Uzun illərdir icma əbəs yerə yeni məscid tikintisinə icazə almaq üçün çalışır " />

Batumi müsəlmanları: məscid uğrunda mübarizə

Uzun illərdir icma əbəs yerə yeni məscid tikintisinə icazə almaq üçün çalışır

Acariyanın müsəlman icması bir neçə ildir ki, yeni məscid tikintisinə icazə almaq üçün çalışır. Bu gün Batumidə cəmi bir məscid var. Müsəlmanlar şəhərin 25 faizini təşkil edir

“Yeni məscid tikməyə kömək edin! Küçədə ibadətə son!” – hər cümə namazından sonra Batumi məscidinin qarşısından bu cür şüarlar səsləndirilir.

Avqustun 25-də də belə oldu, cümə namazına daha tez gələn müsəlmanlar məsciddə yer tuta bildi. Yerdə qalanlar isə kimi məscidin həyətində, kimi yolun üstündə, kimi isə küçədə namazlıq xalçalarını sərdi.

Batumi müsəlmanları üçün küçədə ibadət artıq çoxdandır ki, adi hala çevrilib.  

Orta Camə məscidində Qurban bayramı namazı, Batumi, 1 sentyabr 2017

2014-cü ilin əhalinin siyahıya alınmasına görə, Acariyada 334 min nəfər yaşayıb, onlardan da təxminən 133 mini müsəlmandır. 150 minlik Batumi şəhərində 3 il öncəki məlumata əsasən, 39 min müsəlman yaşayırdı.

Təxminən üç əsr boyu, 1878-ci ilə qədər Acariya Osmanlı İmperiyasının tərkibində olub və həmin vaxtlar əhalinin əksəriyyəti islamı qəbul edib. Artıq 90-cı illərdə, SSRİ dağılandan və xalq hərəkatı başladıqdan sonra acarların çoxu xristianlığı qəbul etdi. Son illər regionda, xüsusən də iqtisadi cəhətdən Türkiyənin təsiri hiss olunur.

Tarixi konteksti nəzərə alaraq, Gürcüstanda bir çoxları bu prosesə şübhə ilə yanaşır, buna bəzi siyasətçilər və partiyaların açıq-aşkar anti-türk ritorikası da xidmət edir.

M üsəlman icması ilk növbədə müsəlmanların çoxluq təşkil etdiyi Acariyanın dağlıq hissəsindən gələnlərin hesabına ildən ilə artır. Bundan əlavə, gənclər son illər daha tez-tez məscidə gedir, islam qaydalarına riayət edirlər.

Bu gün Batumidə fəaliyyət göstərən yeganə məscid XIX əsrdə tikilmiş Orta Camə məscididir. Müsəlman icmasının nümayəndələrinin sözlərinə görə, məscidə ibadət etmək istəyənlərin yarısı belə sığmır.

Gürcü müsəlmanları artıq illərdir ki, məscid üçün yeni binanın ayrılmasını istəyir. Ancaq onların xahişi həm hakimiyyət, həm də Gürcüstanda ən nüfuzlu təşkilat olan pravoslav kilsəsi tərəfindən böyük çox böyük maneələrlə qarşılaşır.

Gürcüstan və Türkiyə arasında bir neçə il ərzində Türkiyədə gürcü abidələrinin bərpasının əvəzində Gürcüstanda Osmanlı İmperiyası dövründən qalan bir neçə abidənin bərpası, o cümlədən Batumidəki Aziziyə məscidinin yenidən tikilməsi barədə danışıqlar gedib. Bu plan gürcü pravoslav kilsəsinin və ictimaiyyətin bir hissəsində etirazına səbəb oldu.  

Daha sonra Gürcüstan hakimiyyəti Batumidə Gürcüstan büdcəsinin hesabına yeni məscid tikməyə söz verdi. Amma bu plan da həyata keçmədi, bu məsələnin həlli illər çəkdi, indi də problemi həll etməyə heç kim tələsmir.

“Bu, 20 illik mübarizənin tarixidir, – “Gürcüstan müsəlmanları birliyi” qeyri hökumət təşkilatının sədri Taryel Nakaidze deyir. –  Hələ Eduard Şevarnadzenin (1992-2003-cü illərdə Gürcüstanın ikinci prezidenti) və Aslan Abaşidzenin vaxtında (1991-2004-cü illərdə Acariya rəhbəri) müftilər hökumətə yeni məscid tikmək xahişi ilə məktublar yazırdılar. O vaxt bu haqda açıq danışmırdılar”.

