Nairi Unanyan şərti azadlığa buraxılmasını istəyib, amma onun vəsatəti heç məhkəməyə gedib çıxmayacaq. Niyə? Bütün təfərrüatlar" />

20 il əvvəl Ermənistan parlamentinə silahlı hücum edən terrorçuların başçısı həbsdə qalacaq. Yenilənib

Nairi Unanyan şərti azadlığa buraxılmasını istəyib, amma onun vəsatəti heç məhkəməyə gedib çıxmayacaq. Niyə? Bütün təfərrüatlar

Nairi Unanyan, Ermənistanda terror aktı, Vazgen Sarqsyan
Nairi Unanyan, Ermənistanda terror aktı, Vazgen Sarqsyan

Photo: infosarm

1999-cu il oktyabrın 27-də terror aktı törədən silahlı qruplaşmanın başçısı Nairi Unanyan şərti azadlığa buraxılması ilə bağlı vəsatət qaldırıb. O, ömürlük azadlıqdan məhrum edilib və artıq 20 ildir ki, həbsdədir.

Bu müddət başa çatandan sonra ömürlük məhkumlar vaxtından tez azad edilmələri üçün vəsatət qaldıra bilər, Unanyan da bu hüququndan yararlanıb.

Amma işin məhkəməyə gedib çatması üçün Cəzaların İcrası Xidməti və Sınaq Xidmətinin müsbət rəy verməsi lazımdır. Bu iki xidmət isə Nairi Unanyanın vaxtından tez şərti azad edilməsi ilə bağlı mənfi rəy verib.

Bu o deməkdir ki, vaxtından tez şərti azadlığa buraxılması məsələsi məhkəməyə gedib çıxmayacaq.

Əldə ediləndən sonra on gün müddətində bu qərardan məhkəməyə şikayət etmək mümkündür.

Bu halda da məhkum belə bir seçim qarşısında qalır:

• əgər məhkum administrasiyanın verdiyi qərardan şikayət etməzsə, o zaman vaxtından tez şərti azadlığa buraxılması məsələsinə yenidən il yarımdan sonra baxıla bilər;

• cəzacəkmə müəssisəsinin rəhbərliyinin qərarından şikayət verdiyi və şikayətinin məhkəmə tərəfindən rədd edildiyi təqdirdə isə vaxtından tez şərti azadlığa buraxılması məsələsinə yenidən yalnız üç il sonra baxılması mümkündür.

24 oktyabr 2019

1999-cu il oktyabrın 27-də nə baş verib?

Silahlı qruplaşma Ermənistanın Milli Məclisinin iclas zalına soxularaq 8 nəfəri güllələyib. Onların arasında parlament spikeri, iki vitse-spiker, baş nazir , üç deputat və bir nazir olub.

Qrup bu aksiyanı törədib ki, baş nazir Vazgen Sarqsyanı istefaya getməyə məcbur etsin, qrup üzvlərinin öz diliylə desək, bununla onlar“ölkəni dağılmaqdan xilas etmək” istəyiblər.

Qrupun lideri Nairi Unanyan idi. Həmin vaxt iclas zalında olan jurnalistlərin daha sonra danışdıqlarına görə, Unanyan Vazgen Sarqsyana yaxınlaşıb və bu sözləri deyib: “Bəsdir, bizim qanımızı içdiz”. Vazgen Sarqsyan cavabında deyib: “Hər şey sənin və övladlarının naminə edilir”. Bundan sonra Nairi atəş açıb. Vazgen Sarqsyan həlak olub.

“Sadə sahə müvəkkilinin” aça biləcəyi açılmamış işin təfərrüatları

Şahidlər qeyd edirlər ki, atəş səsləri küçədən eşidilib. İlk atəş səslərindən yarım saat sonra parlament binası qarşısında minlərlə insan toplaşıb, DİN qüvvələri əraziyə gətirilib.

Terrorçular təxminən 50 nəfəri – deputatları və nazirləri girov götürüb. Onlar prezident Robert Koçaryanla danışıqlar tələb ediblər.

