Qarşılıqlı ittihamlardan danışıqların təfərrüatları aydınlaşıb – hər tərəf Qarabağ münaqişəsinin nizamlanması üzrə öz tələbində qalır" />

Ermənistan və Azərbaycan XİN rəhbərləri Bratislavadakı görüşdən sonra sərt bəyanatlar səsləndiriblər. Yenilənib

Qarşılıqlı ittihamlardan danışıqların təfərrüatları aydınlaşıb – hər tərəf Qarabağ münaqişəsinin nizamlanması üzrə öz tələbində qalır

Зограб Мнацаканян, Эльмар Мамедъяров, ОБСЕ,

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin dekabrın 4-də Bratislavada baş tutan görüşündən sonra sərt bəyanatlar səslənib. Əslində bunlar məzmin etibarilə yeni bəyanatlar deyil. Zohrab Mnatsakanyan və Elmar Məmmədyarov növbəti dəfə Qarabağğ münaqişəsinin nizamlanması üzrə öz ölkələrinin mövqeyini ifadə ediblər.

Əvvəlcə Məmmədyarov Azərbaycanın yanaşmasını səsləndirib – ATƏT-in nazirlər konfransında. O, ərazi bütövlüyü prinsipi, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ regionundan çıxarılması, lazımi təhlükəsizlik tədbirləri görülərək azərbaycanlı əhalinin oraya qaytarılması haqda söz açıb. Mnatsakanyanla görüşdən sonra o, Ermənistan tərəfini danışıqları pozmaq cəhdində və Azərbaycanınn təklif etdiyi “hamının hamıya” prinsipi əsasında əsirlərin dəyişdirilməsindən imtina etməkdə günahlandırıb.

ATƏT-in nazirlər konfransında çıxış edən Mnatsakanyan növbəti gün azərbaycanlı həmkarından sonra və Məmmədyarovla görüşünün səəri günü Ermənistanın mövqeyini açıqlayıb. O bildirib ki, Qarabağ xalqının öz müqəddəratını təyin etmək haqqı Azərbaycanın ərazi bütövlüyü ilə məhdudlaşdırılmamalıdır, Qarabağ münaqişəsi yalnız “sülh yolu ilə” nizamlanmalıdır.

Bütün təfərrüatlar – Elmar Məmmədyarov məhz nə deyib və buna Zohrab Mnatsakanyan nə cavab verib?

Zohrab Mnatsakanyanın çıxışı

Ermənistanın xarici işlər naziri Qarabağ münaqişəsinin yalnız dinc yolla və artıq mövcud formatda – ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə nizamlanmalı olduğundan başlayıb.

Nazir vurğulayıb ki, Qarabağ xalqının öz müqəddaratını təyin etmək hüququ Azərbaycanın ərazi bütövlüyü ilə məhdualaşdırılmamalıdır:

“Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməklə bağlı əlindən alınmaz hüququ özlüyündə sülh nizamlamasının təməl prinsipini və əsasını təşkil edir. Bu prinsipin Dağlıq Qarabağın yekun statusunun müəyyən olunması sahəsində məhdudiyyətsiz tanınması dəqiq və birmənalı şəkildə qəbul olunmalıdır. “Məhdudiyyətsiz” termini birbaşa Dağlıq Qarabağ xalqının Azərbaycan yurisdiksiyasından, suverenliyindən və ərazi bütövlüyündən kənarda öz statusunu qorumaq və təyin etmək hüququna aiddir.

Azərbaycanın Dağlıq Qarabağ xalqının ekzistensianal fiziki təhlükəsizliyinin pozulmasına və təhdidinə yönəlmiş daimi düşmənçilik siyasəti və əməlləri, o cümlədən də 2016-cı ilin aprelində Azərbaycan tərəfindən Dağlıq Qarabağa qarşı son təcavüz cəhdi Azərbaycanın Dağlıq Qarabağ xalqı üzərində yurisdiksiya gözləntisini mümkünsüz edir”.

