Tbilisidən 171 ailənin zorla köçürüldüyü Qərbi Gürcüstan kəndindən hekayələr" />

Gürcüstanda iki qat qaçqınlar üçün qəribə məkan

Tbilisidən 171 ailənin zorla köçürüldüyü Qərbi Gürcüstan kəndindən hekayələr

2010-2011 -ci illərdə Gürcüstan hakimiyyəti dövlət mülkiyyətində olan binaları – uşaq bağçalarını, mədəniyyət evlərini, mehmanxanaları 1990-cı ilə qədər Abxaziyada yaşamış, gürcü-abxaz hərbi münaqişəsindən sonra köçkün düşmüş insanlardan azad etmək qərarına gəldi.
Qərara alınıb ki, on minlərlə insan  ölkənin müxtəlif regionlarında yerləşdirilsin. Proses ağrılı keçirdi, insanları güclə paytaxtdan əyalətə, kəndlərə köçürürdülər. Çox vaxt da onları orada dörd divardan başqa heç nə gözləmirdi – nə iş, nə infrastruktur, nə də münbit torpaq vardı. Qaçqınların köçürüldüyü belə yerlərdən biri də Sameqrelo-Zemo Svaneqi qərb regionunda Potsxoeseri qəsəbəsi oldu. 7 il əvvəl bura 170 ailə köçürüblər. Bununla belə, qaçqınlarla görüşmək üçün Potsxoeseriyə yola düşən
JAMnews-un müxbirləri David Kançaşvili və David Pipiya orada demək olar ki, heç kimə rast gəlməyiblər. 

Uzun yoldan sonra maşını saxlayırıq. Qabaqda uzun, adsız küçə var. Sol tərəfdən alçaq, hələ sovet illərində tikilmiş binalar görünür. Hərçənd damı və pəncərələri dağılan bu xarabalıqları bina adlandırmağa adamın dili də gəlmir.

Uzun birmərtəbəli evin fasadında yağışdan solmuş seçkiqabağı plakatlar gözə dəyir. Onların üstünü oxuyuruq: “Levan Kardava, №5”, “Georgi Marqvelaşvili” (Gürcüstanın indiki prezidenti), “Besik Partsvaniya, №41” (5 və 41  “Milli hərəkat” əsas müxalifət partiyasının və hakim “Gürcü arzusu” partiyasının 2012-ci il seçki bülletenlərindəki sıra nömrələridir).

pocxo13

Küçənin sağ tərəfində daha bir neçə bina var – fasadlarından onların bir neçə il əvvəl boyandığı görünür. Amma burada da həyat hiss olunmur.

Bu evlərin heç birində işıq yanmır, iplərə paltar sərilməyib. Bir dənə də olsun maşın yoxdur, nə insanlar görünür, nə də yiyəsiz itlər. Hətta burada insanların yaşadığından xəbər verən zibil belə yoxdur. Səs-səmir gəlmir.

pocxo 16

Piyada yolumuza davam edirik. Bir neçə dəqiqə gedəndən sonra tində gizlənən 6-7 yaşında oğlan uşağı gözümüzə dəyir. Ayaqlarında dizinə çatan rezin çəkmə, əynində rəngi bozarmış tünd şalvar və uzunqol köynək var. Başı qırxılıb, bizə tərəf tuşlanan iri gözlərində təəccüb oxunur. Sifətindəki ifadə xaraba qalmış şəhərin küçələrində başqa bir canlı adam görüb, buna sevinəcəyini, yoxsa kədərlənəcəyini bilməyən məşhur “Gəzən olülər” serialının personajının ifadəsinə bənzəyir.

-Adın nədir? – xəbər alıram.

– Sandro, – gülümsəyərək cavab verir.

– Burada neynirsən?

– Heç nə.

– Harasa gedirsən?

– Heç hara.

– Bəs insanlar hanı? – Dato soruşur.

– Bilmirəm.

– Burada nəsə var? Polis, poliklinika, ya da kilsə?

– Yox.

– Bəs nə var? – Dato əl çəkmir.

– Binalar.

– Bəs bu binalarda insanlar yaşayır?

– Bax orada bir oğlan yaşayır. Bu birisində də adamlar var, – Sandro əli ilə işarə edərək, danışır.

pocxo 19

İnsanlar hanı?

Potsxoeseri qəsəbəsi münaqişə zonasında, Abxaziya ilə inzibati sərhədin lap yaxınlığında yerləşir.

1992-ci ildə, Gürcüstan-Abxaziya münaqişəsindən sonra burada ilk qaçqın axını məskunlaşıb. Adsız küçənin o biri tərəfində qaçqınlar bu günə qədər də yaşayır.

