Yolka quraq, ya qurmayaq? Azərbaycan təcrübəsi
Yeni ilə bir həftə qalmış Azərbaycanda hamını bir sual düşündürürdü: Yeni İl yolkaları olacaqmı? Hakimiyyətin müharibə qurbanlarına görə bayram şənliyini qeyri-rəsmi qadağan etdiyi haqda şayiələr yayılsa da, prezident İlham Əliyevin özü bu məsələyə nöqtə qoyub. Səhəri gün Bakıda ilk yolkalar peyda olub.
Dekabrın sonuna hələ bir həftə qalmış Azərbaycan cəmiyyəti iki düşərgəyə bölünmüşdü: bir qism Yeni İli bayram etməkdə pis heç nə görmürdü, digərləri kəskin şəkildə buna qarşı çıxırdı.
Əleyhdarlar öz fikirlərini onunla arqumentləşdirirdilər ki, ikinci Qarabağ müharibəsindən çox az vaxt keçib və Azərbaycan bu müharibədə 2800-dən çox hərbçisini itirib.
Yeni İl yolkasına qarşı olan deputat
“Yeni Azərbaycan” iqtidar partiyasından olan deputat Aydın Mirzəzadə də Facebook səhifəsində Yeni – 2021-ci ilin qeyd edilməsinə etiraz edənlərin tərəfindən çıxış edib.
“Bu il evimizdə yolka qurmayacağıq. Şəhidlərimiz olan zaman şənlik keçirməzlər”, – o yazıb.
Düzdür, iki gün sonra deputat sosial şəbəkədə paylaşdığı statusu silməli olub. Çünki…
…Prezident evindəki yolkanı göstərib
Dekabrın 24-də, öz doğum günündə Azərbaycan prezidenti İlham Əliyev xanımı, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva ilə birlikdə xalqa müraciət edib və təbriklərə görə hamıya təşəkkürünü bildirib.
Dövlət başçısı öz müraciətini Yeni İl yolkasının fonunda edib və bununla da Yeni İlin qeyd olunması ilə bağlı suallara yağlı nöqtə qoyub.
Bakıda ilk yolkalar peyda olub
Prezidentin müraciətinin səhəri günü Azərbaycanın paytaxtında ilk yolkalar peyda olmağa başlayıb. Düzdür, onlar ötən illərdə olduğu qədər bər-bəzəkli deyil, sahilyanı bulvardakı ağacların üzərində ənənəvi rəngli işıqlar yoxdur.
JAMnews Bakının yolkalar olan küçələrindən fotosessiya hazırlayıb. Şəhərdə yolkalar nadir və adət edilmədiyi qədər sadədir.