Mövcud olmayan məscid

Batumidə “Yeni məscid”

Batuminin qırağında Abaşidze küçəsində üstündə dəmirdən dam olan taxta tikili var. Üstündə “Batuminin yeni məscidi” yazılan rəngli baner olmasaydı tikilinin ticarət dükanı olduğunu düşünmək olardı.

Qurban bayramı günü, sentyabrın birində burada böyük izdiham var idi. Dəmir damın altında və yaxın ərazidə min beş yüz nəfərə qədər adam toplaşmışdı.

Həmin yerdə müsəlmanlar məscid tikmək istəyirdilər, amma Batumi meriyası tikintiyə icazə vermədi.

Rəsmi səbəb kimi, həmin ərazinin yaşayış rayonu olduğu və buna görə də burada “ibadətxana və çox sayda insanların toplaşdığı yerlərin tikilməsinin məqsədəuyğun olmadığı” göstərildi. Hər halda şəhər meri Gerogi Yermakov tərəfindən 5 may 2017-ci ildə imzalanmış sənəddə belə deyilir.

Tikintiyə qoyulmuş qadağaya baxmayaraq, müsəlman icması mayın 26-da burada açıq səma altında məscid “açdı”. Hazırda həmin tikili cümə günləri inanclı müsəlmanların yığışdığı fəaliyyətdə olan ibadətxanadır.  

“Yeni məscid”in tikildiyi ərazini dövlətdən torpaq ala bilməyən müsəlman icması öz vəsaiti hesabına alıb. İcma pulu 2015-ci ildən, yeni məscidin tikintisi ilə bağlı petisiya üçün imzalarla eyni vaxtda  toplamağa başlayıb. İki ay ərzində 12 min imza və müəyyən məbləğ toplaya biliblər. Nəticədə 2500 kvadrat metrlik ərazi yerli sakindən 400 min dollara alınıb, o da əlavə olaraq 500 kvadrat metrlik ərazini  icmaya hədiyyə edib. Taryel Nakaidze deyir ki, bu xərclər yerli müsəlmanların çiyinlərinə ağır yük kimi düşdü, amma bu gün məbləğ demək olar ki, tamam ödənilib.     

Torpağın alınmasına pulun müsəlman icması tərəfindən toplaması faktı məscidin tikintisinə qarşı çıxanlar üçün daha bir arqument oldu. Onlar həm də əminliklə bildirirlər ki, məscidin tikintisi Türkiyə tərəfindən gizli şəkildə maliyyələşdirilib. Buna cavab olaraq Taryel Nakaizde deyir ki, opponentləri qarşısında hər bir tetriyə görə hesabat verməyə hazırdır.   

Böyük məbləğdə ianələrdən başqa, hər cümə namazından sonra dindarlar arasında pulun toplanması davam edir. Avqustun 25-də  müsəlmanlar karton qutuda 878 lari (350 dollara yaxın) yığmışdılar.

Orta Camə məscidinin qarşısında yeni məscid tikintisi üçün ianənin yığılması, Batumi, 25 avqust 2017

Amma indiyə qədər də məlum deyil ki, icma məscidin tikintisinə nə vaxt başlaya biləcək, müsəlmanlar tikintiyə icazənin verilməməsi qərarından şikayətlə artıq məhkəməyə müraciət ediblər, amma məhkəmə çəkişməsi illərlə uzana bilər.  

Hökumətin mövqeyi

Hökumət nümayəndələri, o cümlədən də prezidentlər və nazirlər Orta Camə məscidini tez-tez ziyarət edirlər. Bütün hakimiyyətlər son 20 il ərzində müsəlmanlara Batumidə yeni məscid tikməyə icazə verəcəklərinə eyham vurublar, dumanlı vədlər əsasən müsəlman bayramları vaxtı verilirdi.    

Acariya hakimiyyət nümayəndələri Qurban bayramında Orta Camə məscidində, Batumi, 1 sentyabr 2017

2013-cü ildə baş nazir Bidzina İvanişvili məscid tikintisini tam dəstəklədiyini və tikintini şəxsən maliyyələşdirməyə hazır olduğunu açıq şəkildə bəyan etdi. Amma bu vəd də yerinə yetirilmədi. Bu gün isə milyardçı İvanişvili artıq baş nazir deyil, cəmiyyət arasına nadir hallarda çıxır və müsəlman icmasının nümayəndələri ona öz vədini xatırlamaq imkanından məhrumdurlar.

