Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə naziri Paata Zakareişvili özünün hakimiyyətdə olduğu dörd ili təhlil edir" />

Birtərəfli sülh siyasətinin kasad nəticələri haqda

Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə naziri Paata Zakareişvili özünün hakimiyyətdə olduğu dörd ili təhlil edir

Mən barış üzrə dövlət naziri postunu tutmağa razılıq verəndə təbii ki, ölkə üçün, o cümlədən də Abxaziya və Cənubi Osetiya əhalisi üçün nə etməli olduğumla bağlı təsəvvürüm varıydı. Onda düşünürdüm ki, 100 faiz nəzərdə tutulandan azı 80 faizini həyata keçirmək mümkün olsa bu, əla nəticə olacaq.

Bu gün, dörd ildən sonra vəziyyəti qiymətləndirərkən 30 faizin yerinə yetirildiyini görürəm. Amma bunu da yaxşı nəticə hesab etmək olar.

Birinci nəticə. Müharibə olmayacaq

Əldə olunan əsas nəticə ondan ibarətdir ki, biz 25 il ərzində Suxumi və Sxinvaliyə ötürdüyümüz ancaq bir “Dediyimiz kimi olacaq mesajına son qoyduq.

Məhz bu siyasət 2008-ci ildə baş verənlərə gətirib çıxardı, çünki siyasətçi militarist ritorikasından istifadə edəndə, onun quluna çevrilir və sülhə şans saxlamır. Bu, həmin dövrdə “Milli hərəkatın başına gəldi. Onlara elə gəlirdi ki, bu cür ritorika ilə əks tərəfi qorxutmaq və təhdidedici bəyanatarla nəyəsə nail olmaq mümkün olacaq.

Rusiya “Milli hərəkatın avantür və volyuntarits siyasətindən çox yaxşı istifadə edə bildi və 2008-ci ildə müharibənin başlanmasına nail oldu. Bunun nəticəsində də ərazilərimiz işğal olundu, sonra da Rusiya onların müstəqilliyini tanıdı.

Biz bu, sürətlə irəliləyən qatarla müqayisə oluna biləcək prosesi dayandıra bildik. Qarşımızda bu qatarı başqa relsə keçirmək vəzifəsi dururdu və buna nail ola bildiyimizi düşünürəm.

Bizim bu günkü mesajımız aşağıdakı kimi səslənir: biz istənilən hərbi əməliyyatları birmənalı şəkildə rədd edir və xarici qüvvələrə (fərqi yoxdur, kimə) Gürcüstanı ərazimizdə yenidən hərbi əməliyyatlara başlamağa məcbur etməyə imkan verməyəcəyik.

İkinci nəticə. De-fakto hakimiyyət adekvat reaksiya verməyə hazır deyil

İkinci nəticə Abxaziya və Cənubi Osetiyanın de-fakto hakimiyyəti tərəfindən siyasətin dəyişdirilməsindən ibarətdir.

Son 25 il ərzində orada Gürcüstanın qəzəbli ritorikasına və ona eyni cavab verməyə adət ediblər artıq. Gürcüstanın siyasəti dəyişəndən sonra onlar əlacsız qaldılar. Onların artıq Gürcüstanın təcavüzkar olduğunu demək imkanı qalmayıb. Və bu zaman təbliğat maşını əhalisinə başqa, “yaxşı Gürcüstan haqqında məlumat almağa imkan verməməyin üzərində işləməyə başladı.

Abxaziya və Cənubi Osetiyanın de-fakto hakimiyyəti vəziyyəti idarə edir, amma onlar Moskvadan asılı vəziyyətdədirlər. Onların oradan legitimləşməsi əhalisini Rusiyanın onun üçün ən yaxşı seçim olduğunu inandırmaqdan ibarətdir. Buna görə də nəticədə Abxaziya ilə inzibati sərhəddə buraxılış məntəqələrinin sayı azalır; Qal rayonunun məktəblərində gürcü dilinə ciddi hücum edilir; bu rayonun sakinlərinin vətəndaş hüquqları məhdudlaşdırılır. Bütün bunlar Gürcüstanın sülh siyasətinə verilən perspektivsiz cavabdır.

Bəs bu vəziyyətdə necə hərəkət edəcəyik? Silh siyasətini dayandırıb, aqressiv ritorikaya keçəcəyik? Yoxsa indiki uğurlu sülhməramlı siyasəti davam etdirəcəyik, çünki orada buna açıq-aşkar reaksiya müşahidə olunur?

