Avqustun 15-dən Gürcüstanda yolverilən səs-küy səviyyəsini nizamlayan qanun qüvvəyə minib.
İndən belə səs-küy narahatlıq doğurarsa, patrulu köməyə çağırmaq olar, o da xüsusi cihazla səs-küyün səviyyəsini ölçə bilər. Əgər səs səviyyəsi yolverilən həddi aşsa, o zaman fiziki və ya hüquqi şəxs cərimələnə bilər. “İnzibati məcəlləyə” sözügedən dəyişiklik bu ilin iyununda edilib və avqustun 15-dən qüvvəyə minib.
Bu qanunun qəbulunda turistik zonaların sakinləri artıq uzun illərdir ki, israr edirdi, çünki yaxınlıqda yerləşən kafe və barların səs-küyünə dözməli olurdular.
Yenilənmiş qanunvericiliyə əsasən, indən belə gündüz saatları 8.00-23.00 arası, gecə saatları isə 23.00-dan 8.00-a qədər hesab edilir. Gündüz saatlarında yaşayış məkanlarında səs səviyyəsi 35 desibelli, gecə saatlarında isə 30 desibelli aşmamalıdır.
Yaşayış binalarının yaxınlığında yerləşən Kafe-barlar üçün xüsusi nizamlayıcılar tətbiq edilir. Gündüz saatlarında bu əyləncə müəssisələrinin ətrafa yaydığı səs 50, gecə saatlarında isə 40 desibelldən çox olmamalıdır.
Nizamlamalar tibb müəssisələrini, idman zallarını, ticarət mərkəzlərini və təhsil ocaqlarını da əhatə edir.
“Səs nizamlamasını” pozanlara ilk dəfə xəbərdarlıq ediləcək. İl ərzində təkrar pozuntu qeydə alınarsa, o zaman fiziki şəxs 150 lari, hüquqi şəxs isə 500 lari həcmində cərimələnəcək. Qanuna edilmiş dəyişikliyə əsasən, indən belə gecə saatlarında pirotexnika istifadəsi qadağan edilir, qadağaya əməl edilmədikdə isə cəzalandırılır: fiziki şəxsləri 150 lari, hüquqi şəxsləri isə 500 lari cərimə gözləyir. Təkrar pozuntuya görə həm fiziki, həm də hüquqi şəxs üçün cərimə məbləği iki dəfə artırılır.
Cəzasız səs-küy salmaq ancaq yeni il gecələrində mümkün olacaq, dekabrın 31-i 21.00-dan yanvarın 2-i 23.00-a qədər, bir də yanvarın 13-ü 21.00-dan yanvarın 14-ü 23.00-a qədər, bir də ölkənin müstəqilliyi ilə bağlı dövlət bayramlarında – aprelin 9-u və mayın 26-da.
Qanuna əməl olunmasına nəzarət patrul polisinin üzərinə qoyulub. 2018-ci il aprelin 1-dən isə bu funksiya özünüidarə orqanlarına ötürüləcək.