Cavaxetidə deyirlər ki, status erməni icmasının gürcü cəmiyyətinə daha yaxşı inteqrasiyasına kömək edəcək. Tbilisidə isə separatizm dalğasından narahatdırlar " />

Gürcüstanda erməni dili: dövlət dili statusunun “lehinə” və “əleyhinə” arqumentlər

Cavaxetidə deyirlər ki, status erməni icmasının gürcü cəmiyyətinə daha yaxşı inteqrasiyasına kömək edəcək. Tbilisidə isə separatizm dalğasından narahatdırlar

Gürcüstanın əsasən erməni icmasının məskunlaşdığı Cavaxeti regionunda dillə bağlı bir neçə problem var.

Bu problemlərdən biri ondan ibarətdir ki, burada əhalinin böyük hissəsi gürcü dilini bilmir, bu da həm əhaliyə, həm də dövlətə işə götürmə zamanı və bütün idarələrdə böyük problemlər yaradır.

Daha bir problem ondan ibarətdir ki, regionda əhalinin böyük hissəsi üçün doğma olan erməni dili ilə bağlı da böyük çətinliklər var: yerli məktəblərdə dərslik və gürcü dilini bilən müəllimlər çox azdır (bunsuz hətta erməni məktəbində belə dərs keçməyə icazə verilmir).

Üçüncü problem də var. Yerli erməni icması Gürcüstanda üçüncü ən böyük etnik qrupdur (gürcü və azərbaycanlılardan sonra) və Cavaxeti əhalisinin əksəriyyətini təşkil edir. İcma da erməni dilinin heç olmasa regional səviyyədə dövlət dili statusu almağını istəyir.

İlk dəfə Cavaxetidə erməni dilinin statusu ilə bağlı məsələ hələ 1999-cu ildə qaldırılıb. Həmin dövrdən etibarən də icma müxtəlif fəallıq dərəcəsi ilə həmin qərarın qəbul edilməsinə təkid edir. Rəsmi Tbilisi və gürcü cəmiyyətində əksəriyyət bu ideyaya əsasən kəskin şəkildə mənfi reaksiya göstərir.

Hər iki tərəfin arqumentlərini nəzərdən keçirək.

“Lehinə” olan arqumentlər

  1. Erməni dili bütün icmanın bildiyi yeganə dildir

Erməni dilinin regionun rəsmi dili kimi istifadə olunması ilə bağlı vaxt etibariylə son sorğu 2016-cı ilin noyabr ayına təsadüf edir, bu zaman sakrebulo (yerli administrasiya) Axalkalaki rayonunda yeni yol işarələrinin hazırlaması və quraşdırılması barədə qərar qəbul edir.

Ənənəvi olaraq Gürcüstanda işarələrdə bütün coğrafi adlar gürcü və ingilis dillərində göstərilir. Axalkalaki administrasiyası onlara erməni dilində adlar da əlavə etmək qərarına gəlib.

Təklif icmada böyük həvəslə qarşılansa da elə təklif olaraq da qaldı, çünki regiondan kənarda güclü neqativ reaksiya ilə qarşılandı. Əvvəl Azərbaycanda, sonra da Tbilisidə müxtəlif medialar Cavaxetidə yeni separatizm dalğasının baş qaldırması barədə yazmağa başladılar.

Bundan sonra da qeyri-rəsmi söhbətlər zamanı deputatların özlərinin qeyd etdiyi kimi, onlara Tbilisinin müxtəlif rəsmi orqanları və idarələrindən və regional administrasiyalardan zəng edərək xəbər alırdılar ki, nə baş verir və niyə sakrebulo dövlət əleyhinə ideyalar irəli sürür.

Bundan sonra da sakrebuloda bu ideyanı unutmağı üstün tutdular.

