Yeni metro, dəmiryolu, elektromobil - Gürcüstan vətəndaşlarına seçkiyə bir həftə qalmış verilən vədlər
Tbilisidə aeroport istiqamətində yeni yerüstü metro stansiyaları tikiləcək; yerüstü metro Gürcüstan paytaxtını qonşu Rustavi şəhəri ilə birləşdirəcək; Tbilisidə tezliklə tıxac yaratmayan və havanı çirkləndirməyən mikroavtobuslardan istifadə etmək mümkün olacaq; qısa müddətdə paytaxtda parkinq problemi həll ediləcək; 10 ildən sonra Gürcüstanın avtoparkı 90 faiz elktromobillərlə yenilənəcək – bütün bunlar Gürcüstanın paytaxt sakinlərinin bu gün baş nazir Mamuka Baxtadze və Tbilisi meri Kaxa Kaladzedən eşitdikləri vədlərin bir hissəsidir.
Baş nazir “Yaşıl siyasət – elektro-nəqliyyat” layihəsini təqdim edib, Tblisidə yerüstü metronun inkişafı da elə bu layihənin bir hissəsidir.
Tbilisinin mərkəzi hissəsindən yan ötməklə yeni dəmiryolu xəttinin çəkilməsini nəzərdə tutan layihənin reallaşdırılması 2010-cu ildə başlayıb. Amma 2012-ci ildə “Gürcü arzusu” partiyası hakimiyyətə gələndən sonra əvvəlki hakimiyyətin başlatdığı bir çox digər layihələr kimi bu layihə də dayandırılıb.
6 il sonra, 28 oktyabrda baş tutacaq növbəti prezident seçkiləri ərəfəsində layihəni bərpa etmək qərarına gəliblər.
“Bu gün biz çox vacib layihənin anonsunu veririk. Biz çevrə dəmiryolu xəttinin infrastrukturundan istifadə edib Samqoridən Lilo istiqamətində yeni metro stansiyaları inşa edəcəyik. Bu, şəhərimizə yeni həyat verəcək çox vacib layihədir… Bu xətt perspektivdə Rustavi şəhərini Tbilisi metrosuna birləşdirməyə imkan verəcək. Layihə həqiqətən də tarixi əhəmiyyətlidir”, – “Novaya Qruziya” Baxtadzedən sitat gətirib.
Üstəlik baş nazir qeyd edib ki, daha əvvəl layihənin dayandırılması haqda qərar obyektiv olub, çünki layihə “köhnə dəbliymiş” və yenilənməyə ehtiyacı varmış.
Artıq hətta yerüstü metronun necə olacağını əks etdirən video-çarx da hazırlanıb:
Layihənin detalları haqda Tbilisi meri Kaxa Kaladze danışır. Onun sözlərinə görə, yeni yerüstü metronun inşası 2019-cu ilin sonunda başlayacaq.
“Bu layihə çərçivəsində təxminən səkkiz yeni stansiya inşa olunacaq. 90 milyon dollar xərclənəcək. Bunun 30 milyonu metro vaqonlarının dəyəridir, qalan məbləğ isə infrastrukturun yaradılmasına sərf olunacaq. Düşünürəm ki, bu mühüm layihədir, çünki 200 mindən çox insana xidmət göstərəcək”, – Kaladze bildirib.
Onun sözlərinə görə, ilk mərhələdə xətt üzrə altı yeni vaqon hərəkət edəcək. Gözləmə müddəti 10 dəqiqə olacaq, amma tədricən azalacaq.
“Biz vaqonların sayını artıracağıq, gözləmə müddətini isə azaldacağıq… Nəticədə bütün bunlar real olaraq şəhərdə səhman, vətəndaşlarımız üçün təmiz mühit və rahatlıq yaratmağa imkan verəcək”, – Kaladze vurğulayıb.
Baş nazir bəyan edib ki, hökumət artıq 10 ildən sonra Gürcüstanda maşınların 90 faizinin elektromobillərdən ibarət olacağını nəzərdə tutan plan da hazırlayıb, amma o bu planın konkret nədən ibarət olduğunu dəqiqləşdirməyib.
Baş nazir deyib ki, yaşıl iqtisadiyyat Gürcüstan hökumətinin mühüm strategiyasıdır.
Hazırda Tbilisi metropoliteni iki xətt – Axmeteli-Varketili və Saburtali – üzrə yerləşən 23 stansiyadan ibarətdir. Metro xətlərinin ümumi uzunluğu 57 kilometrdir, bunun 40 kilometri birinci xəttin, 17 kilometri isə ikinci xəttin payına düşür.
Pik saatlarında gözləmə müddəti bəzən 10 dəqiqədən çox olur, buna görə də metroda çox vaxt basabas olur və insanlar daima sosial şəbəkələrdə narazılıqlarını paylaşırlar: