"Naxçıvan xanı"nın oğlu Gürcüstanda milyonluq otel və torpaq sahəsi alıb
Xan oğlunun Batumidəki milyonluq hoteli
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu, hazırda Azərbaycanın miqrasiya xidməti rəsmisi olan Rza Talıbov Gürcüstanda lüks otel və yeni torpaq sahəsi əldə edib.
Bu barədə Jurnalistlərin Korrupsiya və Mütəşəkkil Cinayətkarlığı Araşdırmaları Layihəsi (OCCRP) məlumat yayıb.

8,6 milyon dollara otel, 730 min dollara torpaq
Araşdırmaya görə, 43 yaşlı Rza Talıbov bu ilin mayında Batumidə yerləşən “London 1889” otelini 8,6 milyon dollara alıb. O, bu əmlakı otelin sahibi olan “B-Pearl Turizm” MMC-nin 100 faiz səhm paketini alaraq əldə edib. İyulda isə həmin şirkət vasitəsilə Batuminin Maxincauri qəsəbəsində sahilyanı 2 min kvadratmetrlik torpaq sahəsini 730 min dollara alıb.
Bu otel əvvəllər “Divan Suites” adı ilə fəaliyyət göstərib və R.Talıbova məxsus olub. Lakin o, 2023-cü ildə atasının istefası və Naxçıvanda siyasi təzyiqlərin artdığı dövrdə oteli satmışdı.
Kreditlə maliyyələşən alış-veriş

R.Talıbov OCCRP-yə elektron məktubunda bildirib ki, Gürcüstandakı alış-verişlər Azərbaycan və Gürcüstan banklarından götürülən kreditlər hesabına həyata keçirilib. Onun sözlərinə görə, əvvəlki satış və sonrakı geri alış “aktivlərin yönləndirilməsi strategiyası” olub.
Bununla belə, jurnalistlərin diqqətini cəlb edən məqam R.Talıbovun həm yüksək dövlət vəzifəsində çalışması, həm də Gürcüstanda milyonlarla dollarlıq biznes fəaliyyəti ilə məşğul olmasıdır. Azərbaycan qanunvericiliyinə görə, dövlət qulluqçuları şirkətlərin səhmlərinə sahib ola bilsələr də, onlar gəlir və əmlak barədə illik maliyyə hesabatı təqdim etməlidirlər. Talıbovun belə hesabat verib-vermədiyi ictimaiyyətə açıqlanmayıb.
Talıbovlar ailəsinin sərvəti
OCCRP-nin əvvəlki araşdırmalarında Talıbov ailəsinin Gürcüstan və Birləşmiş Ərəb Əmirliklərində ümumilikdə 63 milyon dollarlıq daşınmaz əmlaka sahib olduğu üzə çıxarılmışdı. Bundan başqa, ailənin tam nəzarətində olan “Naxçıvan Bank” uzun illər regionda əsas maliyyə strukturu kimi fəaliyyət göstərib.
1995-ci ildən Naxçıvanı idarə edən Vasif Talıbovun adı avtoritar idarəçilik və repressiyalarla bağlı hallanırdı. Beynəlxalq media Naxçıvanı çox vaxt “Azərbaycanın Şimali Koreyası” kimi təsvir edirdi.
“Hər il 30 milyon dollar çatdırırdıq”
Talıbovun istefasından sonra Naxçıvanda bir sıra keçmiş məmurların məhkəmələrdə verdiyi ifadələr ailənin illərlə qeyri-rəsmi gəlirlər əldə etdiyini göstərib.
- Keçmiş maliyyə naziri Rəfael Əliyev məhkəmədə bildirib ki, 3 milyon manatı şəxsən Vasif Talıbovun oğlu Seymur Talıbova verib.
- Keçmiş gömrük komitəsi sədri Səhət Həbibbəyli isə hər ay 2,5-3 milyon dollar məbləğində rüşvət yığılıb rəhbərliyə çatdırıldığını, bunun illik 30 milyon dollardan artıq olduğunu açıqlayıb.
Bütün bunlara baxmayaraq, indiyədək Talıbov ailəsinin heç bir üzvü vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə məhkəmə qarşısına çıxarılmayıb.
Azərbaycan korrupsiya reytinqində geridə qalır
Rəsmi Bakı korrupsiya ilə mübarizə aparıldığını bəyan etsə də, beynəlxalq göstəricilər fərqli mənzərə ortaya qoyur. “Transparency International” təşkilatının 2024-cü il Korrupsiyanı Qavrama İndeksində Azərbaycan 100 baldan cəmi 22 bal toplayaraq 180 ölkə arasında 154-cü yeri tutub.
Eyni zamanda, korrupsiya araşdırmaları aparan bir sıra müstəqil jurnalistlər, o cümlədən “AbzasMedia” əməkdaşları hazırda həbsdədir. Onlar özlərinə qarşı ittihamların məhz korrupsiya faktlarını araşdırdıqları üçün irəli sürüldüyünü deyirlər.
Xan oğlunun Batumidəki milyonluq hoteli