Qızlara ancaq nişanlanandan sonra telefon götürməyə icazə verildiyi orta əsr nağılından Bakıya " />

Həyatında hər şey alınan kəndli qız

Qızlara ancaq nişanlanandan sonra telefon götürməyə icazə verildiyi orta əsr nağılından Bakıya

M

əryəmlə Batumidə jurnalistlər üçün keçirilən treninqdə tanış oldum. Bu diribaş, gülərüz və aktiv qız ingiliscə səlis danışır, amma rus dilində kəlmə kəsmirdi. Bu, mənə qəribə gəldi, çünki Azərbaycanda, xüsusən şəhərlərdə rus dili “ənənəvi ikinci dildir.

Məlum oldu ki, Məryəm əslən nəinki şəhərdən deyil, Göygölün sahilində yerləşən kiçik ucqar bir kənddəndir. Bakıda yaşayır, bacısı ilə bərabər  kirayə tutduğu evdə.

Məqaləmin qəhrəmanı olmağa razılıq verdi, amma bir şərtlə:

“Amma şəkil olmasın! Hələlik belə açıqlığa hazır deyiləm”.

İş gününün sonunda, axşam görüşdük. Məryəmin kirayələdiyi mənzil Əhmədlidə yerləşir, metrodan ayaqla on beş dəqiqəlik yoldu.

Mənzildə hər şey köhnəlmiş sovet dəbdəbəsini xatırladır – qızılı yapma naxışların rəngi bozarıb, bir vaxtlar dəbdə olan divar kağızları solub. Mmənzil sahibləri təmirə pul xərcləməməyi üstün tutsa da, lazımi əşyalarla təmin edirlər – köhnə divardan təzə televizor asılıb. Rozetkalar bəzi yerlərdə yerindən oynayıb və düşmək üzrədir – evdə kişi yoxdur, kömək üçün müraciət etməyə adam da yoxdur. Bina paneldir, isitmə sistemini hələ qurmayıblar; biz əllərimizi çay stəkanlarını ovuclayaraq isidə-isidə söhbət edirik.

Məryəm öz uşaqlığından danışır və şəhərdə doğulduğumdan danışdıqları mənə orta əsr məişəti haqda nağılı xatırladır. İnana bilmirəm ki, iki bu qədər fərqli dünya bir-birindən cəmi beş saatlıq məsafədə yerləşə bilər.

K

ənddə həyat bütün mənalarda erkən başlayır. Səhər qadınlar xoruzların ilk banı ilə evdən çıxır, inək sağmaq, su gətirmək, uşaqları məktəbə yola salmaq lazımdır. Uşaqlar məktəbə gedir, müəllimin gözünə görünür, o da onları jurnalda qeyd edir, bundan sonra meşəyə odun dalınca getmək olar.

Balaca, kasıb bir kənddə “varlı-kasıb anlayışı yoxdur. Hamının imkanı təxminən eynidir, inəyin və ya qoyunun varsa, gəlirin bir az çox ola bilər. Çoxları odun satışı ilə qazanır – kənddə qaz ümumiyyətlə yoxdur.

“Yazıq anam, ancaq qarnımızı doydurmaq üçün çalışırdı. Bir dəfə də xatırlamıram ki, anam əlimdən tutub, paltar mağazasına aparsın. İndi də idman tərzinə üstünlük verirəm, vərdişdir”.

Uşaqlar tez böyüyür; kənd uşaqlarının çiyinlərinə körpə yaşlarından çoxlu vəzifə qoyulur. Həm də çox sərt xarakterli valideynlərlə barışmalı olurlar – xırda bir günaha görə xeyli danlanırsan, bəzən ağırxasiyyətli atan əl qaldıra da bilər. Üstünə daha çox yük atırlar, cürətin var o işləri görmə, heç kim başına sığal çəkməyəcək.

Şəhərdən uzaq, əhalisinin sayı 450-500 nəfər olan bu kasıb yerdə nəvaziş olmur. Məryəmin dediyinə görə, bu cür mühitdə böyüyən uşaqlar şəxsiyyət kimi formalaşa bilmir, onlara özünə sevgi, hörmət hissi aşılanmır, istedadının inkişaf etdirilməsi barədə heç danışmağa dəyməz.