Bu gün Rusiyanın dünya arenasında gücü ancaq raket və tanklarının sayına bərabərdir. Biz Rusiyaya onun əlində olmayan silahla qalib gəlməliyik. Bu isə sülh, demokratiya, təhlükəsizlik və inkişafdır. Bu məsələdə o, gücsüzdür. Rusiya sülh və demokratiyanın olduğu hər yerdə uduzur.

Buna görə də biz Abxaziya və Cənubi Osetiya ərazisində yaşayan əhalini inandırmalıyıq ki, sülh gürcü xalqının seçimidir, o ilk növbədə bizim özümüzə lazımdır.

Üçüncü nəticə. Tbilisi Abxaziya və Cənubi Osetiya sakinləri üçün daha cəlbedici olur

Bizim dörd illik hakimiyyətimiz dövründə daha bir ciddi nailiyyətimiz ondan ibarətdir ki, əgər əvvəllər Abxaziya və Cənubi Osetiya ərazisindən ancaq tək-tək adamlar Tbilisiyə səyahət etməyə cəsarət edirdilərsə, hazırda bura gələn adamların sayının əhəmiyyətli dərəcədə artdığını demək mümkündür.

Bura əsasən müalicəyə gəlirlər. Amma biznesmenlər də gəlir, çünki Gürcüstanın başqa yerlərində mal və ərzaq Soçi ilə Vladiqafqazdakından daha ucuzdur, onları Abxaziya və Cənubi Osetiya ərazisində daha sərfəli qiymətə satmaq olar.

Bu vəziyyətdə Qal və Axalqori rayonlarının gürcü əhalisinin rolu arta bilər, çünki onlar ticarət münasibətlərində vasitəçi ola bilərlər. Biz əlimidən gələni etməyə çalışırıq ki, onlara artıq “beşinci kolon kimi yanaşmasınlar.

Abxaziya və Cənubi Osetiya ərazisindəki əhaliyə orada yaşayan gürcülərin, osetinlərin və gürcülərin, abxazların və gürcülərin sülh şəraitundə yaşaya bilməsinin sübutu olduğunu çatdırmaq bizim üçün çox vacibdir. Axı bu, unikal bir vəziyyətdir – Avropanın heç bir münaqişə zonasında, Kosovoda, Qarabağda və ya Kiprdə, heç yerdə bir-birinə düşmən olan xalqların nümayəndələri birlikdə yaşamır. Bu, ancaq bizdə var.

Qal rayonunda problemlər həddən artıq çoxdur, onların haqqında danışmaq lazımdır, amma gürcülərin və abxazların, gürcülərin və osetinlərin birlikdə yaşamağa davam etməsi faktı ondan xəbər verir ki, onları birləşdirən amillər ayıranlardan daha çoxdur.

Dördüncü nəticə. Zəmanətli təhlükəsizlik

Abxaziyada tez-tez deyirlər ki, onlar üçün əsas olanı gücün tətbiq olunmaması haqda müqavilənin imzalanmasıdır. Axı bu, çox asandır! Mən bir dövlət naziri kimi bu cür sənədin imzalanmasına qarşı deyiləm. Sadəcə o, gücün tətbiq olunmaması haqda müqavilə Rusiya ilə Gürcüstan arasında imzalanandan sonra imzalana bilər, çünki orada Rusiya işğalçı qüvvələri durur.

Bu axı gün kimi aydındı. Bax, biz indi Abxaziya hər hansı bir mətn imzaladıq, ruslar isə orada yerləşdirilən tanklarını bizə tərəfə yönləndirdilər. Bəs onda biz həmin sənədi Rusiya tanklarının qarşısına qoyacağıq?

Abxaziya ilə Rusiya, həm də Rusiya ilə Osetiya arasında qoşunlarının birləşməsi və hərbi infrastrukturun birgə istifadəsi üzrə bir neçə müqavilə imzalanıb. Bəs biz kiminlə sənəd imzalamalıyıq? Məgər belə bir vəziyyətdə bu cür sənədin imzalanmasını tələb edən tərəf bizə hər hansı zəmanət verə bilər?

