Yerevanda erməni kinosu muzeyi açılıb. Muzeyin açılış günü ekspozisiya erməni kinematoqrafiyasından bəhs edən yeni materiallarla zənginləşib. Yeni eksponatları erməni kinematoqrafçıları öz şəxsi kolleksiyalarından təqdim ediblər. Onlar muzeyə rəmzi eksponatlar bağışlayıblar – erməni filmlərinin çəkilişlərində istifadə olunmuş əşyalar: kino kameraları, kino lentləri, fotokameralar, işıq texnikası, filmlər üçün yazılan saundtreklərin əlyazma notları.
Mədəniyyət naziri Armen Amiryan hesab edir ki, bu muzey bir müddət sonra çox populyar olacaq:
“Düşünürük ki, bu, bizim muzey dünyamızın ən yaxşı, ən çox ziyarət edilən və ən sevimli muzeylərindən biri olacaq”.
Kinematoqrafçılar İttifaqının sədri Harutyun Xaçatryan muzeyin açılış günü öz çıxışında bunları bildirib:
“Mən çox həvəsliyəm – bizdə sinematek olacaq, həm də təsadüfi, ölü muzey olmayacaq, dərslərin keçildiyi, filmlərin bərpa edildiyi, master-klasların verildiyi, kitabxananın, filmotekanın fəaliyyət göstərdiyi, film baxışlarının təşkili üçün kiçik zalın olduğu işlək muzey olacaq. Odur ki, biz xəyalımızı həyata keçirməyə – tamaşaçıları erməni kinematoqrafı ilə tanış etməyə davam edəcəyik. Məlum oldu ki, kino ölmür, kino bütün dünyada daha gərəkli, daha maraqlı olur, ciddi, mühüm silaha çevrilir”.