Ermənistan və Gürcüstan hakimiyyəti ölkələr arasında mal dövriyyəsini iki dəfədən çox artırmaq niyyətindədir. Hazırda mal dövriyyəsi 489 milyon dollar təşkil edir.
“Ermənistan və Gürcüstan arasındakı münasibətlər mükəmməldir. Məsələ iqtisadi durumu siyasi münasibətlərin və iki xalq arasındakı münasibətlərin səviyyəsinə çatdırmaqdan ibarətdir. Çox mühüm müzakirə baş tutub, tərəflər qarşıya çox iddialı hədəflər qoyurlar… Gürcüstanın baş naziri iddialı proqram təqdim edib. Biz onu tam dəstəkləyirik: mal dövriyyəsini 1 milyard dollara çatdırmaq”, – gürcüstanlı həmkarı ilə görüşdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Mamuka Baxtadzenin Ermənistana rəsmi səfəri sentyabrın 10-da başlayıb.
İqtisadi əməkdaşlıq üzrə Ermənistan-Gürcüstan hökumətlərarası komissiyanın üzərinə münasibətlərə yeni impuls vermək vəzifəsi qoyulub. Yaxın zamanda komissiyanın iclası baş tutacaq və bu iclasda iqtisadi, siyasi, humanitar, mədəni münasibətlərin inkişafı üçün yol xəritəsinin hazırlanması planlaşdırılıb.
Politoloq Conni Melikyan qeyd edir ki, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya uzun illər əvvəl yaradılıb, amma son illərdə o faktiki olaraq işləməyib:
“Prezident Serj Sarqsyanın zamanında hökumətlərarası komissiyanın iclasları əsasən keçirilmirdi. Bu formatın bərpa edilməsinə ehtiyac var, çünki son illər əlaqələrin yaxşılaşdırılması üzrə iş yuxarıdan həyata keçirilirdi. Yəni bu işlə ölkə rəhbərləri məşğul olurdu. İndi isə bu iş gündəlik rejimdə həyata keçiriləcək”.
1 milyard dollarlıq ticarət dövriyyəsi göstəricisi iddialıdır, amma mümkündür, ekspert hesab edir. Ermənistan və Gürcüstanın böyük irəliləyişə nail ola biləcəkləri bir sıra sahələr mövcuddur:
“Bu, Gürcüstan ərazisindən Ermənistan yüklərinin tranziti və tranzit dəhlizlərinin yaradılması deməkdir. Turizm və energetika sahəsi. Yüksək texnologiyalar sahəsində əməkdaşlığın dərinləşdirilməsi”.