Axalkalakidə insanlar erməni dilinin statusu barədə açıq danışmaqdan qaçırlar. Bu susqunluğun bir səbəbi var – hər dəfə yerli ermənilər erməni dilinin statusu ilə bağlı məsələni qaldıranda rəsmi Tbilisi bunu separatizmin təzahürü kimi qəbul edir.

Yerli qeyri-hökumət təşkilatlarından birinin adının hallanmasını istəməyən nümayəndəsi ona necə təzyiq göstərildiyini xatırlayır – o, erməni icmasında bir çoxlarının ədalətsiz hesab etdiyi Gürcüstanın Təhsil Nazirliyinin məktəblərdə erməni dili fəninin dərs saatlarının sayını azaltmaqla bağlı qərarına diqqət çəkməyə çalışırdı.

“Əslində mən erməni dili statusu barədə danışmırdım, demək istəyirdim ki, eyni vaxtda gürcü dilinin tədris saatlarının sayının artırılması və erməni dilinin tədris saatlarının sayının azaldılması əhalidə ikrah hissi oyadır, doğma dilin hesabına dövlət dilinin sırınması kimi qəbul edilir. Amma məni erməni dilinə regional statusun verilməsinə təkid etməkdə  ittiham etdilər və təkidlə susmağımı məsləhət gördülər”, – deyə o bildirdi.

  1. Erməni dili regionda dövlət dili statusu alsa yerli əhalinin işsizlik problemi azalacaq

Qeqam Şahbazyan Axalkalakidə anadan olub böyüyüb, ali təhsilini Yerevanda alıb, gürcü dilini əhalinin əksər hissəsi kimi bilmir. Buna görə də vətənində iş tapmaq demək olar ki, mümkün deyil. İki il idi ki, o Cavaxetidəki əksər kişilər kimi, qazanc dalınca Rusiyaya gedib. Amma oradakı şəraitə uyğunlaşa bilməyib, evinə qayıdıb, indi də nə edəcəyini bilmir.

Onun fikrincə, erməni dili Gürcüstanda rəsmi status alsa, o da öz vətənində işə düzələ bilər.

“Mənim kimi, yaxşı ixtisas alan, amma gürcü dilini bilmədiyi üçün elə də işə düzələ bilməyən çox sayda adam tanıyıram. Məktəbdə oxuyanda bizdə gürcü dili fənni demək olar ki, tədris olunmayıb”, – Qeqam deyir.

Violetta Uzunyan 1990-cı ildən 2012-ci ilə qədər Axalkalaki rayonunun Kulikam kəndində tibb bacısı işləyib. 2013-cü ildə gürcü dilindən attestasiya imtahanını verə bilməyəndən sonra onu işdən çıxardılar.
“Biz sovet dövründə təhsil almışıq, bizdə gürcü dili ümumiyyətlə tədris olunmayıb, gündəlik həyatda isə bu dildə ünsiyyət qurmağa adam yoxdur, bizdə ancaq ermənilər yaşayır. Bununla belə, bizdən gürcü dilini bilməyi tələb edirlər, əks halda səni işdən qova bilərlər. Onda biz neynəyək?” – Violetta deyir.

“İyirmi ildən çox işləmişəm, heç vaxt işimdən şikayət edən olmayıb. Bununla belə, məni işdən çıxardılar. Onda da ombudsmenə müraciət etmək qərarına gəldim. Gürcü dilində ərizənin yazılmasına, tərcüməsi və lazımi sənədlərin hazırlanmasına 170 laridən çox pulum çıxdı! Sonra da məlum oldu ki, bunların hamısı mənasızıymış”, – Violetta danışır.

“İstənilən, ən adi sənəd bizə baha başa gəlir, bizdən axırıncı pulumuzu alırlar. Buna görə də biz ermənilər üçün erməni dili statusu məsələsi həmişə aktualdır”, – Violetta deyir.

Yerli sakinlər problemin ciddi olduğunu və hələ on il bundan sonra da heç nəyin dəyişməyəcəyini deyir – Cavaxetidə nə ədəbi, düzgün erməni dilini, nə də dövlət gürcü dilini bilməyən nəsil böyüyəcək.

