Gürcüstanın “yay paytaxtında” turistləri və iş adamlarını cəlb edən nədir? " />

Cəlbedici Batumi

Gürcüstanın “yay paytaxtında” turistləri və iş adamlarını cəlb edən nədir?

Batumi Gürcüstanın qərbində Qara dəniz sahilində kurort şəhəridir. Bu şəhər Türkiyə ilə sərhəddə yerləşən Acarıstan Muxtar Respublikasının paytaxtıdır. Bu, əcnəbi matrosları, yadelli işbazları, qastrola gələn musiqiçiləri və sadəcə turistləri qarşılayıb yola saldığı üçün müxtəlif dillərdə danışmağa alışmış rəngarəng liman və kurort şəhəridir. Bu yay Batumi digər illərlə müqayisədə daha çox qonaq gözləyir. 

 

Hətta Batumiyə hər il gəlsəniz belə bu şəhər hər dəfə sizi fərqli qarşılayacaq, sanki bir qədər cavanlaşmış halda: məsələ sadəcə yeni kafe, restoran və ya mağazalarda deyil, ən əsası ilk baxışda gözə dəyməyən detallardır: məsələn, sahilyanı bulvara döşənmiş yeni plitələr, çimərlikdəki yeni çətirlər, ya da binaların axşamları rəngləndirən yeni işıqlandırması.

Builki mövsüm üçün Batumi duş kabinələrini və şezlonqları təzələyib. Hər ikisinin əlvan rəngi bulvarı bəzəyir. Batumi bulvarı şəhər həyatının özünəməxsus episentridir. Bura həm yerliləri, həm də gəlmələri cəlb edir – bura həm sevgi görüşünə, həm də işgüzar görüşə gəlirlər, burada qəhvə içir, ya da nahar edirlər, uşaqları və ya itləri gəzdirirlər, velosiped sürür, top oynayır, ya da klubda rəqs edirlər –  variantlar çoxdur, çünki bulvarın özü kifayət qədər uzundur – 7 kilometrə yaxın.

Bulvarın inşasına 19-cu əsrdə başlayıblar, 21-ci əsrdə isə sona çatdırıblar: 2004-cü ildə dəniz sahili boyu artıq mövcud olan parkı 1200 metrə qədər uzadıblar. Yeni tikilmiş hissəni “Yeni bulvar”, bu ətrafda inşa olunan yeni evləri isə tezliklə “Yeni Batumi” adlandırıblar.

Şəhərin bu yeni hissəsi öz yaranışına görə əvvəlki siyasi komandaya borcludur, məhz onlar bu kurort şəhərində böyük yenidənqurmanın əsasını qoyublar. Gürcüstanın əvvəlki prezidenti Mixail Saakaşvilinin iqtidarı dövründə Batumidə onlarla bina inşa edilib. Bu binalar arasında cəsarətli layihələr az deyil, hansılar ki, əcaib görünüşlərinə baxmayaraq, tezliklə sevildilər, hətta şəhərin yeni vizit kartlarına çevrildilər. Məsələn, ArchDaily informasiya portalı tərəfindən 2013-cü ilin ən yaxşı kommersiya binası elan olunan “McDonalds” restoranı, batumililərin qəribə görünüşünə görə “butulka” adlandırdığı Ədliyyə Evinin binası, “tərs çevrilmiş” Kolizey mehmanxanası və çox sayda adi çoxmərtəbəli bina.

Məsələn, Batumidə həm də “Yeni bulvar” adlandırılan Ximçiaşvili prospektində, dənizin yüz metrliyində yerləşən bu 24 mərtəbəli yaşayış binaları.

“Təbiət və biznesin sadəliyi”

Bu çoxmərtəbəli binaların birində ukraynalı biznesmen Vladimir Xolmoqorov mehmanxana açıb. İlk dəfə Vladimir Gürcüstana 2009-cu ildə gəlib.

“Acarıstanda məni hər şey cəlb edirdi. İnkişaf edən infrastruktur, təbiət, biznes quruculuğunun sadəliyi. Mən bilirdim ki, Gürcüstanın vergi qanunvericiliyi çox təkmildir və çox asan biznes qurmaq mümkündür, xüsusən də Ukrayna ilə müqayisədə. Buna görə də, Ukraynanın iqtisadi cəhətdən daha inkişaf etmiş olmasına və alıcılıq qabiliyyəti də orada daha yüksək olmasına baxmayaraq, çoxları, o cümlədən də mən öz işimizi Gürcüstanda açmaq qərarına gəldik”.

