Ukrayna və Rusiya prezidentləri nizamlamanın siyasi məsələlərində razılıq əldə edə bilməyiblər " />

İlin sonuna qədər atəşkəs və əsirlərin dəyişdirilməsi. Dörd dövlət başçısı Ukraynadakı münaqişə ilə bağlı danışıqlarda hansı razılığa gəlib?

Ukrayna və Rusiya prezidentləri nizamlamanın siyasi məsələlərində razılıq əldə edə bilməyiblər

İlin sonuna qədər tam atəşkəs və “hamının hamıya” prinsipi ilə əsirlərin dəyişdirilməsi – Ukrayna və Rusiya prezidentləri, o cümlədən də Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə Ukraynanın şərqindəki münaqişənin nizamlanması ilə bağlı Parisdə baş tutan danışıqların əsas nəticələri bunlardır. Danıışıqlar çərçivəsindəgörüşlər uzun saatlar sürüb və dekabrın 9-da gecə saatlarında başa çatıb.

 REUTERS/Charles Platiau

 Ukraynanın Hromadske teleşirkətinin məlumatına görə, “Normand  formatında” danışıqların yekununda qəbul olunmuş sənəddə qoşunların aralanması üçün əlavə zonalar, ayrılma xəttində yeni buraxılış məntəqələrinin yaradılması, o cümlədən də bütün münaqişə zonasının ATƏT müşahidəçiləri üçün tam və maneəsiz şəkildə əlçatan edilməsi də nəzərdə tutulub. Danışıqların siyasi tərəfinə gəlincə, sənəddə Ukrayna qanunvericiliyinə nizamlama üzrə bu ölkədə hədsiz mübahisələrə səbəb olan “Ştaynmayer formuluna” müvafiq addımların daxil edilməsinin vacibliyi qeyd olunub.

“Formulun” önəmini Almaniya kansleri Angela Merkel xüsusi ilə vurğulayıb və Ukraynanın buna razılıq verməsini “böyük irəliləyiş” adlandırıb.

Dövlət başçıları dörd aydan sonra yenidən görüşüb danışıqları davam etdirmək haqda razılığa gəliblər.

Nə ilə bağlı razılığa gələ bilməyiblər? 

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, onun və Rusiya prezidenti Vladimir Putinin Ukrayna və Rusiyanın sərhədində yerləşən nəzarətdən kənar ərazinin Kiyevin nəzarətinə verilməsi məsələsinə “yanaşmaları tam fərqlidir”. Kiyev yerli seçkilər keçirilənə qədər nəzarətdən kənar qalan ərazilərdə sərhədin Ukraynanın nəzarətinə verilməsində israr edir.

Vladimir Putində təsdiqləyib ki, bu məsələ ilə bağlı onun və Zelenskinin baxışları üst-üstə düşmür.

“Bizi anlamaq çox asandır: biz Minsk razılaşmalarının yerinə yetirilməsi tərəfdarıyıq. Götürün və oxuyun görün orada nə yazılıb. Orada yazılıb: Ukrayna bu ərazidə, sərhədin bu hissəsində nəzarəti seçkilərin səhəri günü bərqərar edir. Və bu proses bütün siyasi proseslərin tam həyata keçirilməsindən sonra başa çatdırılır. Minsk razılaşmalarını açıb, yenidən yazmaq nəyə lazımdır?” – o deyib.

Kiyev və Moskvanın Kiyyevin nəzarətində olmayan ərazilərin statusu və Ukraynada konstitusiya islahatları ilə bağlı da baxışları fərqlidir.

“Mən Ukrayna prezidenti kimi heç vaxt pozmayacağım və Ukrayna xalqının razı olmayacağı bir sıra prinsipləri vurğulamaq istəyirəm. Bu, federalizasiyanın mümkünsüzlüyüdür – Ukrayna unitar dövlətdir, bu, Konstitusiyanın dəyişməz maddəsidir və dövlətin mövcudluğunun sarsılmaz prinsipidir”, – Ukrayna prezidenti bəyan edib.

