Cəmiyyətdə onların ölkəyə imiqrasiyası ətrafında müzakirələr gedir. Hindistanlılar isə biznes qurur və inteqrasiya olmağa çalışırlar" />

Hindistanlılar Ermənistanda – niyə bura köçür və nə ilə məşğul olurlar

Cəmiyyətdə onların ölkəyə imiqrasiyası ətrafında müzakirələr gedir. Hindistanlılar isə biznes qurur və inteqrasiya olmağa çalışırlar

Son altı ildə Ermənistanda maraqlı proses gedir – buraya ilbəil Hindistandan daha çox ailə köçür. Valideynlər öz biznesini qurur, övladları isə burada universitetlərə, kolleclərə qəbul olurlar.

Rəsmi statistikaya əsasən,

  • 2016-cı ildə Ermənistana 4,226,
  • 2017-ci ildə – 11,589,
  • 2018-ci ildə – 28,659 Hindistan vətəndaşı yerləşib.

Biz Ermənistana köçənlərlə daha yaxından tanış olmaq qərarına gəldik.

“Hindistan qərənfili” restoranının sahibləri

Müxtəlif rəngli ədviyyatlar və souslar Faxra Xanın mətbəxini sadəcə rəngləndirmir, eyni zamanda Ermənistandakı kiçik restorandan Hindistan ətrini və ləzzətini ətrafa yayır. Mis tavada ləbələb yağın içində qaynayan ağapağ pendir tikələrini Faxra qarışdırdıqca kiçik hissələr ətrafa sıçrayır. Yanındakı digər tavada o, “Çili pendiri” üçün xüsusi sous hazırlayır.

“Pendiri özüm hazırlayıram – süd alıram və pendir düzəldirəm. Sousa isə sarımsaq, soğan, istiot, göyərti, müxtəlif ədviyyatlar əlavə edirəm. Pendiri sousun içinə ən sonda qoyuram. Qonaqlarımız “Çili pendirini” sevirlər”, – 39 yaşlı hindistanlı Faxra Xan deyir.

O, Ermənistana dörd il əvvəl əri və iki qızı ilə birlikdə köçüb. Burada onlar ailə biznesi qurublar – “Hindistan qərənfili” restoranını açıblar. Bura 35 nəfərlik kiçik məkandır.

Suriyalı ermənilərin biznes fenomeni. Dörd miqrantın Ermənistandakı hekayəsi

Hollandlar Ermənistanda necə məskunlaşıblar

Faxranın əri Pərviz Xanın 41 yaşı var. Hindistanda o daşınmaz əmlak işi ilə məşğul olurmuş. Deyir ki, Ermənistan haqda 2012-ci ildə Gürcüstana səfər edəndə dostundan eşidib.

“O ermənidir və mənə Ermənistanda biznes qurmağı məsləhət gördü. Mən də ailəmlə birlikdə dərhal köçdüm.Əlbəttə, çətin idi: yeni iş, yad ölkə, biz – bütün ailəlikcə. Demək istəyirəm ki, bu cəsarətli addım idi – risk edib köçmək. İndi isə dörd il keçəndən sonra deyə bilərəm ki, Ermənistanda biznesim uğurlu alınıb. Mən restoranı şəhərin hindistanlı tələbələrin çox yaşadığı hissəsində – Zeytunda açmaq qərarına gəldim. Burada əcnəbi tələbələr üçün yataqxanalar yerləşir”, – Pərviz deyir.

Cütlük erməni dilində pis danışır, 16 yaşlı qızları Alsa onlara kömək edir. O, erməni dilini yaxşı bilir, Yerevanda Britaniya Beynəlxalq Məktəbində təhsil alır. Danışır ki, bacısı Aska ilə birlikdə əvvəlcə dil mərkəzinə gediblər, elə ermənicə danışmağı da orada öyrəniblər:

“Mənim bacım Avropa Regional Tədris Akademiyasında təhsil alır, sonra isə Ermənistandakı Amerika Universitetinə qəbul olmaq istəyir. Mən informasiya texnologiyaları sahəsini seçmişəm. Burada bizə yaxşıdır, ən əsası təhlükəsizlik və sakitlikdir. Biz hətta axşamlar rahatca evdən çıxa bilirik. Hindistanda isə  bu çox təhlükəlidir – xüsusən də qızlar üçün”, – Alsa deyir.

Hindistanlılar niyə Ermənistana köçür? 

