Xilasedici zəng
Kişinyovda, Moldovada unikal bir xidmət işə düşüb. “Uşaqlar üçün etimad telefonu adlanan bu xidmət sutkanın 24 saatı işləyir və pulsuzdur. Bu layihəyə eksperiment olaraq başlayıblar və bu zaman ona nə qədər böyük tələbatın olacağını bilməyiblər. Çox böyük tələbatın olduğu üzə çıxdı.
Uşaqlar gün ərzində orta hesabla 10 dəfə zəng edir, bu əsasən 12-14 yaşlı yeniyetmələrdir. Telefonla psixoloqla ən çox müzakirə olunan mövzular yoldaşlarla fikir ayrılığı, ailədə problemli münasibətlər, ilk sevgi ümidsizlikləri, istismar və təhqirlərdir.
Dövlətin düşüncələrə daldığı vaxt
“Hələ ki ildən ilə hakimiyyət uşaqları sadəcə statistik məlumat kimi nəzərdən keçirir, biz uşaqlar üçün nəzərdə tutulan bir sıra məsləhətləşmə xidmətləri (telefon vasitəsiylə və ya onlayn) yaratmışıq, – “La Strada beynəlxalq mərkəzinin nümayəndəsi Daniela Misail-Nikitina deyir.
“Tez-tez zərif mövzu olan uşaq seksuallığının anlaşılmaması hallarına rast gəlinir, bunu valideynlərlə müzakirə etmək olmur və yaxud da onlar bu mövzunu övladları ilə necə müzakirə edə biləcəklərini bilmirlər. Həmyaşıdlar arasında da anlaşılmazlıq, həm də məktəblərdə zorakılıq halları da olur, bu zaman yaş xüsusiyyətlərini də nəzərə almaq lazımdır.
Xeyli daha kiçik yaşlı, beş yaşdan doqquz yaşa qədər olan uşaqlar da zəng edir, sadəcə kimiləsə danışmaq istəyirlər. “Bu cür hallar bizim üçün siqnal olur. Bu adətən uşaqlar evdə tək qalanda olur. Amma bəzən bu uşaqlar bizə gecələr də zəng edir, bu da onların özünü tənha hiss etməsindən, valideynlərin səhlənkarlığından xəbər verir, – Daniela Misail-Nikitina deyir.
“Anam özünü çox pis hiss edir, təcili yardım çağırmağa qorxuram
Psixi və emosional məsləhətləşmədən başqa, “Uşaqlar üçün etimad telefonunun əməkdaşları böhranlı vəziyyətlərə qarışmağı da vacib sayırlar – misal üçün, ailədə və ya ondan kənarda uşağa qarşı zorakılıq halları olduqda.
“Uşaqlar üçün etimad telefonuna zəng edən on yaşlı Mariyanın ilk sözləri: “Anam özünü çox pis hiss edir, təcili yardım çağırmağa qorxuram, – oldu. Qız göz yaşları içində deyirdi ki, anasının tez-tez qıcolmaları və ürəkgetmələri olur və o anasının bu vəziyyətlərindən çox qorxur. Məsləhətçi xatırlayır ki, Mariya baş verən bütün bu pis şeylərdə özünün günahkar olduğunu təkrarlayırdı. Mariyanın anası psixi problemlərdən əziyyət çəkirdi və daimi iş tapmaqla bağlı də çətinlikləri vardı.
Məsləhətçilər qızla söhbət edərək, ona dəstək verdilər və həmin andaca qəyyumluq və himayəçilik dövlət orqanlarına problem haqqında məlumat verdilər. Hazırda bu ailə xidmətin nəzarəti altındadır və maddi yardım alır. Uşaq məktəbə, həm də psixoloqla məşğələlərə gedir.
Daha bir hadisə məktəbdə özünə qarşı aqressiya ilə üzləşməsi səbəbindən kömək üçün müraciət edən uşaqla bağlıdır. “Müəllimə mənim əl və ayaqlarımdan çubuqla döyür, – zəngə cavab verən məsləhətçi xatırlayır ki, 12 yaşlı İlya söhbətinə bu sözlərlə başladı.
Belə bir hadisə də olub – yeniyetmə qızın sosial şəbəkədə qeyri-adi elan yerləşdirdiyini görən qonşu “uşaqlar üçün etimad telefonuna zəng edir. Xidmətin məsləhətçisi ilə söhbət zamanı on üç yaşlı qız bildirdi ki, anasının sevgilisi tərəfindən seksual zorakılığa məruz qalır.