Zelenski həmçinin qeyd edib ki, heç kim Ukraynanın siyasi seçiminə təsir göstərə bilməz.

“Ukrayna azad, müstəqil, demokratik dövlətdir inkişaf vektorunu da yalnız Ukrayna xalqı seçəcək”, – Ukrayna prezidenti vurğulayıb.

Zelenski üçüncü “qırmızı xətt” kimi Donbasdakı vəziyyətin nizamlanması üzrə kompromislərin Ukraynanın öz ərazilərini güzəştə getməsi yolu ilə mümkünsüzlüyünü qeyd edib. “Biz hamımız bilirik ki, hər bir ukraynalı üçün həm Donbas, həm Krım Ukraynadır”, – Zelenski əlavə edib.

Normand formatı – bu nədir?

“Normand dördlüyü” Ukraynanın şərqindəki münaqişənin nizamlanması üzrə danışıqlar ilk görüş sayəsində bu adı alıb. Ukrayna və Rusiya prezidentləri, o cümlədən də Fransa prezidenti və Almaniya kansleri ilk dəfə 2014-cü ilin iyununda Fransada, İkinci Dünya Müharibəsi zamanı müttəfiqlərin Normandiyaya gəlişinin ildönümünə həsr olunmuş mərasində görüşüblər.

Məhz “Normand formatında” – yəni Ukrayna, Rusiya, Fransa və Almaniya liderlərinin iştirakı ilə 2015-ci ilin fevralında Ukraynada hərbi əməliyyatların dayandırılması haqda Minsk razılaşmaları əldə edilib.

Minsk razılaşmaları atəşkəsin bərqərar olması, tərəflərin bir-birindən aralanması və vahid Ukrayna çərçivəsində münaqişənin siyasi nizamlanmasının başladılmasını nəzərdə tuturdu.

Amma bundan sonra da Ukraynanın şərqində döyüşlər dayanmadı. Beynəlxalq aləm Rusiyanı razılaşmaların pozulmasında günahlandırır, buna görə də Moskvaya qarşı beynəlxalq sanksiyalar davam edir və yeniləri də əlavə olunur.

Dövlət başçılarının “Normand formatında” son görüşü 2016-cı ilin sentyabeında baş tutub.

Əsirlərin dəyişdirilməsi və “Ştaynmayer formulu” – danışıqların bərpasına doğru atılan addımlar

Keçmiş ktyor olan və 2019-cu ilin aprelində keçirilən seçkilərdə qələbə qazanan prezident Vladimir Zelenski Donbasda sülhün əldə edilməsini əsas prioritetlərindən biri elan etmişdi.  

2019-cu ilin sentyabrında Ukrayna və Rusioya arasında əsirlərin mübadiləsi həyata keçirilib. Hər tərəfdən 35 nəfər dəyişdirilib.

Azad edilən ukraynalılar arasında 2018-ci ilin noyabrında Kerç boğazında Rusiya hərbi qüvvələri ilə toqquşma zamanı ələ keçirilən 24 dənizçi, 2014-cü ildən Moskvada həəbsxanada saxlanılar rejissor  Oleq Sentsov da vardı.

Eyni zamanda Ukrayna tərəfi 2014-cü ildə Malayziyaya məxsus boinqin vurulması ilə bağlı işdə əsas şahid olan Vladimir Tsemaxın Moskvaya təhvil verdiyi üçün mübadilə qərarı kəskin tənqid olunmuşdu.  

Moskva və Kiyevin dəyişdirdiyi əsirlər siyahısında kimlər var? – Bütün təfərrüatlar

2019-cu ilin oktyabrında Zelenski bildirib ki, Ukrayna “Ştaynmayer formulu” – Almaniya prezidenti tərəfindən təklif olunan Minsk razılaşmalarının yerinə yetirilməsi planı ilə razılaşıb.

