Gürcüstanın İspaniyadakı səfiri Ümumdünya Turizm Təşkilatının baş katibi olub
Paylaşmaq
Paylaşmaq
Gürcüstanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri Zurab Pololikaşvili Ümumdünya Turizm Təşkilatının baş katibi olub. Bu vaxta qədər o, Gürcüstanın həmin təşkilatda daimi nümayəndəsi idi.
Baş katib vəzifəsini Pololikaşvili 2021-ci ilə qədər tutacaq. Baş katib seçkiləri Madriddə Ümumdünya Turizm Təşkilatının icraiyyə şurasının 105-ci sessiyasında baş tutub.
“Bu, birinci belə haldır ki, Gürcüstanın nümayəndəsi mühüm beynəlxalq təşkilatda rəhbər vəzifəyə seçilir. Bu fakt Gürcüstanın beynəlxalq idarəçilikdə rolunu və həmin istiqamətə töhfə vermək səylərini bir daha vurğulayır. Zurab Pololikaşvilinin Ümumdünya Turizm Təşkilatının baş katibi vəzifəsinə seçilməsi həm də Gürcüstanın turizm sahəsində həyata keçirdiyi islahatların beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi və nailiyyətlərinin tanınmasının sübutudur”, – Gürcüstanın Xarici İşlər Nazirliyində bildirdilər.
Zurab Pololikaşvili Mixail Saakaşvini hökumətində 2005-ci ildən 2010-cu ilə qədər işləyib, əvvəlcə xarici işlər nazirinin müavini, sonra da Gürcüstanın İspaniyadakı səfiri kimi. 2009-2010 illərdə Pololikaşvili TBC-bankın vitse-prezidenti, həm də “Dinamo Tbilisi” futbol klubunun baş direktoru olub. 2012-ci ildə ikinci dəfə Gürcüstanın İspaniya Krallığında Fövqəladə və Səlahiyyətli səfiri seçilib.