Bu il müsəlmanlar Qurban bayramına Acariya hakimiyyəti nümayəndələrini Orta Caməyə deyil, “Yeni Məscid”ə dəvət ediblər. Amma Zurab Pataradze köhnə məscidə gələrək bildirib ki,  yeni məscidin tikintisi üçün “müsəlman icması, müftiyat və meriya ilə məsləhətləşmələr  gedir” və “biz artıq son mərhələdəyik”. Onun sözlərinə görə, yekun qərarın verilməsi üçün  sadəcə texniki detalların aydınlaşdırılması qalıb.   

Amma müsəlmanlar onun ilk baxışdan ümidverici sözlərinə skeptik yanaşıblar, çünki Pataradze bir neçə ay bundan əvvəl də eyni vədlə çıxış edib, buna görə də çoxları onun sözlərini sadəcə olaraq vaxt uzatmaq cəhdi kimi dəyərləndirir. 

“Onlar bizi axmaq hesab edir. Amma biz vətəni düşünürük və buna görə özümüzə qarşı bu cür münasibətə dözürük”, – “Yeni məscid”in həyətində orta yaşlı bir kişi deyir.

Ahıl müsəlman İoseb Abaşidze kəskin ifadələr işlətməkdən çəkinmədən, hakimiyyətin müsəlmanları “boğduğunu” və “sıxışdırdığını” deyir.

“Bizimlə həm hakimiyyət nümayəndələri, həm mətbuat, həm xristian ruhaniləri mübarizə aparırıq. Rahiblər gəlib deyirdilər ki, biz burda belə bir şey istəmirik. Sən kimsən axı, gəlib mənim həyətimdə nəyi istəyib, nəyi istəmədiyini deyəsən? Biz bu torpaqda qonaq deyilik və heç kimdən onu borc almamışıq. Biz qaçqın deyilik. Bu, bizim torpağımızdır və burda istədiyimiz kimi yaşayacağıq. Biz hakimiyyətə mane olmuruq, o da bizə mane olmasın”, – Abaşidze deyir.

Sonu bilinməyən təxirə salınmalardan başqa, hakimiyyət problemi “həll etməyin” daha bir yolunu tapıb, özü müftiləri təyin etməklə müsəlmanların rəsmi dini institutlarını nəzarət altında saxlamağa çalışır. Həm də müsəlmanların  “rəsmi” dini liderləri dövlətdən maaş alırlar. Bu da onlarla müsəlman icması arasında parçalanmaya səbəb olur.  

Bu parçalanma məscid tikintisi məsələsində özünü göstərdi – 2014-cü ildə Qərbi Gürcüstanın müftisi və daha 22 ruhani hakimiyyətə məktub ünvanlayaraq, Batumidə yeni məscidin tikintisini dəstəkləmədiklərini bildiriblər. Əvəzində onlar müftiyyət üçün yeni iqamətgahın tikilməsini, mədrəsə və Acariyada fəaliyyətdə olan üç məscidin təmirini istəyiblər.

Bu hadisədən əvvəl o vaxtkı baş nazir İrakli Qaribaşvili Orta Caməyə baş çəkib. Müsəlman icması nümayəndələri bildirirdilər ki, o vaxtkı müfti və başqa liderlərə təzyiqlər edilib.

Taryel Nakaidze indi də o vaxtkı müftilərin təzyiqə tab gətirmədiyini düşünür.

“Teoloji cəhətdən bu, bir fəlakət idi – məscid tikintisinə qarşı çıxan müfti ilə namaz qılmaq olmaz” – Nakaidze izah edir.

Acariyanın müsəlman icmasının nümayəndələri Ramaz və Muhammed Yakobadzelər hesab edirlər ki, yeni məscidin olması vacibdir:  

Kilsə əsas əleyhdardır

Gürcü pravoslav kilsəsi Batumidə məscid tikintisinə qarşı çıxan ən nüfuzlu və güclü əleyhdardır.

Onun ən nüfuzlu nümayəndələrindən biri olan Batumi və Lazi mitropoliti Dimitri 2012-ci ildə minlərlə insanın qatıldığı məscidə qarşı etiraz aksiyasının təşkilatçısıdır. Dimitri Gürcüstanın patriarx katolikosu İkinci İliyanın qardaşı oğludur. Mitropolit məscid tikintisində xarici təhlükə görür, onun fikrincə,Ş prosesi Türkiyə idarə edir.