2010-2011-ci illərdə qəsəbəyə yeni sakinlər gəldi. Bu dövrdə Tbilisidə qaçqınların dövlət mülkiyyətində olan və 90-cı illərin əvvəllərində özbaşına məskunlaşdığı binalardan kütləvi köçürülməsi prosesi başlandı.

Buradan bir neçə kilometr aralıda Gürcüstanın ən böyük su elektrik stansiyası olan İnquri SES var. Sovet dövründə Potsxoeseridə İnquri SES-in inşaatçıları yaşayırdı, qəsəbə də xüsusi olaraq onlar üçün tikilib.

ges 1

Köçkünlərin ilk qrupu buraya 1992-ci ildə gürcü-abxaz münaqişəsi zamanı və münaqişədən dərhal sonra yerləşdirildi. Adsız küçənin o biri tayında bu alələr bu günə kimi yaşayır.

2010-2011-ci illərdə qəsəbəyə yeni köçkünlər gəlib – bu səfər paytaxtın mərkəzi rayonlarından.

Tbilisidə onlar 1990-cı illərdə Abxaziyadan qaçdıqları və başlarını salmağa bir dam axtardıqları zaman özbaşına tutduqları binalardan çıxarılıblar. Dövlətə məxsus olan bu binaların əksəriyyəti şəhərin mərkəzi rayonlarında yerləşirdi və sərmayədarları cəlb edirdi. Dövlət də məsələni həll etdi.

Proses ağrılı keçdi. İnsanların böyük əksəriyyəti növbəti dəfə köçkün olmaq istəmirdi – çoxları evi ilə birlikdə paytaxtdakı işlərini də itirdi.

İki qat qaçqınlar

Serqo Bokuçava həmin on minlərdən biridir. Birinci dəfə o, 1992-ci ildə Abxaziyada müharibə başlayanda qaçqın düşüb. İkinci dəfə 2010-cu ildə Tbilisidən məcburi Potsxoetseriyə köçürülərkən qaçqınlıq yaşayıb.

Bu, televiziya kameralarının qarşısında, xarici müşahidəçilərin və ombudsmenin nümayəndələrinin gözləri önündə baş verdi. Heç kimdən kömək gəlmədi. Serqonun hələ bəxti gətirib, onu müqavimət göstərdiyinə görə tutmayıblar, sadəcə cərimələyiblər.

Serqo və yaşlı anasının yaşadığı bu dördmərtəbəli yataqxanada 32 mənzil var. Əvvəlcə onların hamısını Tbilisidən köçürülən ailələrə veriblər. Amma hazırda orada cəmi dörd ailə qalıb.  Qalanları iş tapmaq üçün qəsəbəni tərk edib.

Serqo işsizdir. Dövlətin verdiyi müavinət 45 laridir (18 dollara yaxın). Qışda yeganə isinmək üsulu yatağında uzanmaqdır. Sobası olsa da, odunu yoxdur, meşə departamenti elə yerdə odun yarmağa icazə verir ki, oradan odun tədarükü görüb evə gətirmək baha başa gəlir.

Tsalencix bələdiyyəsinin administrasiya rəhbərinin sözlərinə görə, 8 ailə rəsmən mənzildən imtina edib. qalanları isə dövlətdən aldığı mənzilin qapısını kilidləyib, iş və bir parça çörək axtarışı ilə ya Zuqdidiyə yerləşib, ya da Tbilisiyə qayıdıb.

Daş bitirən torpaq

Yol boyunca getsən, qəsəbənin yuxarı hissəsində bir neçə kiçik, hasarlanmış sahə görmək olar. Bunlardan birini təxminən 60 yaşında olan qadın belləyir. Bizimlə söhbəti zamanı deyir ki, bu 80 kvadrat metrin öhdəsindən güclə gəlir.

“Buradan üç maşın daş çıxarmışam. Amma hər gün də daş çıxır. Doğurlar elə bil. Onları yığıb atıram. 12 ildir ki, belə əziyyət çəkirəm. Bütün qəsəbədə belədir. Bu torpaq yararlı deyil, hər yer daşdır. Buna görə də çoxları tab gətirmir”, – o deyir.

Adını xəbər alıram. Gülərək “nə fərqi var ki” deyir “yaz, yoxsul adam”.

Yoldaşı İnquri SES-də işləyib, 15 il əvvəl vəfat edib. İş tapa bilmədiyi üçüm çox narahatdır. “Heç süpürgəçi işi də tapa bilmədim. Altı aydır ki, pensiya alıram”.

Pomidor və bibər yetişdirir, amma bu il necə məhsul alacağını bilmir.

