Yerevanda “Qızıl ərik” 14-cü beynəlxalq kinofestivalı başlayıb
Ermənistanda hamının dörd gözlə gözlədiyi mədəniyyət tədbirlərindən biri – “Qızıl ərik” 14-cü beynəlxalq kinofestivalın açılışı olub. Bu o deməkdir ki, bütün həftə ərzində Yerevan festivalda müxtəlif dünya ölkələri tərəfindən təqdim olunan filmlərlə yaşayacaq və nəfəs alacaq.
Bu il təşkilatçılar 96 ölkədən 1100 müraciət qəbul ediblər ki, onlardan da nümayiş üçün 47 film seçilib. Bu filmlər üç müsabiqə proqramında – bədii, sənədli və beynəlxalq filmlər – təqdim olunacaq. Həmişə olduğu kimi bu dəfə də “Ermənistan panoraması” nominasiyasında da kinoların nümayişi keçiriləcək. Filmlər yalnız Yerevan kinoteatrlarımda deyil, həm də bir neçə paytaxt bağçasında da nümayiş olunacaq.
Ənənəyə uyğun olaraq, festival açılışının qeyri-rəsmi rəmzi mərasimi hesab edilən əriklərin xeyir-duası təntənəsi də baş tutub. Şarl Aznavur adına meydanda erməni kinosunun görkəmli xadimlərinə həsr olunmuş ulduzların açılışı olub. Bu il artıq mövcud olanların sırasına kinorejissorlar Frunze Dovlatyanın, Yuri Yerznkyanın və operator Sergey İsraelyanın adları da əlavə edilib.
Estivalın qonaqları, müsabiqə iştirakçıları və müsabiqədən kənar proqramın iştirakçıları qırmızı xalı üzərində yeridiyi zaman eyni vaxtda həmin meydanda iki etiraz aksiyası baş tutub. Festival proqramından seksual azlıqların həyatından bəhs edən iki film çıxarılıb. Bu da LGBT birliyi üzvlərinin və onların hüquqlarını müdafiə edən fəalların narazılığına səbəb olub, onlar buraya gələrək öz etirazlarını bildiriblər. Qeyri-ənənəvi seksual oriyentasiyanın təbliğatını dayandırmağı tələb edənlər də buraya toplaşıblar.
Bu il “Bəbii film” nominasiyasında jüriyə 1981-ci ildə çəkdiyi “Alovlu cəng arabaları” filmi “İlin filmi” nominasiyasında “Oskar” mükafatına layiq görülmüş britaniyalı rejissor Xyu Xadson rəhbərlik edir. Yeri gəlmişkən, festival çərçivəsində Xadsonun filmlərinin retrospektiv nümayişi də keçiriləcək. Jürinin tərkibinə onun həyat yoldaşı, aktrisa Meriam D’abo və sonuncu Berlin festivalında “Qızıl ayı” mükafatına layiq görülmüş macar rejissor İldiko Enedi də daxildir.
Təşkilatçılar müxtəlif ölkələrin mədəniyyətlərini təmsil edən məzmunlu filmlərin nümayişini vəd edir. Onlar əmin edirlər ki, müsabiqədənkənar proqrama daxil edilmiş filmlər də – bu filmlərin sayı müsabiqədə iştirak edən filmlərin sayı ilə demək olar ki eynidir – kinosevərlərin diqqətinə layiqdir.