Ermənistanlı nazir bir daha Qarabağ tərəfinin danışıqlar masasına qaytarılması tələbini xatırladıb. 2018-ci ildə “məxməri” inqilab nəticəsində hakimiyyətə gələn Ermənistan baş naziri Nikol Paşinyan bunda israr edir. O, bunu Qarabağ xalqı tərəfindən seçilmədiyi və onların adından danışmaq mandatının olmadığı ilə izah edib.

“Sülh nizamlaması hamını əhatə edən olmalıdır – bütün münaqişə tərəflərinin bilavasitə cəlb olunması yolu ilə. Buna görə də Dağlıq Qarabağ seçilmiş münayəndələri vasitəsilə danışıqlar prosesində birbaşa tərəf olmalıdır. Bununla əlaqədar olaraq biz Artsaxın seçilmiş nümayəndələrinin sülh prosesində, xüssən də nizamlamanın əsas məsələləri ilə bağlı müzakirələrdə tam mənada iştirakının vacibliyini vurğulayırıq”, Zohrab Mnatsakanyan bəyan edib.

Məmmədyarovun danışıqlardan sonrakı bəyanatı

Artıq dekabrın 6-da Azərbaycanın xarici işlər naziri danışıqların gedişatından və Ermənistan tərəfinin mövqeyindən narazı qaldığını bildirib. Məmmədyarovun sözlərinə görə, bütün ötən il ərzində Ermənistan rəhbərliyi durmadan danışıqlar prosesinin pozulmasına yönələn təhrikedici bəyanatlar səsləndirib:

“Təəssüf ki, Milanda baş tutan görüşdən keçən bir il ərzində Ermənistan_Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəqqi əldə olunması haqda danışa bilmirəm. Cəbhə xəttində bu gün nisbətən sakitlikdir, amma yenə də danışıqlarda irəliləyiş yoxdur. Baxmayaraq ki, ATƏT MQ həmsədrləri də status-kvonun qəbuledilməzliyi haqda bildirirlər. Ermənistan hətta Qarabağda saxlanılan Azərbaycan vətəndaşlarını “hamını hamıya” prinsiöi ilə dəyişməkdən də imtina edib”.

Azərbaycan əsirlərinin dəyişdirilməsinə hazır olduğu haqda 2019-cu il sentyabrın 11-də elan edib. Ermənnistan o zaman düşünmək üçün vaxt istəmişdi, baxmayaraq ki, hər iki ölkənin əksər ekspertləri əmin idilər ki, mübadilə baş tutmayacaq.

Nəticədə Ermənistan əsirlərin dəyişdirilməsindən imtina etdi. Rədd cavabı bu günlərdə hər iki ölkənin xarici işlər nazirlərinin Bratislavada baş tutan görüşündə də təsdiqlənib.

Söhbət dörd əsirdən gedir – hər tərəfdən iki nəfər olmaqla. Məsələ burasındadır ki, bu insanların məhz necə əsir düşməsi ilə bağlı Bakı və Yerevanın versiyaları bir-birinə ziddir.

Azərbaycanlı Dolqəm Əsgərov və Şahbaz Quliyevi Qarabağda qətl, casusluq və oğurluq ittihamları ilə müvafiq olaraq ömürlük və 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər. Azərbaycanda isə hesab edirlər ki, onlar Ermənistanın nəzarəti altında olan ərazilərə ata-babalarının məzarlarını ziyarət etməyə gediblər.

Və əksinə, Azərbaycanda Karen Kazaryan diversant hesab olunur və o, 20 il müddətinə azadlıqdan məhrum edilib, Ermənistanda isə onu psixi xəstə insan adlandırırlar.

Gənc hərbçi Araik Kazaryana gəlincə, Azərbaycan tərəfi bildirir ki, o, qeyri-insani münasibət üzündən hərbi hissədən qaçıb. Ermənistan isə oğlanın yolunu azdığına israr edir.

4 dekabr

Dekabrın 4-də Bratislavada Ermənistan və Azərbaycan XİN başçıları Zöhrab Mnatsakanyan və Elmar Məmmədyarovun bu il sayca artıq beşinci görüşü keçirilib.

