Heç bir ölkə mövcud münaqişələri birdəfəlik nizamlamaq və dövlətüstü, regional kommunikasiyalar sistemini yaratmaq istəmir" />

Cənubi Qafqaz. Dar pencəkli region

Heç bir ölkə mövcud münaqişələri birdəfəlik nizamlamaq və dövlətüstü, regional kommunikasiyalar sistemini yaratmaq istəmir

Foto: Qevorq Kazaryan

Cənubi Qafqaz regionu dünyada kommunikasiyalar baxımından ən qapalı regionlardan biridir, artıq böyümüş, amma köhnə, əyninə dar olan kostyumunu geyinməyə məcbur edilən uşaq kimi.

Bu yaxınlarda Gürcüstanda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Fars körfəzini Cənubi Qafqaz vasitəsiylə Qara dənizlə bağlamağa kömək edəcək regional kommunikasiyalar sistemini yaratmaq təklifi etdi. Zərif əsasən İran-Azərbaycan-Gürcüstan istiqamətindən danışsa da, İran-Ermənistan-Gürcüstan yolu da fəal müzakirə olunur.

Həmin günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Abxaziyaya səfər edir və bildirir ki, Rusiya və Abxaziya Rusiya ilə Ermənistan arasında Abxaziya vasitəsiylə əlaqələr üçün kommunikasiyaların işə salınmasında heç bir problem görmürlər. Faktiki olaraq, Rusiya tanınmamış Abxaziyadan kommunikasiyaların açılması haqda təklifi yenidən aktuallaşdırır.

Bu iki təklifin bir-biriylə bağlı olub-olmadığını demək çətindir, amma onların demək olar ki, eyni vaxtda səsləndirilməsi Cənubi Qafqaz vasitəsiylə kommunikasiyaların açılması işində güclü geosiyasi qarşıdurmanın olmasına işarə edir.

Gürcüstan hər iki təklifi cavabsız qoydu, amma Cənubi Qafqazda regional kommunikasiyaların açılması məsələsinin ümidsiz kimi görünməsinə baxmayaraq, deyəsən artıq bunun zamanı çatıb və çox vaxt keçməyəcək ki, artıq ən naharat yerlərdə sıxan bu köhnə pencək cırıq-cırıq olacaq.

Cənubi Qafqazda hər kəs hər kəsi blok edir:

1. Azərbaycan və Türkiyə açıq şəkildə Ermənistanı izolə edir və bunu dövlət siyasəti elan edirlər;

2. Gürcüstan Rusiya ilə Ermənistan arasında xüsusən də hərbi kommunikasiyaları blok edir;

3. Rusiya Ermənistan vasitəsiylə İranın Qara dənizə və Avropaya çıxışı planlarına mane olur;

4. İran öz dəmir yolunu Azərbaycanın dəmir yolu ilə birləşdirməyə tələsmir və illərlə kiçik Astara-Reşt hissəsinin tikintisindən imtina edərək, bununla da Azərbaycanı “dalana”çevirir;

5. Qərb Qars-Tbilisi-Bakı dəmir yolunun tikintisini bəyənməyərək, Türkiyəni bloklayır və Ermənistanın tam izoləsinə imkan vermir.

Bu da hələ regional “Qorduyev düyünü”nün görünən laylarıdır, bu düyünü açmaq da nəinki ayrıca bir ölkənin, heç alyansın da gücü daxilində deyil. Regionun heç bir ölkəsi mövcud münaqişələri birdəfəlik nizamlamaq və ya bir səviyyə yuxarı qalxıb, dövlətüstü, regional komunikasiyalar sistemini yaratmaq istəmir.

İran, belə görünür ki, Qarabağ, Abxaziya və digər münaqişələr birdəfəlik həll olunmadan kommunikasiyaların açılması ideyasını irəli sürməyə çalışır. Amma Tbilisinin susqun reaksiyası ona işarə edir ki, hələlik region buna hazır deyil və köhnə pencəyi tərcih edir.