Batumidə məscid tikintisinə qarşı aksiya, Batumi, 2012-ci il Foto: jurnal “Batumelebi”

Bəyanatlarının birində Dimitri müsəlmanların haqlarının pozulması ittihamını rədd edib. “Onlar (müsəlmanlar) tez-tez xristianların öz imtiyazlardan istifadə edib, çox sayda kilsə tikdiyini və s. deyirlər. Amma mən sizə demək istəyirəm ki, (Acariyada məscidlərin kilsələrə) nisbəti 200-ün 50-yədir! (Acariyada) cəmi 50 kilsə var. Buna görə də bizim imtiyazlı olmağımızı demək olmaz”.

Müsəlmanların fikrincə, məhz xristian rahibləri məscid tikintisinə qarşı çıxırlar.

“Pravoslav rahiblərdən başqa heç kim bizim yanımıza gəlib yeni məsciddə namaz qılmağı dayandırmağımızı tələb etməyib. Kilsələr tikilir, amma məgər müsəlmanlardan kimsə gedib onlardan ibadət etməməyi tələb edib? İstəsəm, namaz qılmaq üçün kilsəyə, istəsəm məscidə gedərəm”, – müsəlman icmasının nümayəndələrindən biri Viktor İremadze deyir.

Məscidə qarşı çıxanların əsas arqumenti Türkiyənin artan nüfuzu və deməli islamlaşma təhlükəsi və özgürlüyün itirilməsidir. Zaza Pirtsxalaişvili Acariya televiziyasında işləyir və mütəmadi olaraq məscid tikintisinə qarşı aksiyalarda iştirak edir. Onun sözlərinə görə, “Türkiyənin müdaxiləsi və hakimiyyətin qeyri-peşəkarlığına görə insanlar yenə islama dönəcəklər, tarix boyu baş verənlər bizə dərs olmadı”.

Onun sözlərinə görə, çıxış yolu hakimiyyətin daha fəal şəkildə “ənənəvi gürcü dəyərlərinin təbliğatına” başlaması, “gürcülərə aid hər şeyin gənclərə düzgün aşılanması” üçün təhsil sistemini bu istiqamətdə inkişaf etdirməsindədir.

Xristian icmasının nümayəndələri Luiza Beridze və Tamta Tebidze yeni məscidin milli özgürlüyə təhlükə olduğunu hesab edirlər:   

“Birinci və ikinci sort vətəndaşlar”

ABŞ Dövlət Departamentinin din azadlığı haqqında  15 avqust 2017-ci ildə dərc olunmuş hesabatında Batumi məscidi həll olunmamış problem olaraq xüsusi qeyd olunur. Hesabatda deyilir ki, müsəlman icması nümayəndələri uzun illər boyu küçədə namaz qılır və hakimiyyət yerli müsəlmanlar üçün ağrılı olan problemi həll edə bilmir.

Gürcüstanın nüfuzlu QHT-ləri Batumi meriyasının məscid tikintisinə qoyduğu qadağa qərarını qanunsuz hesab edir.

 Batumidəki “Yeni məscid”in içindəki müsəlmanlar

 

Gürcüstanın xalq müvəkkili yanında tolerantlıq mərkəzinin rəhbəri, teoloq Beka Mindiaşvili hökumətin Batumidə yeni məscid tikintisinə qarışmasının iki səbəbi olduğunu deyir – “bu, gürcü pravoslav kilsəsi patriarxiyasının bütün hakimiyyətlərdə nümayiş etdirdiyi mənfi mövqeyidir, həm də Türkiyənin Gürcüstana təsiri ilə bağlı indiki hakimiyyət nümayəndələrinin sadəlövh fobiyasıdır ”.

“Təəssüf ki, hakimiyyət öz vətəndaşlarını başqa ölkənin maraqlarının ötürücüsü kimi qəbul  edir,” – Mindiaşvili deyir. Onun sözlərinə görə, konstitusiyaya əsasən, müsəlman əhalinin məscid tikmək haqqı var, hər hansı bir xarici təsirdən daha təhlükəli olan isə “insan haqlarının təmin olunmamağı, və hakimiyyətin vətəndaşlarını birinci və ikinci sorta bölməsidir”.

“Meriya bizə məscid aça bilməyəcəyimizi dedi, amma biz onu açdıq, – Gürcüstan müsəlmanları birliyinin sədri Tariel Nakaidze deyir. – Hazırda biz hökumətdən tikinti üçün icazə almağa çalışırıq. Biz hüquqi yolla bir şey əldə edə bilməsək, başqa yola əl atacağıq. Acariyada heç bir məscid icazəylə tikilməyib, bu dəfə də belə olacaq”.


More on JAMnews