Bu zaman Gürcüstan öz tərəfindən bütün mümkün olanları etdi. Gürcüstan prezidenti hələ 2011-ci ildə Strasburqda gücün tətbiq olunmaması haqda birtərəfli öhdəlik götürdüyünü bəyan edib. 7 mart 2013-cü ildə isə parlament analoji qətnamə qəbul edib. Gürcüstan həm də Avropa İttifaqının 27 dövləti ilə assosiaya müqaviləsini imzalayıb. Hər biri ilə ayrı-ayrılıqda. Hər birində də qeyd olunub ki, Gürcüstan öz üzərinə gücün tətbiq edilməməsi ilə bağlı öhdəlik götürüb.

Beşinci nəticə. Tbilisi real inkişaf perspektivi təklif edir

İndiki gündəmdə duran məsələ abxazları və osetinləri sülh şəraitində, müharibəsiz birgə dövlətdə yaşamaq perspektivi ilə cəlb etməkdir.

Söhbət federalizmdən gedir. Bu, mənim mövqeyimdir. Biz hakimiyyətə gələndə proqramımızın heç bir yerində federalizmin adı çəkilməyib. Amma mən bunu gələcəkdə yeganə çıxışı yolu kimi görürəm.

Düşünmürəm ki, federalizasiya Gürcüstandan yan keçəcək. Bu ölkə tarixən regionlar dövlətidir – Kartli, Kaxeti, İmereti və s. Regionalizm geni qanımızdadır.

Bundan başqa, biz Avropaya tərəf gedirik, orada isə milli separatçılıq ən vacib məsələlərdən biri olaraq qalır. Bu, Belçikanın, Böyük Britaniyanın, Balkan ölkələri, İspaniya, Kipr və digər ölkələrin problemidir. Görünən odur ki, yaxın on il ərzində Avropa yeni siyasət formalaşdırmalı olacaq və bu siyasət hakimiyyətin mərkəzləşdirilməsi deyil, paylanmasına doğru aparacaq.

Biz dostlarımızla hələ 2003-cü ildə bütün bu mürəkkəb məsələlərin konsepsiyasını işləyib hazırlamışıq. Mənim abxazlı opponentlərim bu gün bizə deyirlər ki, həmin konsepsiyanın realizəsi barədə danışmaq artıq gecdir. Amma mən həqiqətən də hesab edirəm ki, nəinki gec deyil, bunun vaxtı hələ gəlib çatmayıb da. Konsepsiya çox tez yazılmışdı. Belə bir deyim var – bu qatar gedib. Əslində isə bu qatar hələ heç stansiyadan çıxmayıb da.

Söhbət assimetrik federalizmdən, müxtəlif regionlar üçün müxtəlif səlahiyyətlərdən gedir, misal üçün, Böyük Britaniyadakı kimi – orada Şotlandiya, Şimali İrlandiya və Uelsin hüquq və imkanları xeyli fərqlənir. Analoji nümunələri Almaniya, İspaniya və digər inkişaf etmiş ölkələrdə tapmaq olar.

Abxaziyaya məhz hansı səlahiyyətlərin verilə biləcəyi məsələsi danışıqlar prosesində üzə çıxa bilərdi. Bu, Gürcüstanın nəzəri cəhətdən abxaz cəmiyyətinə təklif edə biləcəyi bir şeydir.

İndi də baxaq görək Abxaziyanın indiki hakimiyyəti öz cəmiyyətinə hansı modeli təklif edir? Bu, azlıqlara ana dilində təhsil almaqla bağlı qoyulan məhdudiyyətlər; bağlı yollar; mülk sahibi olmaqla bağlı məhdudiyyətlərdir. Belə bir “dövlət kimin xoşuna gələ bilər?

Mənim abxazlara belə bir təklifim olardı: gəlin bütün əndişələri üzbəüz müzakirə edək və həm sizin, həm də bizim üçün məqbul olan fəaliyyət planı quraq. Ən yaxşı nümunə Qal rayonudur. Bu, elə bir yerdir ki, burada Tbilisi Suxumisiz, Suxumi isə Tbilisisiz vəziyyəti idarə edə bilməz. Bir-birimizə niyə problem yaratmalıyıq ki? Məsələni qarşılıqlı qıcıq deyil, bir-birinin maraqlarının qarşılıqlı təmin edilməsi yoluna gətirib çıxarmaq daha yaxşı olmazmı?

Birgə işləmək bizim ümumi marağımızdadır. Misal üçün, İsveçrədə necə oxuyurlar. İsveçrədə dörd dövlət dili var. Uşaqlar birinci sinifdə necə oxumağa başlayır? Başqa dillərə necə keçirlər? Qal rayonunda xarici modelləri tətbiq edək.