Türkiyə ilə Azərbaycan da İranın planlarına çox ehtiyatla yanaşır və öz layihələrini, o cümlədən də deyilənə görə, bu ilin yayında açılmalı olan Qars-Tbilisi-Bakı dəmir yolu layihəsini irəli sürürlər. Yolun açılışı dəfələrlə təxirə salınıb və aydın deyil ki, region ölkələri layihəni sona çatdıra biləcəklər ya yox.

İranın təkliflərinə əngəl törətmək daha çox rəsmi Bakının İrana inamsızlığı ilə bağlıdır. Təsadüfi deyil ki, Azərbaycan artıq neçə illərdir ki, İran vətəndaşlarına vizasiz rejim tətbiq etməkdən imtina edir. Belə bir fikir də var ki, Bakı təkidlə Qarabağ münaqişəsi nizamlanmadan Tehrana Naxçıvan vasitəsiylə dəmir yolu əlaqəsinin açılışına razılıq vermir. Düzdür, Tehran rəsmi şəkildə bu təklifi səsləndirməyib.

Amma burada məsələ təkcə Azərbaycanda və Gürcüstanda deyil, həm də Ermənistandadır. İranın kommunikasiya planları bir istiqamətdə deyil: Azərbaycan vasitəsiylə İran Rusiya ilə əlaqə yarada biləcək, amma Gürcüstanın Qara dəniz sahilinə çıxmaq üçün İran Ermənistanla razılığa gəlməlidir.

Ermənistan isə Avrasiya Birliyinə daxil olandan sonra, bu cür məsələləri suveren rejimdə həll edə bilməz. İranın ikitərəfli əməkdaşlıqla bağlı bütün təkliflərinə Ermənistan Avrasiya Birliyi ilə İran arasında körpü olmaq istəyi haqqında tezisi mantra kimi təkrar edir. Və bu mantra da o qədər təkrar edildi ki, İran AİB ilə Ermənistan vasitəsiylə Azad Ticarət Zonası haqqında müqavilə imzalamaq qərarına gəldi. Bu müqavilə aprelin 14-də Bişkekdə AİB-in sammitində imzalanmalıydı, amma sonradan xəbər verildi ki, tərəflər detallarda razılığa gələ bilmədilər.

Aprelin 19-da isə bildirildi ki, Ermənistan İranla Azad Ticarət Zonasının yaradılması yolunda ilk addımını atıb. Ermənistanın iqtisadi inkişaf və sərmayələr naziri Suren Karayan “Syunik azad ticarət zonası” ASC-nin direktoru Yervand Qukasyanla İranla sərhəddə Azad İqtisadi Zonanın (AİZ) fəaliyyətini nizamlayan müqavilə imzalayıb. Amma bu əhəmiyyətsiz addım Ermənistanın tələsməməyindən xəbər verir.

Ekspertlər bildirir ki, İranla Ermənistanın (daha sonra da Gürcüstanın) iqtisadi əməkdaşlığının inkişafını Rusiya fəal şəkildə bloklayır. Moskvada İranın regional kommunikasiyalar yaratmaqla bağlı  təkliflərinin Rusiyanın maraqlarına zidd olduğunu bildirirlər.  “Vzqlyad” qəzeti Zərifin Tbilisiyə səfəri ilə bağlı “İranın nəqliyyat layihəsi Rusiyanın planlarına təhdiddir” adlı geniş məqalə dərc edib. Qəzetin sorğu etdiyi ekspertlər deyirlər ki, İrandan Ermənistan  və Gürcüstan vasitəsiylə nəqliyyat dəhlizi tək Rusiyanın deyil, həm də Türkiyənin maraqlarına ziddir.

Regionda həll olunmayan problemlər düyünü ona işarə edir ki, Cənubi Qafqaz şampan şüşəsinin ağzında tıxac olaraq qalacaq. “Partlayış”ın nə vaxt baş verəcəyini əvvəlcədən heç kim deyə bilməz, xüsusən də indiki şəraitdə, ABŞ özünün İranla nüvə müqaviləsinə münasibətini yenidən nəzərdən keçirməyə cəhd edəndən və regionda yeni hərbi-siyasi qarşıdurma ocağının yaranma ehtimalı olandan sonra.


More on JAMnews