Avropadakı gürcü miqrantların sayı haqda son göstəricilər " />

Gürcüstan qanunvericiliyi sərtləşdirir: Avropada sığınacaq almağa vasitəçilik etmək cəzalandırılacaq

Avropadakı gürcü miqrantların sayı haqda son göstəricilər

Almaniya. Burada miqrantlar yaşayır REUTERS/Ina Fassbender 

Gürcüstan hakimiyyəti xaricdə sığınacaq almağı planlaşdıran şəxslərlə bağlı qanunu sərtləşdirəcək. Layihəyə əsasən, yalnız qeyri-qanuni miqrantlar yox, həm də vasitəçilər məsuliyyətə cəlb olunacaq. 2018-ci il statistikası nə göstərir? Xarici işlər naziri David Zalkaliani qeyri-leqal miqrantlara nə tövsiyə edir?

__________________

Yeni qanunvericilik təşəbbüsünə əsasən, qanunsuz miqrasiyaya vasitəçilik edən və ya sığınacaq almaq üçün əsassız müraciəti çatdırmağa kömək edən şəxslər qanun qarşısında məsuliyyət daşıyacaq.

Avropada sığınacaq – vizasız rejimi nə təhdid edir?

Avropadakı miqrantlar evə Rusiyada işləyənlərdən daha çox pul göndərir

Parlamentin Avrointeqrasiya məsələləri üzrə Komitəsinin rəhbəri Tamar Xulordava deyir ki, Gürcüstandan olan qanunsuz miqrantların sayı əhəmiyyətli dərəcədə artdıqdan sonra müvafiq qanunvericiliklə bağlı tələbat yaranıb.

Yeni təşəbbüs kimləri əhatə edəcək?

Bir neçə gün öncə KİV-də Gürcüstan hakimiyyətinin Avropada qanunsuz qalan və orada öz qohumlarının və tanışlarının yerləşməsinə kömək edən şəxslərə qarşı cəza tətbiq etmək niyyəti haqda məlumat gedib.

Xulordava bildirir ki, bu dezinformasiyadır. Onun sözlərinə görə, qanun layihəsinin məqsədi yalnız pul müqabilində qanunsuz miqrasiyaya vasitəçilik edənlərin – saxta sənəd hazırlayan, sığınacaq axtarışı ilə əsassız müraciətləri irəli sürən və sairə şəxslərin cəzalandırılmasından ibarətdir.

2018-ci il üzrə statistika

2018-ci ildə Gürcüstan vətəndaşlarından Aİ ölkələrində sığınacaq almaq üçün 17 min 980 müraciət daxil olub – “Avrostat” Aİ Statistika Xidmətinin bəyanatında deyilir. Bu 2017-ci illə müqayisədə 11 faiz azdır. Amma Gürcüstan kimi balaca ölkə üçün bu da kifayət qədər çoxdur.

2018-ci ildə Gürcüstan vətəndaşları ən çox Almaniyada (161885 nəfər), Fransada (110500 nəfər), Yunanıstanda (6500 nəfər) sığınacaq almağa çalışıblar. Hesabata əsasən, ümumilikdə bütün dünya ölkələrindən 580845 nəfər Aİ ölkələrindən sığınacaq almağa çalışıb. Beləliklə, Gürcüstandan olan müraciətçilər ümumi sayın 3 faizini təşkil edir, ölkənin özü isə müvafiq siyahıda 10-cu yeri tutub. Üstəlik elə ölkələr var ki, onlara münasibətdə vətəndaşlarının sığınacaq alması planında Gürcüstan ilk onluqda yer alıb. Bunlar Fransa, Çexiya, Danimarka, Lixtenşteyndir.

