Yerevanda Ermənistan və Azərbaycan enerji sistemlərinin birləşdirilməsi potensialı müzakirə olunur
Ermənistan və Azərbaycanın enerji sistemləri
Artıq bir neçə gündür ki, Ermənistanda siyasətçilər və ekspertlər Ermənistan və Azərbaycanın enerji sistemlərinin birləşdirilməsinin məqsədəuyğunluğu barədə mübahisə edirlər. Müzakirələrə səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi bəyanat olub:
“Ermənistan və Azərbaycanın enerji sistemləri birləşdiriləcək və ixrac və idxal imkanlarından qarşılıqlı olaraq, bərabər şərtlərlə istifadə edəcək”.
Bu bəyanat parlamentdə baş nazirə TRIPP layihəsi çərçivəsində inşa edilən enerji infrastrukturlarının birləşdirilib-birləşdirilməyəcəyi ilə bağlı verilən suala cavab olaraq səsləndirilib.
TRIPP (Trump route for international peace and prosperity – “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”) Azərbaycanı onun muxtar bölgəsi olan Naxçıvanla Ermənistan ərazisindən keçməklə birləşdirəcək yoldur.
Bir neçə il ərzində Yerevan və Bakı bu məsələ ilə bağlı razılığa gələ bilmirdi. Azərbaycan “Zəngəzur dəhlizi” adlandırdığı yolun verilməsini tələb edirdi. Ermənistan hakimiyyəti isə bütün yolların blokadadan çıxarılmasına hazır olduqlarını bildirir, lakin ölkənin bu ərazi üzərində nəzarətini, yəni suveren hüquqlarını itirməsini nəzərdə tutan “dəhliz” termini ilə razılaşmadıqlarını vurğulayırdı.
Yalnız avqustun 8-də Vaşinqtonda tərəflər yolun Ermənistanın suveren nəzarəti altında qalacağı və ABŞ-ın blokadanın açılması prosesinə biznes tərəfdaş kimi qoşulacağı barədə razılığa gəliblər. Bununla əlaqədar layihə vasitəçinin adı ilə “Tramp marşrutu” adlandırılıb.
Parlament müxalifəti baş nazirin bu sözlərinə sərt reaksiya verib. Müxalifət nümayəndələri Ermənistanın “elektrik açarını azərbaycanlıların əlinə verdiyini” bəyan ediblər.
“Bəlkə bir gün orduları da birləşdirər? Deyər ki, xərclərin optimallaşdırılması üçün Ermənistan və Azərbaycanın silahlı qüvvələrini birləşdirək”, – deyə “Şərəfim var” fraksiyasının rəhbəri Ayk Mamicanyan bildirib. Bu parlament fraksiyasının lideri sabiq prezident Serj Sarqsyandır.
İqtisadçılar və enerji məsələləri üzrə ekspertlər həm riskləri, həm də yeni imkanları görürlər.
Onların fikrincə, istənilən halda diversifikasiya məntiqi əsas götürülməlidir. Bildirirlər ki, hər hansı bir mənbədən asılılıqdan qaçmaq lazımdır.
“Biz qazı və ya elektrik enerjisini yalnız Azərbaycandan idxal etməməliyik. Diversifikasiya lazımdır. Oradan da müəyyən həcmdə idxala cəhd edə bilərik. Amma Gürcüstan və İran kimi istiqamətləri qorumaq lazımdır”, – deyə iqtisadçı Suren Parsyan vurğulayıb.
TRIPP çərçivəsində elektrik ötürücü xətlərin və qaz kəmərinin tikintisi məsələsini Ermənistanın baş naziri və Azərbaycanın prezidenti hələ 2025-ci ilin oktyabrında Kopenhagendə müzakirə ediblər. Paşinyan həmin vaxt ilkin müzakirənin aparıldığını bildirmiş və detalların “dəqiqləşdiriləcəyini” vəd etmişdi. Lakin hələlik digər təfərrüatlar açıqlanmayıb.
- “Müstəqilliyin əldə edilməsindən sonra ilk iqtisadi saziş”: Azərbaycan benzini artıq Ermənistandadır
- Paşinyan Bakıya Qarabağ ermənilərinin qayıdışı və “Qərbi Azərbaycan” mövzusunun bağlanmasını təklif edir
- TRIPP layihəsində ABŞ-ın payı 74 faiz təşkil edəcək: Yerevan və Vaşinqtonun birgə bəyanatı
“Azərbaycandan enerji asılılığı yolverilməzdir”
Paşinyanın bəyanatı parlamentdənkənar qüvvələr tərəfindən də tənqid edilib. Ermənistanın Avropa Partiyası, “Demokratik dövlətçilik naminə” partiyası və “Njar” hərəkatı (tərcümədə “Tərəzi kasası”) birgə bəyanatla çıxış ediblər. Bəyanatda qeyd olunur ki, “Ermənistan və Azərbaycanın enerji sistemlərinin mümkün birləşdirilməsi konstitusion və milli təhlükəsizlik xəttini aşır”.
Parlamentdənkənar müxalifət son illərin hadisələrini xatırladıb:
- 2020-ci il Qarabağ müharibəsi,
- 2021-2022-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazilərinə müdaxiləsi,
- bütün Qarabağ ermənilərinin öz vətənlərindən məcburi köçü.
“Böyük cinayətlər törətmiş belə düşmən dövlətlə strateji infrastruktur sahəsində əməkdaşlıq və ya inteqrasiya mümkün deyil”, – deyə bəyanatda bildirilir.