Məryəm danışır: “Universitetin ikinci kursunda oxuyanda, kəndə istirahətə gəldim. Məktəbdə açıq dərs keçirmək istədiyimi dedim. Son illərdə Bakıda ali məktəbə qəbul olunan yeganə adam olduğum üçün, təbii ki, mənə qarşı maraq vardı, buna görə də həvəslə razılıq verdilər. Uşaqlara “böyüyəndə kim olmaq istəyirlər” mövzusunda inşa yazmağı tapşırdım. Oğlanlar daha fəal idi, çoxu polis olmaq istəyirdi – məzlumların igid qoruyucuları haqda türk seriallarına çox baxıblar axı. Qızların isə əksəriyyəti heç nə yazmadı. Onlardan bunun səbəbini soruşdum. “Nə fərqi var axı, onsuz da valideynlərimiz oxumağa icazə verməyəcək, – deyə qızlar cavab verdilər”.

Qızları erkən yaşlarından itaətə və üzərlərinə düşən bütün vəzifələri yerinə yetirməyə alışdırırlar. Məktəbdə qız oğlanla danışmamalıdır. Xoşuna gələn oğlanla ünsiyyətdən söhbət belə gedə bilməz. Evdə ona təsərrüfat işlərini görməyi öyrədirlər.

“Qonşumuz Aytən hələ yeddinci-səkkizinci sinifdə oxuyanda artıq elə dadlı yeməklər hazırlayırdı ki!”, – Məryəm danışır. Bundan başqa, həm də inək sağmaq, əkində işləmək lazımdır.

Rəfiqəmin bir oğlandan xoşu gəlirdi, hərdən onunla telefonda yazışırdı. Anası telefonu qızın əlindən aldı, özünü döydü, sonra da 35 yaşlı kişiyə ərə verdi.

16 yaşına çatan qızı artıq nişanlamağa tələsirlər. Bu zaman qızın fikri və istəyi nəzərə alınırmı – sualının cavabında Məryəmlə bacısı gülməyə başlayırlar:

“Sən nədən danışırsan? Sənin istəyin heç kimə maraqlı deyil! Rəfiqəmin bir oğlandan xoşu gəlirdi, hərdən onunla telefonda yazışırdı. Anası bunu bildi – bacısı xəbər veribmiş – telefonu qızın əlindən aldı, özünü döydü, sonra da tez-tələsik 35 yaşlı kişiyə ərə verdi. Qızın 17 yaşı vardı.

Bu yaxınlarda onunla telefonla danışmışam; iyirmi yaşı var, amma artıq iki uşaq anasıdır. Soruşuram: “Nə iş görürsən?, deyir: “Seriala baxıram, axşama yemək hazırlayıram, indi ərim gələcək. Əri gələndən sonra da telefonla danışmaq olmaz.

Buna görə də qızların mobil telefonları olmur. Buna ancaq nişanlı qızların icazəsi var”.

Həyat elə gətirib ki, Məryəm erkən yaşlarından atasız böyüyüb.

“Bəzən düşünürəm ki, yaxşı ki, belə oldu. Axı bilmirəm, o məni necə tərbiyə edəcəkdi. Anam kifayət qədər geniş dünyagörüşlü və savadlı qadındır, heç vaxt mənə təzyiq göstərməyib, məni heç vaxt döyməyiblər. Başqa ailələrdə kişilər övladlarını və arvadlarını tez-tez döyür.

Yadımdadır, bir dəfə məktəbin həyətində voleybol oynayırdıq. Birdən görürük ki, qadın qaçır, arxasınca da kişi. O, arvadı yaxalayıb, gözümüzün qabağındaca o ki var döydü. Qorxdum və ağlamağa başladım. Valideynlərim çox az birlikdə yaşayıblar, evdə belə bir şey görməmişdim.

O biri uşaqlar isə durub, baxırdılar, onlar üçün bu adi hal idi. Böyüyəndə gördüm ki, kişinin övladlarının gözü qarşısında arvadını döyməsi çox adi haldır. Qonşumuz tez-tez ərinin əlindən qaçıb, bizdə gizlənirdi”.

Məryəmin anası məktəb kitabxanasında işləyir. Bunun sayəsində də qızlar çoxlu kitab oxuyublar, düzdür, orada elə də böyük seçim yoxdu.

Məryəm nə vaxtsa Bakıda yaşayacağını ağlına belə gətirmirdi.

“Bizdə respublika kanallarından ancaq AzTV göstərirdi, o da antena ilə. Orada da Bakını o qədər gözəl göstərirlər ki”.