Görüş ATƏT-in 26-cı Nazirlər konfransı çərçivəsində və ATƏT-in Minsk qrupunun həmsədrlərinin, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə keçirilib.

Adəti üzrə, danışıqların yekunu ilə bağlı tərəflər arasında əldə olunmuş razılıqlar barədə qısa məlumat yayılıb. Lakin nazirlər arasında məhz nəyin müzakirə edildiyini və vəziyyətin nə qədər gərgin olduğunu ATƏT-in Nazirlər konfransının məlumatına görə güman etmək olar.

Burada Azərbaycan XİN-in başçısı öz ölkəsinin Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə mövqeyini təqdim edib ki, Ermənistan bununla qəti şəkildə razı deyil. Söhbət Azərbaycanın ərazi bütövlüyü prinsipindən və Qarabağın Azərbaycanın tərkibindəki statusundan gedir.

Yerevandan və Bakıdan bütün təfərrüatlar.

• Ermənistan baş nazirinin həyat yoldaşı Azərbaycanın birinci xanımını Qarabağa dəvət edib, lakin şərtlərlə

• Ermənistan nümayəndə heyətinin Bakıda TRACECA Avropa nəqliyyat layihəsi üzrə konfransda iştirakı ətrafında sirlər

• Ermənistanlı və azərbaycanlı jurnalistlər tam gizli rejimdə bir-birinin ölkəsinə səfərlər ediblər

Yerevandan məlumat

Görüşün yekunları üzrə rəsmi məlumatlar

Ermənistan nazirinin mətbuat katibi bildirib:

«Görüşdə atəşkəsin möhkəmləndirilməsi proqramları, etimad tədbirlərinin möhkəmləndirilməsi üzrə tədbirlər müzakirə olunub. Eyni zamanda, gələn ilin əvvəlində birgə işin davam etdirilməsi ilə bağlı razılaşma əldə olunub».

Rəsmi məlumatda o da deyilir ki, ermənistanlı nazir Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərləri sayəsində xalqların sülhə hazırlanması yolunda mötədil nəticəni qeyd edib. Söhbət noyabrın sonlarında həyata keçirilmiş və nə Ermənistanda, nə də Azərbaycanda jurnalist dairələrində xüsusi təəssürat doğurmamış jurnalist mübadiləsindən gedir.

Nazirlər nəyi müzakirə edə bilərdilər

Ermənistan mediasında elə oradaca, Bratislavada ATƏT-in nazirlər konfransında Məmmədyarov tərəfindən təqdim edilmiş Azərbaycan tərəfinin Qarabağ münaqişəsi üzrə mövqeyi haqqında məlumat daha böyük diqqətə səbəb olub.

Onun təqdim etdiyi sənəddə, ələlxüsus, deyilir ki, tənzimlənmə yalnız Azərbaycanın “ərazi bütövlüyü” çərçivəsində olmalıdır. Qarabağın yekun statusuna gəlincə, o, Azərbaycanın tərkibində olmalıdır.

«İlk addım erməni silahlı qüvvələrinin Dağlıq Qarabağ regionundan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması olmalıdır.

Bundan sonra zorla köçürülmüş azərbaycanlı əhalinin bütün zəruri təhlükəsizlik tədbirlərinin riayət edilməsi şərtilə qayıtması, eyni zamanda regionda kommunikasiyaların açılması baş verməlidir.

Növbəti mərhələ kimi Azərbaycan Dağlıq Qarabağ regionunun Azərbaycanın tərkibində Azərbaycan Konstitusiyasına və qanunvericiliyinə müvafiq olaraq statusunun müəyyənləşdirilməsini görür.

Bu status regionun erməni və azərbaycanlı icmalarının dinc birgə yaşayışını təmin etməli, bütün insan hüquq və azadlıqlarının bərabər və diskriminasiyaya yol verilməyən tərzdə həyata keçirilməsinə zəmanət verməlidir».

Sonra o da qeyd olunur ki, Azərbaycan burada sözügedən çərçivələrdən kənarda münaqişənin siyasi həllini görmür.

Bakı sənədinə Ermənistanda reaksiya

Rəsmi Bakının mövqeyi Ermənistanda böyük rezonans doğurub.