Bu üç siyasi qüvvənin fikrincə, energetika suverenliyin, milli təhlükəsizliyin və sabitliyin əsas elementidir. Buna görə də o, “adi iqtisadi təşəbbüs” kimi qiymətləndirilə bilməz.
Müxalifət hesab edir ki, bu məsələ ilə bağlı qərar yalnız ümumxalq referendumu nəticəsində qəbul edilə bilər. Əks halda, “ciddi legitimlik və konstitusionluq problemi” yaranacaq.
Parlamentdənkənar qüvvələr aşağıdakıları yolverilməz elan ediblər:
- Ermənistanın enerji sistemi üzərində birgə idarəetmə və ya nəzarət,
- Azərbaycandan enerji asılılığı,
- cəmiyyətə açıq olmayan və ya ictimai nəzarətdən kənar proseslər.
“Energetika siyasi təzyiq alətinə çevrilə bilməz və çevrilməməlidir. Bu məsələ nə danışıqların, nə də kommersiya maraqlarının predmeti ola bilməz. Bu, Ermənistan üçün konstitusion qırmızı xətdir”, – deyə sənədi imzalayan qüvvələr vurğulayıblar.
Şərhlər
İqtisadçı Suren Parsyanın sözlərinə görə, sovet dövründə Ermənistan və Azərbaycanın elektrik və qaz təchizatı sistemləri qarşılıqlı şəkildə əlaqəli olub.
Həmin vaxt elektrik enerjisi və qaz Naxçıvana Ermənistan ərazisindən ötürülürdü. Lakin bu sistem 90-cı illərdən, Qarabağ müharibəsi başlayandan sonra fəaliyyətini dayandırıb.
Parsyan izah edir ki, Ermənistanda elektrik enerjisi artıqlığı mövcuddur və bu enerji həm Azərbaycana, həm də onun eksklavı olan Naxçıvana ixrac edilə bilər:
“Sual ondadır ki, Azərbaycan Ermənistanın enerji sistemindən istifadə etmək istəyəcəkmi. Ola bilsin ki, Azərbaycan elektrik enerjisini Naxçıvana birbaşa, TRIPP ərazisi ilə ötürmək istəsin. Bu da bir variantdır. Amma düşünürəm ki, Ermənistan Naxçıvana daha yaxın olduğu üçün bu tədarüklər daha ucuz başa gələ bilər”.
O vurğulayır ki, Ermənistan və Azərbaycanın enerji sistemlərinin mümkün birləşdirilməsi risklər daşıya bilər. Lakin “qarşılıqlı çəkindirmə və nəzarət mexanizmləri” tətbiq olunarsa, bu riskləri idarə etmək mümkündür.
İqtisadçı hesab edir ki, Ermənistan İran, Rusiya və Gürcüstandan asılılığı azaltmaqla enerji sistemini diversifikasiya etməlidir. Bununla yanaşı, onun fikrincə, ölkə Azərbaycandan da asılı vəziyyətə düşməməlidir. Bu kontekstdə Parsyan 80-ci illərdə Ermənistan ərazisinə Azərbaycan üzərindən çəkilən qaz kəmərinin tez-tez partladıldığını və bunun ağır nəticələrə səbəb olduğunu xatırladır.
2025-ci ilin sonunda Avropa İttifaqı Ermənistanın enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji sisteminin diversifikasiyası istiqamətində dəstək verməyə hazır olduğunu açıqlayıb. Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos “Qafqaz elektrik ötürücü şəbəkəsi” layihəsi üzrə sazişin imzalandığını bildirib. Layihənin dəyəri 500 milyon avrodur və Ermənistanın enerji şəbəkəsinin Gürcüstanla birləşdirilməsi üçün investisiyaları nəzərdə tutur. Kosun sözlərinə görə, Ermənistanın Rusiyadan enerji asılılığını azaltmaq məqsədilə Ermənistan və Türkiyə enerji sistemlərinin birləşdirilməsi istiqamətində də iş aparılır.
Enerji məsələləri üzrə ekspert Artur Avetisyan hesab edir ki, hakimiyyət üçün prioritet Ermənistan iqtisadiyyatının xarici aləmdən asılılığının qarşısının alınması olmalıdır.
O vurğulayır ki, regionun blokadadan çıxarılmasının tərəfdarıdır:
“Amma Ermənistan müstəqillik əldə etdiyi vaxtdan bəri apardığı siyasəti davam etdirməlidir. Güclərin və elektrik ötürücü xətlərin tikintisi baxımından Ermənistan elektrik enerjisi istehsalına, özünütəminata və ixraca yönəlmiş iqtisadiyyat quruculuğu siyasətini davam etdirməlidir. Bu halda risklər əhəmiyyətli dərəcədə azalacaq”.
Ekspertin fikrincə, Ermənistan xüsusilə atom elektrik stansiyasının mövcudluğunu nəzərə alaraq daha çox elektrik enerjisi ixrac etməlidir. Çünki regionda fəaliyyət göstərən atom elektrik stansiyasına malik yeganə ölkə Ermənistandır.
“Fəaliyyətdə olan atom elektrik stansiyası müəyyən vaxtdan sonra konservasiya olunmalıdır. O zaman yenisi işə salınacaq. Akkumulyativ elektrik stansiyaları ilə bağlı investorlar və tərəfdaşlarla danışıqlar elə aparılmalıdır ki, təkcə infrastruktur deyil, Ermənistanın bütün enerji sistemi istehsal və ixrac daxil olmaqla kompleks şəkildə nəzərdən keçirilsin”, – deyə o bildirib.
Ermənistan və Azərbaycanın enerji sistemləri