Digər bir məsələ də sərbəst hərəkət etmək imkanıdır. Mən Abxaziyanın hər bir sakininə deyə bilərəm: sənin üçün Rusiya pasportunu almaq Abxaziyanın müstəqilliyindən imtina etmək demək deyil? Onda axı Gürcüstan pasportunu almaq sənin üçün ancaq humanist əhəmiyyəti kəsb edir. Biz sizə sərbəst hərəkət etmək imkanı təklif edirik – heç bir siyasi şərt qoyulmadan.

Altıncı nəticə. Abxaziya və Osetiya tərəfləri ilə birbaşa əlaqələr yoxdur

Bir çox məsələlərdə çıxış yolu tapmaq mümkündür, yetər ki axtarasız. Amma mənim nazir vəzifəsində çalışdığım dörd il ərzində Abxaziyanın heç bir rəsmi nümayəndəsi mənə üzbəüz bir dənə də sual verməyib.

Cenevrə formatı Gürcüstan-Rusiya formatıdır, burada o cümlədən də Rusiya tərəfi ilə Abxaziya və Cənubi Osetiya mövzuları müzakirə olunur. Bizim Rusiya ilə öz hesabımız var. Necə ki, abxazların da bizimlə hesabları var. İndi doğrudanmı abxazlar və osetinlər bizimlə Rusiya və başqa kimsənin iştirakı olmadan söhbət etmək istəmirlər? Axı sizin bizimlə problemləriniz var. Onları niyə müzakirə etməyək ki? Misal üçün, mən abxazlar və osetinlərlə Rusiya nümayəndələri olmadan söhbət etmək istəyirəm.

Abxaziyada necə düşünürlər, Rusiya onların real müstəqillik almasına imkan verəcəkmi? Heç inanmağım gəlmir ki, Rusiya Qara dəniz sahilini əldən verəcək və Abxaziyaya müstəqilliyini qazanmaqda kömək edəcək. Krım nümunəsi Abxaziya üçün örnək olmalıdır.

Abxazların Gürcüstanda bir etnos kimi mövcud olma şansı Rusiyadakından xeyli daha çoxdur. Üzr istəyirəm, amma məsələ məhz bu cürdür: onlar müstəqillik əldə edə bilməyəcəklər. Abxaziyanın seçimi ancaq Gürcüstanla Rusiya arasındadır. Onlar öz maraqları barədə düşünməli və görməlidirlər ki, bu seçimdə onlar üçün beynəlxalq standartlar Gürcüstanın tərəfində durur. Rusiyanı seçmək isə qeyri-real və müvəqqətidir. Onlar ya mənasız gözləntiyə qiymətli vaxtlarını sərf edə ya da Gürcüstanla alverə başlaya bilərlər. Rusiya ilə alver isə mümkünsüzdür.

Buna görə də düşünürəm ki, abxaz xalqı bu gün strateji və bundan əlavə mental çağırışla üzləşib. Gürcüstan 10-15 il ərzində Avropa İttifaqı və NATO-ya üzv seçiləcək. Gürcüstan istənilən halda uğurlu demoktarik dövlət olacaq. Necə ki, Rusiya regionda lider dövlət olaraq qalacaq. Bəs Abxaziyanın perspektivi nədən ibarətdir? Abxaziyanın müstəqilliyi kimin marağındadır?

Gürcüstan növbəti seçkilər ərəfəsindədir. Belə görünür ki, hakimiyyət başında “Gürcü arzusu qalacaq, deməli sülhməramlı siyasət dəyişməyəcək. Bu o deməkdir ki, misilsiz dörd illik sülh siyasəti daha dörd il davam edəcək. Səkkiz illik sülh siyasəti isə artıq strateji dəyişikliklər üçün möhkəm bir özüldür.

Gürcüstan Abxaziyaya və Cənubi Osetiya cəmiyyətlərinə münasibətdə nəyə hazırdır – sualına mən aşağıdakı cavabı verirəm: biz ikitərəfli görüşlərə və istənilən məsələlərin ən xırda detallarının müzakirəsinə hazırıq.

Televizorda fikir bildirmək və yoxlanmamış mətnlərin dərc edilməsi vasitəsiylə ünsiyyətə son qoyulmalıdır.

Paata Zakareişvili, foto: saqinform.ge

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.


More on JAMnews