Yerevan meriyası hərəkət edən “təkərli kafelərdən” qurtulacaq - sahibləri isə etiraz edir
Yerevan meriyası daşınan “təkərli kafelərdən” qurtulacaq. Son zamanlar onların sayı artıb, şəhərin müxtəlif hissələrində hər addım başı rast gəlmək olur. Merin əmri ilə 47 təkərli kafenin elektrik enerjisi kəsilib. Bu qərarla razı olmayan kafe sahibləri artıq bir həftədir ki, etiraz edirlər və indi də hökumət binası qarşısında etiraz aksiyası keçiriblər.
Onlar baş nazir və ya onun nümayəndəsi ilə görüşənə qədər etiraz aksiyalarını davam etdirməyə hazırlaşırlar.
• Yerevanda qanunsuz inşaat və ərazi zəbtinə qarşı müharibə elan edilib
Etiraz iştirakçıları nədən narazıdır?
Hökumət binası qarşısında toplaşan kafe sahibləri və işçiləri treylerlərin elektrik enerjisinin kəsilməsinə dair meriyanın qərarına qarşı çıxırlar. Şəhər hakimiyyəti bu yolla mobil kafelərin işini məhdudlaşdırmaq niyyətindədir.
Kafe sahibləri etiraf edirlər ki, onların fəaliyyəti qanunla tənzimlənmir. Nizamlamaların vacibliyini dərk edərək onlar qanunvericiliyə müvafiq dəyişikliklər qəbul edilənə qədər fəaliyyətlərinin məhdudlaşdırılmamasını tələb edirlər. Yeri gəlmişkən, dəyişikliklər artıq meriya tərəfindən hazırlanıb. Amma kafe sahibləri və işçiləri öz təkliflərini irəli sürmələri və qanunun təkmilləşdirilməsində iştirak etmələri üçün onlara da imkan verilməsini istəyirlər.
“Hazırda hərəkət edən 47 kafenin fəaliyyəti dayandırılıb. Onlardan 9-nu biz artıq Yerevan mərkəzindən uzaqlaşdırmışıq və ərazini müstəqil şəkildə azad edə bilərik. Amma meriyadan xahiş edirik ki, onlar da bizə əl uzatsınlar, o cümlədən də qanun tam nizamlanana qədər biznesimizin işləməsinə imkan versinlər”, – Daşınan Kafe İttifaqının rəhbəri Aren Melikyan deyib.
Meriyanın addımları qanunidir, ya yox?
Sahibkarlar meriyanın atdığı addımları qanunsuz hesab edirlər, çünki onlar bütün öhdəliklərini yerinə yetiriblər – xüsusən də vergi öhdəliyini.
“Bir çox qabaqcıl ölkələrdə mobil kafelər fəaliyyət göstərir. Niyə bizə işləməyə icazə vermirlər? İnqilabdan sonra deyirdilər ki, xırda və orta biznesin inkişafı üçün hər şeyi edəcəklər. Anlamaq istəyirəm, onların təfəkküründə bu, hər şeyi eləmək deməkdir?” – Daşınan Kafe İttifaqının rəhbəri qəzəbini bildirir.
Şəhər meriyasının Ticarət və Xidmət İdarəsinin rəisi Ovik Safaryan bildirib:
“Yerevan meriyası əvvəl olduğu kimi indi də xırda və orta biznesin inkişafında maraqlıdır, amma nəticədə şəhər sakinlərinə ziyan vura biləcək qanunsuz fəaliyyət hesabına yox”.
Etirazçılar elektrik enerjisinin kəsilməsini də qanunsuz hesab edirlər, çünki daşınan kafelərin elektrik enerjisi təchizatçısı olan təşkilatla birbaşa müqaviləsi var.
Bununla belə, kafeləri elektriksiz qoyan Ermənistanın Elektrik Şəbəkələri təşkilatında hesab edirlər ki, onların əməli qanun çərçivəsini aşmır:
“Bəzilərinin təhlükəsizliklə bağlı problemləri vardı, digərləri elektrik enerjisini müqavilə müddəti bitəndən sonra, yəni qanunsuz istifadə edirdi”.
Niyə “işığı kəsiblər”?
Hər şey Yerevan meri Hayk Marutunyanın bəyanatından sonra başladı. O bildirmişdi ki, şəhər hakimiyyəti paytaxtda, xüsusən də avto-dayanacaqlarda yeni treyler-kafelərin açılmasına imkan verməyəcək:
“Ölkə inkişaf etməlidir, irəliləməlidir, daha kimin nəyi harda istəsə satdığı 90-lara geri qayıtmamalıdır”.
Meriyada hesab edirlər ki, 47 mobil kafenin çoxu texniki təhlükəsizlik normalarını pozaraq işləyir. Bununla əlaqədar olaraq da onların elektrikini kəsmək qərara alınıb.
Müxalifətin fikri
Daşınan kafelərlə bağlı vəziyyət müxalifətin diqqət mərkəzindədir. Şəhərin Ağsaqqallar Şurasındakı, yəni icra hakimiyyətindəki “Luys” (işıq) fraksiyasının nümayəndələri bu sahənin qanunvericiliklə tənzimlənməli olduğu ilə razıdırlar. Amma kafe sahibləri kimi onlar da şəhər hakimiyyətinin əl atdığı metodları yanlış hesab edirlər.
“Dəqiq oyun qaydalarını müəyyən etmək lazımdır. Və biz artıq bir neçə həftədir ki, qanunvericiliyə ediləcək dəyişiklikləri müzakirə edirik. Amma elektrik enerjisinin kəsilməsi və bu cür metodları yolverilməz sayıram”, – JAMnews-a “Luys” fraksiyasının nümayəndəsi David Xajakyan deyib.