Çox sevdiyim Janna xalamın evində çox saylı dostları ailələri ilə birlikdə tez-tez yığışardılar. Köhnə “Stalin binasının böyük və sərin mənzilində kimi royalda ifa edir, kimi rahat və dərin divanda oturub dinləyirdi, uşaqlar isə ora-bura qaçırdılar. Bu zaman böyük masaya yavaş-yavaş müxtəlif yeməklər düzülürdü.
Həmin çox ləzzətli yeməklər “Xalamın dadlı reseptləri seriyasına daxil olacaq. Təkcə qiyməli tərəvəz – bibər, badımcan, pomidorlar nəyə desən dəyər, onların hamısı birlikdə çox böyük qazanda hazırlanırdı.
Doğranıb, süfrəyə böyük və gözəl qablarda gətirilən ən müxtəlif salatlar arasında sobada bişmiş bolqar bibəri xüsusilə populyardı. Onu əvvəlcədən hazırlayıb, soyuducuda soyudurlar, buna görə də süfrəyə şəffaf və bir az da tərləmiş salat qabında gətirilən bu yeməyin çox incə dadı olur. Havada 30 dərəcə isti olan vaxt bundan gözəl heç nə ola bilməz! Soyuq, ətirli, bir qədər turş bibər dilimi insanların ürəklərini fəth edir.
Bu yeməyin resepti çox sadədir.
· Bütün rənglərdə olan bolqar bibərlərini yuyun, qurudun və siniyə düzün.
· İsti (180 dərəcədə) sobada 15-20 dəqiqə ərzində bişirin.
· Hazır olduğunu bibərin səthindən anlamaq olar: nazik üst qabığı ətindən aralanıbsa, deməli, hazırdır.
· Soyudun.
· Bibərin qabığını təmizləyib salatı hazırlayacağınız qaba (şüşə qab daha yaxşı olar) qoyun. Bu zaman bibərin şirəsi töküləcək – onu atmayın, məhz bu şirə yeməyə xüsusi dad verəcək.
· Ayrıca balaca bir qabda 1:1 nisbətdə zeytun yağı ilə standart turşluq dərəcəsi olan sirkəni (misal üçün, alma sirkəsini) əvvəlcə qarışdırıb, sonra da yaxşıca çalxalayın.
· Alınan sousu təmizlənmiş bibərin üstünə tökün.
· Ən az bir saat müddətinə soyuducuya qoyun.
Bu şəkildə bibər soyuducuda iki-üç həftə ərzində qala bilər, buna görə də əvvəlcədən çoxlu bibər hazırlamaq mümkündür, çünki çox ləzzətlidir.