Dövlət və cəmiyyət sistemli şəkildə təqiblərə məruz qalan qadınları qorumaq iqtidarında deyil " />

Gürcüstanda femisid: elan olunmuş ölümlərin xronikası

Dövlət və cəmiyyət sistemli şəkildə təqiblərə məruz qalan qadınları qorumaq iqtidarında deyil

Boşanma əvəzinə qətl 

30 yaşlı Natiya Qoqoladze 2016-cı ildə iki övladını dolandırmaq üçün İtaliyaya qazanc dalınca gedir. Vətənində iş tapa bilməyən bir çox gürcü qadını bu addımı atmaq məcburiyyətində qalır. 

Yarım il sonra Natiya Gürcüstana qayıdır. İtaliyada qazandığı pula doğma Xaşuri şəhərində kiçik “second-hand” paltar mağazası açır.  

Tbilisidə qadınların marşı. Fotoreportaj 

Əyləncədən daha böyük bir şeyə çevrilən gürcü serialı 

Türkiyə: qadın qətlləri və onların üzərində zorakılıq artır 

Oktyabrın 11-də mağazanın qarşısına Natiyanın keçmiş yoldaşı İrakli Dekanoidze gəlir. Əvvəlcə mağazaya qumbara atır, qumbara partlamır. Sonra bir neçə dəfə atəş açır, bundan dəhşətə gələn Natiya qaçmağa başlayır. 

Keçmiş əri onu yaxalayıb, bir neçə dəfə tapançanın sapı ilə zərbə endirir. Natiya həmin gün şəhər xəstəxanasında vəfat edir. 

Bu dəhşətli ardıcıllığı Natiyanın uşaqlıq rəfiqəsi Keti danışır. Rəfiqələr iki il idi görüşmürdülər, həmin vaxt hər ikisi qazanc dalınca: biri İtaliyaya, biri Türkiyəyə getmişdi. 

Keti Natiyanın qətli barədə eşidəndə gəldi.

“Biz Yeni ili birlikdə qeyd etmək istəyirdik. Uşaqlıqdakı kimi”, – Keti danışır. 

Natiya 16 yaşında ailə qurub, Keti deyir ki, gələcək yoldaşını sevirdi. Amma münasibətlər tez bir zamanda pozulur. 

«Düşünürəm ki, əri ilə cəmi bir il xoşbəxt olub. Sonra problemlər başlayıb: iqtisadi çətinliklər, fiziki və emosional zorakılıq. Gah dalaşır, gah da barışırdılar. Son beş ili birlikdə yaşamayıblar», – Keti danışır.

Natiya (sağdan) və Keti. Şəxsi arxivdən foto

Qətl günü, 11 oktyabr 2019-cu il tarixində məhkəmə Natiyanın boşanma ilə bağlı ərizəsinə baxmalıydı. İrakli xanımını planlaşdırılmış məhkəmə iclasından bir neçə saat əvvəl qətlə yetirdi. Onu elə həmin gün həbs etdilər. 

Natiya oktyabrın 15-də doğma şəhərində dəfn edilib. Dəfn zamanı onun 11 yaşlı oğlunu tələsik tabutun yanından araladılar, 13 yaşlı qızı isə hələ uzun müddət anası ilə vidalaşdı. İndi məhkəmədə uşaqların taleyi həll olunacaq. İndi onlar nənələri – analarının anası və xalaları ilə yaşayırlar. Amma atalarının ailəsi də özlərinin qəyyumluq hüquqları uğrunda mübarizə aparacaq. Atanı isə valideyn hüququndan məhrum edə bilərlər – bu vəsatətlə məhkəməyə sosial işçilər müraciət ediblər. 

Dövlət qətldə günahkardır 

25 iyul 2015-ci il tarixində polis müfəttişi-müstəntiqi Serqi Saseradze və onun keçmiş yoldaşı 19 yaşlı Salome Corbenadze Zestafoni şəhərinin mərkəzi parkında skamyada oturub söhbət edirdilər. 

Birdən Saseradze tapançanı çıxarıb, keçmiş xanımına beş dəfə atəş açaraq, öldürür. Sonra buranı tərk edir, amma tezliklə qayıdır, polis çağırır və hakimiyyətə təslim olur.

Keçmiş həyat yoldaşı tərəfindən qətlə yetirilən Salome Corbenadzenin Zestafonidəki evində fotoşəkilləri, Gürcüstan. Foto: David Pipia, JAMnews

Salome 22 yaşlı Serqiyə ərə gedəndə 16 yaşı varıydı. 

Kiçik Zestafoni şəhərində çox populyar qız olub – gözəllik müsabiqələrində iştirak edib və çox sayda pərəstişkarları olub. 

«Salome öz xarici görünüşü ilə çox qürurlanırdı, model olmaqdan xoşlanırdı», – Salomenin anası Fati Corbenadze qızı barədə danışır. 

Bir dəfə Salome rəfiqəsinin ad gününə gedir, buradan da Saseradze onu qaçırır, maşınına mindirib, deyir ki, bundan sonra Salome onun yoldaşı olacaq və evinə aparır. 

Bu cür “evlənmək” üsuluna müasir Gürcüstanda artıq nadir hallarda rast gəlinir. İnsanın istənilən məqsədlə oğurlanması ağır cinayətdir, buna görə Cinayət Məcəlləsində səkkiz ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. 

Amma Salomenin valideynləri Serqini məhkəməyə verməyib, çünki qızları ona ərə getməyə – yəni onunla de-fakto həyat yoldaşı kimi yaşamağa  razılıq verir (çünki de-yure evlilik 18 yaşa qədər mümkün deyil). 

Bu gün anası danışır ki, Salome onu qaçıranın evində ona görə qalıb ki, silahla təhdid edilirdi. 

Salomenin anası yaşından daha cavan görünən qaraşın xanımdır. Bir çox gürcü xanımları kimi, sinəsində gənc qızının fotoşəkli olan medalyon gəzdirir. 

«Qızımın 13 yaşı olanda, ərimlə birlikdə qəzaya düşdük. 3 ay yataqda qaldım, nə dura bilirdim, nə də gəzə. Mənə Salome qulluq edirdi – yedizdirirdi, çimizdirirdi, hətta bəzəyirdi». 

Ev Salomeni xatırladan şeylərlə doludur – hər yerdə onun fotoşəkilləri və əşyaları var. Salomenin otağında çarpayının üstündə onun paltarı, şəkilləri və dəftərləri, məktubları və şerləri var.  

İndi bu otaqda Salomenin anası və onun 7 yaşlı oğlu Sandro yaşayır. 

«Qızım həmişə qorxu və dava içində yaşayıb», – Fati danışır. – “O, qızıma ailəsi ilə ünsiyyət saxlamağı, məktəbə getməyi qadağan edirdi”. 

Oğlu dünyaya qələndən bir az sonra Salome Serqidən ayrılır və ata evinə qayıdır. Saseradze ayrılmaq istəmirdi – qısqanırdı, evinə gəlir, təhdid edir və dava salırdı. 

Ailə bir neçə dəfə polisə, prokurorluğa və DİN-ə müraciət edib, amma bu, heç bir nəticə verməyib – istintaqı hər dəfə uzadırdılar. Öldürülən qadının valideynləri əmindir ki, hüquq mühafizə orqanları onu “öz adamları” kimi müdafiə edirdilər. 

Polis zabiti Saseradzeni nəinki cəzalandırmadılar, hətta rütbəsini qaldırdılar da. Bu, faciəyə sayılı günlər qalmış baş tutan karyera yüksəlişini Fati faciəvi hadisə sayır: bu, sanki ailə zorakılığı ilə bağlı dəfələrlə şikayət alan Saseradzeni bir az da ilhamlandırdı və haqlı olduğuna inandırdı, 

Qatili 11 il müddətinə həbs etdilər. 

«O, prokuror olmaq istəyirdi, deyirdi ki, onda özü özünü müdafiə edəcək. Həm də deyirdi ki, mütləq məşhur olacaq. Kim biləydi ki, onun məşhurluğu belə olacaq», – Salomenin anası deyir. 

Dəhşətli statistika 

Salome ilə Natiyanın qətlləri arasında beş il keçib. Bu illər ərzində Gürcüstanda ərləri və partnyorları tərəfindən 87 qadın öldürülüb. 

2019-cu ilə aid statistika hələ dərc olunmayıb, amm artıq aydındır ki, siyahıda nikbinlik üçün əsas olmayacaq – Gürcüstanda qadının ölümü ilə nəticələnən məişət zorakılığı xəbərləri olmadan bir ay belə keçmiş.  

Hüquq müdafiəçiləri bu qətlləri femisid adlandırır – yəni qadının nifrət zəminində kişi tərəfindən öldürülməsi. 

Gürcüstanda bu cür cinayətlərin çox sayda olmasına baxmayaraq, femisid anlayışı qanunvericilikdə heç yerdə təsbit olunmayıb – qagın hərəkatının çoxsaylı cəhdlərinə baxmayaraq, parlament müvafiq qanun layihəsini qəbul etmədi. 

Qadın hərəkatı nümayəndələri tələb edir ki, “femisid” sözü Gürcüstanın Cinayət Məcəlləsinə daxil edilsin və qadının əri, keçmiş əri, partnyoru və ya keçmiş partnyoru tərəfindən törədilmiş qəsdən qətli kimi qəbul edilsin. 

Qüvvədə olan Cinayət Məcəlləsinə görə, gender zəminində törədilən cinayət ağırlaşdırıcı haldır. Amma hüquq müdafiəçiləri əmindir ki, femisidin ancaq ayrıca maddəyə ayrılması prokurorluğa ittihamın ürəli sürüldüyü zaman adətən baş verdiyi kimi, cinayətin əsl motivini nəzərə almamağa imkan verməyəcək.

Müdafiə etməyən order 

Gürcüstanda femisiddən ölənlərin hekayələri bir-birinə çox oxşayır: erkən evlilik, ər tərəfindən qısqanclıq, qadınların illərlə məruz qaldığı fiziki və psixoloji zorakılıq. 

Femisidin səbəblərinə ekspertlər eyni zamanda bir neçə problemlər kompleksini aid edirlər. Əsas problemlərdən biri: hüquq müdafiəçilərinin fikrincə, yüzə yaxın qadının öldürülməsinə baxmayaraq, Gürcüstanın hüquq-mühafizə orqanları hələ də ailə zorakılığı hallarına kifayət qədər ciddi yanaşmır. 

Eyni zamanda DİN bildirir ki, ailə zorakılığı ilə mübarizə onun prioritetidir. DİN-nin saytındakı xəbərdə vurğulanır ki, məhz bu qurum 2018-ci ilin axırlarında qanunvericilikdə ailə zorakılığına görə cəzanı ağırlaşdıran dəyişikliyin edilməsinə nail olub. DİN həm də zorakılıq qurbanları üçün qaynar xətt və qurbanların 6 ay müddətə qədər müdafiə altında ola biləcəkləri dövlət sığınacaqları təşkil edib. 

Amma təcrübə göstərir ki, adətən hüquq-mühafizə orqanları onlara kömək üçün müraciət edən qadınları müdafiə etmək iqtidarında olmur. 

Tədqiqatlar təsdiq edir ki, ərləri tərəfindən öldürülən əksər qadınlar faciədən əvvəl polisə müraciət ediblər. Yəni hüquq-mühafizə orqanları zorakılıq barədə məlumatlı olublar, amma qurbanı qoruya bilməyiblər. Eynən Salome və Natiyada olduğu kimi. Salomenin anası xatırlayır ki, son dəfə qızı ərindən prokurorluğa məhz qətl günü şikayət edib. 

«Polisdə onu çaşbaş saldılar və o, özünü itirdi, ərizəsində baş verənləri daha yumşaq təsvir etdi. Bununla belə, Salome yazdı ki, əri hələ də ona fiziki zorakılıq göstərir», – Salomenin anası danışır. O əmindir ki, dövlət qızının həyatını və təhlükəsizliyini təmin edə bilərdi, amma etmədi. 

