“Turizm ərazisi sakinlərinin xoşbəxt, firavan yaşadığı ərazi ola bilər” " />

Gümri: Ermənistanın turizm xəritəsində yeni təklif

“Turizm ərazisi sakinlərinin xoşbəxt, firavan yaşadığı ərazi ola bilər”

“Gümri uzun illər Ermənistanın turizm xəritəsində olmayıb, ilk növbədə də ona görə ki, 1988-ci ildə baş verən zəlzələ onu pis vəziyyətə salıb… Şəhər hələ indiyə qədər də canımızı qurtara bilmədiyimiz müvəqqəti tikililərdən ibarət böyük məhəllələri ilə heç də cəlbedici görünmürdü. Mən həmişə demişəm ki, turizm ərazisi sakinlərinin xoşbəxt, firavan yaşadığı ərazi ola bilər. Sakinlərinin öz həyatından razı olmadığı şəhərdə turim ola bilməz”, – Gümridə yerləşən “Berlin” mehmanxanasının direktoru Aleksan Ter-Minasyan qeyd edir.

O uzun illərdir ki, Gümriyə daha çox turist cəlb etmək üzərində işləyir.

Kumayri, Aleksandropol, Leninakan, Gümri… Bütün bu adlar Ermənistanın ikinci şəhərinin keçmiş adlarıdır. Burada XVIII-XX əsrlərə aid tarixi abidə hesab olunan mindən çox bina var. XIX əsrin sonlarında şəhər Cənubi Qafqazın ticarət-sənaye və mədəniyyət mərkəzlərindən biri idi. Amma Gümridən kənarda bu şəhərdə nə qədər tarixi dövrlərin olmağından çoxları xəbərsizdir.

Gümrinin yeni inkişaf proqramı

Keçən il baş nazir Karen Karapetyan Gümrinin gözəl görünüşü ilə uzaqdan və yaxından qonaq qəbul edə biləcəyi proqram təklif edib. Bu məqsədlə “Ümid” fondu yaradılıb. Fondun məqsədi Gümridə şəhərsalma, sahibkarlıq və sənayeni inkişaf etdirməyə kömək etməkdir.

Baş nazir bildirib: “Bu proqram Gümridə əhval-ruhiyyəni qaldırmaq məqsədi daşıyır. Mənim ailəm üçün gələcək sərmayə fonduna ilk pul qoyuluşu etmək böyük şərəf olar”.

Karapetyanın ailəsi həqiqətən birinci sərmayəçi olub və fonda 500 min dollar köçürüb.

Proqram artıq həyata keçirilir. Bir neçə aydır ki, Gümürinin mərkəzi – köhnə şəhərin yenidən qurulması həyata keçirilir, hökumət isə yeni sərmayəçilər axtarışındadır

“Bu, ruhlandırma dalğası idi, baş nazirin təşəbüsü əhəmiyyətli impuls oldu, amma əvvəlcə hamıya təsir etsə də deyəsən, artıq sönmək üzrədir. Əgər biz bura xaricdən gələcək sərmayəçilər axınına ümid ediriksə, onda bu xəyaldır. İnkişafın növbəti mərhələsinə də bu gedişlə keçə bilməyəcəyik. Bizə həqiqətən ciddi sərmayələr və dövlət dəstəyi lazımdır”, – Aleksan Ter-Minasan son bir neçə ay ərzində görülən işləri ümumiləşdirərək qeyd edir.

Onu Gümriyə gəlməyin çətin olmağı narahat edir: şəhər paytaxtdan 120 kilometr aralıda yerləşir, buradan dəmiryolu xətti keçir, hava limanı da var, amma heç biri yetərincə effektiv deyil.

“Gümriyə gələnlər əsasən kökləri burdan olan insanlar və Gürcüstana gedənlərdir, çünki oradan xaricə uçmaq daha ucuzdur. Biz isə Gürcüstanda aviabiletlərin ucuz olmağına sevinirik ki, qonaqlar heç olmasa bu səbəbdən bir gecə Gümridə qalır”, – “Berlin” mehmanxanasının turoperatoru Lusine Manukyan deyir.

Turizm şirkətləri bildirir ki, Gümrini əsasən Avropadan və Rusiya Federasiyasından gələn turistlər ziyarət edir. Avropadan adətən yaşlı həmyerlilərimiz, Rusiyadan isə doğma ev və qohumlarını görmək, Ermənistanı gəzmək istəyən ailələr ziyarət edir. Yəni bütün bu insanlar Ermənistanla bağlıdır, buna görə də Gümri mehmanxanalarında cəmi 300 yerin ancaq 70%-ə qədəri dolur, o da 4-5 ay ərzində.  

