Stalkerlər yarı dağılmış zavod qüllələrini axtarır, unudulmuş yeraltı bomba sığınacaqlarına enir" />

Gürcüstanda şəhər xarabalıqlarının fotosu və mistikası haqda hekayələr

Stalkerlər yarı dağılmış zavod qüllələrini axtarır, unudulmuş yeraltı bomba sığınacaqlarına enir

Tbilisini tərk edir, trasa yönəlirik. Aleks və Tite yarı dağılmış beton binalar axtarışında sevinclə ətrafa boylanırlar.

“Müqəddəs Nino abidəsinin arxasında köhnə anbar var, ora baxmaq olar. Möhtəşəm bir şeydir, uçan boşqaba oxşayır”, – marşal Qelobani prospekti ilə getdiyimiz zaman Aleks deyir.

Mtsxetanın arxasında onlar Gürcüstanın müxtəlif yerlərində tapdıqları başqa tərk edilmiş və yararsız hala düşmüş obyektlər haqda danışmağa başlayırlar. Bu uşaqlar özlərini “şəhər stalkerləri” adlandırırlar. Gürcüstanda onlar kimilər cəmi on-iyirmi nəfərdir.

Bu gün onlar mənə Xaşuri şəhərindəki tərk edilmiş şüşə zavoduna getməyi təklif etdilər.

Ümumiyyətlə şəhər xarabalıqlarının tədqiqatçıları üç kateqoriyaya bölünür:

Diqqerlər – onlar bunkerlərlə və bomba sığınaqları ilə məşğul olurlar.

Ruferlər – damlara və borulara dırmaşırlar.

Stalkerlər isə yaşayış binalarını və sənaye obyektlərini tədqiq və təsvir edirlər.

“Amma nəticədə hamımız eyni işə aludəyik”, – Aleks bildirir.

Aleks iki il əvvəl stalker olub, hazırda «Geo Stalk» Facebook səhifəsinə adminlik edir. Burada bütün ölkə üzrə obyektlərin fotoları yerləşdirilir.

Bu birliklər Gürcüstanda 2006-ı ildən formalaşmağa başlayıb və artıq üç ildir ki, populyar olublar, o deyir.

“Rusiya və Ukraynadan olan diqqerlər nümunə göstərdilər, onlar bu işlə hələ 1980-ci, 1990-cı illərdə məşğul olmağa başlayıblar, indi isə onların birlikləri minlərlə insanı birləşdirir. Gürcüstanda bizim sayımız təqribən 50 nəfərdir”, – Alleks danışır.

Şəxsən onu bu məşğuliyyətdə nəyin cəlb etdiyini soruşduqda, o belə cavab verir: adrenalin. Sonra əlavə edir:

“Amma mən bütün bu yerlər haqda və tarixlə bağlı daha çox şey bilmək istəyirəm. Fotoqrafiya çəkmək də çox maraqlıdır”.

Şüşə zavodunun ərazisinə daxil olanda həqiqətən də adrenalin hiss elədik. Darvaza açıq idi, onu heç kim qorumurdu. Yarım gün yarı dağılmış pilləkənlərdə, dəlik-deşik döşəmələrin üstündə, üzərində ot bitmiş divarların arasında dolaşıb, paslanmış dəzgahlara baxdıq.

Obyektin tədqiqi laxlayan pilləkənlə soyuducu qülləyə dırmaşmaqla başladı. Burada aydın oldu ki, məndən rufer alınmaz. Aşağı baxanda dizlərim əsməyə başladı.

Sonra zavodun dörd sexinə baxmağa getdik. Paslanmış mexanizmlər və kərpic dağıntılar arasında gəzdikcə nə vaxtsa burada yüzlərlə fəhlənin salışdığını təsəvvür etmək çətin idi. İndi bu yer qlobal fəlakətdən sonra dünyanı təsvir edən film səhnəsindəki kimi reallıqdan uzaq görünürdü. Həm də gözəl.

Zavod 1960-cı illərdə inşa edilib, 1990-cı illərə qədər fəaliyyət göstərib. Bağlanandan sonra burada dəfələrlə çapovulçuların olduğu aşkardır – kərpicləri və metalı daşıyıb, ya inşaat materialları kimi satıblar, ya da təsərrüfatda istifadə ediblər, bələdçilərim izah edir.

Amma əsl xəzinəni tərk edilmiş inzibati binada tapdıq. Elə təəssürat yaranır ki, insan buradan tələm-tələsik gediblər, onlardan sonra soyunma otağında paltarları, divarlarda rəsm reproduksiyaları və sovet plakatları qalıb. İndi bütün bunların üstü qalın toz qatı ilə örtülmüşdü.

Köhnə respiratorların saxlanıldığı otağın döşəməsində uşaqlar yazılı vərəq vardı, ona baxıb yaman güldülər. Bu, 1997-ci ildə yazılmış izahat di. Müəllif artıq ikinci dəfədir ki, işə sərxoş gəldiyi üçün üzrxahlıq edirdi.

Sonra biz bu sənədi tapdığımız yerdəcə qoyub, oradan çıxdıq. Stalkerlər sadəcə foto çəkir, olduqları yerdən heç vaxt heç nə götürmür və orada özlərindən sonra heç nə qoymurlar.

Biz unudulmuş zavodda dolaşdığımız müddətdə rastımıza heç kim çıxmadı, əgər yaxınlıqda otlayan inəkləri saymasaq. Aleks deyir ki, şəhər mühitinin tədqiqatçıları ilə polis arasında adətən heç bir problem yaranmır:

“Amma strateji obyektlər var ki, orada xoşagəlməz vəziyyət yarana bilər. Buna görə də həmişə hara getdiyini bilmək lazımdır”.

İkinci ekspedisiya

İkinci ekskursiya da oldu – Tbilisinin mərkəzində hava hücumundan qorunmaq üçün sığınacağa getdik. Amma oradan tam başqa təəssüratla ayrıldıq. Darısqal otaqlardan ibarət labirintdə azmaq da mümkün idi.

Diqqerlərdə və şəhər stalkerlərində obyektlərin xəritələri olur, onlar bu xəritələrlə ancaq ən yaxın dostları ilə bölüşürlər. Onlar foto və videolar paylaşır, amma obyektlərin yerləşməsinə dair məlumatları özlərinə saxlayırlar. Deyirlər ki, həmin obyektlərə kütlələrin axışıb, oraları məhv etmələrini istəmirlər.

Bu bomba sığınacağının bir hissəsi hələ ikinci dünya müharibəsi dövründə, qalanı isə daha sonra tikilib.

“Burada hər şeyi çoxdan qarət ediblər. Amma Tbilisidə başqa – daha böyük və daha yaxşı qalmış bomba sığınacaqları da var. Hər birinin iki girişi və ən azı bir ventilyasiya şaxtası var, mən içəriyə elə orada girirəm”, – Aleks danışır.

Aleks hər şeydən çox 2017-ci ilin yayında həyata keçirdikləri Çernobıl ekspedisiyası ilə fəxr edir. O, ekspedisiyanın foto və video-hesabatını Facebook səhifəsində paylaşıb və 20 nəfərə yaxın həmfikirinin iştirakı ilə təqdimat mərasimi təşkil edib.

İndi o, turist şirkəti yaratmaq və əcnəbi turistlər üçün tərk edilmiş yerlərə turlar təşkil etmək arzusundadır. O əmindir ki, sovet dövründən qalma obyektlərə qarşı öləzimiş maraq illər keçdikcə artacaq.


More on JAMnews