Natiyanın qətlindən bir neçə ay əvvəl polis müdafiə orderi – ərinə ona yaxınlaşmağı qadağan edən sənəd verir. Keti danışır ki, bu, növbəti davadan sonra olur. Əri səhənglə Natiyanın başına zərbə endirir, tikiş qoymalı olurlar. 

«O ayaqyalın düz polisə qaçdı. Onlar da hər şeyi qeyd edib, müdafiə orderi yazdılar».

Müdafiə orderləri Gürcüstanda bu yaxınlarda yaranıb və əvvəlcə az qala problemin həlli kimi qəbul edilirdilər. Amma tezliklə məlum oldu ki, bu kağız qurbanı heç də həmişə qoruya bilmir. 

Keçmiş əri tərəfindən öldürülən Salome Corbenadzenin anası və oğlu, Zestafoni, Gürcüstan. Foto: David Pipia,  JAMnews

Yüz xilasedici qolbaq 

Hazırda dövlət qadınlara qarşı zorakılığın qarşısını ala bilən daha bir təşəbbüsü yoxlayır – elektron qolbaqlar. Bu cür qolbağı zorakılıqda ittiham olunanın əlinə taxırlar ki, hüquq-mühafizə orqanları onun hərəkətini izləyə bilsin və qurbana yaxınlaşdığı halda operativ şəkildə müdaxilə edə bilsinlər. 

Hələlik bu təşəbbüs işə düşməyib, çünki parlamentarilər hələlik müvafiq qanun layihəsini nəzərdən keçirməyə hazırlaşırlar. 

DİN onu “BMT-qadınlar” təşkilatı ilə əməkdaşlıqda işləyib hazırlayıb. Təəssüf ki, qolbağı bütün müdafiə orderlərində istifadə etmək mümkün olmayacaq – DİN-də cəmi yüz belə qolbaq var, bu isə ailədə zorakılıq halları ilə müqayisə olunmaz dərəcədə azdır. 

Misal üçün, təkcə 2018-ci ildə DİN 7600-dən çox order yazıb. Elektron müşahidə üçün bir dəst avadanlığın qiyməti 2820 dollardır. DİN “BMT-qadınlar” təşkilatından 100 dəst üçün vəsait alıb. 

Nəzərdə tutulub ki, 2021-ci ildən Gürcüstan dövləti bu xərcləri öz üzərinə götürsün. 

«Sapari» qadın hüquq müdafiəsi təşkilatının sədri Baya Pataraya hesab edir ki, elektron qolbaqlar femisidin prevensiyasında vacib addımdır: 

«Zorakılıq edən kəs həbs olunmayıbsa, o, ciddi nəzarət altında olmalıdır. Görünən odur ki, mühafizə orderi bunu təmin etmir, buna görə də elektron qolbaq bir çox qadınlara kömək edəcək», – Baya Pataraya deyir. 

Qadın hərəkatı fəallarının işi sayəsində Gürcüstanda bir sıra qabaqcıl qanun qəbul edilib və bi neçə əsas konvensiya ratifikasiya olunub. Belə ki, 2014-cü ildə Gürcüstan parlamenti Qadınlara Münasibətdə Zorakılığa Qarşı İstanbul Konvensiyasını ratifikasiya edib. Parlament həm də seksual qısnama haqqında qanun qəbul edib. 

Fəallar deyir ki, qanunlar yaxşıdır, qərb ölkələrinin çox faydalı təcrübəsi əsasında işlənib hazırlanıblar, amma təəssüf ki, çox vaxt sadəcə işləmirlər. Hüquq müdafiəçiləri hesab edir ki, əsas problem polis və prokurorluğunun qeyri-effektivliyindədir. 

Daha bir günahkar cəmiyyətdir 

Femisidin tədqiqatçıları deyir ki, Gürcüstanda qadınlara qarşı zorakılıq aşağı təhsil səviyyəsi, sosial və iqtisadi problemlər, həm də mədəni və dini ənənələrlə bağlıdır. 

