Xarici sərmayə Rusiyanı tərk edir, kapital axını rekord həddə çatıb
Paylaşmaq
Paylaşmaq
Xarici investorlar Rusiya şirkətlərinin səhmlərindən sərmayələrini geri çəkirlər. Bu tendensiya artıq dörd aydır ki, davam edir. Məbləğ artıq 1.6 milyard dolları aşır və bu, son üç ildə ən yüksək göstəricidir, – Rusiyanın “Kommersant” qəzeti yazır.
Ekspertlər ölkədən kapital axınının bir neçə səbəbini sadalayırlar. Əsas səbəblər:
Rusiya və ABŞ yaxınlaşmasının baş tutmaması;
neftin qiymətinin ucuzlaşması;
Rusiyanın ən iri şirkətləri – “Sistema” və “Rosneft” arasındakı münaqişə
Rusiya və ABŞ arasında münasibətlərin gərgin qalması Amerikanın tətbiq etdiyi sanksiyaların qalması və kəskinləşdirilməsi anlamına gəlir. Bu sanksiyaların ucu Rusiya bazarında işləyən istənilən şirkətə dəyə bilər.
Neft hasil edən ölkələr arasında hasilatın məhdudlaşdırılması ilə bağlı bağlanmış sazişə baxmayaraq, neftin ucuzlaşması davam edir. Neft və qaz Rusiya büdcəsinin əsas gəlir mənbəyidir.
“Sistema” və “Rosneft” arasındakı münaqişə investorlara Rusiya məhkəmə sisteminin zəifliyini, orada bütün qərarların siyasi konyuktura əsasında qəbul edildiyini göstərdi.
Müqayisə üçün: Rusiya bazarı investorlar üçün cazibəsini itirdiyi bir zamanda digər inkişaf edən bazarlar böyüyür. Son dörd ay ərzində liderlər sırasına Hindistan (2.6 milyard dollar) və Braziliya (1 milyard dollar) daxil olub.