Xatirələrdə qalmış “fotolar”
Bakı erməniləri
“Atamla anamın birgə şəkli yoxdur. İkisinin şəkillərini bir alboma yığmışdılar. Qaçhaqaç dövründə əşyalarımızı aparıb nənəmgilə qoymuşduq və o evdə yanğın oldu, həmin albom o zaman yandı”.
Atası ilə anasının birlikdə olduğu “fotolar” artıq Emilin sadəcə xatirələrində qalır.
42 yaşlı Emil Rəhimov Bakıda anadan olub. Atası erməni, anası azərbaycanlıdır. Ötən əsrin 80-ci illərinin lap əvvəllərində tələbə yoldaşı olan atası və anası bir-birini sevib evlənəndə, o və qardaşı doğulanda iki xalq hələ sülh içində yaşayırdı.
Vətən və ailə arasında
Emilin atası Gennadi və anası Solmaz Bakıda o vaxtkı Xalq Təsərrüfatı İnstitutunun tələbələri olublar. Elə tələbəllik illərində bir-birini sevib, sonra da evləniblər. Emil deyir ki, nənə və babaları valideynlərinin evliliyinə qarşı çıxmayıblar.
İnstitutu bitirdikdən sonra gənc evli cütlük “BakElektroAvtomat” zavodunda işləməyə başlayıb. İşə yaxın olsun deyə, Binə qəsəbəsinə köçüblər.
Az sonra isə Ermənistan-Azərbaycan münaqişəsi başlayır. Gennadi ölkəni tərk etməli olur. Əvvəlcə Ermənistana getsə də, orada çox qala bilmir. Oradan Rusiyaya köçür, amma orada da çox qalmır. Ən sonda Gennadi anasının, Emilin ata nənəsinin yaşadığı Qazaxıstana gedib, orada yerləşir. Emilin dediyinə görə, bir müddət sonra atası onları da yanına çağırır. Ailə bir müddət Qazaxıstanda birlikdə yaşasa da, Solmaz vətəndən, doğmalarından ayrı qala bilmir və iki oğlu ilə birlikdə yenidən Azərbaycana qayıdır.
“Münaqişədə heç bir günahımın olmadığını anlamırdı”
Emilin dediyinə görə, atasızlıq onun üçün də, qardaşı üçün də ağır olub, amma atasının erməni olduğuna yaşadığı qəsəbədə, oxuduğu məktəbdə ayrıseçkiliklə qarşılaşmayıb. Hərçənd hazırda Emil də, qardaşı da atalarının yox, analarının soyadını daşıyırlar.
“Belə özümə qarşı ayrıseçkilik görməmişəm. Amma bir dəfə suraxanılı bir xanımın həyətində işləyirdim, erməni olduğumu biləndən sonra həyətindən qovdu. Bu münaqişədə heç bir günahımın olmadığını dərk etmirdi və mən də buna görə, demək olar, incimədim və normal qarşıladım”.
“15 yaşımdan avara həyata başladım”
Emil uşaqlıqda həkim olmaq istəyirmiş, Tibb İnstitutuna qəbul olmaq planları qururmuş. Amma maddi imkansızlıq üzündən erkən yaşlarda işləməli olur, yaxşı təhsil ala bilmir. Yuxarı siniflərdə qoşulduğu çevrə də onu dərslərdən soyudur.
“İlk işim “tolkuçka”da sellofan paket satmaq idi. 15 yaşında ilk dəfə avara həyata başladım. Siqaretlə, içki ilə tanış oldum. Dönərçi Saşa var idi, gəlirdim yanına, 2-3 “məmməd” (min manat) verib, 1 stəkan araq, 1 dənə də dönər alıb yeyirdim, qayıdırdım işə. Qışın soyuğunda bazarda başqa cür qızınmaq olmurdu”.
Ailəsinin təkidi ilə sonradan peşə məktəbinə qəbul olan Emil elektrik peşəsinə yiyələnib və hələ də əsasən bu işlə çörəkpulu qazanır.
“Həyatda, demək olar, istədiyim hər şeyi etmişəm və istəklərimə nail olmuşam. Bəlkə də arzularım kiçik olub, amma həyatdan zövq almaq lazımdır. İlk böyük istəyim əsgərlik olmuşdu. Hündür olsam da, çəkim az idi deyə, məni aparmırdılar. Ancaq çox mücadilə aparandan sonra buna nail oldum. Naxçıvanda hərbi xidmət çəkdim”.
“Piyada Rusiyaya keçdim”
Hərbi xidmətdən sonra Emil Rusiyada yaşamaq qərarına gəlir. Həm də bu fikir ağlına qəfil gəlir.
“Hazırlaşdım, əşyalarımı yığdım, heç kimə heç nə demədən gedib çıxdım sərhədə, oradan da piyada keçdim Rusiyaya. Deyəsən, evdəkilər məni axtarışa vermişdi. Televiziya xəbərlərində də göstərmişdilər ki, heç kimə demədən ölkəni tərk etmişəm. Orada yaxşı iş tapmışdım, yaxşı qazanırdım, amma darıxırdım vətən üçün. Bir gün işdən qayıdanda dayanacaqda taksi sürücüsü maşında muğam qoyub dinləyirdi. Bunu eşidən kimi ağlamaq tutdu məni. Öz-özümə dedim ki, Emil, burada neynirsən? Necə gəlmişdimsə bura, heç kimə deməmiş, eləcə də əşyalarımı yığdım, gecə ilə qayıtdım vətənə”.
Ailə həyatı qurmadığını bildirən Emil bunu da həyatının uğursuzluğu saymır. Rusiyada evlənmək üçün şansı olub, amma bunu gərəksiz bilib, özünü hazır hiss etməyib. Hər halda, özü belə deyir.
Almaniya həbsxanası və kitablar
Daha sonra yaxşı həyat üçün Avropaya da üz tutub. Bir müddət Almaniyada yaşayıb. Emilin sözlərinə görə, orada iş tapmaq çox çətindir. Deyir ki, işsizlik və maddi vəziyyətinin ağır olması nəticəsində marketlərdən oğurluq edib və tutulub. Almaniyada həbsxana həyatı onu kitablarla dostlaşdırıb.
“Orada hər növ kitablar var idi. Psixologiya, fəlsəfə, məntiq, təbiət elmlərindən bəhs edən, dini, bədii əsərlər toplusu. Həmin vaxtlar kitablar çox şeylər öyrətdi mənə. İlk baxışdan qəti qərar verməməyi, ideologiyaları, ünsiyyətcilliyi, bir də oxuduqlarımı həyatıma tətbiq etməyi öyrəndim”.
Emil deyir ki, gələcəyi haqda heç bir fikri yoxdur.
“Sadəcə, pensiyaçı olum, oturum məhəllədə. Necə ki, indi gəlib keçənlərə baxım, onun-bunun dalınca deyinim. Bir də istəyim odur ki, tək özümçün yox, bütün xalq üçün 90-cı illərdəki aclıq dövrü bir daha olmasın. Əmin-amanlıq olsun, hər kəs şən, xoşbəxt və firavan yaşasın”.
Müəllif: Hüseyn Qurbanzadə
Bu hekayə Dağlıq Qarabağ münaqişəsi nəticəsində ailələri köçkün düşmüş azərbaycanlı gənclərin iştirak etdiyi “Mənə özündən danış” media layihəsinin bir hissəsidir. Bu materiallara görə müəlliflər məsuliyyət daşıyır. Layihə Avropa İttifaqının dəstəyilə International Alert təşkilatı tərəfindən həyata keçirilir.