Yeni Konstitusiyada əmək nəzarəti normaları nəzərdə tutulmayıb
Gürcüstanda əmək nəzarəti orqanı yaradılmayacaq. İqtidar komandası qeyri-hökumət təşkilatlarının Konstitusiyaya dövlətin öz üzərinə əmək nəzarəti orqanı yaratmaq öhdəliyi götürməsi haqda müddəa əlavə olunması ilə bağlı təşəbbüsünü nəzərə almayıb. Konstitusiyaya dəyişiklik layihəsinin son variantında bu yoxdur.
“Hakimiyyət bu qeydin çıxarılmasını hökumətin iqtisadi komandasının təzyiqi ilə izah edir”, – Konstitusiya Komissiyasının üzvü olan hüquqşünas Vaxuşti Menabde bildirib.
Əmək nəzarəti orqanı yaradılmasını və Konstitusiyaya müvafiq dəyişikliklərin edilməsini qeyri-hökumət təşkilatlarından başqa ombudsman da hakimiyyətə təklif etmişdi.
Bu orqanın yaradılmasının vacibliyindən statistika da xəbər verir. EMC İnsan Haqlarının Monitorinqi Mərkəzinin məlumatına görə, 2011-2015-ci illərdə Gürcüstanda iş şəraitində 212 nəfər həlak olub, 691 nəfər xəsarət alıb.
2006-cı ilə qədər iş yerlərində təhlükəsizlik normalarına riayət olunmasına Əməyin Qorunması üzrə Müfəttişlik nəzarət edirdi, amma Əmək Məcəlləsinə dəyişikliklər edildikdən sonra bu qurum ləğv edilib.
Xatırladaq ki, hazırda Gürcüstanda Konstitusiyaya dəyişikliklər hazırlanır. Yeni Ali qanun üzərində xüsusi Konstitusiya Komissiyası işləyir və bu komissiya aprelin sonunda bütün təklif olunan dəyişiklikləri parlamentə təqdim etməlidir.