Çinlə müqavilə - gürcü malları gömrük rüsumlarından azad olunacaq
Paylaşmaq
Paylaşmaq
Çin və Gürcüstan azad ticarət haqqında müqavilə imzalayıblar. Bu o deməkdir ki, 1,4 milyardlıq bazar gürcü məhsulları üçün açılacaq.
Gürcüstanın hökumət administrasiyasının məlumatına görə, müqavilə çərçivələrində Çinə ixrac olunan 94% gürcü malları gömrük rüsumundan azad olunacaq. Gürcüstan regionda Çinin azad ticarət haqqında müqavilə imzaladığı ilk ölkə oldu.
“Çin Gürcüstanın ən iri ticarət tərəfdaşları beşliyinə daxildir. Çaxır ixracı göstəriciləri əhəmiyyətli dərəcədə artır (2017-ci ilin yanvar-aprel aylarında ötən illə müqayisədə artım 270% təşkil edib). Gürcüstan hökumətinin əsas vəzifələrindən biri satış bazarlarının diversifikasiyasıdır”, – Gürcüstan hökumətinin rəsmi bəyanatından deyilir.
Gürcüstan azad ticarət haqqında sazişləri Avropa İttifaqı, Türkiyə, MDB ölkələri və Avropa Azad Ticarət Assosiasiyası ilə imzalayıb.
Rəsmi Tbilisi ümid edir ki, Çinlə azad ticarət haqqında saziş Gürcüstanın iqtisadi potensialını artıracaq. Nümunə kimi də Çinlə analoji müqavilə imzalayan digər ölkələrin iqtisadi vəziyyətini gətirir. Misal üçün, Çilinin ixracı 132 faiz, Yeni Zelandiyanın 30, Perunun 13 faiz artıb və s.
Gürcüstan-Çin birbaşa reysləri 23 sentyabr 2016-cı il tarixindən həftədə iki dəfə həyata keçirilir. “Böyük İpək Yolu” layihəsi çərçivələrində ilk dəfə trans-Asiya-Kavkaz dəmir yolu qatarı ilə nəql həyata keçirilib. Gələcəkdə dəmir yolu tranziti Asiya və Avropanı əlaqələndirəcək.
2017-ci ilin yanvar-aprel aylarında Gürcüstana 4541 nəfər Çin vətəndaşı gəlib ki, bu da ötən ilin analoji göstəricisiylə müqayisədə 32% çoxdur.