Bratislavada təqdim edilmiş sənədin məzmununa ilk reaksiyalardan birini Ermənistanın baş naziri verib. O, mətndən hiddətlənmiş siyasətçiləri və politoloqları sakitləşdirməyə çalışıb:

«Qarabağ tənzimlənməsi elə məsələdir ki, burada istənilən təklif hər hansı sensasiyaya səbəb ola bilər. Adəti üzrə, bu formatda keçirilən görüşlərdən əvvəl və sonra hansısa bəyanatlar olur. Bir şeyi dəqiq deyə bilərəm – danışıqlar masasında müzakirə olunan heç bir sənəd yoxdur». 

Lakin baş nazirin bu bəyanatından sonra da Ermənistanın siyasi dairələrində yalnız tənqid səslənib. Misal üçün, beynəlxalq hüquq üzrə mütəxəssis, politoloq Suren Sarkisyan özünün “Facebook” səhifəsində yazıb:

«Azərbaycanın mövqeyi ilə tanış oldum. Bu andan etibarən Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqları mənasız hesab edirəm.

Bütün qüvvələri ordu ətrafında birləşdirməyə çağırıram». 

Yerevandan ekspert rəyi

Politoloq Akop Badalyan Bratislavadakı görüşün Azərbaycanın daxili siyasətində müşahidə olunan proseslərin kontekstində vacibliyini vurğulayıb:

«Bu görüşün fonunda Azərbaycanın daxili hakimiyyətində transformasiya proseslərinin fəallaşması əsas və ən vacib xəbərdir.

Moskvaya rəsmi səfər etməklə Mehriban Əliyeva artıq, belə deyək ki, öz “xaçlanmasını” alıb. Biz gördük ki, onun səfərindən, Putinlə görüşündən və ondan medal almasından [Rusiya prezidenti Vladimir Putin Mehriban Əliyevanı Dostluq ordeni ilə təltif edib – JAMnews] sonra Azərbaycanda parlamentin buraxılması elan edildi».

Bununla bərabər, Badalyan Ermənistan-Azərbaycan əlaqələrində fəallaşmaya, başqa sözlə, iki ölkənin və Dağlıq Qarabağın jurnalistlərinin qarşılıqlı səfərlərinə, həmçinin erməni nümayəndə heyətinin Bakıya Avropa İttifaqının TRACECA regional nəqliyyat layihəsi üzrə beynəlxalq konfransına səfərinə də toxunub.

«Azərbaycan tərəfindən hazırkı hərbi şantaj siyasəti bir çox problemlərlə qarşılaşır. Başqa sözlə, çox aşkardır və aprel müharibəsi buna sübutdur ki, Azərbaycan Ermənistana və Artsaxa hərbi yolla qalib gələ bilməz. Müharibə – irimiqyaslı hərbi əməliyyatlar başlaya bilər, bu isə heç kimə qətiyyən lazım deyil. Başqa variantlar yoxdur. Bu nöqteyi-nəzərdən Azərbaycana sülhün əldə edilməsi üçün yollar axtarmaqdan başqa heç nə qalmır», – ekspert deyir.

Bakıdan məlumat

Görüşün nəticələrinə görə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat verib ki, tərəflər cari vəziyyəti və gələcəkdə münaqişənin sülh yolu ilə həlli yollarını müzakirə ediblər. Nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəlində növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.

Hələ görüşdən öncə politoloq Elxan Şahinoğlu əmin idi ki, o, nəticəsiz qalacaq.

O xatırladıb ki, Məmmədyarovla Mnatsakanyanın əvvəlki dörd görüşü heç bir nəticə verməyib.

«Nazirlərin görüşündən əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyini Bratislavada ATƏT-in Nazirlər Şurasına təqdim edib. Sənəddə bildirilir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT və digər beynəlxalq təşkilatların qətnamələri çərçivəsində həllini məqbul sayır. Yəni münaqişə mərhələli şəkildə həll olunmalıdır.

Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, işğala son qoyulmalıdır. Sənəddə bildirilir ki, həll prosesinin növbəti mərhələsi Azərbaycanın Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, Azərbaycanın daxilində Dağlıq Qarabağ bölgəsi əhalisi üçün özünüidarəetmə statusunun müəyyənləşdirilməsidir: “Azərbaycan bu çərçivədən kənarda münaqişənin heç bir siyasi həllini düşünmür və bu anlayışa əsaslanan həll prosesində iştirak edir”.

Bratislavadakı görüşdən əvvəl rəsmi Bakının belə bir bəyanat yayınlanması o deməkdir ki, Azərbaycanın Ermənistanın heç bir şərtini və istəyini qəbul etməyəcək. Ermənistan hakimiyyəti də Bratislava görüşünə özünəməxsus şəkildə hazırlaşıb.

Bratislava görüşündən bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan yenə Dağlıq Qarabağa gəldi. Orada separatçılarla fikir mübadiləsi apardı, Dağlıq Qarabağda “prezidentliyə namizədlərlə” də görüşdü. Bu azmış kimi Paşinyan Dağlıq Qarabağın “xarici işlər naziri” Masis Mailyanı dekabrın 3-də İrəvana çağırdı. Paşinyan Bratislava görüşündən bir gün əvvəl iqamətgahında Ermənistanın və Dağlıq Qarabağın “xarici işlər naziri” birgə görüş keçirdi. Paşinyan Xankəndidə Mailyanla görüşmüşdüsə bir gün sonra onu yenidən niyə İrəvana çağırdı? Bunun iki səbəbi var.

Birinci səbəb odur ki, bununla Paşinyan hamıya göstərir ki, onunla Qarabağ separatçıları arasında münaqişəsi və fikir ayrılığı yoxdur və separatçılar onunla hesablaşırlar.

İkinci səbəbi isə odur ki, Paşinyan “üçlü” görüş keçirməklə Bakıya və beynəlxalq aləmə mesaj göndərir ki, münaqişənin həlli Dağlıq Qarabağdakı separatçıların maraqlarına cavab verməlidir və İrəvanın bu mövqeyi Bratislavada bir daha səsləndiriləcək. Bunun özü göstərir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratisladavakı görüş başlamadan nəticəsiz qalıb», – Elxan Şahinoğlu deyib.

Azərbaycanla Ermənistan arasında ikitərəfli əlaqələrin fəallaşması

2019-cu ilin payızında Ermənistan-Azırbaycan ikitərəfli əlaqələri müxtəlif səviyyələrdə kəskin fəallaşıb.

Noyabrın 17-21 tarixlərində Ermənistandan iki və Dağlıq Qarabağdan bir jurnalistin Azərbaycana, eyni zamanda üç azərbaycanlı jurnalistin Ermənistana və Dağlıq Qarabağa səfərləri baş tutub.

Sonuncu dəfə erməni jurnalistlər Azərbaycana təşkil olunmuş şəkildə 2001-ci ildə yollanmışdılar.

Ermənistan baş nazirinin məlumatına görə, dekabrın 4-də TRACECA-nın 14-cü iclasında, hıəmçinin strukturun yaradılmasının 20 illiyinə həsr olunmuş konfransda iştirak etmək üçün Ermənistanın rəsmi nümayəndə heyəti Bakıya yola düşüb. Rəsmi Bakı erməni nümayəndə heyətinin gəlişini hələlik təsdiq etməyib, lakin təkzib də etməyib.

Sonuncu dəfə Ermənistanın rəsmi şəxsləri Bakıya 2017-ci ildə səfər ediblər. O zaman “Euronest” parlament assambleyasının konfransına Bakıya Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiyasının o vaxtkı sədri Armen Aşotyan və deputat Mane Tandilyan yollanmışdılar.

 

Terminlər, toponimlər, rəylər və ideyalar JAMnews-un və ya onun ayrı-ayrı əməkdaşlarının rəy və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqalələrə təhqiredici, təhdidedici, zorakılığa səsləyən və digər səbəblər üzündən etik cəhətdən yolverilməz kimi qiymətləndirilmiş şərhləri silmək hüququnu özündə saxlayır.


More on JAMnews