Yayda kəndin havası sərin olur və kənd sakinləri evlərini şəhərlilərə kirayə verməklə dolanırlar.

“Evimiz ikimərtəbəlidir, özümüz orta təmirli birinci mərtəbədə yaşayırdıq. İkinci mərtəbədə şərait daha yaxşı idi, oranı kirayə verirdik. Bəzən oranı bütöv yay mövsümünə kirayə edirdilər”.

Məryəm altıncı sinifdə oxuyanda qonşuluqdakı evi bir ailə kirayə edib. Onlar bir neçə il dalbadal bura gəliblər. Oğulları Məryəmdən bir neçə yaş böyükmüş, bu gün də məşhur jurnalistdir.

Onlar çox yaxın yaşamasalar da, kənd yerində istər-istəməz üz-üzə gəlirsən; Məryəm oğlanın bacısı ilə tez-tez gəzişdiyini görürmüş.

Dostum deyirdi ki, mən oxumalıyam. Razı olmurdum: “Heç nə bilmirəm, mən hara, Bakı hara, necə oxuyacam”.

“Bir dəfə onlar bizim yanımızda ev tutdular. Təsadüfən tanış olduq, mənim ad günümdə. Atasız böyüdüyüm üçün anam həmişə ad günlərimi xüsusi təmtəraqla keçirməyə çalışırdı ki, özümü kimsəsiz hiss eləməyim. Anam təkidlə dedi: “Get, qonşuları da çağır”.

Otaqlarını şəhərdən gələnlərə kirayə verən qonşumuzgilə girdim.

Onlar bəzən bizə su və ya başqa şey üçün gələndə danışmağa utanırdım, qaçıb hardasa gizlənirdim. Amma bu dəfə onlar gecə saat on ikiyə yaxın gəldilər, məni təbrik edib hədiyyə də bağışladılar, indiki kimi yadımdadır, bu suvenir mələk heykəlciyi idi.

Dostlaşdıq. Oğlan vaxtının çox hissəsini kitab oxumaqla keçirirdi, instituta qəbul olunmağa hazırlaşırdı. Telefonlarımız yoxuydu, buna görə də ancaq yayda danışa bilirdik, onları “yay dostlarım adlandırırdım. Bütün qışı oturub yayı gözləyirdim ki, onlar gələcək.

Geniş dünyagörüşü olan çox maraqlı insanlardı. Oğlan, mənim yeni dostum mənə kitablar gətirir, Bakı haqqında danışırdı. Bacardığı qədər məni inkişaf etdirməyə çalışır, həvəslə şəhərdəki dostlarıyla tanış edirdi.

Kənd yerində qızın yad oğlanla söhbət etməsi heç də adi hal deyil, amma heç kim pis heç nə demirdi; dostum öz savadı ilə hamıda maraq oyadırdı, çox tərbiyəli idi, həmişə hamıya kömək etməyə çalışırdı. Misal üçün, o vaxt kənddə kompüter yoxuydu. Ancaq məktəbə iki dənəsini gətirmişdilər. Kimsə nəyisə bacarmayanda, kömək edirdi. Mənə də balaca xalam qızı deyirdi.

Dostum deyirdi ki, mən oxumalıyam. Razı olmurdum: “Heç nə bilmirəm, mən hara, Bakı hara, necə oxuyacam”. O isə təkidlə deyirdi: “Çalış, oxu, az-az məşğul ol və hər şey alınacaq.

Nənəm savadlı qadın olub, həmişə də mənə deyirdi: “Təki sən oxu, mən sənə pensiyamdan pul verəcəm. Amma mən səkkizinci sinifdə oxuyanda nənəm rəhmətə getdi”.

Y

asa Moskvadan qohumları gəlir. Məryəm onu heç vaxt görməmişdi:

“Dayım Moskvadan gəlib, hamıya hədiyyə gətirmişdi. Məndən xəbər aldı: “Bəs sən nə istəyirsən? Cavab verdim: “Hədiyyə istəmirəm, oxumaq istəyirəm!

Dayıma bu, maraqlı gəldi. Məni kənara çəkib, dedi: “Burada aldığın biliklər universitetə qəbul olunmaq üçün kifayət etməyəcək, çalış kurslara get, mən də sənə pul göndərəcəm”.