Son zamanlar Yerevan küçələrində Ermənistana təhsil, iş, biznes məqsədilə köçən çox sayda hindistanlıya rast gəlmək mümkündür.

Turistlər ölkədə 180 gün qala bilərlər, bundan sonra pasport və ya miqrasiya xidmətinə müraciət etməlidirlər ki, hansısa status alsınlar.

Miqrasiya Xidmətinin məlumatına görə, “Hindistan vətəndaşları əksərən yaşamaq hüququ alıb və bunun üçün əsas səbəb də burada təhsil almaları olub”.

Hələ bir il əvvəl Ermənistan hökuməti Hindistan vətəndaşları üçün ölkəyə gəliş qaydalarının sadələşdirilməsi ilə bağlı qərar qəbul edib. İndi onlar vizanı yalnız diplomatik nümayəndəliklərdə yox, elektron viza sistemi vasitəsilə də ala bilirlər.

“Ermənistanda əcnəbi vətəndaşların yaşamaq hüququ alması çox asandır. Uzun müddət Ermənistanda qalmaq və ya ölkədən çıxıb, yenidən qayıtmaq mümkündür. Burada biznes qurulduqda isə giriş və çıxış məsələsində sənə üstünlük verilir, maneə yaradılmır”, – Ermənistan Sahibkarlar İttifaqının sədri Qaqik Makaryan izah edir.

Xan ailəsi Ermənistana Pencabdan gəlib. Pərviz deyir ki, əvvəlcə onlar bir illik yaşamaq hüququ üçün müraciət ediblər. Bu il isə beş illik yaşamaq hüququ üçün baş vurublar ediblər və bu da onların Ermənistanla bağlı planlarının və əlaqələrinin möhkəmləndiyindən xəbər verir.

“İndi biz yeni restoran açırıq. Koryun küçəsində – mərkəzə yaxın ərazi icarəyə götürmüşük. Birinci restoranı saxlayacağıq, amma 70 nəfərlik daha bir “Hindistan qərənfili” açacağıq. Ərazi icarədir, amma hesablamışıq ki, qazancımız bu qədərdir, xərcimiz bu qədər, biznes nöqteyi-nəzərindən də gəlir əldə edirik. Şikayət etmirik: bizim biznesimiz bu ölkədə çiçəklənir”, – Pərviz Xan deyir.

İşverənlər İttifaqının sədri Qaqik Makaryan əmin edir ki, Ermənistan biznes sarıdan Hindistan vətəndaşları üçün çox sərfəli ölkədir.

“Hindistan yetəri qədər böyük olsa da, kasıb, əhalisi çox olan ölkədir. Orada gündəlik və ya aylıq əməkhaqqı yüksək deyil – cəmi 30-40 dollar təşkil edir. Bu cür şəraitdə nə demək olar, Ermənistan onlar üçün cəlbedici ölkədir”.

Bundan başqa, Ermənistanda Hindistandan çoxlu tələbə var. Onlar Ermənistanda beş il təhsil alır, dili öyrənir, Ermənistan reallığına inteqrasiya edirlər. Onlardan çoxu təhsili başa vurandan sonra Ermənistandan getmir, bəziləri burada biznes qurur.

Qaqik Makaryan deyir ki, hindistanlılar Ermənistanı siyasi yönlü müxtəlif “ailələrə” – Avropa İttifaqı, Avrasiya İqtisadi İttifaqı – inteqrasiya edən demokratik ölkə kimi nəzərdən keçirirlər.

“Onlar həmçinin Ermənistanda biznesi “vahid pəncərə” prinsipi ilə ödənişsiz və asan qeydiyyatdan keçirməyin mümkün olması durumundan da istifadə edirlər. Sadəcə hansısa ünvanda biznesi qeydiyyatdan keçirirlər – yalnız pasport və pasportun natorial qaydada təsdiqlənmiş tərcüməsi lazımdır. Məhdudiyyət yoxdur. Ermənistan Doing business azad demokratik modeli üzrə dünya liderlərindən biri hesab edilir”, – Sahibkarlar İttifaqının sədri deyir.

Hindistanlılar Ermənistanda masaj salonları, bəzək əşyaları istehsalı müəssisələri, milli mətbəxli restoranlar, ayaqüstü qida məntəqələri açırlar.

Tələbə sahibkar

Hindistanın Salem şəhərindən olan 25 yaşlı Şəfi Əl Kaprion artıq yeddi ildir ki, Ermənistanda yaşayır. O burada “Aybusak” universitetinin ümumi tibb fakültəsinin son kursunda oxuyur. Paralel olaraq “Ermənistan premium” telekanalının yumoristik Stand Up layihəsində çıxış edir.