  1. Etnik özgürlüyün saxlanması

“İstədiyimiz yeganə şey özgürlüyümüzün qorunub saxlanmasıdır. Amma Gürcüstan hakimiyyəti bizi düz başa düşmür. Dillə bağlı  məsələni qaldıran kimi dərhal başlayırlar ki, bu Cavaxetidəki ermənilər separatçıdır, Gürcüstanda daha bir Osetiya yaratmaq istəyirlər. Ona görə də susmaq daha yaxşıdır”, – Axalkalaki sakini Vrej Karaxanyan deyir.

Separatizmlə bağlı sual Aşot Kosanyanı karıxdırdı, bu suala nə cavab verdiyini bilmədiyi üçün o dedi:

“Siz məndən soruşun ki, kartofumu hansı qiymətə satıram, bu pula nə etməyə hazırlaşıram. Bax, bu gün sevinirəm ki, kartofun qiyməti artır, heç olmasa qonaq otağında kiçik təmir edə bilərəm. Yoxsa separatizm nədir, bu nə provokasion suallardır”, – Aşot Kosanyan deyir.

Axalkalakidə separatizm mövzusunda dindirdiyimiz hər kəs – bazarda, məktəbdə, mağazada, aptekdə – eyni şeyi deyirdilər: Cavaxetidəki erməni separatizmi mövzusu vaxtaşırı olaraq Tbilisidə aktual olur,  çünki mərkəzdəki media Cavaxetini separatizm təhdidi olan region kimi qəbul edir və regionla ancaq bu mövzunu aktual gördükləri zaman maraqlanmağa başlayırlar. Regionun problemləri haqqında ciddi söhbətlər, yerli əhalinin fikirlərinin öyrənilməsi, mərkəzi mediada bu haqda yazılar yoxdur.

IMG_0486

  1. Erməni dilinin dövlət statusu icmanın gürcü cəmiyyətinə inteqrasiyasına kömək edəcək

“Erməni dilinə regional statusun verilməsi yerli erməni əhalisinə Gürcüstanda ictimai-siyasi proseslərdə daha fəal iştirak etmək imkanı verəcək”, – yerevanlı politoloq, Qafqaz İnstitutunun direktorunun müavini Sergey Minasyan belə hesab edir.

“Tbilisinin dil məsələsi ilə bağlı fobiyaları əsassızdır, onlar abxaz və osetin münaqişələri ilə şişirdilmiş analogiyalarla bağlıdır, bu da ermənilərin yaşadığı Cavaxetidəki vəziyyətlə müqayisə oluna bilməz”, – Minasyan deyir.

Samtsxe-Cavaxetidəki erməni ictimai təşkilatları şurasının əlaqələndiricisi Artak Qabriyelyan da hesab edir ki, erməni dilinə regional statusun verilməsi bu gün Gürcüstanda erməni icmasının yaşadığı izolyasiyanı aradan qaldırmağa kömək edəcək.

“Bu da sizə konkret nümunə. Axalkalakidə hakim ermənidir; müttəhim və vəkili də ermənilərdir. Gürcü dilini onlar ya ümumiyyətlə bilmir, ya da çox pis bilirlər. Protokol isə gürcü dilində tərtib olunur. Bu o deməkdir ki, ən azı müttəhim heç nə anlamadığı sənədin altında imza atır. İş icraatı, məhkəmə icraatı, həm də daxili sənədlərin rəsmiləşdirilməsi mütləq erməni dilində aparılmalıdır”, – Artak Qabrielyan deyir.

Onun fikrincə, Cavaxeti üçün iki ən vacib məsələ – erməni dilinə regional dövlət dili statusunun verilməsi və gürcü dilinin regionda geniş tətbiqi eyni vaxtda və hətta birgə şəkildə həll edilməlidir.