Vladimir 2014-cü ildə bura köçüb. O zaman qədər o, bir neçə dostunu Batumidəki yeni inşa edilən binalarda mənzil almağa razı salıb – həm sərfəli yatırımdır, həm də paylar hesabına 24 mənzil əldə edib, onlardan da hazırda “Orbi” adlanan üç ulduzlu mehmanxana yaranıb.

“Daşınmaz əmlak almaq həm sərfəlidir, həm rahat – həm özün istədiyin vaxt dənizdə dincəlirsən, dostlarını qəbul edirsən, həm də mənzil kirayə verib, pul qazanırsan. Hara fırlatsan, yenə də qazanclısan. Bizim 24 mənzilimiz bir mərtəbəni tutur. Bu, üç ulduzlu oteldir, bahalı kateqoriyasında deyil. Bizim ən bahalı mövsümümüz avqust ayında olur, o vaxt sadə nömrələrimizin qiyməti 80-dən 160 dollara qədər olur. Qışda eyni nömrəni 20 dollara tutmaq olar. Yayda bizdə qalmaq istəyən qonaqların sayı o qədər çox olur ki, çox vaxt boş yer qalmır. Biz Ukrayna, Belarus, Rusiya və Qazaxıstanın turizm agentlikləri ilə işləyirik. Bu il İrandan olan tərəfdaşlar da siyahıya əlavə olunub”.

Vladimir deyir ki, hakimiyyət dəyişikliyindən sonra da sərmayə axını hiss olunur – Acarıstanda inşaat işləri davam etdirilir.

“Acarıstanda turizmin inkişafına nə mane olur?” sualının cavabında Vladimir belə dedi:

“Avropa şəhərlərinə 40 dollara uçmaq mümkündür, Gürcüstana səfər isə 200 dollara başa gəlir. Dostlarımın çoxu Gürcüstana gəlmək istəyir, amma məhz biletlərin baha olması üzündən gəlmirlər”.

Vladimirin sözlərinə görə, Batumi aeroportu nadir hallarda krayna və Avropadan ucuz reyslər qəbul edir. Loukosterlər əsasən Kutaisiyə uçur, ora isə Batumidən bir neçə saatlıq məsafədədir.

Hostel sahibəsi

Batumi heç də böyük deyil, amma çox müxtəlifdir. Yeni şəhərin çoxmərtəbəli binaları Mayamini və ya Tel-Avivi xatırlada bilər, mərkəzi rayonlara qayıtdıqda isə yenidən əsl Gürcüstana düşmüş olursuz. Alçaq binalar, səs-küylü həyətlər, üzüm təhənginin kölgəsində nərd oynayanlar, ipə sərilmiş paltarlar. Batuminin bir çox köhnə evlərində bu gün hostellər açılıb.

Rusudan içinadze öz hostelini beş il əvvəl açıb. Bu hostel “Qlobus” adlanır və Batuminin köhnə rayonunda, Mazniaşvili küçəsində yerləşir.

Rusidan ixtisasca iqtisadçıdır. Turizmlə məşğul olmaq qərarına gələndən sonra o üçaylıq peşəkar kursları bitirib.

“Bizdə əsasən yaxın xaricdən və Avropadan olan qonaqlar qalır, velosipeddə, ya da motosikletdə gələn, qalacağı yer üçün çox pul xərcləməyə alışmamış insanlar. Adətən bu insanlar dünyanın o qədər görməli yerlərini gəzmiş olurlar ki, adama elə gəlir, onları artıq heç nə ilə təəccübləndirmək olmaz. Qonaqlarımız deyirlər ki, hosteldə onlar ünsiyyət axtarırlar – həm digər qonaqlarla, həm də hostel sahibləri ilə. Qəhvə içib, uzun söhbətlərə toplaşdığımız həyət onların xoşuna gəlir. Bura kirayənişinlərimizdən birinin o qədər xoşuna gəlmişdi ki, öz vətənində – Polşada inzibatçımız üçün mehmanxana işi üzrə təlim təşkil etdi”.

Hostel tam gücü ilə işləməyə başlayanda Rusudanı Acarıstan Turizm və Kurortlar Departamentində müşavir vəzifəsinə dəvət ediblər. Düzdür, orada çox qalmayıb – strukturun gərəksizliyinə əmin olandan sonra ordan gedib, çünki Şura üzvlərinin qaldırdıqları problemlər həll olunmadan qalırmış. Rusudanın sözlərinə görə, Acarıstanda turizm sahəsində problemlər az deyil və kommunal xərclərin həcmi əsas problemlərdən biridir.