Kiyev eyni zamanda ölkənin şərqindəki nəzarət altında olmayan ərazilərdə ədalətli seçkilər keçiriləcəyi təqdirdə onlara xüsusi status verməyə razılaşıb.

Bu qərarı Ukraynanın qərbli tərəfdaşları da dəstəkləyib, amma Ukrayna cəmiyyətində birmənalı qarşılanmayıb.

Daha sonra Zelenski bildirib ki, işğal olunmuş ərazilərdə seçkilər yalnız Ukraynanın Rusiya ilə sərhəd üzərində nəzarəti bərpa etməsindən sonra keçirilə bilər.

Eyni zamanda məhz Ştaynmayer formulu ilə razılıq Rusiyanın Normand formatında danışıqların bərpasına razılaşmasının əsas şərti olub.

Cəmiyyət Ukrayna hakimiyyətini həm də qoşunların ayrılmasını başlatdığına və cəbhənin ayrı-ayrı hissələrində “mövqeləri təhvil verdiyi” üçün tənqid edir.

Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna “Ştaynmayer formulu” üzrə nəyə razılaşıb?

Müxalifət niyə etiraz edir?

Dekabrın 8-də axşam saatlarında “Kapitilasiyaya müqavimət hərəkatının” iştirakçıları prezident qərargahının binası qarşısında çadır şəhərciyi və divar qurmağa başlayıblar və “İlin gözətçisi” adlandırdıqları aksiyanın başlanğıcını anons ediblər.

Ukraynanın Hromadske teleşirkəti bildirir ki, bu aksiyanın məqsədi prezident Vladimir Zelenskini milli maraqları qurban verməkdən çəkindirmək məqsədi daşıyır.

Dekabrın 8-də gündüz Kiyevdə Azadlıq Meydanında izdihamlı “Ümumukrayna məclisi – Zelenski üçün qırmızı xətt” aksiyası başlayıb.

REUTERS/Valentyn Ogirenko 

Ukraynanın müxalif partiyaları – “Səs”, “Avropa həmrəyliyi” (keçmiş prezident Pyotr Poroşenkonun rəhbərlik etdiyi) və “Batkivşina” aksiyaya çağırış ediblər.

Etirazçıların tələbləri arasında aşağıdakılar var:

•Unitar dövlətlə və federalizasiya ilə bağlı heç bir güzəşt ola bilməz.

•Avropa və Avroatlantik kursla əlaqədar heç bir güzəşt ola bilməz.

•Müvəqqəti işğal olunmuş Donbas ərazisində təhlükəsizlik şərtlərinə əməl olunana və işğaldan imtinaya, Rusiya qoşunları ərazidən çıxarılana və dövlət sərhədi üzərində nəəzarət bərpa edilənə qədər heç bir seçki keçirilə bilməz.

Görüşdən gözləntilər

Nə rəsmi şəxslər, nə də ekspertlər bu görüşdən heç bir irəliləyiş gözləmirdi.

Fransa prezidenti Emmanuel Makron gurnalistlərlə söhbətində bildirib ki, Rusiya ilə istənilən dialoq, o cümlədən də Normand formatında keçirilən danışıqlar Avropanın marağındadır.

“Dekabrın 10-da müharibə başa çatmayacaq”, – Ukrayna prezidentinin mətbuat katibi Yuliya Mendel qeyd edib.

Eyni zamanda o, “müharibə başa çatandan sonra son üç ildə demək olar ki, heç bir irəliləyişin olmadığını” xatırlamağı təklif edib.

Ekspertlərin bir qismi ehtimal edib ki, münaqişə ətrafında son hadisələr Avropa ölkələrinin liderlərinə Rusiyaya qarşı sanksiyaların dayandırılması və ya yumşaldılması haqda məsələ qaldırmağa imkan verəcək. Amma görüşdən az əvvəl Almaniya kansleri Anqela Merkel qeyd edib ki, bu gün sanksiyaların aradan qaldırılması üçün əsas yoxdur.

 


More on JAMnews