Yerevanın “Firdusi” bazarını demontaj cəhdi boşa çıxdı
Bu gün səhər tezdən Yerevan meriyasının əməkdaşları polisin köməyi ilə alverçiləri xalq arasında “Firdusi” adı ilə tanınan bazardan qovmaq və pavilyonların demontajına başlamaq istəyib. Amma bazarın alverçiləri onlara mane olublar. Yeri gəlmişkən, bu bazarda ucuz mallar, əsasən də paltarlar almaq mümkündür. Buranın alverçiləri, elə onların müştəriləri də Ermənistanın aztəminatlı insanlarıdır.
Bu gün əraziyə traktor gətirilib, amma alverçilər və qonşu binaların sakinləri yolu kəsib, traktora bazar ərazisinə girməyə mane olublar. Alverçilərə öz pavilyonlarını açmağa icazə verməyiblər və bazarı tərk etməyə çağırıblar. Amma bura toplaşanlar elə səs-küy qaldırıblar ki, meriya əməkdaşları texnika ilə birlikdə ərazini tərk etməyə məcbur olublar.
“Qoy, gedib şəhərin mərkəzini səliqəyə salsınlar. Bunun yerinə gəliblər bazarı sökməyə. Bura bizim üçün yeganə qazanc yeridir. Burada işləyən adamlar ailə dolandırırlar, qazandıqları da evdəkilərin qarnını doydurmağa ancaq yetir”, – bazar alverçilərindən biri deyir.
Hökumətin qərarı ilə “Firdusi” bazarının yerində və ətraf ərazilərdə diametri 90 m. olan dairəvi meydan inşa ediləcək. Bazarı şəhərin başqa bir hissəsinə köçürmək planlaşdırılıb. Bununla belə layihənin maliyyələşdirilməsi üçün hələ investorlar yoxdur. Qonşu binaların sakinləri də narahat olur: əgər meydanın inşası başlamış olsa, onların və evlərinin aqibəti necə olacaq?
Hələ iyunun 5-də Yerevan meri Taron Marqaryan işgüzar iclas zamanı bazar alverçiləri ilə danışıqlar aparmağı və inşaat işləri başlayana qədər onlara şəhərin başqa hissəsində yer təklif etməyi tapşırmışdı. Amma alverçilər əmin edirlər ki, onlarla bu məsələ müzakirə olunmayıb.
Üstəlik, səhər əraziyə söküntü üçün traktorun gətiriləcəyindən də xəbərsiz olublar. Alverçilər deyirlər ki, bazarın köçürülməsinə etiraz etmirlər, amma istəyirlər ki, yeni yerə köçürülmə köhnə bazar söküləndən əvvəl baş versin. Əks halda onlar qeyri-müəyyən müddətə tamam işsiz qalacaqlar.
“Bu gün bizim getməyə yerimiz yoxdur, bəs biz neyləyək? Mallarımızı burda qoyub gedək? Qəfildən gəlib, bazara giriblər, deyirllər ki, sökəcəyik. Bizim uşaqlarımız, ailəmiz var, bellə olmaz axı”, – digər satıcı şikayətlənir.
İşçilərin hüquqlarını pozmamaq üçün məsələ Ermənistan İnsan Haqları Müdafiəçisinin ofisində müzakirə olunub və bundan sonra ombudsmen Yerevan meriyasına yazılı müraciət edib.
“Firdusi” bazarının narazı işçiləri inşaat işlərini dekabra qədər təxirə salmağı və onlara alveri davam etdirməyə icazə verməyi xahiş ediblər. Hələlik meriyadan alverçilərin xahişinə cavab gəlməyib.