“Bura dəfələrlə gələnlər üçün qiymətləri azaltmaq istəyərdim. Amma bunu edə bilmirəm – elektrik, qaz, su – bütün bunlar çox bahadır. Mənə elə gəlir ki, dövlət bu məsələ ilə məşğul ola bilərdi. Məsələn, qonşu Türkiyədə xırda biznesi dəstəkləməyə çalışırlar – hostel sahiblərinə kommunal xərclərdə güzəşt edirlər, məsələn suya görə bir qədər daz pul ala bilirlər. Bu bizə böyük yardım olardı”. 

Göyərtədə rəqs

Batumiyə günəş, dəniz və təəssüratlar dalınca gəlirlər. Bütün bunları göyərtədən delfinləri izləyə biləcəyin açıq dənizdən savayı harda əldə etmək mümkündür? Xviça Tantava altı il əvvəl gəzinti gəmisi alıb. Gəmi 1997-ci ildə istehsal olunub – gəmi üçün bu, uşaq yaşıdır, Xviça izah edir, savadlı istismar edilərsə ömrü yüz ildən çox ola bilər.

Biz göyərtədə Xviça ilə ünsiyyətdə olduğumuz müddətdə körpüdə, gəminin qarşısında bir qrup uşaq və bir neçə qadın toplaşır – görünüşlərindən məktəb ekskursiyası olduğu bəllidir. Böyüklər qiyməti razılaşdırmaq üçün dialoqa girir. Katerdə yarım saatlıq gəzinti uşaqlar üçün 5 lari (2 dollar), böyüklər üçün isə 10 laridir (4 dollar). Böyüklər arasında qısa sürən sövdələşmədən sonra uşaqlar gəmiyə doluşur. Uşaqlar yuxarı göyərtəyə yollanırlar. Fit səsi eşidilir, kater asta-asta limandan uzaqlaşır. Bir müddət sonra musiqi səslənir və çox gözlənilməz şou başlanır – qızlar qrupu şərq rəqsləri ifa edir. Limanda hər müştəri üçün sərt rəqabət və gərgin mübarizə gedir. Buna görə də buradakı gəmilərin hər birinin turist cəlb etmək üçün öz “fəndi” var. Xviça rəqs kollektivinə üstünlük verib.

“Əgər ötən il limanda dayanmağa görə biz kvadratmetr ərazi üçün 70 tetri (təxminən 30 sent) ödəyirdiksə, bu il ödəniş 2 lariyə (80 sentə yaxın) qədər yüksəlib”, – Xviça şikayətlənir. – “Su və işıq pulu ilə birlikdə mövsüm arası məbləğ 1200 lariyə (500 dollar) çatır, yəni kater az-az olsa da dənizə çıxıb, gəlir gətirdiyi zaman. Qışda daha baha olur”.

“Məgər demək olar ki, dövlət turizmin inkişafına kömək edir? Yayda – hə, turistlər çox olur, bəs niyə heç kim məndən soruşmur ki, qış aylarında, gəmi dayanan vaxtlarda mən nə edirəm? Axı biz bu üç ayı da ödəniş edirik, heç kim bizə o aylara gör güzəşt eləmir. Əksinə, İqtisadiyyat Nazirliyindən hədləyirlər ki, biz tarifə uyğun ödənişləri etməsək, bizimkilərin yerinə başqa gəmilər çıxaracaqlar”, – kater sahibi gileylənir.

“Kənardan baxanda adama elə gəlir ki, 30 dəfə dənizə çıxdınsa, deməli, varlandın, vergilərlə yükləmək olar. Bununla belə biz hər il texniki baxışdan keçirik və məcburi təmir işləri aparırıq. Bütün xərcləri cəmləsək, ildə ən azı 20 min lariyə (8300 dollardan çox) gəlib çıxır! İş mövsümü isə qısadır, iyulun 15-dən avqustun 25-ə qədər. Sahibkar isə limanda yerpulu ödəməlidir, ekipaja əməkhaqqı verməlidir, gəmini təmir etməlidir, hansına ki, onsuz da artıq xərc çəkib. Əgər sahil boyu gəzişib, kater sahibləri ilə danışsanız, hər birinin banklara iri kredit borclarının olduğunu bilərsiz”.

