Lançxuti (Qərbi Gürcüstan) şəhər hakimiyyətinin təşəbbüsü ilə Mamati kəndində Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadzenin ev muzeyi açılacaq.
Şevardnadzenin yaşadığı ev hazırda onun qardaşı oğlu Nuqzar Şevardnadzeyə məxsusdur, o da evi və həyətini ev muzeyinin açılması üçün bələdiyyəyə təhvil verməyə hazırdır.
Şevardnadzenin anadan olduğu Mamati kəndindəki ev
Ev indi də bir qədər muzeyi xatırladır. İkinci prezidentin qohumları məşhur əmilərinin xatirəsinə hörmətlə yanaşırlar
“İctimaiyyət və ölkəyə gələn xarici turistlərin böyük marağı səbəbindən böyük siyasətçi və dövlət xadimi Eduard Şevardnadzenin doğma evində memorial muzeyin açılması planlaşdırılır”, – Lançxuti sakrebulosunun bəyanatında deyilir.
Gələcəyin dövlət xadimi 25 yanvar 1928-ci ildə Gürcüstanın Lançxuti rayonunun Mamati kəndində çoxuşaqlı rus dili və ədəbiyyat müəlliminin ailəsinə anadan olub və 10 yaşından poçtalyon kimi işləyib. 1968-ci ildə onu Tbilisi rayon partiyası komitələrindən birinin birinci katibi vəzifəsindən respublikanın daxili işlər naziri vəzifəsinə təyin edirlər. Hakimiyyətə gəldiyi iki ay yarımdan sonra Qorbaçov Şevardnadzeni Moskvaya çağırır və xarici işlər naziri təyin edir. Eduard Şevardnadze tarixdə SSRİ-nin axırıncı xarici işlər naziri olur.
1992-ci ilin mart ayında Zviad Qamsaxurdiyanı yenicə devirən Gürcüstan siyasətçiləri Şevardnadzeyə ölkəyə rəhbərlik etməyi təklif edir, o da razılaşır. Şevardnadze Gürcüstana 2003-cü ilə qədər başçılıq edib. 2003-cü ilin noyabr ayında ədalətsiz keçən parlament seçkilərindən bir neçə gün sonra ölkədə Şevardnadze dövrünə son qoyan dinc “qızılgül inqilabı” baş tutur.
Bu dövrlə Gürcüstanda qazsız və işıqsız ağır dövrlər, korrupsiya və kriminalın çiçəklənməsi assosiasiya olunur. Bununla belə, məhz Şevardnadze Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi vacib layihələrin əsasını qoyur, bu layihələrin sayəsində ölkə regionda vacib tranzit ölkə funkskiyasını qazanır.
Eduard Şevardnadze uzun sütən xəstəlikdən sonra 7 iyul 2015-ci il tarixində, 87 yaşında vəfat edib. Ömrünün son illərini Tbilisinin Krtsanissi rayonunda ona bağışlanılan keçmiş prezident iqamətgahında yaşayıb, burada da, xanımının yanında dəfn olunub.