Məryəm kollecə qəbul olunmaq və instituta hazırlaşmaq üçün Gəncəyə, xalasıgilə gedir. Amma onu imtahansız, 700 dollar rüşvət müqabilində düzəltmək istədikləri kollec kənd məktəbi kimi heç bir bilik vermirdi. Məryəm özü həqiqətən də dərs keçilən abituriyent kursları tapır.

“Anama söz verdim ki, şalvarın üstündən uzun kofta geyinəcəm, başımı aşağı salıb, gəzəcəm, dərsdən başqa heç nə barədə düşünməyəcəm”

“Xalama söz verdim ki, qəbul olunmasam, daha heç vaxt təhsil barədə danışmayacam. Kənddə qalıb, ərə gedəcəm.

Xalamın evində yaşamalıydım. Xalam yaxşı qadındır, amma qayınanası ilə yaşayırdı. Yola getmirdilər. Xalam hey mənə görə narahat olurdu: “Burada necə yaşayacaqsan? Deyirdim: “Narahat olma. Bura ancaq gecə yatmağa gələcəm, səhərlər dərsə gedəcəm, axşam qayıdacam, məni heç kim burada nə görəcək, nə də eşidəcək, heç otaqdan da çıxmayacam.

Anam da kənd qızının kifayət qədər böyük şəhərdə necə baş çıxaracağından narahatıydı. Bakılılar Gəncəyə əyalət kimi baxırlar. Əslində isə Azərbaycanın ikinci ən iri şəhəri Bakıdan az fərqlənir, bir az daha kiçikdir. “Anama söz verdim ki, şalvarın üstündən uzun kofta geyinəcəm, başımı aşağı salıb, gəzəcəm, dərsdən başqa heç nə barədə düşünməyəcəm”.

D

ərslər başladı. Məryəmə heç vaxt oxumaq bu qədər çətin olmamışdı. İngilis dili dərslərində xüsusilə çətinlik çəkirdi.

“Müəllim mənə cümlə deyir və ingilis dilinə tərcümə etməyimi tələb edirdi. Mən də bacarmırdım, dəhşətli səhvlər buraxırdım. Hamı mənə gülürdü. Əksər uşaqlar bu kurslara əvvəldən, bəziləri altıncı sinifdən gediblər, çox güclü kurslar idi, hamı fənləri məndən xeyli yaxşı bilirdi.

Bir həftə dəhşətli depressiyam oldu. Bir tərəfdən, günləri qalmaqalla keçən evdə yaşamaq, digər tərəfdən də tam ümidsizlik hissi basmışdı məni, öhdəsindən gələ bilməyəcəyimi düşünürdüm.

Məryəmin bəxti gətirdi, müəllimlərin çoxu onun vəziyyətindən xəbərdardılar, bilirdilər ki, kənddən gəlib, çətinlik içində yaşayır və güzəştə getdilər: “Riyaziyyat müəllimi dedi ki, ümumiyyətlə məndən pul almayacaq. Mənim üçün ən vacib ingilis dili, Azərbaycan dili və ədəbiyyatı idi. Hər birində də mənə güzəşt etdilər”.

Tətildə ingilis dili ilə xüsusi məşğul olmağa başlayıb, tezliklə də ən yaxşı bildiyi fənn olub.

“Müəllimlərim məni sevirdi. Heç vaxt oğlanlarla ünsiyyət qurmurdum, çox nəzakətli idim, müəllimin danlağından qorxub, həmişə mobil telefonumun səsini alırdım. Oğlanlarla görüşən qızlarımız da vardı, bu mənə çox qəribə gəlirdi: oxumaq lazım olan vaxt necə oğlanlar barədə düşünmək olar?

O vaxt heç ciddi-ciddi jurnalist olacağımı düşünmürdüm də. Bakıya qəbul imtahanına anamla birlikdə gəldim. Qorxudan tir-tir əsirdim. Son 10 il ərzində kənddən təhsil dalınca gedən birinci adam idim”.

İ

mtahan qabağı Məryəm anası ilə birlikdə Bakının Yasamal rayonunda ev tutub:

“Orada pəncərədən Bayraq Meydanı görünürdü. İlk dəfə orada yeni avtobus gördüm. Mənə hər şey çox maraqlı gəlirdi: insanlar orada oturub, kimsə söhbət edir, kimsə oxuyurdu – lap xarici filmlərdəki kimi. Düşünürdüm ki, görəsən, mən də nə vaxtsa avtobusda bax beləcə gedə biləcəm? Öz-özümə deyirdim: Məryəm, sən hara, Bakı hara?!.

Gecə artıq yuxuya getdiyimi düşünən anam çarpayıma yaxınlaşıb, alnımdan öpdü və dedi: “Ay Allah, qoy qızımın arzusu yerinə yetsin!”

Məryəm Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olur.

Ə

vvəlcə özündən başqa üç qızla birlikdə ev tuturlar. Amma qonşuları ciddi qızlar deyildi, gecə yarısına qədər türk seriallarına baxır, onun da dərs oxumasına mane olurdular.

“Mən də komendant xanımın xoşuna gəldim. Bir dəfə məni kənara çəkib dedi: “Səndən ona görə xoşum gəldi ki, başqa qızlar kimi qaşlarını almırsan””.

Qızın təsadüfən bəxti gətirir: qrup yoldaşlarından biri yataqxanada qalırmış, Məryəmi komendantla tanış edir:

“Xoşuma gəldi ora, prinsipcə ayda 15 manata görə normal şəraiti vardı. Mən də komendant xanımın xoşuna gəldim. Bunun səbəbini sonra bildim. Bir dəfə məni kənara çəkib dedi: “Səndən ona görə xoşum gəldi ki, başqa qızlar kimi qaşlarını almırsan”.

Bizim ikimizə yaxşı, təmiz, emulsiya ilə ağardılmış otaq verdilər.

Orada 60 qız yaşayırdı, mətbəx ümumi idi. Qaz plitəsinin gözlərinin hamısı yanmırdı. Davalar da düşürdü. “Qızlardan biri başını yumaq üçün plitəyə vedrədə su qoyur, o birisi də yemək bişirməli olduğu üçün vedrəni götürürdü. Saç yolduya da çıxırdılar. İsti su yoxuydu, 50 qəpiyə hamam vardı, amma qənaət etmək üçün suyu hətta elektrik çaynikində də qızdırırdıq. Hər şeyə rəğmən xoşuma gəlirdi, hamı ilə münasibətlərim yaxşıydı. Kənddə insanlar bir-birinə yaxın qalır, hamı tanışdır, görüşəndə salamlaşır. Burada da mən hamı ilə salamlaşırdım. Yataqxanada hamı kasıb idi, hamı da kənddən gəlmişdi”.

Universitetdə də işləri pis deyildi.

“Dekanın mənə münasibəti yaxşıydı. Görürdü ki, sakit qızam, ancaq dərslə məşğulam. Ümumiyyətlə bizim universitetdə tələbələrin maddi vəziyyətini çox nəzərə alırdılar.

Elə alındı ki, mənə yaxşı oxumağıma və maddi durumuma görə Həsən bəy Zərdabi adına stipendiya verdilər, 106 manat. Sonra da iş təklif etdilər, universitetin jurnalında redaktor vəzifəsi və 80 manat maaş. Pis yaşamırdım, ancaq yaxşı paltar ala bilmirdim”.

“Mənimlə oxuyan qızların çoxu kəndə qayıdıb, ailə qurub. Onlardan soruşmağım gəlir: onda niyə gəldiz? Niyə oxuduz?”

Qrupun başqa tələbələriylə Məryəm dost ola bilməyib. Şəhərlilər öz üstünlüklərini xüsusi vurğulayırmışlar.

“Daha çox qulaq asırdım, danışmağa utanırdım. Buna görə də qrup yoldaşlarım mənin kütbeyin olduğumu düşünürdülər. Qrupda rayondan üç qızıydıq, biri təhsilini bitirəndən sonra evinə qayıtdı, o birisi – Lənkərandan olan qız GİPA-da oxudu, Tbilisidə yaşayır, indi tanınan jurnalistdir.

Çoxları mənə deyirdi ki, bacarmayacam, amma indi iri media layihəsində çalışıram, xəbərlər dərc edirik, maraqlı analitik məqalələr üzərində işləyirik, treninqlər, regionlarda görüşlər təşkil edirik.

Bununla belə məndən yenə də xəbər alırlar: “Bəs nə vaxt ərə gedəcəksən?. Amma istəmirəm – bu gün ailə qurmaq mənim üçün geriyə addımdır. Amma mənimlə oxuyan qızların çoxu kəndə qayıdıb, ailə qurub. Onlardan soruşmağım gəlir: onda niyə gəldiz? Niyə oxuduz?”


More on JAMnews