Hökumət Gürcüstan vətəndaşlarının oğurlanması, onlara işgəncə verilməsi və öldürülməsində şübhəli bilinən şəxslərin siyahısını hazırlamalıdır " />

Gürcüstan Parlamenti “Otxozoriya-Tatunaşvili siyahısını” qəbul edib. Siyahının anlamı nədir və necə işləyəcək?

Hökumət Gürcüstan vətəndaşlarının oğurlanması, onlara işgəncə verilməsi və öldürülməsində şübhəli bilinən şəxslərin siyahısını hazırlamalıdır

Cənubi Osetiyada Tbeti kəndi. Foto: REUTERS/Kazbek Basaayev

Gürcüstan Parlamenti Arçil Tatunaşvili ilə bağlı qətnamə layihəsi qəbul edib. Qətnamə layihəsinə bu gün parlamentin plenar iclasında baxılıb, bundan sonra isə səsvermə baş tutub. 110 deputat qeydiyyatdan keçib. Qətnamə layihəsini 106 deputat dəstəkləyib. Əleyhinə səs verən isə olmayıb.

Qətnamə layihəsinə əsasən Gürcüstan hökuməti 2018-ci il iyunun 15-ə qədər Gürcüstan vətəndaşlarının öldürülməsində, oğurlanmasında, işgəncə görməsində iştirak edən və onlarla qeyri-humanist davranışlara yol verənlərin, o cümlədən də bu cinayətləri ört-basdır edənlərin adlarından ibarət siyahı hazırlamalıdır. Bu siyahı artıq “Otxozoriya-Tatunaşvili siyahısı” adını alıb.

Bununla bərabər parlament hökuməti tərəfdaş ölkələrlə birlikdə “Otxozoriya-Tatunaşvili siyahısına” daxil edilmiş şəxslərin bütün imkanlarının məhdudlaşdırılması istiqamətində – viza, əmlak və maliyyə tranzaksiyalarının əngəllənməsinə qədər – bütün tədbirləri görməyə çağırıb.

Müxalif “Avropa Gürcüstanı” partiyası Gürcüstan Parlamentində “Maqnitski siyahısına” analoji olaraq “Otxozoriya-Tatunaşvili siyahısının” yaradılması təşəbbüsü ilə çıxış edib. Fevralın 23-də Sxinvalidə Dövlət Təhlükəsizlik Komitəsinin binasında Gürcüstan vətəndaşı Arçil Tatunaşvilinin naməlum şəraitdə ölümü bu təşəbbüsə səbəb olub.

Təşəbbüsün əsas məqsədi işğal olunmuş ərazilərdə Gürcüstan vətəndaşlarının müdafiəsidir. Gürcüstan hakimiyyəti işğal olunmuş ərazilərdə öz vətəndaşlarının müdafiəsi üçün təsir rıçaqlarından məhrum olduğu üçün ideya müəlliflərinin fikrincə

Niyə Otxozoriya-Tatunaşvili? Cənubi Osetiyada nə baş verib?  

İki həftə əvvəl baş verən faciəvi insident bu təşəbbüsə səbəb olub.

2018-ci il fevralın 22-də Cənubi Osetiya güc strukturlarının əməkdaşları Axalqori rayonunda (Cənubi Osetiya ərazisində etnik gürcülərin yaşadığı ərazi) üç Gürcüstan vətəndaşını saxlayıblar, onların arasında Axalqori sakini 34 yaşlı Arçil Tatunaşvili də olub və həmin gecə o, naməlum şəraitdə vəfat edib.

Cənubi Osetiya hakimiyyətinin versiyasına görə, Tatunaşvili konvoylardan birinin silahını əlindən almağa cəhd göstərib, onlar əlbəyaxa olublar və Tatunaşvili pillələrdən aşağı diyirlənib, bir neçə saat sonra isə xəstəxanada ürək tutmasından vəfat edib.

Cənubi Osetiyanın de-fakto hakimiyyəti bildirir ki, Tatunaşvili 2008-ci ildə “osetin xalqına qarşı soyqırımda” iştirak etdiyi üçün saxlanılıb.

Amma yerli sakinlər bildirirlər ki, Tatunaşvili Axalqori rayonunun kəndində yaşayırmış, meyvə-tərəvəz satırmış, sərhəddən azad şəkildə keçib-gəlirmiş və heç vaxt yerli güc strukturları əməkdaşları ilə problemi olmayıb. 2008-ci ildə o doğrudan da Gürcüstan Ordusunda xidmət edib, amma müharibədə iştirak etməyib, çünki İraqda missiyada olub.

Tatunaşvilinin ölümünün Cənubi Osetiya versiyasına nə mərhumun ailəsi, nə də rəsmi Tbilisi inanmır. Osetiya tərəfinin indiyə qədər cənazəni ailəyə verməməsi də Tbilisinin Tatunaşvilinin Sxinvali həbsxanasında ona qarşı tətbiq edilən zorakılıq nəticəsində həlak olduğu haqda fikrini möhkəmləndirir.

Gürcüstan və beynəlxalq müttəfiqləri hadisənin araşdırılmasını tələb edir. Əgər iki tərəf öz aralarında razılığa gələrlərsə, ATƏT-in müşahidə missiyası da istintaqa qoşulmağa hazırdır.

Tatunaşvili ilə bağlı hadisə demək olar ki, Qiqi Otxozoriyanın başına gələnlərin analoqudur. Gürcüstan vətəndaşı 31 yaşlı Otxozoriya 2016-cı ilin mayında Gürcüstan-Abxaziya inzibati sərhədində öldürülmüşdü.