“Bütün bunlarla yanaşı mən Ermənistanda iki iaşə məntəqəsi açmışam. Onlardan biri düz elə“Aybusak”da, digəri isə şəhərin mərkəzindədir. Onları “Şəfigildə” adlandırmışam. Ermənistanda mən mümkün olan hər şeyi eləmişəm: avto-yuyucuda, “Taşir” pizza məkanında işləmişəm, bundan utanmıram, hətta unitazları da yumuşam. Bu gün isə mənim öz işim var”, – Şəfi deyir.

O danışır ki, biznesini çox tez qeydiyyatdan keçirib, 15 günə icazə alıb və işə başlayıb.

“Mən “Şəfigildə” restoranımda özümün hazırladığım Hindistan və erməni yeməklərini təqdim edirəm. “Aybusak”da demək olar ki, 400 nəfər hindistanlı tələbə var. Ermənilər də məmnuniyyətlə bizim yeməkləri dadırlar. Bir çox hindistanlılar üçün mənim biznesim ünsiyyət, tanışlıq və zaman keçirmək yeridir”, – Şəfi təmiz erməni dilində danışır.

O həmçinin qeyd edir ki, son zamanlar Ermənistanda hindistanlıların sayı artıb:

“Hindistanlılar iş axtarışı ilə daha uzaq ölkələrə gedirlər. Niyə Ermənistan olmasın? Qoy gəlib, bu gözəl ölkəni inkişaf etdirsinlər. Ermənistan Hindistana yaxındır, burada rahatdır. Xüsusən də Nikoldan [Ermənistanda baş verən inqilabın lideri Nikol Paşinyanı nəzərdə tutur] sonra çox gəlirlər. Biznes qurur, iaşə obyektləri, pab açırlar. Ermənistanda işləmək Hindistandan daha asandır və burada biz daha çox gəlir əldə edirik”.

Hindistanlı sahibkarların problemləri

Restoran biznesində artıq təcrübəli olan Faxra Xan deyir ki, sahibkarlar üçün qaz və elektrik tarifləri ucuzlaşdırılsa daha yaxşı olardı.

Digər problem rəqabətdir. Pərviz deyir ki, bir çox hindistanlılar Ermənistana gəlib Yerevanda restoran açır. Amma o əmindir ki, onun biznesinə heç bir şey mane ola bilməz:

“Bura yeməklərimizin ləzzətinə görə gəlirlər. Allah Faxranın əllərinə elə bacarıq verib ki, o çox ləzzətli və cəld bişirir. Daimi müştərilərimiz var. Qonaqlarımız əsasən Hindistanın şimal rayonlarından olan hindistanlılardır. Bizim yeməklərimiz məxsusi onlar üçündür. Əlbəttə, bizdə şərq rayonlarından olan hindistanlılar üçün də yeməklər var. Biz biryani, puri çana, dal kimi yeməklər təqdim edirik. Yalnız toyuq və qoyun əti veririk. Mal və donuz əti bizdə olmur: hindular mal əti, müsəlmanlar isə donuz əti yemir”.

Artıq yerli sakin olublar

Xan ailəsinin bütün üzvləri artıq özlərini yerli sakin kimi hiss edirlər. Yazda Ermənistanda baş verən “məxməri” inqilabda iştirak etdiklərini xatırlayırlar:

“Biz yolayrıclarında oturur, yolları bağlayırdıq. Yaxşı ki, belə çiyin-çiyinə mübarizəyə qalxdıq, vətənpərvərlük yüksək idi, burada gənclər də iştirak edirdi. Mən, bacım, əmim qızı – hamımız mitinqə gedirdik. İlk dəfə belə şey görürdüm. Əsas odur ki, zorakılıq olmadı”, – Alsa deyir.

Bütün yerevanlılar kimi hindistanlı qızların da marşrut taksilərdən xoşları gəlmir. Deyirlər ki, prinsipial olaraq bu nəqliyyat vasitəsindən istifadə etmirlər.

“Marşrutda getmək mümkün deyil: insanlar bir-birinin üstündədir, oturmaq olmur, amma yenə də mikroavtobusa adamları mindirirlər, adamlar əyilib, bir-birinə söykənərək dayanmalı olur. Bu ölkədə marşrutlardan başqa hər şey xoşuna gəlir”, – Aska deyir.


More on JAMnews