"Yerevanın yolların açılması ilə bağlı təklifləri Bakının narahatlığını aradan qaldırır" - Ermənistanda hesab edirlər
Ermənistana yolun açılması
Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan bəyan edib ki, əgər Yerevan və Bakı kommunikasiyaların açılması ilə bağlı razılığa gəlsələr, Azərbaycan yükləri gömrük nəzarətindən keçəcək. O, jurnalistlərə izah edib ki, hazırda Ermənistan-Gürcüstan və Ermənistan-İran sərhədlərində tətbiq olunan risklərin qiymətləndirilməsi sistemi Ermənistan-Azərbaycan sərhədində də fəaliyyət göstərəcək.
Ermənistan 2024-cü ilin oktyabrında, Paşinyan və Əliyevin Kazanda keçirilən görüşündən sonra kommunikasiyaların açılması ilə bağlı təkliflərini Azərbaycana təqdim edib. Lakin bu təkliflərin detalları yalnız bir neçə gün əvvəl, “Yerevan Dialoqu” adlı beynəlxalq konfrans zamanı baş nazir Nikol Paşinyan tərəfindən açıqlanıb.
O bildirib ki, “konkret təklif” mövcuddur. Bu təşəbbüsə əsasən, Azərbaycan yükləri Ermənistan ərazisindən keçərək Naxçıvana çata biləcək və bu daşınmalar Ermənistan lokomotivləri vasitəsilə həyata keçiriləcək.
Politoloq Areq Koçinyanın sözlərinə görə, yüklərin Ermənistan ərazisində daşınması “azərbaycanlılar Ermənistan ərazisinə daxil olmadan” həyata keçiriləcək. Ermənistan bu yolla Bakının təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırmağı təklif edir.
“Erməni tərəfinin maşinisti sərhədi keçir, [Azərbaycan] yükünü erməni lokomotivinə qoşur, o da Ermənistan ərazisindən keçərək Naxçıvana doğru hərəkət edir. Sərhəd keçiləndə və Naxçıvana daxil olarkən yük erməni lokomotivindən ayrılır və Azərbaycan tərəfinə təhvil verilir”, — deyə Koçinyan izah edib.
“Tərəfdaşsız tanqo”: Azərbaycan niyə Ermənistanla sülh müqaviləsi imzalamır?
Sülh sazişi hələ imzalanmayıb, atəşkəs pozuntuları isə davam edir – İNFOQRAFİKA
Ermənistan Çinin tranzit proqramlarına qoşulacaqmı – şərh
“Biz hazırıq” — Dövlət Gəlirləri Komitəsinin sədri
“Bizim vəzifəmiz hər bir ssenaridə gömrük nəzarətini təşkil etməkdir. Əgər biz kommunikasiyaların açılmasından, sərhədlərin açılmasından danışırıqsa, bu ssenarilərə hazır olmalıyıq. Biz hazırıq”, – deyə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan vurğulayıb.
O bildirib ki, erməni tərəfində istənilən ssenaridə uyğunlaşma imkanı verən və gömrük nəzarətini həyata keçirməyə şərait yaradan avadanlıqlar mövcuddur.
Komitə sədri Ermənistan hakimiyyətinin Azərbaycan yüklərinin keçidi üçün sadələşdirilmiş rejim dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib. Lakin o qeyd edib ki, risklərin qiymətləndirilməsi sistemi mövcuddur. Bu sistem müəyyən göstəriciləri araşdırmağa və uyğun olaraq yükləri yaşıl, sarı və ya qırmızı marşrutlara yönəltməyə imkan verir:
“Məsələn, yaşıl marşruta yönləndirilmə o deməkdir ki, bu yük heç bir problem olmadan sərhədi keçə bilər. Bu, əsasən bəyanatın əvvəlcədən doldurulduğu və yükə dair riskin olmadığı hallarda baş verir.”
Akopyanın sözlərinə görə, avtomatik keçid sistemi də hələ də test mərhələsindədir:
“Göstəricilərin araşdırılması nəticəsində risk daşımayan yüklərə avtomatik olaraq ölkəyə keçid icazəsi verilir. Və elə hallar olmur ki, biz, məsələn, sərhədi keçən yükün məzmununu bilməyək”, – deyə o əlavə edib.
“Yolların açılması yeni imkanlara yaradacaq” — Paşinyan
“Yerevan Dialoqu” konfransında çıxışı zamanı Ermənistanın baş naziri regional kommunikasiyaların açılması mövzusuna ətraflı toxunub. O, Ermənistanın təşəbbüsü olan “Sülh Kəsişməsi” layihəsini xatırladıb. Baş nazir vurğulayıb ki, bu layihə kommunikasiyaların açılması ilə bağlı konkret təklifdir – həm Azərbaycanla ikitərəfli səviyyədə, həm də beynəlxalq və tranzit daşımalar üçün:
“Bu, qlobal tədarük zəncirlərindəki böhranların aradan qaldırılması baxımından çox vacib bir layihədir. Azərbaycan və Türkiyə ilə yollarımız açıldıqda, bu, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirmək üçün yeni imkanlar yaradacaq.”