“Samtsxe-Cavaxeti erməni ictimai təşkilatları şurası dəfələrlə bu sualı qaldırıb, biz regionun hər yerində gürcü dilinin öyrənilməsi üzrə tədris mərkəzlərinin açılmasına ciddi yanaşmanın olmasını tələb edirik”, – Artak Qabrielyan deyir.

Və regionda hər iki dilin inkişafı üçün vacib instrument də erməni-gürcü universitetdir.

Erməni dilinin Cavaxeti regionunda dövlət dili statusu almasının əleyhinə olan arqumentlər

 Əleyhinə olan arqumentlərin müəlliflərindən biri jurnalist, “Vrastan” qəzetinin redaktoru, Gürcüstanın əks-prezidenti Mixail Saakaşvilinin müşaviri Van Bayburtdur.

Bayburt

 

Bayburt deyirdi ki, bunu ancaq ölkədə yaşayan milli azlıqların ən azı 30-40 faizi dövlət dili olan gürcü dilini öyrənəndən sonra müzakirə etmək olar: “Əks halda belə alınacaq ki, gürcü dilini öyrənməyi dayandırmaq haqqında qanun qəbul ediləcək”. 

 

Kontekst və yerinə yetirilməmiş vədlər

Axalkalakidə çoxları deyir ki, 2012-ci ildə parlament seçkiləri ərəfəsində hakimiyyətin faktiki olaraq dəyişdiyi vaxt indiki hakim “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvili guya Cavaxetidə əhali ilə görüşü zamanı bildirib ki, partiyası hakimiyyətə gələndən sonra erməni dili regional dövlət dili statusu alacaq.

İndi o görüşə yenidən qayıtmaq və bunun deyilib-deyilmədiyini dəqiqləşdirmək çətindir. Samtsxe-Cavaxetidə çıxan “Samxretis Karibçe” qəzeti 12 sentyabr 2012-ci il tarixində bu görüşdən reportaj dərc etdi və belə bir sitat gətirdi:

“Dövlət dili gürcü dilidir, amma o, etnik ermənilərin kompakt yaşadığı regionlarda ünsiyyət dili olan erməni dilinə qarşı qoyulmur. İnsanların seçim haqqı olmalıdır… hansı dildə danışmağı, hansı dildə arzulamağı – onlar özləri seçməlidir, kiminsə diktəsi ilə deyil”.

Regionda həm də deyirlər ki, İvanişvili Axalkalakidə erməni-gürcü universitetinin açılacağını bildirib.

“Gürcü arzusu” hakimiyyətə gəldi və Cavaxetidə böyük incikliklə deyirlər ki, “İvanişvili özünün seçki qabağı vədlərini unudub”.

2016-cı ilin dekabr ayında Bidzina İvanişvili Axalkalakidə oldu və mətbuat konfransı zamanı JNews yerli informasiya agentliyinin jurnalisti ona sual verdi: “Erməni dili statusu məsələsi necə oldu?”

İvanişvili cavab verdi:

“Mən gürcü-erməni universitetinin açılmasını alqışlayıram. Bu haqda hansı kontekstdə və necə danışdığımı xatırlamıram, amma indi də bu cür deyərdim.

Dil məsələsinə gəlincə – …yerli dil həmişə Axalkalakidə prioritet olub, burada heç kim erməni dilini məhdudlaşdırmış. Amma problem başqadır – burada yaşayan ermənilər gürcü dilini bilmir. Dövlət dilini bilməmək onlar üçün böyük problemlər yaradır. Bizim vəzifəmiz onlara dövlət dilini öyrənməkdə kömək etməkdir”.

Qeqam Şaxbazyanın fikrincə (və bu fikri Axalkalakidə çoxları bölüşür) Gürcüstan siyasətinin ən nüfuzlu şəxsinin bu cür bəyanatı yerli icmanın çoxdankı narahatlıqlarını  bir daha sübut edir: dövlətin öz qarşısına qoyduğu məqsəd erməniləri gürcü cəmiyyətinə inteqrasiya etmək deyil, assimilyasiya etməkdir. Bu cür yanaşma isə yerli erməni əhalisi üçün təhlükə yaradır.