Hər il şəhəri 50 minə yaxın turist ziyarət edir. Amma bu göstərici yalnız ilk baxışdan heyrətləndirici görünür, il kəsiyində bu, əhəmiyyətsiz rəqəmdir və mehmanxana biznesinə heç bir gəlir gətirmir.

Əsas səbəb çoxlarının Gümrinin varlığından xəbərsiz olmasıdır.  Ekoloq, ekskursiya rəhbəri Levon Martirosyan çoxillik təcrübəsinə əsaslanaraq qeyd edir ki, şəhər çox ləng templərlə də olsa, tədricən populyarlıq qazanmağa başlayır:

“İşi koordinasiya etmək, doğru informasiya yaymaq lazımdır. Gümri haqqında saytlar var, amma onlar cəfəngiyat yayır. Bu ərazidə əslində nələrin olmasından xəbərsiz olub, cəfəng məlumatlar yazaraq, uğur əldə edə bilmərik”.

6 il əvvəl Levon Martirosyanın təşəbbüsü ilə Şirak Dövlət Universitetində “Mehmanxana işi və xidmət” şöbəsi açılıb, amma  peşəkar bələdçilər yenə də azlıq edir.

Gümri və onun brendi

Gümrinin mövcudluğunu dünyaya çatdırmağı “Deem Communications” Marketinq və PR-şirkəti öz üzərinə götürüb, şirkət ilin sonuna kimi şəhəri və onun sakinlərini öyrənəcək, sonra da topladığı informasiyanı təhlil edib, şəhərin brendini işləyib hazırlayacaq.

Şirkətin kreativ direktoru Raffi Niziblyan Gümriyə çoxdan aşiq olub.

“Mən dağıdıcı zəlzələdən iki il sonra, 1990-cı ildə Monrealın rəqs truppası ilə birlikdə Gümriyə baş çəkdim, sonra biz qonşu Spitak və Talin şəhərlərinə getdik və mən özüm üçün çox şey kəşf etdim”, – Raffi danışır.

Sonradan aldığı təəssüratları ilə Gümrinin yenidən qurulması haqqında filmində bölüşdü. Bu il isə o şəhərə kömək edib, sosial sərmayəni həyata keçirmək – onun brendləşdirilməsi problemini aradan qaldırmaq qərarını verib. İlkin hesablamalara görə, şirkətin töhfəsi 35 min avro olacaq.  

“Mən 15 ildir ki, Ermənistanda yaşayıram və biz Ermənistan vətəndaşı, Ermənistan şirkəti olaraq bir bazar yox, bir neçə bazara işləmək istəyirik – bu gün isə biz ancaq Yerevandayıq. İkinci , üçüncü şəhər və bazarlar lazımdır. Bunun üçün də iqtisadi və sosial cəhətdən sabit şəhərlər lazımdır. Biz öz gələcəyimizə kömək etmək istəyirik – yəni şəhərə sərmayə qoymaqdan əlavə, bunu biznes kimi də nəzərdən keçiririk”, – Raffi deyir.

Şəhərin brendləşdirilməsi üçün şirkət əməkdaşları artıq şəhəri, insanları, evləri, həyətləri, xasiyyətləri öyrənməyə başlayıblar. Onlar ilin sonuna qədər şəhərin simvolu ola biləcək şeyi tapacaqlarına əmindirlər – turistləri cəlb edəcək, unikal nəsə.  

“Gümri Tbilisi ilə Yerevanın arasında yerləşir və bu iki şəhəri birləşdirə bilər. Biz sərmayəmizin bəhrə verəcəyini düşünürük. Mən Gümrinin turizm mərkəzi ola biləcəyinin perspektivlərini görürəm,” – kanadalı iş adamı həm də qeyd edir ki, şəhərin brendləşdirilməsindən sonra şəhər və vilayət hakimiyyəti, həmçinin Gümri sakinləri şəhərin onun hüdudlarından kənarda tanınması üçün çalışmalıdır.

“Kumayrinin, köhnə şəhərin bərpası bu işə çox kömək edəcək, amma bu, yetərli deyil. Bu, necə deyərlər, sərt diskdir, “dadlı” tərəfi: restoranlar, əyləncə mərkəzləri, təmiz və cəlbedici mühiti isə Gümri sakinlərinin özləri təmin etməlidir”, – Raffi Niziblyan deyir.  

O hesab edir ki, istəsələr 2018-2020-ci illərdə şəhər çiçəklənə bilər, çünki burada tarixi zəmin var, Gümri öz xarizmatik sakinləri, olimpiya çempionları, sənət adamları ilə məşhurdur. Yerli sakinlərin xasiyyəti, onların fərqli, özünəməxsus yumoru və hər şeydə ən yaxşı olmaq meyli hamıya məlumdur  – ən azı Ermənistanda. İndi də özlərini və Gümrini xaricilərə təqdim etmək zamanıdır.


More on JAMnews