Xocalıda Azərbaycan məmurları sülhməramlıların komandanlığı ilə görüşüb
Azərbaycan sülhməramlılara xəbərdarlıq edib
Bu gün Xocalıda Azərbaycanın dövlət strukturlarının əməkdaşlarının Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüşü baş tutub. Bu görüş ötən şənbə Laçın dəhlizinin bağlanması olayının davamı olub. Danışıqlar nəticəsində Rusiya hərbçilərinə sülhməramlı kontingentin nəzarətində olan ərazidə qızıl yatağının istismarının qanunsuz olduğu haqda xəbərdarlıq edilib.
- Azərbaycan və Rusiya müttəfiqdirlərmi? Bakıdan şərh
- İsveçdə Kadırova qarşı kampaniya aparan çeçen bloqer Tumso öldürülüb
- Bakıda dini hərəkatın iki üzvü yoxa çıxıb
Dekabrın 7-də səhər saatlarında Azərbaycanın bir neçə dövlət strukturunun – Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti və AzerGold QSC-nin əməkdaşları jurnalistlərin müşayiəti ilə Xocalıya gediblər.
Ötən şənbə, dekabrın 3-də qalmaqalla başlayan danışıqlar Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi hissəsində yerləşən şəhərdə davam etdirilib.
Rəsmi Bakı bildirir ki, Qarabağın keçmiş Ağdərə rayonunda yerləşən yataqda qızıl hasilatı işi aparılır və daha sonra qiymətli metal yük maşınlarında Ermənistana daşınır.
Azərbaycanlı jurnalistlər görüş yerindən reportaj hazırlamaq üçün Xocalıya getmək istədikləri zaman sülhməramlı kontingentin hərbi polis nəfərləri onların sülhməramlıların nəzarətində olan əraziyə daxil olmalarına mane olmağa çalışıblar.
Jurnalistlərin Rusiya hərbçiləri ilə qarşıdurması nəticəsində media nümayəndələri sülhməramlı kontingent komandanlığının qərargahının yerləşdiyi Xocalı şəhərinə gedə biliblər. Amma Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkov jurnalistlərin görüşü çəkmələrinə icazə verməyib.
Bugünkü görüşün yekununda yeganə bəyanatı Azərbaycanın İqtisadiyyat Nazirliyi yayıb. Qurumun məlumatına görə, Azərbaycan tərəfi Rusiya sülhməramlılarına Qarabağda faydalı qazıntıların hasilatı üzrə qanunsuz işlərin aparılmasının yolverilməz olduğu haqda xəbərdarlıq edib.