Hətta bu gün Gürcüstanda bir çoxları anlamır ki, ailədə zorakılıq cinayətdir və ailə münaqişəsinə qarışmağa, qadını ona zorakılıq edəndən qorumağa ehtiyac duymurlar. Bəzi qurbanlar polisə müraciət etmir, düşünürlər ki, “ailədə narazılıq ailə işidir”.  

Femisid faktları haqqında televiziya süjetlərində tez-tez baş verənlərdə qatili deyil, qurbanı günahlandıran qonşuların, qohumların və şahidlərin şərhlərini eşitmək olar. 

«Öz ərinlə mübahisə edirsənsə və ona tabe olmursansa, nə gözləyəsən ki?», – son gənc qadın qətlləri ilə bağlı bu yaxınlarda göstərilən süjetdə belə bir replika səsləndi. 

Hüquq müdafiəçiləri vurğulayır ki, çox vaxt femisiddən danışan jurnalistlərin özləri stereotip yayıcıları kimi çıxış edir. 

Belə ki, onlar qətlin səbəbi kimi qısqanclığı göstərə və ya deyə bilərlər ki, qurbanın “kimisə olub” – bunu qatilin davranışının dolayı bəraəti kimi qiymətləndirmək olar. 

İliya Dövlət Universitetinin professoru Tamar Tsaxadzenin sözlərinə görə, femisidin səbəblərindən biri kişinin ləyaqətini onun tərəfdaşının seksual davranışı ilə əlaqələndirən gürcü cəmiyyətində maskulinlik normasıdır. 

«Zorakılıq birbaşa hakimiyyətlə bağlıdır. Və heç bir şübhə yoxdur ki, kişilərin qadınlar üzərində daha böyük hakimiyyəti var və onlar qadınları məcbur etmək haqlarının olduğunu düşünürlər… Qadınlar müstəqil subyekt kimi deyil, seksual obyekt kimi qəbul edilirlər. Yəni qadının seksual məsələlərdə təşəbbüs və ya seçim hüququ yoxdur və o, təşəbbüs göstərsə cəzalandırılacaq», – Tsaxadze deyir. 

Gürcüstanda femisid hallarını təhlil etsək məlum olur ki, adətən öz həyatında ərlərinin istəyinə zidd olaraq nəyisə dəyişmək qərarını verən qadınlar qurban olur. 

Misal üçün, onlar ərlərindən boşanıb, müstəqil yaşamaq qərarını verirlər. 

«Ərlər və qohumlar qadına müstəqil yaşamaq imkanı vermirlər. Bu günə qədər hesab olunur ki, qadın itaətkar olmalı, başqalarının qeydinə qalmalı, atasına, qardaşına və ya ərinə tabe olmalı, öz təşəbbüsünü göstərməyə başlayan kimi də ciddi müqavimətlə üzləşir», – Baya Pataraya deyir. 

İliya Dövlət Universitetinin professoru Emzar Cqerenaia hesab edir ki, problemlər uşaqların ailədə tərbiyəsindən başlayır: 

“Valideynlər oğullarının seksual fəallığına sevinclə baxır, çox sayda partnyorları olarsa, bununla qürurlanırlar, amma qızların belə hüquqları yoxdur. Bacı hələ də qardaşının paltarını ütüləməli, ona yemək hazırlamalıdır və s. Ailələrdə bu standart dağıdılmalıdır. Valideynlər öz övladlarına – həm qızlarına, həm də oğullarına azadlığın nə demək olduğunu izah etməlidir”. 

Baya Patarayanın sözlərinə görə, dövlət bu mədəni stereotiplərə qalib gəlmək üçün az şey edir: 

«Bizə qadınların hüquq və imkanlarını genişləndirmək lazımdır, bu da təhsil sistemindən başlayaraq dərin islahat tələb edir: qadın hüquqlarından hələ məktəbdən  danışmağa başlamaq lazımdır. Qadınlara daha çox iqtisadi və siyasi imkan vermək lazımdır, dövlətin isə konkret fəaliyyət planı olmalıdır. Ola bilsin, biz doğru qanunlar qəbul edirik, amma bu mənada çox geridəyik», – o deyir. 

 

 


More on JAMnews