Rusiyada Dima Yakovlev qanunu ləğv ediləcək?
“Maqnitski siyahısı” da daxil olmaqla ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların dayandırlmasının əvəzində amerikalılara Rusiyada uşaq övladlığa götürməyi qadağan edən “Dima Yakovlev qanununun” ləğv ediləcəyi haqda danışırlar.
Yanvarın 17-də Avropa İnsan Haqları Məhkəməsi ABŞ vətəndaşlarının rusiyalı uşaqları övladlığa götürməsini yasaqlayan “Dima Yakovlev qanununu” hüquqa zidd hesab edib. Məhkəmə rəsmiləşdirmə proseduru başlamasına rəğmən RF-də uşaq övladlığa götürmək istəyi rədd edilmiş 45 ABŞ vətəndaşının şikayətini təmin edib. Məhkəmənin qərarına əsasən Rusiya hökuməti iddiaçılara mənəvi ziyanın qarşılığında ümumilikdə 75 min avro və məhkəmə xərclərinə görə isə 13,6 min avro ödəməlidir.
RF prezidenti yanında İnsan Haqları Şurasının rəhbəri Mixail Fedotov bildirib ki, o, AİHM-nin qərarını dəstəkləyir. “Düşünürəm ki, əgər Amerika tərəfi xoş məram sərgiləyərsə, indi ölkələrimiz arasında münasibətlərin yaxşılaşdırılması üçün şərait yaranacaq. Bu yaxşılaşma çərçivəsində həm Rusiyanın, həm Amerikanın qanunverici aktları yenidən nəzərdən keçirilə bilər”, – Fedotov İnterfaks-a bildirib.
Onun sözlərinə görə, “Dima Yakovlev qanunu” kimi tanınan qanunverici akt ABŞ Konqresi tərəfindən tətbiq edilən “Maqnitski Aktı”na cavab olaraq qəbul edilmişdi. Amma aydın məsələdir ki, yetim uşaqlar xarici siyasətlə bağlı aksiyalara qarışdırılmamalı idi. Fedotov aydınlıq gətirib.
İnsan Haqları üzrə müvəkkil Tatyana Moskalkova AİHM-nin bu iş üzrə qərarını “yetərincə ölçülü” adlandırıb. Qanunun ehtimal olunan ləğvini Federasiya Şurasının spikeri Valentina Matviyenko dəstəkləyib. Onun sözlərinə görə, Rusiya qanunvericilərinin “bu qanunu qüvvədə saxlamaq” kimi məqsədi yoxdur və onlar ABŞ-la dialoqlara hazırdırlar.
“Novoya qazeta”nın siyasət şöbəsinin redaktoru Kirill Martınov bildirdiyi kimi, “siyasət dilində bu, o deməkdir ki, Rusiya hakimiyyəti Matviyenkonun timsalında Tramp administrasiyasına sövdələşmə təklif edir”.
“Təməl insan haqları və azadlıqları, Rusiya vətəndaşlarının haqları və azadlıqlarını pozan şəxslərə qarşı təzyiq tədbirləri haqda” Qanun 2012-ci ilin dekabrında qəbul edilib. Qanun amerikalı cütlük tərəfindən övladlığa götürülən və 2008-ci ildə atalığının ehtiyatsız davranışı nəticəsində həyatını itirən rusiyalı uşağın – Dima Yakovlevin adını daşıyır və rusiyalı uşaqların Amerika vətəndaşları tərəfindən övladlığa götürülməsini qadağan edir. Bu sənəd 2012-ci ilin dekabrında ABŞ Konqresi tərəfindən qəbul edilən, Rusiyada insan haqlarını pozan şəxslərə qarşı fərdi sanksiyaları nəzərdə tutan “Maqnitski Aktı”na cavab olmuşdu.