Danışıqlar baş tutub. Terrorçular onlara canlı efirə çıxmaq imkanının yaradılmasını, həmçinin ədalətli mühakiməyə zəmanət verilməsini tələb ediblər. Bu danışığın təfərrüatları bu günə qədər məlum deyil.

Oktyabrın 28-də girovlar azad edilib, silahlı qruplaşma üzvləri isə həbs edilib.

Parlamentdəki terror aktından beş il sonra məhkəmə onlar haqda qərar çıxarıb. Bir nəfərdən başqa qruplaşmanın bütün üzvləri ömürlük həbsə məhkum edilib.

Cinayətkarların heç birinin məhkəmədə səsləndirdikləri son sözündə təəssüf və ya peşmanlıq ifadə etmədiyini Ermənistanda hələ də xatırlayırlar.

“İşin nəticəsi bəllidir” – ədliyyə naziri

Nairi Unanyanın müraciətinə 80 gün müddətində baxılmalıdır.

Ədliyyə naziri Rüstəm Badasyan parlament deputatlarının banda başçısının azad edilməsinin mümkünlüyü ilə bağlı suallarına cavab verərkən, bu ehtimalın az olduğunu təxmin edib. O, məhkumun vaxtından azad edilməsi haqda vəsatətinin təmin edilməsi prosedurunun təfərrüatlarını açıqlayıb və müsbət nəticəyə niyə inanmadığını izah edib.

Müraciəti alandan sonra sınaq xidməti və cəzaların icrası xidməti rəy verməlidir. Əgər hər iki xidmət müsbət rəy verərsə, məhkumun vəsatəti məhkəməyə göndərilə bilər. Yox əgər bu strukturlardan biri müsbət, digəri isə mənfi rəy verərsə, o zaman məsələyə məhkumun yazılı razılığı ilə məhkəmə qaydasında baxılır. Hər iki struktur mənfi rəy verdikdə isə müraciət rədd edilir.

Nazir bilidirib ki, cəzaların icrası xidməti artıq mənfi rəy verib və böyük ehtimalla sınaq xidməti də eyni şeyi edəcək.

“Düşünürəm ki, işin nəticəsi bəllidir”, – Badasyan deyib.

Yəni ədliyyə nazirinin fikrincə, iş heç məhkəməyə gedib çıxmayacaq.

Başqa rəy

 Parlamentin Müdafiə və Təhlükəsizlik Daimi Komissiyasının sədri Andranik Koçaryan ehtimal edir ki, Nairi Unanyanın vəsatəti ilk növbədə özünü ifadə etmək imkanı və cəhdidir:

“Əgər Nairi Unanyan istintaq orqanına cəmiyyətə indiyə qədər məlum olmayan epizodlarla bağlı əhəmiyyətli məlumat təqdim etməyə hazır olarsa, o zaman əlbəttə ki, biz bu imkanı tam reallaşdırmağa çalışarıq…

Amma bunun başqa siqnal olması da mümkündür. Hansısa insanlar ona azadlığa çıxmaq imkanının olduğuna dair ümid vermiş ola bilərlər. Amma bunun dəqiq hakimiyyətlə heç bir əlaqəsi yoxdur”.

Açılmamış cinayət 

Cinayətin icraçıları cəzalandırılıb, amma Ermənistanda çoxları hesab edir ki, işin sifarişçiləri də olub və onların adları hələ də naməlum qalır. Cinayətin həqiqi motivi də indiyə qədər aydın deyil.

Bir neçə versiya mövcuddur. Onlardan birinə əsasən, Ermənistan parlamentində törədilən terror aktı digər dövlətlərin xüsusi xidmət orqanları tərəfindən təşkil edilib.

Digər versiyaya görə isə cinayətin təşkilatçısı o zamankı prezident Robert Koçaryandır. Deyilənlərə görə o, bu yolla siyasi rəqiblərini – terror aktı zamanı qətlə yetirilən spiker Dəmirçiyan və baş nazir Sarqsyanı aradan götürmək istəyib.

Silahlı qruplaşma və terror aktı şahidlərinin aqibəti necə olub? 

Qrup lideri Nairi Unanyan sapsağlam həbsxanada həyatını davam etsə də, onun əlbir olduğu şəxslərin, o cümlədən də terror aktı şahidlərinin çoxu aydın olmayan vəziyyətdə həlak olub.