“Ölmək istəyirəm
Moldovada hələ 2012-ci ilin dekabr ayından daha bir xidmət, ağır həyat vəziyyətinə düşən uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan “intiharın qarşısının alınması üçün yaşıl xətt fəaliyyət göstərir.
“Bu layihəni ona görə işə saldım ki, bu il, may və iyun aylarında yetkinlik yaşına çatmayanlar arasında intihar halları xüsusiylə çox olub, – layihənin müəllifi Lyubov Şeban deyir.
“Bu layihədə kiminsə işləyib-işləmədiyini öyrənməyə çalışdım. Suallarımıza cavab olaraq hamı çiyinlərini çəkirdi. O vaxt ABŞ-dan, təcrübə mübadiləsi proqramında iştirakımdan sonra qayıtmışdım və cəmiyyət üçün faydalı nəsə etmək istəyiylə alışıb-yanırdım.
Bu gün Lyubov Çeban bir neçə könüllü ilə birlikdə işləyir, onlar hər gün çətin vəziyyətə düşən uşaqların və yeniyetmələrin həyatlarını xilas etməklə məşğuldurlar.
“Son hadisələrdən biri öz bloqunda “Ölmək istəyirəm yazan qızla bağlıdır. Uşaq belə bir söz deyəndə, bu o deməkdir ki, emosional vəziyyəti yaxşı deyil.
Lyubov Çeban qızla tanış olanda məlum oldu ki, qız qrupunda liderdir və təslim olmayacağını dedi.
“Bu, çox istedadlı bir uşaqdır. Amma valideynləri onu başa düşmürdü. Onlar lider olmağın və adi çərçivələrdən çıxmağın nə demək olduğunu bilmirdilər. O vaxt bu vəziyyət məni düşündürdü: ölkəmizdə neçə uşaq olduqları mühitdə açıq-aşkar tabe olmaq istəməyən uşaqda bu potensialı görə bilən adamların olmadığı üçün lider ola bilməyəcəklər, – Lyuba Çeban deyir.
Özünün də ehtiyacı olduğu xidmət yaratdı
Sergey Karadjiya hələ tələbədir, amma artıq üç ilə yaxındır ki, sosial şəbəkələrdə çox populyar olan resursun moderatorudur. Bura anonimliyin qorunması şərtiylə məsləhət almaq üçün müraciət edirlər.
Karadjiya deyir ki, ideya onda hələ yeniyetməlik dövründə yaranıb, bu yaşda o cavabsız qalan çoxlu sayda suallarının olduğunu anlayıb.
“Düşünürəm ki, mənə məktub yazıb, anonim qalmasını istəyənlər, hiss etdikləri barədə kiminləsə söhbət etmək istəyirlər, bununla da mən onlara kömək edirəm, – Sergey deyir.
Onun sözlərinə görə, ən çətini sualların dərcini həqiqətən də anonim etməyə kömək edən texniki tərəf idi. Sayta ehtiyac varıydı, amma maliyyənin çatışmaması səbəbindən o mövcud iki portaldan istifadə etmək qərarına gəldi.
Beləliklə də Moldovada əvvəl olmayan layihənin əsası qoyuldu, ona simvolik “Anonimadını verdi.
“Yaş artdıqca cavabını bilmədiyimiz çoxlu sayda sual meydana çıxır. Xüsusən də indi, bir çoxlarının valideynlərinin qazanc arxasınca xaricə getdiyi bir vaxtda. Birbaşa sual verə bilmirsən: bəzi adamlara sual verdikdə, səni ciddiyə almırlar, digərləri cavabdan qaçır, çünki onu necə ifadə edəcəklərini bilmirlər.
“İnternetdə anonim sual verməklə isə çoxlu sayda cavab alırsan, onların içindən də xoşuna gələni seçirsən və ya müxtəlif cavabları ölçüb-biçib, doğru olanı üzə çıxara bilirsən, – Sergey öz işini izah edir, bu zaman onu da etiraf edir ki, bütün boş vaxtını alan bu layihədən imtina etmək istədiyi anlar da olub.
Resursun artıq 30,000-dən çox istifadəçisi var. Hər gün onlarla yeniyetmə, uşaq və müxtəlif yaşda olan gənclər suallar verir və ya hisslərini bölüşürlər, onların aldıqları cavab sayı isə minlərlə adama çatır.
Dərc olunub 16.10.2016