Yerevanın üç ən köhnə avtomobili
1934-cü ildə buraxılan və İkinci Dünya Müharibəsində salamat qalan Avstriyanın Steyr maşını Ermənistana 1984-cü ildə Stalinqraddan gəlib. İndi maşın aktyorluq sənəti ilə məşğuldur, bəzən də toylarda iştirak edir.
“Bu, general maşını idi. Ermənistana çox pis vəziyyətdə gəlib çıxdı. Onu təmir etdik, boyadıq və indiki halına saldıq. İndi o, film və kliplərdəki maşın kimi məşhurdur – o, “Qapını aç filmində, Civan Qasparyanın və Sarkis Edvardsın kliplərində çəkilib, – avtomobilin sahibi Jora Petrosyan qürurla danışır.
82 yaşlı qoca Steyr retro avtomobillər sahibi Jora Petrosyanın sevimlisi olub. 1990-cı illərdə bu avtomobilə görə ona hətta 300 min ABŞ dolları təklif edirdilər. Amma Jora Petrosyan sevimli maşınından imtina etmədi.
“Həmişə köhnə avtomobillərdən çox xoşum gəlib. Mənim 1936-cı il buraxılışı olan Mercedes-im, 1938-ci il Chevrolet-im, 1940-cı il BMW-m, 1950-ci il ZİS-im var… Amma Steyr-in mənim üçün xüsusi yeri var, çünki heç bir başqa maşının bu cür kabriolet mexanizmi yoxdur.
Retro avtomobillərə olan sevgisini Jora Petrosyan kürəkəninə də aşıladı, o da nümayiş zamanı ailə kolleksiyasının fəxrini müşayiət edir.
Sovet hakimiyyəti dövründə Kremlin birinci şəxslərinə xidmət göstərən ZİS 110 bu yaxınlarda 70 illiyini qeyd etdi. “Əfsanəvi avtomobil Ermənistana 1960-cı ildə gəlib çıxdı, o vaxt SSRİ baş katibi Nikita Xruşov onu qonaq parkından çıxarıb, kürəkəni, “İzvestiya qəzetinin baş redaktoru Aleksey Adjubeyə bağışlamaq qərarına gəlir.
Adjubeyin iki maşını olduğundan bunu satmaq qərarını verir. Ermənistana gəlir. Yerli otellərdən birində atamla tanış olur, atamın bu maşından xoşu gəlir və onu 80 min rubla alır. Həmin vaxt bu pula üç maşın almaq olardı, – avtomobilin indiki sakini Suren Xorenyan danışır.
Məhz bu maşınla da bir müddət sonra Suren Xorenyan toy səyahətinə çıxır və bütün SSRİ-ni gəzir. Xorenyanlara dəfələrlə köhnə ZİS 110-u yenicə istehsaldan çıxan bahalı xarici maşınlara dəyişməyi təklif ediblər, amma onlar həmişə də rədd cavabı veriblər.
“Bu, çox gözəl və yumşaq avtomobildir. 56 il ərzində bizə qulluq edib. Hansı qiyməti təklif etsələr də satan deyiləm. Elə bir məbləğ yoxdur ki, ona görə bu maşından imtina edə bilim, – Suren Xorenyan deyir.
1948-ci il buraxılışı olan “Pobeda sanki indi zavoddan çıxıb. O, Yerevan sakini Razmik Marqaryanın retro avtomobillər kolleksiyasına daxildir.
“Maşında olan bütün detallar özünündür, bir dənə başqa detal yoxdur. “Pobedam sizi hara istəsəz, nə vaxt istəsəz aparıb çıxara bilər, o həmişə tam hazır vəziyyətdə olur, – Razmik Marqaryan deyir.
Mexanik Razmik Marqaryanda köhnə avtomobillərə olan sevgi çoxdan yaranıb və illər keçdikcə də artıb: “Qoca adamam və köhnə avtomobilləri sevirəm. 1950-ci ilə aid “Moskviçim, 1968-ci ilə aid “Volqam, 1953-cü ilə aid “ZİL-im, 1977-ci ilə aid “Mercedesim var… Əsas nəqliyyat vasitəsi kimi “Mercedesdən istifadə edirik. Amma o biri avtomobilləri də sata bilmirəm – onların hər biri ilə həyatımın vacib bir səhifəsi bağlıdır.