Yeni il kreditə
Hər bir ailə Yeni ili təmtəraqla keçirməlidir, hətta buna kifayət qədər vəsaiti olmasa belə! Bu mübahisəli, daha doğrusu tamamilə səhv olan fikir bir çox Ermənistan sakinlərinin beynində o dərəcədə kök atıb ki, bundan artıq istifadə etməyə başlayıblar – yox, bu kredit verən banklar deyil, supermarketlərdi.
“Ən “az imkanlı sahibkar, deputat Samvel Aleksanyana məxsus olan “Yerevan-siti supermarketlərində artıq bir neçə gündür ki, yenidən “Kreditə Yeni il aksiyası start götürüb, – hraparak.am saytı xəbər verir.
İstənilən müştəri kredit açmadan burada öz pasportunu qoyub, 200 min drama (təxminən 415 dollara) bütün lazım olan ərzaqları ala bilər. Borcu il ərzində ödəmək olar, borc ödənəndən sonra isə vətəndaş öz pasportunu geri alacaq.
“Ötən il deputat daha sivil variant seçdi, Yeni il qabağı 21%-lik ucuz kreditlər təklif edirdi. Yəqin, bu sərfəli olmadı və Aleksanyan köhnə metoduna qayıtdı, – elə həmin sayt yazır.
Yemək-içməklə dolu olan süfrə – lap borca da olsa – açmağı özünə borc bilən adamların fikrincə, “Kreditə Yeni il aksiyası böyük bir hədiyyədir və onlar supermarketlərin sahibi olan Aleksanyanı xilaskar kimi qəbul edirlər.
Amma hökumətin 821 saylı 25 dekabr 1998-ci il tarixli qərarına əsasən, ölkə vətəndaşı cinayətin törədilməsində şübhəli sayılmır və ittiham olunmursa, onun əlindən pasport almaq qadağandır, özü də bu hallarda pasport vətəndaşdan müvəqqəti olaraq kimsə tərəfindən deyil, hüquq-mühafizə orqanları və məhkəmə tərəfindən alınır. Hökumətin bu qərarına əsasən, pasportu həm də digər şəxslərə vermək və ya girov qoymaq qadağandır.
Bir çox yerevanlılar “Yerevan-siti supermarketlər şəbəkəsinin aksiyası ilə bağlı bunun nə dərəcədə düzgün, qanunauyğun və məqbul olması sualını verirlər. Bu da onların bəzilərinin şərhləri:
Marianna Sarkisyan: “Pasportu əlindən almağa ixtiyarları var ki? Mən qəbul edirəm ki, bu yolla supermarket insanlara Yeni ili boş süfrə arxasında keçirməmək imkanı verir. Bir çox ölkələrdə insanlara kreditə ərzaq verən mağazalar var, amma tək Yeni ildə deyil, çünki ermənilərdən başqa heç kim Yeni ildə təmtəraq arxasınca qaçmır. Ermənilər bu dəbdəbəli süfrələri açmaqdan vaz keçməlidir, çünki bir çoxları bunu borca edir. Supermarketlərə gəlincə isə, onlar başqa ölkələrin təcrübəsi ilə maraqlanmalıdırlar. Hər halda orada adamların şəxsiyyətini təsdiq edən sənədlərini əllərindən almırlar. Nə də kreditə yemək alan adamlardan belə faiz götürmürlər.
Artur Marqaryan: “Normaldı. İnsanlar üçün yaxşı işdir. İsadan sonra müqəddəsliyinə görə odur (Aleksanyan). Amma o niyə girov olaraq pasportları götürür? Girov kimi həmin adamların evini götürmək daha düzgün olardı – belə daha etibarlı olardı.
Bu arada Yeni il qabağı şopinq həyəcanı hələ təzə qızışır.