Paşinyanın sözlərinə görə, Ermənistan yükdaşımaların təşkili ilə bağlı çox konkret həllər təklif edir, lakin Azərbaycanda “tərəddüdlər müşahidə olunur”:
“Bizim üçün bu cür əlaqənin mövcudluğu çox önəmlidir. Biz deyirik: Azərbaycandan Azərbaycana, Ermənistan ərazisindən keçməklə və Ermənistandan Ermənistana, Azərbaycan ərazisindən keçməklə gedən yüklər ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyasına hörmət prinsipi əsasında hərəkət etməlidir. Bu rəsmi təklifdir. Masadadır. Azərbaycan razılıq verdiyi anda biz reallaşdırma mərhələsinə keçməyə hazırıq.”
Şərhlər
Politoloq Areq Koçinyanın sözlərinə görə, pasport və gömrük nəzarəti məsələsi müzakirə mövzusu ola bilməz. O, əmindir ki, açılacaq yollar üzərində nəzarət mütləq həyata keçirilməlidir:
“Ancaq bu nəzarət maksimum dərəcədə sadələşdirilə bilər. Məsələn, Ermənistana daxil olan bir çox yüklər əvvəlcədən elektron bəyannamələr təqdim edir. Bu da müvafiq orqanlara həmin yük hələ Ermənistan ərazisinə daxil olmamışdan əvvəl onun nə olduğunu bilmək imkanı verir.”
Koçinyanın sözlərinə görə, dünyada artıq müasir texnologiyalar tətbiq olunur. Elə cihazlar mövcuddur ki, yükləri hətta qatar hərəkətdə olarkən belə yoxlaya bilir:
“Beləliklə, həm Ermənistan tərəfi öz ərazisindən keçən yükdaşımaları nəzarətdə saxlaya bilir, həm də Azərbaycan yükü dayanmadan hərəkətini davam etdirə bilər.”
Politoloq həmçinin Bakının bu məsələdə qarşılıqlılıq prinsipinə qarşı çıxmasına da toxunub.
Onun sözlərinə görə, Azərbaycan “xüsusi şərtlər” tələbinə belə əsaslandırma verir: guya Ermənistanda ölkənin istənilən nöqtəsinə elə Ermənistan ərazisindən keçməklə getmək mümkündür, halbuki Naxçıvan bir anklavdır və ora Azərbaycan ərazisindən keçməklə getmək mümkün deyil:
“Halbuki burada ciddi bir əks-arqument var: Naxçıvan ideal bir anklav deyil. Bu, eksklavdır. Yəni tək bir ölkə ilə deyil, üç ölkə ilə əhatə olunub. Kim deyib ki, Ermənistan xüsusi yol təqdim etməlidir? Qoy gedib İran ərazisindən xüsusi şərtlər almağa çalışsınlar. Görək, ala biləcəklərmi.”
Azərbaycan hazırda İran ərazisindən keçən dolama yol tikir. İrəvan dəfələrlə bəyan edib ki, Bakıya yolları Tehranla eyni şərtlərlə təqdim etməyə hazırdır. Lakin Azərbaycan hələ də eksteryal yol məsələsində israr edir. Bakıda bu yola “Zəngəzur dəhlizi” deyilir. Bu bəyanatları Ankara da dəstəkləyir.
Koçinyanın sözlərinə görə, Azərbaycanın nəhayət, kommunikasiyaların açılması ilə bağlı təkliflərə rəsmi cavab verməsi vacibdir. Bu cavab müsbət də ola bilər, mənfi də. Amma bu cavab mütləqdir ki, proses yerindən tərpənsin. Bununla yanaşı, politoloq qeyd edir ki, Ermənistanda da “ciddi bir iş” görülməlidir. Xüsusilə, hakimiyyətə “Sülh Kəsişməsi” layihəsini daha da konkretləşdirməyi təklif edir. Yəni bu təşəbbüsü yalnız konsepsiya səviyyəsindən çıxarıb, ticarət dövriyyəsi və digər amillərlə bağlı hesablamalarla təqdim etmək lazımdır.
Politoloq Robert Gevondyan Paşinyanın “Yerevan Dialoqu” beynəlxalq konfransı zamanı kommunikasiyaların açılması ilə bağlı təklifin detalları haqqında danışmasını təsadüfi hesab etmir. O vurğulayır ki, tədbirdə Azərbaycanla sıx əlaqələri olan ölkələrin, xüsusən də Macarıstanın nümayəndələri iştirak edirdi:
“Bu, Ermənistanın qarşılıqlı faydalı mexanizmlər təklif etdiyini göstərmək idi. Əgər həll yolları tapılarsa, təkcə Ermənistan, Azərbaycan və Türkiyə deyil, digər ölkələr də qazanacaq. O cümlədən Azərbaycanın aktiv ticarət tərəfdaşı olan Macarıstan da.”
Politoloqun fikrincə, infrastruktur açılmadıqca, sərhədlər açılmadıqca, Azərbaycan müəyyən mənada Ermənistana təzyiqləri davam etdirəcək:
“Onlar təkcə yol yox, həm də Ermənistan tərəfi üzərində üstünlük əldə etmək istəyirlər. Eksteryal yol məntiqi də bununla bağlıdır.”
Analitik hesab edir ki, bu məsələdə Azərbaycana təzyiq göstərmək üçün maraqlı tərəf olan bütün ölkələrlə iş aparılmalıdır. Bununla belə, o qeyd edir ki, ABŞ və digər tərəfdaşlar yalnız “boş vaxt və resurs olduqda” təzyiq göstərirlər.
Ermənistana yolun açılması
Azərbaycanda xəbərlər