“Sosial yardım vermədilər mənə. Sosial işçi evimə gələndə dedi ki, pis yaşamırsan, buna görə də sənə yardım düşmür. Evim təmizdir, zibilin içində yaşamıram, nə olsun? Dolab, yorğan-döşək, pianino var, amma bunlar nəyimə gərəkdir? Dedi ki, götür nəyisə sat. Mən də ona cavab verdim ki, get öz evini ailənlə birlikdə sat”.

Aptekə qədər 40 dəqiqə

Potsxoeseridə bir neçə ictimai idarə var. Bir doqquzillik məktəb, uşaq bağçası və vaxtıykən İnquri SES-in qonaqları üçün tikilən köhnə mehmanxana var.

Burada iş tapmaq mümkün deyil.

Yerli sakinlərin dediyinə görə, tibbi yardım, dərman və digər lazımi şeylər almaq üçün bir neçə kilometr aralıda yerləşən Cvari qəsəbəsinə gedirlər.

Cvariyə gündə bir dəfə gedən yeganə nəqliyyat yuxarı sinif şagirdlərini daşıyır.

Yerdə qalanlar bu bir neçə kilometri piyada qət etməli olurlar, təqribən 40 dəqiqəyə. Relyefə görə gəzmək çətindir. Əvvəlcə kələ-kötür aşırım yolla aşağı getmək, sonra körpünü keçmək və uzun yolu qalxmaq lazımdır. Buralar adamsız yerlərdir və yerli sakinlər deyir ki, vəhşi heyvanlara tez-tez rast gəlmək olur.

pocxo 1

Həftədə üç dəfə Zuqdidiyə mikroavtobus gedir. Amma yerlilər üçün bu, çox bahadır – yol pulu 2,5 lari (təxminən bir dollar) edir.

Yerli məktəbdə 12 müəllim və 30 şagird var.

Tbilisidən köçkün axını gələndə şagirdlərin sayı 70-ə qədər artdı. Amma sonradan insanlar buranı tərk etməyə başladılar və şagirdlərin sayı yenə də azaldı.

Səhər məktəbi qarovulçu açır. Qışda o, bütün sinif otaqlarını gəzib, sobanı yandırır ki, uşaqlar gələnə qədər otaqlar bir az da olsa qızsın.

Qış Potsxoeseridə şaxtalı keçir. Qəsəbənin Gürcüstanda ən böyük SES-in yanında yerləşməsinə baxmayaraq, burada yaşayan qaçqınlar elektrik enerjisi ilə bağlı heç bir imtiyazdan istifadə etmirlər. Məktəbin də heç bir imtiyazı yoxdur, əks halda, burada dedikləri ki, məktəbi elektrik qızdırıcıları ilə isindirərdilər.

Yataqxana binalarından birinin yanında səkidə oturan gənc oğlanı görürəm. Deyir ki, adı Nika Kurdianidir. Abxaziyadan qaçqındır. 2011-ci ilə qədər ailəsi Tbilisidə yaşayıb. İndi də Tbilisidəki məktəbi və həmin vaxtlardan sonra gərmədiyi məktəb yoldaşlarını xatırlayır. Potsxoeseridə 9 sinif bitirib. İndi də nə işlə məşğul olacağını düşünür. Təhsilini davam etdirmək istəyir, amma necə və harada – bilmir.

Gün ərzində nə ilə məşğul olduğunu, gününü necə keçirdiyini xəbər alıram. Gülümsəyərək cavab verir: “Heç nə eləmirəm. Yuxudan oyanıram, dururam, küçəyə çıxıram. Bəzən qonşu çağırıb, kömək etməyi xahiş edir”.

Gələcəklə bağlı planların nədir – sualına da gülümsəyərək cavab verir. “Bilmirəm, burada qalacam ya yox. Qalmaq istəmirəm, amma hara gedəcəyimi də bilmirəm”.

Jurnalistlər

Qəsəbə sakinləri jurnalistlərin gəlişinə öyrəşib. Gəlirlər, baxırlar, təəccüblənirlər, xəbər alırlar – necə yaşayırsız? Necə ayaqda qala bilirsiz? Sizi güclə Tbilisidən köçürüblər? Bunu kameraya deyə bilərsiz? Sonra da operatora deyirlər – “iri plan” götür, bax bu dağılmış fasadı göstər… Bloknotda hansısa qeydləri edirlər və çıxıb gedirlər.

Yerli sakinlər anlamırlar eyni şeyləri neçə dəfə danışmaq olar? Gah hansısa qəzetdən gəlirlər, gah hansısa televiziyadan… “Bunun nə mənası var?” – deyirlər, onsuz da heç kimin vecinə deyilik.

