Atəşkəsin qorunması və qoşunların təmas xəttində gərginliyin azaldılması haqda ənənəvi bəyanatlardan başqa hələlik heç nə deyilmir" />

Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü ilə bağlı minimum informasiya. Danışıqlar dalana dirənib?

Atəşkəsin qorunması və qoşunların təmas xəttində gərginliyin azaldılması haqda ənənəvi bəyanatlardan başqa hələlik heç nə deyilmir

xarici işlər naziri, Zohrab Mnatsakanyan, Elmar Məmmədyarov, Nyu York, ATƏT-in Minsk Qrupunun həmsədrləri

Sentyabrın 23-də Nyu Yorkda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib. Danışıqlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə baş tutub. Tərəflər yaxın zamanda daha bir görüşün keçirilməsi haqda razılığa gəliblər.

ATƏT-in Minsk Qrupunun saytında hələlik həmsədrlərin adından heç bir bəyanat yerləşdirilməyib.

Nazirlər nə haqda danışıb?

Bu haqda informasiya çox deyil.

Məsələn, Ermənistan XİN-i tərəfindən yayılan məlumatda deyilir ki, tərəflər Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib və hazırkı vəziyyəti dəyərləndiriblər. Ermənistan tərəfi atəşkəs rejiminin möhkəmləndirilməsi və qoşunların təmas xəttində gərginliyin azaldılması yönündə səylərin önəmini vurğulayıb. Ermənistanın xarici işlər naziri bəyan edib ki, Azərbaycan ərazisində saxlanılan Ermənistan vətəndaşlarının vətənə qaytarılması vacibdir.

Daha əvvəl Azərbaycan Ermənistana dörd girovun – hər tərəfdən iki nəfər olmaqla dəyişdirilməsini təklif etmişdi. Söhbət Azərbaycanda 20 il müddətinə azadlıqdan məhrum edilən Karen Kazaryandan gedir. Azərbaycanda onu diversant, Ermənistanda isə psixi sağlamlığı yerində olmayan şəxs hesab edirlər. Azərbaycanda saxlanılan ikinci Ermənistan vətəndaşı hərbçi Araik Kazaryandır. Azərbaycan tərəfinin versiyasına görə, əsgər qeyri-insani davranışa məruz qaldığı üçün hərbi hissədən qaçıb, Ermənistanda isə belə hesab edirlər ki, o, yolunu azıb.

Azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyev Qarabağda qətl, casusluq və oğurluq ittihamları ilə müvafiq olaraq ömürlük və 22 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. Azərbaycanda isə hesab edirlər ki, onlar Ermənistanın nəzarətində olan ərazilərə doğmalarının məzarlarını ziyarət etmək üçün gediblər.

Görüşdə o cümlədən də daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsi vasitəsilə etimad atmosferinin formalaşdırılması məsələsi də müzakirə olunub.

Görünən odur ki, söhbət Zohrab Mnatsakanyan və Elmar Məmmədyarovun 2019-cu ilin aprelində Moskvada baş tutan görüşünün yekunlarından gedir. Nazirlərin görüşündən sonra dərc olunan  ənənəvi birgə bəyanatda deyilir:

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəflərin Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik vasitələrlə nizamlanması üzrə səyləri davam etdirmək niyyətlərini təsdiqləyiblər. Münaqişə zonasında bundan sonra da vəziyyətin stabilləşdirilməsində, o cümlədən də kənd təsərrüfatı işləri zamanı, maraqlı olduqları qeyd edilib.

 Onlar həmçinin tərəflərin ərazilərində həbsdə olan insanların doğmalarını onların yanına buraxmaqla bağlı birgə əsasda tədbirlərin görülməsi haqda şərt kəsiblər. Nazirlər insanlar arasında əlaqələrin qurulması, o cümlədən də KİV nümayəndələrinin qarşılıqlı səfərləri üzrə praktiki işlərə başlamağa hazır olduqlarını ifadə ediblər”.

Bundan əvvəlki görüş haqda

Mnatsakanyan və Məmmədyarovun son görüşü 2019-cu ilin iyununda baş verib. Bu, on il müddətində Ermənistan və Azərbaycan XİN rəhbərlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə ABŞ-da baş tutan ilk görüşü idi.

Danışıqlar başa çatandan sonra vasitəçilər ənənəyə uyğun olaraq bəyanat dərc etdilər. O zaman onlar Ermənistan və Azərbaycanı qoşunların təmas xəttində təxribatlardan çəkinməyə çağırdılar.