“Bu cür bəyanat Gürcüstanı Avropaya inteqrasiya edən, demokratik dəyərləri olan ölkə kimi təqdim etmək üçün böyük səy göstərən Avropa təşkilatlarının diqqətini cəlb etməlidir”, – Şahbazyan deyir.

Avropanın regional dillərlə bağlı təcrübəsi və Gürcüstan 

Avropa Şurası hələ 1992-ci ildə “Regional dillərin və azlıqların dillərinin Avropa xartiyası” adlı sənəd işləyib hazırlayıb. Sənədin elan edilən məqsədi bütün əhali qrupları üçün bərabər hüquqların təmin edilməsi.

“Xartiyaya əsasən, doğma dilinə regional və ya azlıq statusu verilən əhali iş icraatı aparmaq, təhsil almaq və öz dilində informasiya vasitələri yaratmaq hüququ almalıdır.

Xartiyaya əsasən, regional dil və ya azlığın dili dedikdə müəyyən ərazidə ənənəvi olaraq sayca dövlətin əsas əhalisindən az olan yerli əhali qrupları tərəfindən istifadə olunan dillər nəzərdə tutulur. Onlar rəsmi dövlət dilindən fərqlənir və dövlət dilinin dialektləri və miqrantların dili deyil”.   

Sonra xartiya bütün Avropa Şurası üzvlərinə, həm də bu sənədə qoşulmaq istəyən istənilən dövlətlərə imzalanma və ratifikasiya üçün göndərildi.

Gürcüstan 1999-cu ilin aprel ayında Avropa Şurasına üzv olduğu zaman öz üzərinə bir il ərzində xartiyanı imzalamaq və ratifikasiya etmək öhdəliyi götürdü. Xartiya imzalandı, amma indiyə qədər də ratifikasiya olunmayıb. Həmin vaxtdan da Avropa Şurasının illik tövsiyələrində xatırlatma verilir ki, Gürcüstan hökuməti öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və xartiyanı ratifikasiya etməlidir.

Bu öhdəliklər yeddi sahəyə aiddir:

  • təhsil,
  • ədliyyə,
  • inzibatçılıq,
  • media,
  • mədəniyyət,
  • iqtisadiyyat,
  • sosial məkan,
  • sərhəd arası mübadilə.

Mütləq icra edilməli olan tədbirlərə aşağıdakılar daxildir:

  • iki dilli təhsilin tətbiqi,
  • ancaq azlıqların dilində tədris imkanı,
  • azlıqların dilində yayımlanan radiostansiyanın yaradılması,
  • televiziya kanallarında həmin dildə verilişlərin yaradılması.

Azlıqların dilinə münasibətdə effektiv siyasət üçün nümunə Kanada və İsveçrə sayılır.

Kanadada  ingilis və fransız dilləri bərabərhüquqlu dövlət dilləri sayılır. Eyni zamanda hakimiyyət böyük sayda insanlar üçün doğma sayılan daha beş dili dəstəkləyir və inkişaf etdirir – çin (2.6%), pencabi (0,8), italyan (0,6), ispan (0.7), Ukrayna (0,5).

İsveçrədə  dörd dövlət dili var – fransız, italyan, alman və retroroman.

Eyni zamanda  hər üç Pribaltika respublikası – Estoniya, Latviya, Litva – qəti şəkildə xartiyanı rədd ediblər. Onların arqumenti ondan ibarətdir ki, dil azlıqları ölkənin yerli əhalisi deyil, nisbətən yeni köçmüş insanlardır.

Unifikasiya olunmuş dil siyasətinin keçirildiyi Fransada xartiyanın ölkənin konstitusiyasına zidd olduğu bildirildi.

Facebook Comments

More on JAMnews