyətinə müraciət etməyib. Düşünür ki, müraciət etsəydi, bəlkə də məsələ həll olunardı. Bununla belə, Rimma Varjapetyan vurğulayır ki, yunan icması dünyəvidir də yaranan vəziyyətə anlayışla yanaşır.

Dini ayrı-seçkiliyin digər bir təzahürü ilə Ermənistanda yaşayan yəhudilər artıq bu il qarşılaşacaqlar. Ermənistanın Mərkəzi Bankı tərəfindən təsdiq olunan və bu il dövriyyəyə buraxılacaq əsginaslardan birinin üzərində (500 dramlıq əsginasda) kilsə və xaç təsvir olunub. Yəhudilər üçün bu pulun istifadəsi günah olacaq:  

“Bu, milli valyuta, hamının istifadə etdiyi pullardır. Pul minlərlə əldən keçir. Bu, ən çirkli şeydir. Hesab edirəm ki, əsginasın üzərində xaçın təsviri ona qarşı hörmətsizlikdir. Sən xaçın bu təsvirini kimin – dürüst və ya şərəfsiz, təmiz və ya çirkli insanların əlində tutacağını bilmirsən. Xaç həm də dinləri tərəfindən əldə xaç saxlamağı, xaç taxmağı qadağan olunan insanların da əlinə keçəcək. Yəhudilər üçün bu pulu əldə tutmaq yolverilməzdir”, – Rimma Varjapetyan deyir.  

Yəhudilər üçün xaç istənilən şəkildə istifadəsi qadağan olunan, yad dinin əsas rəmzlərindən biri olmaqla yanaşı, həm də ölüm və əzabın simvoludur. 1500 ildən çox müddət ərzində yəhudiləri İsanı çarmıxa çəkməkdə günahlandırıblar, bununla da antisemit siyasətə bəraət qazandırıblar. Ancaq 1965-ci ildə Roma-katolik kilsəsi bəyan edib ki, İsanın çarmıxa çəkilməsinə görə bütün yəhudilər və onların övladları günahlandırıla bilməz.

Yeni milli valyuta ilə bağlı da yəhudi icması çox güman ki, bəyanatlarla çıxış etməyəcək. Sadəcə 500 dramlıq əsginasların istifadəsindən qaçmağı düşünürlər. Bununla belə, Rimma Varjapetyan narazıdır: onları yaradarkən yəhudilərin hüquqları nəzərə alınmayıb.


More on JAMnews