O, Abxaziya ərazisinə ərzaq keçirmək istəyib, amma abxaz sərhədçilərlə arasında mübahisə yaranıb. Onlardan biri tapançadan Otxozoriyaya altı dəfə atəş açıb. Bu, sərhədin Gürcüstan tərəfində baş verib, abxaz sərhədçiləri qaçıb canını qurtarmağa çalışan Otxozoriyanı qovaraq, orada yaxalayıblar.

İnsidentin təfərrüatları ona görə məlumdur ki, Otxozoriyanın qətli Gürcüstan sərhəd keçid məntəqəsində quraşdırılmış nəzarət kameraları tərəfindən qeydə alınıb. Daha sonra bu kadrlar mediada yayılıb.

Qatil Rəşid Qancıoğludur. Zuqdidi məhkəməsi qiyabi olaraq onun haqqında ilkin istintaq müddətinə həbs qətimkan tədbiri qərarı çıxarıb, Abxaziyada isə məhkəmə onu ev dustaqlığına göndərib. Amma daha sonra eyni məhkəmə onun təqsirinə dair yetəri qədər dəlil olmadığı üçün işə xitam verib. Qancioğlu tamam azad edilib.

Otxozoriyanın nə bilavasitə qatili, nə də hadisəyə qarışan digər şəxslər cəzalandırılmayıb.

Siyahının əsas məqsədi nədir?

İdeya müəllifləri bildirirlər ki, Gürcüstanın nəzarət etmədiyi ərazilərdə insan haqlarının pozulması hallarının çoxalması fonunda sadəcə siyasi dəyərləndirmə artıq yetərli deyil, müdafiə və belə halların qarşısının alınması mexanizmi yaratmaq lazımdır. Onların fikrincə, bu mərhələdə yeganə real rıçaq beynəlxalq sanksiyalardır.

“Bu siyahı panaseya deyil, amma yenə də müəyyən maneələr yaradır. Üstəlik bizim əlimizdə heç bir mexanizm də yoxdur. Siyahının çəkindirici effekti olacaq, heç kim [sanksiya] hədəfi olmaq istəmir”, – layihənin bilavasitə müəllifi və təşəbbüskarı olan “Avropa Gürcüstanı” partiyasının deputatı Sergi Kapanadze deyir.

O hesab edir ki, əgər Gürcüstan hakimiyyəti bütün yüksək tribunalardan bu haqda danışmağa başlasa, bu siyahı Rusiya üçün diskomfort yaradacaq, həm də yüksək xarici siyasət səviyyəsində.

Hansı sanksiyalar və kimlərə qarşı tətbiq olunacaq?

1 “Otxozoriya-Tatunaşvili” siyahısının fiqurantlarının Gürcüstan hökumətinin əlinin yetdiyi bütün əmlakına həbs qoyulacaq.

2 Onların Gürcüstanın müttəfiqi olan ölkələrdə əmlak və maliyyə tranzaksiyaları əldə etmək imkanı məhdudlaşacaq.

3 Onlar Gürcüstanın müttəfiqi olan ölkələrdən viza ala bilməyəcəklər.

4 Onlar Gürcüstanın işğal olunmuş ərazilərin sakinləri üçün tətbiq etdiyi güzəştlərdən, məsələn, 2010-cu ildən qüvvədə olan, Abxaziya və Cənubi Osetiyanın çox sayda sakininin artıq yararlandığı pulsuz müalicə proqramından bəhrələnə bilməyəcəklər.

Qətnamə layihəsinə əsasən, siyahını Gürcüstan hökuməti hazırlamalıdır. Oraya yalnız Gürcüstan vətəndaşlarına qarşı qətllərdə və işgəncədə bilavasitə iştirak edənlər deyil, bu cinayətlərə dəstək olan və ört-asdır edənlər də daxil edilməlidir.

Hələlik adının siyahıya düşəcəyi dəqiq bəlli olan yeganə şəxs Otxozoriyanın qətlində ittiham edilən Rəşid Qacioğludur.

İdeya müəlliflərinin sözlərinə görə, siyahı böyük olmamalıdır, ən əsası siyahının çəkindirici effektə sahib olmasıdır.

“Əgər biz ora 500 adamın adını salsaq, bu, heç kimi qorxutmayacaq. Amma beş nəfərin adını salsaq, 495 nəfər oraya düşməyə dəyərmi, deyə düşünəcək. Ən əsası odur ki, digərləri siyahıya düşənlərin problemlər yaşadığını görsün”, – Sergi Kapanadze izah edib.

İdeya müəllifləri bildirirlər ki, sülh prosesinə mane olmaq və yüksək vəzifəli şəxsləri, məsələn, Abxaziya başçısı Xajimbanı və ya Rusiya prezidenti Putini bu siyahıya daxil etmək kimi məqsədləri yoxdur.

Layihəyə əsasən, siyahı üzərində Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti, DİN-i və XİN-i işləməlidir. Sənəd yaz sessiyasının sonuna qədər parlamentə təqdim olunmalıdır. Qətnamə layihəsi hökumət qarşısında bütün bu şəxslərin işini araşdırmaq və nəticələr haqda Gürcüstanın beynəlxalq müttəfiqlərinə məlumat vermək öhdəliyi qoyur.

Məqalədə istifadə olunan terminlər, toponimlər, fikir və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılmış təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəblərdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.

 

Facebook Comments

More on JAMnews