Gürcüstanın xarici işlər naziri: “boş yerə bilet almayın”

Gürcüstan XİN-in rəhbəri David Zalkaliani bu statistik göstəriciləri şərh edərkən, həmvətənlərini Avropada sığınacaq almaq üçün boş yerə pul və vaxt sərf etməməyə çağırıb:

“Bu, tamamilə boş işdir, çünki əksər Avropa ölkələri rəsmən Gürcüstanı təhlükəsiz ölkə kimi tanıyır. Sadəcə bir neçə ölkə qalıb ki, onlarla da biz fəal iş aparırıq. Bizim cəmiyyətimizə müraciət edirəm – Aİ ölkələrində istənilən  sığınacaq almaq cəhdi uğursuzluğa düçardır, bunun mümkünlüyü sıfırdır. Bunun üçün borca girməyin, boş yerə biletə xərc çəkməyin – bunlar sadəcə lazımsız pul sərfidir”, – Zalkaliani bildirib.

Onun sözlərinə görə, Gürcüstan vətəndaşları bəzi ölkələrdə sığınacaq almaq üçün müraciətlərə baxılması prosesinin uzun çəkməsindən yararlanır.

Zalkaliani bildirib ki, bu müraciətlərin baxılması müddətinin azaldılması üçün Gürcüstan hökuməti belə ölkələrlə fəal şəkildə iş aparır, bununla da heç kim məsələnin müsbət sonluqla başa çata biləcəyi ilə bağlı xülyaya düşməsin.

Vizasız rejim təhlükədədir?

Avrointeqrasiya üzrə Parlament Komitəsinin sədri Tamar Xulordavanın sözlərinə görə, qanunvericilik Avropa dövlətlərinin tövsiyəsi ilə sərtləşdirilir:

“Vizasız rejim haqda saziş… Hər hansı şərtsiz əldə edilən heç bir saziş yoxdur. Bu sənədin imzalanmasından əvvəl danışıqlar aparılıb. Vizasız rejimin dayandırılması adlanan mexanizm mövcuddur və onun işə salınması tamamilə Avropa İttifaqından asılıdır”, – o bildirib.

Xulordava deyib ki, miqrantların sayının artması Gürcüstan və Aİ ölkələri arasında vizasız rejimi təhlükə altına qoya bilər.

Qanun layihəsi komitə dinləmələrindən keçir. Növbəti mərhələ parlamentin plenar sessiyası olacaq. Dəyişikliklər isə qanun qəbul ediləndən 15 gün sonra işə düşəcək.

Bu, Gürcüstan parlamentinin viza rejiminin liberallaşdırılmasından sonra qəbul etdiyi ilk qanunvericilik dəyişikliyi deyil. Məsələn, ötən il soyadın dəyişdirilməsi prosedurunu əhəmiyyətli dərəcədə mürəkkəbləşdirən dəyişikliklər qəbul olunub.

•Gürcüstan və Aİ arasında vizasız rejim 2017-ci il martın 28-dən işə düşüb. 2017-ci ilin mart-dekabr ayları arasında Avropaya vizasız səfərlərdən 170 min nəfər Gürcüstan vətəndaşı faydalanıb.

•Gürcüstan bu istiqamətdə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə vizasız rejimin dayandırılması mexanizminin işə salınması və ümumiyyətlə ləğv edilməsi hüququnu Avropa İttifaqı özündə saxlayıb. Gürcüstan hakimiyyəti bildirir ki, müəyyən problemlərin olmasına baxmayaraq, hazırkı mərhələdə vizasız rejim üçün heç bir təhlükə yoxdur.

•Avropada qalmaq üçün imkan axtaran Gürcüstan vətəndaşlarının əksəriyyəti bunu vətəndə işsizliyin hökm sürməsi ilə izah edir. Həddən artıq çox Gürcüstan vətəndaşı Avropaya müalicəyə gedir ki, bu da ölkədə səhiyyə sahəsində problemlərin olduğunu göstərir.

•Avropa ölkələri üçün gürcü kriminalı – həm mütəşəkkil cinayətkarlıq, həm də xırda oğurluq və soyğun halları ciddi problemdir. Almaniyada bununla bağlı vəziyyət xüsusilə ağırdır. Bu dövlətin nümayəndələri ötən il xüsusi olaraq buna görə Tbilisiyə gəlib, Gürcüstanın daxili işlər nazirindən tədbir görülməsini tələb ediblər.


More on JAMnews