Tbilisidə baş nazirin kabinetinin yerləşdiyi dövlət dəftərxanası qarşısında qeyri-adi aksiya baş tutub.
İnsanlar bura rezin botlar gətiriblər və bu şəkildə baş nazirin Facebook-dakı paylaşımına Gürcüstana heç bir aidiyyatı olmayan ölkələrdən yüzlərlə “layk” gəlməsinə öz münasibətlərini bildiriblər. Onlar baş nazir administrasiyasını bu “laykları” satın almaqda günahlandırıblar.
Baş nazirin bəyanatı, xa-xa və Anuş Kumar
Hər şey iyunun 5-də, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili öz rəsmi Facebook səhifəsində qeyri-hökumət təşkilatlarına müraciət edərək, onların ədliyyə nazirinin istefası ilə bağlı tələbini qəbuledilməz adlandırandan sonra başlayıb.
Ədliyyə naziri Teya Sulukianinin istefasını istəyənlər baş nazirin bu statusuna “xa-xa” simvolundan istifadə edərək münasibət bildiriblər və bu da fleş-moba çevrilib – çox sürətlə 7 mindən çox Facebook istifadəçisi bu statusu lağa qoyub.
Eyni zamanda baş nazirin statusunu bəyənənlərin də sayı çoxalıb. Amma Facebook istifadəçiləri az sonra “layk” qoyanların çoxunun “bot” olduğunun fərqinə varıblar. Baş nazirin statusunu Pakistan, Hindistan, Çin və ərəb ölkələrindən olan Facebook istifadəçiləri kütləvi şəkildə “layklayıb”
Hindistanlıların Gürcüstan baş nazirinin siyasi kursuna qarşı duyduğu “heyranlıq” Facebook-un Gürcüstan seqmentində şən əhval yaradıb. Amma bir sual da ortaya çıxıb – baş nazir administrasiyası dövlət büdcəsini dağıdaraq “layk” alır?
Qalmaqala baş nazir administrasiyası ikinci gün reaksiya verib. Administrasiyanın bəyanatına əsasən, “laykları” heç kim satın almayıb, sadəcə baş nazirin Facebook səhifəsi kiber hücuma məruz qalıb.
Abxaz nazirə “xa-xa” göndər
Bu, gürcüstanlı Facebook istifadəçilərin “xa-xa” simvolundan etiraz kimi istifadə etdiyi ikinci haldır. Birinci dəfə onların “xa-xa”sı Abxaziyanın de-fakto xarici işlər naziri Daur Koveyə yönəlmişdi.
Bir neçə gün əvvəl Suriya Abxaziya və Cənubi Osetiyanın suverenliyini tanıdığını elan etdiyi zaman Kove Facebook səhifəsində abxaz xalqını bu əlamətdar gün münasibətilə təbrik etmişdi.
Gürcüstanlı Facebook istifadəçiləri bir-birini Daur Kovenin statusuna “xa-xa” simvolu qoymağa çağırmışdılar. Qısa müddətdə Daur Kovenin müraciətinin altına minlərlə “xa-xa” qoyuluşdu. De-fakto nazir açıq statusunu qapalı etmək məcburiyyətində qalmışdı.