Xviçinin sözlərinə görə, bütün gəzinti gəmiləri yaxt-kluba daxildir. Amma klubun nə müşahidə kamerası, nə də mühafizəsi var. Hər gəminin sahibi özü öz malının qarovulunu təşkil etməli olur. Bir şey təsəəlli edir – turist həqiqətən çoxdur. İldən ilə də onların sayı artır.  

Turistlər çoxalır

Rəsmi məlumata görə, Acarıstana gələn turistlərin sayı ildən ilə artır: 2016-cı ildə bu region milyon yarın turist qəbul etmişdi. Əsasən Türkiyədən, Rusiyadan, Ukraynadan, İsraildən və Azərbaycandan gəlirlər. İrandan, BƏM və Səudiyyə rəbistanından gələnlərin də sayı artıb. 2015-ci ilin yanvar-avqust aylarında əcnəbi turistlərin sayı 2014-cü ilin analoji dövrü ilə müqayisədə 2 faiz artıb, 2016-cı ildə isə əvvəlki illə müqayisədə artım 11,34 faiz olub. Acarıstan Turizm və Kurortlar Departamentində bu ilki göstəricilərin daha yüksək olacağını ehtimal edirlər.  

 

Batumi səhnəyə necə çıxıb?

Batumi həmişə yay istirahətinin sevimli yerlərindən olub, amma 2000-ci illərin ortalarına qədər çox nadir hallarda əcnəbi turistlər bu şəhəri öz diqqətləri ilə nazlandırırdılar. Onları cəlb etmək üçün hakimiyyət çox zəhmət çəkməli oldu. Məsələn, cinayətkarlığın kökünü kəsmək, bədniyyətlərin skeptikliyinə üstün gəlmək və sərmayə cəlb etmək lazım idi. Gürcüstanda cinayətkarlıq səviyyəsi polis islahatlarının effektivliyi sayəsində kəskin azaldı və 2012-ci ildə Saakaşvili komandasını əvəz edən yeni hakimiyyətin rəqiblərinin skeptikliyinə baxmayaraq,  Gürcüstan təhlükəsizlik üzrə beynəlxalq reytinqlərdə öz mövqeyini qoruyur. Məsələn,  2017-ci ildə Numbeo Crime Index for Country beynəlxalq reytinqində Gürcüstan dünyanın ən təhlükəsiz ölkələrindən biri elan olunub, bu hesabata əsasən Gürcüstan 125 ölkə arasında 119-cu yeri tutub (ölkələr ən az təhlükəsiz də nə təhlükəsizə doğru sıralanır). Gürcüstanın mövqeyini cinayətkarlıq səviyyəsi indeksi (20.83) və təhlükəsizlik indeksi (79.17) müəyyən edir. Eyni resursa əsasən, bilavasitə Batumidə cinayətkarlıq indeksi 22.92-dir, yəni aşağı səviyyədədir.

Regiona sərmayə vergi qanunvericiliyi sadələşdiriləndən sonra gəlməyə başladı, bu sahədə islahatlar 2000-ci illərin birinci yarısında aparıldı. Batumidə Sheraton, Radisson, Hyatt, Kempinsky, Mandarin oriental, Hilton otelləri, “Əlifbalı qüllə”, Batumi Texniki Universitetinin binası və digər binalar inşa edildi.

Qafqaz Strateji Araşdırmalar İnstitutunun siyasi təhlilçisi Qela Vasadze özü də Batumidəndir, o hesab edir ki, Acarıstan daha sürətlə inkişaf edə bilərdi.

“Əgər hazırkı hakimiyyət bu regiona əvvəlki hakimiyyət qədər vəsait yatırsaydı region daha sürətlə inkişaf edərdi. İnkişaf üçün ikinci vacib şərt daha azad bazardır, inzibati nizamlamanın və vergilərin azaldılmasıdır”, – analitik hesab edir.

Ekspertin fikrincə, regionda turizmin inkişafı üçün infrastrukturu mütəmadi olaraq inkişaf etdirmək lazımdır ki, “dünyanın ən yaxşı nümunələri səviyyəsinə” çatdırmaq mümkün olsun: “Bir də ki, regiona yeni turistik məhsullar yaradan sərmayəçiləri cəlb etmək və iş adamlarının Acarıstanda rahat çalışa bilmıəsi üçün bütün şəraiti yaratmaq lazımdır”.

 


More on JAMnews