27 oktyabr 1999-cu ildə parlament binasında törədilən terror aktında iştirak etdiyi üçün ömürlük həbsə məhkum edilən Eduard Qriqoryan 2017-ci il noyabrın 5-də vəfat edib.

Ölümündən əvvəl Eduard Qriqoryan “27 oktyabr” işi üzrə “cəmiyyətdən israrla gizlətməyə çalışdıqları” həqiqətləri danışacağını vəd etmişdi.

Əldə olan məlumata görə, gecə Eduard Qriqoryanın ürək nahiyəsində kəskin ağrı başlayıb. Təcili yardım onu xəstəxanaya çatdırıb və o, orada keçinib.

Eduard Qriqoryandan əvvəl terror aktında iştirak edən və “27 oktyabr” işi üzrə şahid olan daha 8 nəfər həyatını itirib.

2000-ci ildə şübhəli şəxs qismində cəlb edilmiş ixtisasca elektrik olan Norayr Yeqizaryan cəza müəssisəsində öz kamerasında rəsmi məlumata görə, elektrik cərəyanının vurması nəticəsində ölüb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Yeqizaryanın ölümünə  220 Voltluq cərəyan səbəb olub.

Bununla belə mətbuatda dərc olunan məlumatlara görə, Norayr Yeqizaryanın başında zərbə izləri aşkarlanıb, amma rəsmi mənbələr bunu təsdiqləməyib.

Bir müddət sonra 2004-cü ildə “27 oktyabr” terror aktının ömürlük həbsə məhkum edilmiş digər iştirakçısı Vram Qalstyan öz kamerasında rəsmi məlumata görə, intihar edib. Məhkəmə araşdırması zamanı Vram Qalstyan dəfələrlə insanların həqiqətləri bilməməsi üçün onun bədəninə psixotrop maddələr yeridildiyini və hər yolla intihara sövq edildiyini bildirmişdi.

2010-cu ilin mayında eyni cəza müəssisəsində “27 oktyabr” hadisəsi ilə əlaqədar 14 il müddətinə azadlıqdan məhrum edilmiş Hamlet Stepanyan da ölüb. Onun cəza müddətinin bitməsinə artıq iki il qalmışdı. İlkin ekspertiza rəyinə əsasən, 57 yaşlı Hamlet Stepanyanın ölümünə ürək tutması səbəb olub. Onun müdafiəçiləri isə bildirirdilər ki, Stepanyanın daha əvvəl ürəklə bağlı heç bir problem olmayıb.

Nairi Unanyanı yaxından tanıyan, “27 oktyabr” işinə şahid qismində cəlb olunan jurnalist, İctimai Televiziya Şurasının sədri Tiqran Naqdalyan 2002-ci ildə Yerevanda valideynlərinin evindən çıxarkən qətlə yetirilib.

2004-cü ildə Aparan-Yerevan yolunda parlamentin deputatı Muşeq Movsisyan qəzaya düşüb. Vaxtilə o, “27 oktyabr” işi üzrə saxlanılıb, bir müddət sonra isə azad edilib. Qəzadan sonra dəfələrlə əməliyyat olunsa da, Movsisyan özünə gəlmədən keçinib.

Yenə də 2004-cü ildə işdə şahid qismində dindirilmiş parlamentin tibb bacısı Roza Ohanesyan  ABŞ-da qəza nəticəsində həyatını itirib. Terror aktı günü o, parlamentdə iş başında olub.

2004-cü ildə Milli Məclisin binasında protokol şöbəsinin əməkdaşı, 45 yaşlı Asmik Abramyan özünü asaraq intihar edib. Onun adı da bu iş üzrə şahidlərin siyahısına daxildi.

2014-cü ildə əsas şahidlərdən biri – Ermənistanın Milli Televiziyasının müxbiri və şərhçisi, Nairi Unanyanın yaxın dostu Tiqran Nazaryan ABŞ-da dünyasını dəyişib. O, terror aktı baş verən gün Milli Məclisin zalına girib, 2 saata yaxın silahlı qruplaşmanın başçısı ilə danışıq aparmışdı.


More on JAMnews