Azərbaycan DTX: “Xocalı faciəsinin 200-ə yaxın qurbanı Əskəran qalasının yaxınlığında basdırılıb”
Xocalı faciəsinin qurbanları
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti 1992-ci il fevralın 26-da Xocalı qətliamını törətməkdə şübhəli bilinən daha bir şəxsin həbs olunduğunu elan edib. Saxlanılan Rəşid Beqlaryan bildirib ki, kəndin 200-ə yaxın sakini Əsgəran qalasının yaxınlığında güllələnib, sonradan oradaca dəfn edilib.
- “Qərb regionda yeni reallıqları qəbul etməli olacaq”. Bakıdan şərh
- “Bizim İvanişvilidən başqa oliqarxımız yoxdur” – Gürcüstan prezidenti Bidzina İvanişvilini açıq tənqid edib
- Yerevanda məişət zorakılığı qurbanlarına necə kömək edirlər? Şəxsi hekayələr
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı xəbərə görə, Rəşid Beqlaryan faciə gecəsindən sonra Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə işgəncə verməkdə şübhəli bilinir.
“Eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinən Beqlaryan Raşid Aramayisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 112, 113, 115.2, 279.1 və 318.1-ci maddələri ilə ittiham olunaraq həbs edilib. Qeyd olunan işgəncələrə məruz qalmış həmin şəxslər müəyyən edilərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar”, – DTX-nın məlumatında deyilir.
Qeyd olunur ki, Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakını etiraf edib:
“Bildirib ki, 25 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri və onların tabeçiliyində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin Xankəndi şəhərindən mülki əhalinin sıx yaşadığı Xocalı şəhərinə hücum edilib.
Vaxtı qabaqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilib. 26 fevral 1992-ci il tarixində özünün də daxil olduğu həmin silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetiriblər.
Cinayətkar dəstə üzvləri tərəfindən həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra onların meyitləri Əsgəran qalası ətrafında basdırılıb.
İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat verib.
Hazırda qeyd olunan cinayət əməlləri ilə bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Raşid Beqlaryan 2023-cü ilin avqust ayında saxlanılıb.
Rəsmi məlumata əsasən, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə yaşanan Xocalı qəliamı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib.
25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi hələ də məlum deyil.
5379 nəfər evindən didərgin düşüb.
Azərbaycan və bir sıra xarici ölkələr Xocalı faciəsini soyqırım kimi tanıyıb.
2023-cü il noyabrın əvvəlində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Kəlbəcər rayonunun Qozlukörpü kəndində Mədət Babayanın saxlandığını elan etmişdi. İstintaq zamanı o, Xocalı faciəsi qurbanlarının kütləvi məzarlıq yerlərini göstərmişdi.