Özümüzü bir az günahkar hiss edirik, yazmağa və göstərməyə söz veririk, bəlkə kimsə diqqət yetirdi. Halbuki artıq buna inanan yoxdur. “Tbilisidə, onların yanında idik. Qayğımıza qalmaq istəyirdilərsə, bizi bura qovmazdılar”, – Yuri Tserkvava deyir.

O da qaçqındır. Bir müddətlik iş dalınca Moskvaya gedib, amma 2006-cı ildə digər gürcülərlə birlikdə deportasiya olunur və vətəninə yük təyyarəsində qaytarılır. İndi Potsxoda yaşayır və iş axtarışı ilə kənd-kənd gəzir.

“Kiməsə torpaq belləmək lazımdır, kiməsə odun yarmaq, az-çox pul da verirlər”. Amma qeyd edir ki, bu cür iş də çox olmur. “Axı həyatımızın bir mənası olmalıdır”, – deyir.

Yerli administrasiya rəhbəri

Tsalendjix bələdiyyəsinin başçısı Besik Partsvaniya qaçqınların güclə Potsxoeseriyə köçürüldüyü gecəni xatırlayır.

“Onları bura gətirəndə hara gəlib çıxdıqlarından xəbərsiziydilər. Potsxonu bu günə qədər nəinki görməmişdilər, onun haqqında heç eşitməmişdilər də. Onları gecə gətirdilər, orada nə işıq, nə də yemək varıydı. Mənzillər hələ qeydiyyata alınmamışdı, buna görə də enerji şirkətləri onlara işıq vermirdi. Bir neçə gün insanlar işıqsız və yeməksiz oturmuşdular”.

calenjixa

Besik Partsvaniya xatırlayır ki, qaçqınlar üçün qəsəbəni il yarım ərzində tikiblər (söhbət köhnə, tamamiylə yarasız vəziyyətə düşən binaların reabilitasiyasından gedir – JAMnews). Cəmi 14 yaşayış korpusu tikdilər, buna da 11 milyon lari (təxminən 4,5 milyon dollar) xərcləndi.

 

“O vaxtlar həmin evləri tikən tikinti şirkətində işləyirdim (“Blok Corciya”), buna görə də hər şeyi yaxşı xatırlayıram”, – deyə o bildirir.

Onun sözlərinə görə, Potsxoeseridən qaçqınlar ilk növbədə, işsizlikdən qaçıblar. Qaçqınlar üçün hansısa iş yerlərinin yaradılması və ya onların vəziyyətinin hansısa şəkildə yaxşılaşdırılması üçün plan varmı – sualına qamqebeli cavab verir ki, Potsxoda turist potensialını inkişaf etdirmək lazımdır və layihə artıq hazırdır.

“İnquri SES mədəni irs abidəsi statusunu alıb və mənə deyildiyinə görə, mədəni irs agentliyi çox maraqlı bir layihə ilə işləyir. Buna oxşar bir layihə ancaq Koloradoda var. İkincisi də bizdə, İnquridə olacaq. Campinqlər, yaxt klub, İnquridə konsert məkanı, bu, təxminən üç illik layihə olacaq, qiyməti də təxminən 45 milyon dollardır. Bu insanları da işlə təmin etmək mümkün olacaq. Turist potensialının artması Potsxoya da əhəmiyyətli təsir göstərəcək”.

Maliyyə mənbəyiylə maraqlanıram. Besik Partsvaniya deyir ki, bu haqda hələlik heç nə məlum deyil, bunun üçün beynəlxalq tender elan edilməlidir.

Artıq dördüncü gündür ki, Portsxodayıq. Adsız küçə artıq gözümüzə elə də boş dəymir. Zahirən heç nə dəyişməyib, amma mən artıq bilirəm ki, bu yataqxana binasının bir otağında Serqo ilə anası yaşayır. İkinci yataqxanada, birinci mərtəbədə, son mənzildə Zura qalır. Küçənin o tayındakı köhnə mehmanxana binası boşdur, amma qaranlıq düşən kimi, onun yeganə sakini Cvaridən, avtomobil yuma məntəqəsindən qayıdır. O, piyada aşağı düşür, körpünü keçir və uzun yolla qalxır. Yeganə sakini lampanı yandırandan sonra bu dördmərtəbəli bina artıq boş olmayacaq.

Potsxo hələlik Koloradoya bənzəmir, axşamlar da bura qulaqbatıran bir sükut çökür. Adda-budda yanan lampalar burada həyatın davam etməsindən xəbər verən yeganə nişanədir.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

More on JAMnews