Ekspertlər birliyi bu bəyanatı geriyə addım kimi dəyərləndirdilər, çünki 2019-cu ilin yanvarında XİN rəhbərləri əhalini sülhə hazırlamaqla bağlı razılığa gəlmişdi. Elə o zaman nazirlər sərhəddəki vəziyyəti və hətta humanitar sahədə qarşılıqlı fəaliyyətin qurulması imkanlarını müzakirə etmişdilər.

Görüş ərəfəsində sərhəddə insident

Dağlıq Qarabağ Ordusunun saytında sentyabrın 23-də səhər Azərbaycan tərəfindən diversiya cəhdinin qarşısının alındığı haqda məlumat yayılıb.

“Müdafiə Ordusunun post tərkibinin savadlı fəaliyyəti nəticəsində rəqib ilkin mövqeqinə sıxışdırılıb, neytral ərazidə həlak olan bir nəfərin meyiti qalıb. Müdafiə Ordusu itki verməyib”, – məlumatda deyilir.

Azərbaycanın Müdafiə Nazirliyi hərbçinin həlak olduğunu təsdiqləyib, amma diversiya cəhdi haqda məlumatı təkzib edib.

Azərbaycan tərəfinin məlumatına görə, əsgər yolunu azıb və neytral ərazidə öldürülüb. Bununla belə Qarabağın Müdafiə Ordusunun mətbuat xidməti bildirir ki, diversiya cəhdinin bəzi epizodları videokamera tərəfindən qeydə alınıb.

Yerevandan ekspert fikri

Ermənistanlı ekspertlər fəallıq göstərmir və Xarici İşlər Nazirliyinin yaydığı bəyanatdakı ənənəvi ifadələri şərh etmir. Yeni təkliflərin olmaması ancaq bir şeydən xəbər verə bilər, danışıqlar hələlik dalana dirənib.

“Baxış” Tətbiqi Siyasət və Tədqiqat Analitik Mərkəzinin direktoru Anna Karapetyan görüşdən bir gün öncə bildirib ki, sıçrayış gözləmir:

“Təbii ki, sərhəddəki vəziyyət müzakirə olunmalıdır, atəşkəs rejiminə əməl edilməməsi ilə bağlı ilə bağlı ittihamlar səslənməlidir… Ümumi atmosfer səmərəli dialoq üçün qətiyyən əlverişli deyil, qəti addımlar gözləmək real deyil, Stepanakertin iştirakı olmadan humanitar məsələlərin müzakirəsi isə sadəcə məntiqli deyil”.

Anna Karapetyan Azərbaycan tərəfindən diversiya cəhdi haqda da fikrini bildirib:

“Azərbaycan danışıqları güc tətbiqi təhdidi şəraitində aparmaq siyasətini davam etdirir. Bu yaxınlarda Azərbaycan XİN-i açıq mətnlə bildirdi ki, onlar təmas xəttində atəş səslərinin ucalması şəraitində danışıqların aparılmasında problem görmürlər. Yəni Azərbaycan Ermənistan tərəfinə [hərbi] təhdid yolu ilə təzyiq göstərməyə çalışır”.

Bakıdan ekspert fikri

JAMnews-un Bakıdakı siyası şərhçisi Şahin Rzayev vəziyyəti belə şərh edir:

“Azərbaycan güc tətbiqi ehtimalını istisna etmədən danışıqlar aparır. Buna əsaslı səbəblər var – bizim ərazilərimiz işğal altındadır və BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətraf ərazilərindən çıxarılmasını nəzərdə tutan dörd qətnaməsi Ermənistan hökuməti tərəfindən iqnor edilir.

Bu ərazilərdə Ermənistan Respublikasından olan çağırışçılar hərbi xidmət keçir. Azərbaycan hökuməti bunu ərazilərin azad edilməsi üzrə hərbi əməliyyatların başladılması üçün yetərli səbəb hesab edir, amma yenə də ictimai təzyiqə baxmayaraq, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə sülh nizamlaması prinsiplərinə sadiq qalır.

Hər iki tərəfdən vaxtaşırı “yolunu azan əsgərlər” olur. Meyitlərin təhvil verilməsi (aprel 2016) və girovları ziyarət etmək imkanı kimi humanitar məsələlərin aperativ həllinə kömək edən beynəlxalq vasitəçilərin, ilk növbədə də BQXK-in səylərini dəyərləndirmək lazımdır”.


More on JAMnews