“Yadların özbaşınalığına son qoymaq lazımdır!” – gürcü ultramillətçiləri “milli patrul” yaradır
Gürcüstanın ultramillətçi “Gürcü marşı” təşkilatı “yadların özbaşınalıqlarına” son qoymaq üçün əsas məqsədi Gürcüstanda olan əcnəbi mühacirlər nəzarət etmək olan yeni “milli patrul” yaratmaq təşəbbüsü ilə çıxış edib.
İdeya ondan ibarətdir ki, patrul üzvləri 15 nəfərdən ibarət “legionlara” bölünərək, Tbilisinin küçələrində gəzəcək, şübhəli şəxs gördükdə onu yerində yaxalayıb, daha sonra polis patrulu çağırıb saxlanılan şəxsi onlara təhvil verəcək. Bu yolla təşkilat Daxili İşlər Nazirliyinə kömək etmək niyyətindədir, çünki dövlət “təkbaşına başına əcnəbi kriminal və terroristlərin daxil olmağının qarşısını almaq iqtidarında deyil”.
İctimain asayişin pozulması dedikdə nəyi nəzərdə tutursuz, sualına “Gürcü marşı”nın liderlərindən biri “qanunu pozan bütün hərəklər”, – deyə cavab verib.
“Trafikinq, narkotik satılan, yetkinlik yaşına çatmayan şəxslərin fahişəliyə cəlb edildiyi şübhəli obyektlər, bunlar hamısı küçələrdə baş verir”, – bunları “Liberali” nəşrinə müsahibəsində Breqadze deyib. Sandro Breqadze 2014-2016-cı illərdə hökumətdə, dövlət nazirinin diaspora məsələləri üzrə müavini postunda çalışıb.
Breqadzenin sözlərinə görə, artıq 300 gənc “milli patrul”a qoşulmaq istəyini bildirib.
“Gürcü marşı” üzvlərinin sözlərinə görə, “milli patrul” xüsusi forma geyinəcək və videokameralarla təchiz olunacaq. İdeya müəllifləri deyirlər ki, patrul öz fəaliyyətini bir aydan sonra başlayacaq və ilk öncə Tbilisinin mərkəzi küçələri olan Marcanişvili, Leselidze və Respublika meydanında həyata keçirəcək. Bu, turistlərin çox olduğu rayonlardır.
“Milli patrul”un yaranması haqqında bəyanat ilk olaraq təşkilatın “Facebook” səhifəsində dərc olunub. Bəyanatda qeyd olunur ki, təşəbbüsün əsas məqsədi “qeyri-qanuni yaşayan əcnəbilər, əcnəbi kriminal və terroristlər” tərəfindən pozulan ictimai asayişə nəzarətdir. Bəyanatda deyilir ki, patrul “milli şüuru olan gənclər”dən ibarət olacaq.
Bəyanatla birlikdə kütləvi davanın yer aldığı, zorakılığa çağırış edən video dərc olunub.
“Facebook”da yerləşdirilmiş paylaşıma gələn şərhlər Gürcüstanda çoxlarının “Gürcü marşı”nın ideyalarını dəstəklədiyini göstərir:
“Lap yaxşı! Fəaliyyətsizliyə son qoymaq lazımdır. Millət Gürcüstanda baş verənlərə özü nəzarət etməlidir. Nə qədər mühacir Gürcüstanda özbaşınalıq edir, narkotik satır, fahişəxana açır, hökumət isə bundan xeyir götürür”;
“Çox yaxşı. Bizim ölkədə nə qədər haqsız olmasalar da ancaq gürcüləri cəzalandırırlar. Hamı gürcüləri sıxışdırır, onları öz torpaqlarında öz ölkələrində döyür və alçaldırlar”.
Amma cəmiyyətin əksəriyyəti hesab edir ki, hökumət həmişə ksenofob və homofob bəyanatlarla çıxş edən təşkilata qanunsuz hərəkətlərə yol vermək haqqı verməməlidir.
“Ümid edirəm ki, hökumət bu dəhşətə son qoyacaq”;
“Qaragüruhun yüzlüyün nə demək olduğunu bilmirdizsə, indi biləcəksiz. Hökumət rəsmi terror təşkilatı yaratmağa imkan verirsə, demək o rəsmi olaraq dövlətçilikdən imtina edir”.
Hökumət hələlik bu təşəbbüs barədə susur və heç bir şərh vermir.
• “Gürcü marşı” ksenofob və homofob meylləri təbliğ edən, Tbilisi və Gürcüstanın başqa şəhərlərində aksiyalar keçirən birlikdir. Keçən ilin payızında Tbilisinin David Ağmaşenebeli prospektində aksiya keçirib, miqrasiya qanunvericiliyinin sərtləşdirilməsini və “qeyri-leqal və kriminal əcnəbilərin” Gürcüstandan çıxarılmasını tələb ediblər.
- Təşkilatın üzvləri həm də Gürcüstan Futbol Federasiyası önündə aksiya keçirərək LGBT hərəkatının bayrağını yandırıb. Onlar meydana LGBT rəngləri sağrısı ilə çıxan Quram Kaşiyanın milli yığmadan uzaqlaşdırılmasını tələb edirdilər. Rustavi-2 teleşirkəti önündə daha bir aksiya zamanı “marş” iştirakçıları teleşirkətin binasına diri toyuqlar atıblar.