Yaxın Şərq dalanı. Bakıdan baxış
Yaxın Şərqdə gərginlik
Yaxın Şərqdə vəziyyət hər gün daha da gərginləşir. İsrail qüvvələri oktyabrın 2-də hərbçilərin Hizbullah hədəfləri olduğunu iddia etdiyi Beyrutun cənub ətraflarındakı hədəflərə hava hücumları həyata keçirib. Militant qruplaşma isə Adaysseh qəsəbəsinə sızmağa çalışan İsrail əsgərləri ilə toqquşduğunu bildirib.
Davam edən döyüşlər BMT Təhlükəsizlik Şurasının bir gün əvvəl İranın İsrailə yönəldilmiş raket hücumları da daxil olmaqla, bölgədə artan münaqişəni müzakirə etmək üçün çərşənbə günü iclas keçirməyə hazırlaşdığı bir vaxt baş verib.
- Keçmiş deputat 8 il müddətinə azadlıqdan məhrum edilib
- COP-29 ərəfəsində Bakıda yeni velosiped zolaqları və dayanacaqları
- Sünnətin icbari sığortaya salınması Azərbaycanda “dəllək sünnətləri”nin qarşısını ala bilər
Azərbaycanlı siyasətçi, Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli Yaxın Şərqdə yaranmış vəziyyəti şəeh edib:
“Son 3000 ildə insanlıq tarixinin yazılı mənbələrinə baxanda, görürsən ki, Yaxın Şərq – indiki Suriya, İraq, İran, Livan ərazilərində daim qan tökülüb, müharibələr, münaqişələr bitməyib. O torpaqların ara-sıra böyük İmperiyaların himayəsində olduğu dövrlərdə nisbi sabitlik yaşanıb. Məsələn, Osmanlı dövründə bölgədə müharibələrin, qan-qadanın sayı azaılıb.
Son illərdə Yaxın Şərqdə ölüm-itim bitmir. Fələstin məsələsinin ədalətli həlli olmasa, bu münaqişə bitməz, problem də odur ki, hamının, bütün dünyanın “İki Dövlət Modeli” kimi təqdim etdiyi həll yolu da ancaq sözdən, siyasi bəyanatdan ibarətdir, konkret addımları ard-arda düzüb işlək bir plan təqdim edən yoxdur.
Son 20-25 ildə bölgədə yeni, əvvəllər olmayan bir dəyişiklik baş verib ki, bu da münaqişəni daha da dərinləşdirib.
ABŞ və Qərb koalisiyasının İraqa, Suriyaya müdaxiləsi, nə qədər qəribə səslənsə də, ən çox İranın işinə yaradı. Düşüncəsiz kənar müdaxilə ən çox Qərbin, elə İsrailin də təhlükəsizliyinə təhdid yaratdı. Qərbin müdaxiləsi nəticəsində Avropaya milyonlarla qaçqın ordusu axışdı, qardaş Türkiyə üçün təhdidlər artdı, İran bölgədə özünün geniş və yaxşı təşkilatlanmış “proksi” güclərini yaratdı. Suriyada, İraqda, Yəməndə, Livanda, Fələstində İran oyunqurucuya, özünə bağlı militanlar üzərində söz sahibinə çevrildi.
Təsəvvür edin ki, bu gün İranın iştirakı olmadan İraqda hökumət qurulmur, Suriyada Əsəd ayaqda qala bilmir, Livanda dövlət içində dövlət olan Hizbullah güclü olmur, Yəməndə idarəçilik “xusilərin” əlində qalmır.
İran Qərbin siyasi-hərbi texnologiyaları ilə “proksi” güclər quraraq bölgədə əsas söz sahiblərindən birinə çevrildi. Bu gün baş verənlər tək Fələstin, Livan, Yəmən məsələsi deyil – Qərbin son 20-25 ildə apardığı səhv siyasətin nəticələrinin aradan qaldırılması cəhdidir.
İran öz ətrafında yaratdığı ciddi ideoloji gücü, İsrail və Qərbin haqsız davranışlarından qaynaqlanan inandırıcı hekayəsi olan təşkilatları ayaqda saxlamağa çalışır, amma bu elə də asan deyil. Bu güclər o qədər böyüdü ki, onları saxlamaq üçün ildə yüz milyonlarla dollar yetmir, artıq milyardlarla dollara ehtiyac yaranır. İranın isə bu qədər pulu, gücü, texnologiyası yoxdur – deməli, böyüyən güclər – “proksilər” artıq İran üçün də problemə çevriləcək, hətta artıq çevriliblər. Onlar İranı daim “ağsaqqal” kimi davranmağa, onlara arxa-dayaq olmağa məcbur edirlər. İran isə artıq bunu ya istəmir, ya bacarmır, ya da qurduğu “proksiləri” Qərblə yaxın zamanlarda baş tutacaq fundamental anlaşmalarda istifadə etmək niyyətindədir.
İran anlayır ki, sabah bu “proksilərə” pulu çatmasa, başqa pullu oyunçular ortalığa çıxıb həmin militan gücləri arxasına alacaq, bir müddət sonra isə elə İranın özünə qarşı istifadə edəcəklər. Ona görə də, düşünürəm ki, bu gün İran əlində olan bütün aktivləri – “proksilər”, Rusiya ilə yaxşı münasibətlər və s. – Qərblə bazarlıqda istifadə etməyə hazırlaşır. Əgər Qərbdən çox yaxşı təklif gələrsə, bütün aktivləri onlara “satacaq”.
Bu gün Yaxın Şərqdə həm də gələcək işlək yeni logistik marşrutlar uğrunda mübarizə gedir – bu məsələdə maraqlı güclər çox, uzlaşa biləcəkləri nöqtələr isə azdır, və ya demək olar ki, yoxdur.
Dəhşət budur ki, bütün bu geosiyasi oyunlar fonunda sadə insanlar ziyan çəkir. Minlərlə günahsız fələstinli həlak olur, İsrailin yaşayış məntəqələrinə raket hücumları nəticəsində mülki əhaliyə ziyan dəyir.
Sözün qısası, min illər öncə olduğu kimi, bu gün də bölgədə siyasi oyunların qurbanı yenə sivil xalq, uşaqlar, qocalar, günahsız insanlar olur…”